XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:42

Azərbaycan memarlığı: dünən və bu gün

Müsahibimiz Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadədir

 

Elbay Qasımzadə Bakı şəhərində memarlar ailəsində anadan olub.
1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.
1971-1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmoniyası məsələlərilə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.
1975-1989-cu illərdə respublika kənd ərazilərində inşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra yaşayış məntəqələrinin baş planının müəllifi olmuşdur. Həmin dövrdə “Saman memarlığı” adlı Beynəlxalq proqramın problemləri üzərində işləmiş, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989-2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə bu gün tək Azərbaycanda deyil, respublikanın hüdudlarından kənarda da tanınan “EL&EN” memarlıq şirkətini təsis etmiş və hazırda ona rəhbərlik edir. 150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifidir.
1990-cı ildə “Azərbaycanın əməkdar memarı” fəxri adına layiq görülmüş, 2000-ci ildə respublikanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir. Üç dəfə “Humay”, üç dəfə “Uğur” milli mükafatına layiq görülmüşdür.
Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO) və Beynəlxalq Memarlar İttifaqının (UİA) akademiki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən ilin ən yaxşı layihəsi (tikilisi)” Beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir. MDB ölkələrinin paytaxtlarının baş memarları şurasının ilk sədri seçilmişdir.
Çikaqo, Barselona, Lozanna, Pekin, Turin, Tokio və Durban şəhərlərində keçirilən Ümumdünya konqreslərinin iştirakçısıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində pedaqoji fəaliyyətilə məşğul olur. Kafedra müdiridir.
2012-ci ildə Azərbaycan memarları Elbay Qasımzadəni yekdilliklə Memarlar İttifaqı İdarə Heyətinin sədri seçiblər.
– Elbay müəllim, əvvəlcə Azərbaycan memarlığının keçdiyi şərəfli yolun tarixi barədə məlumat verməyinizi istərdik.
– Azərbaycan memarlıq məktəbi tarixən məşhur olub. Suriyada, Orta Asiyada və digər Asiya ölkələrində, Şərqdə, xüsusən də Hələbdə Azərbaycan memarları çox böyük işlər görüblər. Ola bilsin indi Suriyada müharibə getdiyinə görə möhtəşəm abidələr dağıdılıb. Şükürlər olsun ki, Səmərqənd şəhəri durur. Səmərqəndi Təbriz memarları tikiblər. Əmir Teymur möhtəşəm memarlıq abidələrini həmin memarlara tikdirib və sonra da onların gözlərini çıxartdırıb ki, başqa ölkələrdə belə abidələr tikməsinlər. Bu tarixi faktdır. Belə bir fərziyyə də var ki, Tac-Mahal da Azərbaycan memarının əsəridir. Mən Hindistanda olanda bildirdilər ki, o hind memarının əsəridir. Bu haqda mübahisələrimiz də oldu. Onların dediklərinin əksinə olaraq mən dedim ki, həmin tarixi abidə moqollar sülaləsindən olan Cahan şah tərəfindən inşa etdirilmişdir.
Onlar türk olduqları üçün türk memarını dəvət etmişlər. Abidənin ümumi görünüşündə hind memarlığının heç bir əsər-əlaməti yoxdur. Bununla demək istəyirəm ki, orta əsrlərdə Azərbaycan memarlığı Şərqdə tanınıb və çox güclü olub. Sonrakı illərdə bizim öz torpaqlarımızda ərazilərimizdə misilsiz tarixi abidələrimiz inşa edilib. Naxçıvan məktəbinin yetirmələrinin yaratdıqları memarlıq abidələri bu gün də insanları heyran edir. Bildiyimiz kimi, Gülüstan türbəsi sərhəd bölgəsində yerləşdiyinə görə vaxtilə sərhədçilər oraya mülki vətəndaşları buraxmırdılar. 2014-cü ildə biz Naxçıvanda olarkən Vasif Talıbov şərait yaratdı, gedib Gülüstan türbəsini gördük. Nə qədər əzəmətli, möhtəşəm, ağlasığmaz, misilsiz bir sənət əsəridir. Baxmayaraq ki, müəyyən yerləri uçulub dağılıb.
