XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:50

Darren MakDyu: Azərbaycan sülhpərvər, daim inkişaf edən və strateji əhəmiyyəti olan bir ölkədir

İyirmi beş il ərzində Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib. Dünya ictimaiyyətinə Azərbaycan kimi ölkələr lazımdır. Azərbaycan sülhpərvər, təhlükəsiz, daim inkişaf edən və strateji əhəmiyyəti olan bir ölkədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu dekabrın 17-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Azərbaycanda ilk dəfə olduğunu vurğulayan general deyib ki, səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə edilib. O, ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Ölkəmizdə nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Darren MakDyu bu işlərin həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.

“Əfqanıstana səfərim çərçivəsində bu ölkədəki sülhməramlı əməliyyatların rəhbəri ilə görüşüm zamanı o, mənə Azərbaycanın bu əməliyyatlarda müstəsna rol oynadığını dedi. O, məndən xahiş etdi ki, Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edim. Düşünürəm ki, məhz Azərbaycanın bu rolu sayəsində həm regionda, həm də dünyanın müxtəlif dövlətlərində təhlükəsizlik və sabitlik qorunacaq”, - deyə Darren MakDyu vurğulayıb.

Prezident İlham Əliyevin əsl lider olduğunu vurğulayan amerikalı general ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində çox faydalı əməkdaşlığa qoşulduğunu bildirib. O deyib: “Azərbaycan kimi 25 ildir müstəqil olan ölkə ilə tərəfdaşlıq etmək həqiqətən də bizim üçün xoşdur”.

 

AZƏRTAC

 

 

 

Read 139 times