XƏBƏR LENTİ

Cümə, 06 Yanvar 2017 06:20

Xosam Abu Meri: Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın ən mühüm tərəfdaşıdır

Latviya ilə Azərbaycan arasında parlamentlərarası münasibətlər sürətlə inkişaf edir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Latviya Seyminin deputatı Xosam Abu Meri deyib.

Deputat Azərbaycan ilə Latviya arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirib: “Son illər parlamentlərarası əlaqələrimiz möhkəmlənib və bu əməkdaşlıq Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına önəmli töhfə verir”. 

X.A.Meri vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın ən mühüm tərəfdaşıdır. Ən yüksək səviyyədə siyasi dialoq çox konstruktivdir. Son illər Latviyanın bütün yüksək vəzifəli dövlət məmurları Azərbaycanda olublar. Ən mühüm səfərlər sırasında, əlbəttə ki, Latviya Respublikasının keçmiş Prezidenti Andris Berzinşin 2013-cü ildə Azərbaycana səfərini qeyd edə bilərəm. 2014-cü ilin fevralında Azərbaycan parlamenti ilə əməkdaşlıq edən deputat qrupu Bakıya səfər edib. 2016-cı ilin oktyabr ayında isə Latviya parlamentinin sədri İnara Murnietse Bakıda olub.  

Dostluq qrupunun sədri Aİ səviyyəsində Latviya-Azərbaycan əlaqələrindən də danışıb. “İki ölkə vətəndaşlarının səfərlərinin asanlaşdırılmasını əməkdaşlığın mühüm nailiyyətlərindən biri hesab edirəm. Hazırda Azərbaycan və Latviya arasında xidməti pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi barədə parlamentlərarası saziş razılaşdırılıb. Latviya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığı genişləndirməyə kömək edən bir sıra sazişlər imzalanıb”, - deyə deputat vurğulayıb.

X.A.Meri bildirib ki, Latviya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Seymin 100 deputatından 53-ü Xocalı soyqırımı ilə bağlı Bəyanat imzalayıb. Deputat deyib: “Xocalı soyqırımı Azərbaycan tarixində faciəli gün, tarixi ədalətsizlikdir. Azərbaycanın səfirləri və digər vəzifəli şəxsləri ilə görüşlərində Latviyanın yüksək vəzifəli şəxsləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə təsdiqləyiblər”.  

Dostluq qrupunun sədri vurğulayıb ki, Azərbaycan həmişə regionda rolu yüksələn və çox sürətlə inkişaf edən ölkə kimi xarakterizə edilir.

 

AZƏRTAC

 

 

 

Read 37 times