Nəhayət, XIX əsrin sonunda Bakıda neft sənayesinin inkişafı və bunun sayəsində kapital yığımının artması şəhərin sosial həyatında yeni mərhələnin əsasını qoydu. Bu, ilk növbədə xarici görünüşləri ilə insanları valeh edən yeni-yeni yaşayış evlərinin və ictimai binaların yüksək səviyyədə tikintisində özünü göstərdi. Neftdən əldə olunan gəlirlər hesabına Bakı milyonçuları bir-birinin bəhsinə Avropada tanınmış memarları Bakıya dəvət edir, onların layihələri əsasında müxtəlif üslublarda monumental tikililərin inşasına xüsusi qayğı göstərirdilər. Təsadüfi deyil ki, bu gün paytaxtın küçələrinə xüsusi yaraşıq verən bir çox binalar XIX əsrin sonu, XX əsrin əvvəllərində Qoslavski, Ploşko, Skibinski, Fon-der Nonne, Skureviç və digər memarlar tərəfindən layihələndirilmişdir. Təbiidir ki, həmin dövrlərdə Azərbaycan memarları barmaqla sayılırdı. Sonrakı illərdə görkəmli memar, akademik Mikayıl Useynov başda olmaqla layihəçilərin sayı çoxaldı və onlar yeni-yeni layihələr əsasında klassik və müasir üslubda bir çox memarlıq abidələri yaratdılar. 1935-ci ildə Stalin mükafatı təzə təsis olunmuşdu. Onu birinci alanlar memar Sadıq Dadaşov və Mikayıl Useynov idi. Onu da qeyd edim ki, 1980-ci illərdə Mikayıl Useynov SSRİ üzrə yeganə memar idi ki, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. O zaman SSRİ Xalq Memarı adı təsis olunmuşdu. Həmin adı alan dörd nəfərdən biri yenə də Mikayıl Useynov olmuşdur. Bir daha bu onu göstərir ki, Azərbaycan memarlıq məktəbi çox güclü olub və sonrakı illərdə də bu tendensiya davam edib.
– Elbay müəllim, ölkənin odövrkü iqtisadi inkişafı 1970-ci illərə qədər nisbətən zəif olsa da, 1970-80-ci illərdə bütün sahələr kimi, memarlıq da sürətli inkişaf dövrünə qədəm qoydu.
– 1970-ci il və sonrakı illər ümummilli lider Heydər Əliyevin respublikada KP MK-nın birinci katibi vəzifəsində çalışdığı illəri əhatə edir. Həmin illərdə müasir Azərbaycan memarlığının banisi Mikayıl Useynovun layihələri əsasında xeyli sayda yaşayış və çoxmərtəbəli binalar inşa edilmişdir. Ölkəmizin tarixində hərtərəfli inkişaf dövrü olan 1970-80-ci illər iqtisadiyyatın, mədəniyyətin, siyasi şüurun, elmin keyfiyyətcə yeni mərhələsidir. Etiraf edək ki, həmin illər ölkəmizin yeni tarixində ən məhsuldar və quruculuq dövrü olmuşdur. Xalqımızın maddi rifahının yüksəlməsinə güclü stimul yaranmışdır.
O illərdə Azərbaycanın sosial-iqtisadi həyatında dirçəliş dövrü olduğu kimi şəhərsalma və memarlıq da yüksək templə inkişaf etmişdir. Doğrudur, inşa edilən binaların xarici görünüşü və daxili quruluşu memarın yaradıcı təxəyyülü ilə yox, sifarişçi təşkilatların verdikləri normativlər və standartlar əsasında tikilmişdir. İqtisadi cəhətdən nisbətən ucuz başa gələn bu binalar tez bir zamanda insanların mənzilə olan tələbatını ödəyirdi. Yalnız tək-tək ictimai binalar - Heydər Əliyev sarayı, “Gülüstan” sarayı və bunlarla yanaşı, başqa çoxtəyinatlı memarlıq işləri istisna təşkil edirdi. Burada memarın yaradıcılıq erudisiyası çox nadir hallarda sifarişçinin tələb və təklifindən kənara çıxırdı.
Bu yaxınlarda “Gülüstan” sarayında millət vəkili Elmira Axundovanın Prezident İlham Əliyevə həsr etdiyi kitabının təqdimat mərasimi keçirilirdi. Orada bir neçə millət vəkili də iştirak edirdi. Söhbət zamanı sarayın direktoru Kazım müəllimdən soruşdular ki, nə yaxşı bu sarayı belə səliqə-sahmanlı saxlamısan. O cavab verdi ki, mən bunu başqa cür saxlaya bilməzdim. Çünki bu saray ulu öndərin bizə qoyub getdiyi yadigarıdır. Mən onlara belə bir sual verdim. Siz bu möhtəşəm memarlıq abidəsinin necə yaranma tarixini bilirsinizmi? Və bildirdim ki, SSRİ dövründə belə binaların tikilməsi üçün SSRİ Dövlət Plan Komitəsi 3 milyon manatdan yuxarı xərc aparan tikililərin inşasına icazə vermirdi və bunu Plan Komitəsi mütləq təsdiq etməli idi. Təbii ki, elə bir sarayın o məbləğlə Azərbaycanda tikilməsinə onlar razı olmazdılar. O zaman ulu öndər belə bir ideya verdi və ondan istifadə olundu. Ümummilli lider binaya İctimai İaşə Kompleksi adını verdi və bundan sonra binanın inşasına razılıq alındı. Bina tikildi və ona “Gülüstan” sarayı adı verildi. Çox şükürlər olsun ki, o bina bu gün də yaşayır, orada dövlət əhəmiyyətli tədbirlər keçirilir.
Həmin dövrdə istehsalat, nəqliyyat, sosial, mədəni infrastrukturun böyük ərazilər üzrə birləşməsi şəhərsalma məsələlərinin yalnız bir rayon çərçivəsində yox, mikrorayonlar şəklində həll olunmasını tələb edirdi. Belə layihələr Azərbaycanda yalnız 70-80-ci illərin ortalarından işlənməyə başlandı.
O zaman ulu öndər mühüm problemlərin müzakirəsində şəxsən iştirak edirdi. Şəhərin bütün sosial sahələrinin inkişafına xüsusi diqqət yetirirdi. İlk növbədə nəqliyyat problemlərinin həlli bu məsələnin mühüm tərkib hissəsi sayılırdı. Ona görə də sürət magistralının çəkilməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə Bakı Metropoliteninin dayanacaqları artırılmışdır.
1970-80-ci illərin şəhərsalma işləri şəhərlərin strukturunda və insanların məskunlaşmasında böyük dəyişikliklərə səbəb oldu. Bunun üçün bir sıra şəhərlərin - Bakının, Sumqayıtın, Gəncənin, Naxçıvanın, Əli Bayramlının (indiki Şirvanın), Mingəçevirin böyük sürətlə inkişafı nəzərdə tutulurdu. Həmin şəhərlərdə yaşayış zonalarının tikintisi geniş miqyas almışdı.
2000-ci ilə qədər müasir mənzillər tikilməli idi. Bu Qorbaçovun absurd ideyalarından biri idi. Bakının ilk beş mikrorayonuna daha dördü əlavə edildi. Yaşayış və ictimai binalar mikrorayonların memarlıq obrazını dəyişdirdi. Geniş həyətli doqquzmərtəbəli yaşayış massivləri salındı. Həmin illərdə kütləvi yaşayış tikililəri öz səviyyəsinə görə əvvəlki illərə nisbətən daha yüksək idi. Onu da deyim ki, məhz o dövrdə memarlıqda plastik və yeni obrazlı üsulların axtarışı başlandı. Bu hər şeydən əvvəl ictimai və yaşayış binalarının xarici görünüşündə öz əksini tapdı. Eyvanların, lodjiyaların, şüşəbəndlərin gündən qoruyucu qurğuların tərtibatında zavod üsulu ilə hazırlanmış elementlərdən istifadə olunurdu. Həmin elementlərin üzərində Azərbaycan milli memarlığına xas olan naxışların təkrarlanma üsulları tətbiq edilirdi. O dövrün ən uğurlu tikililərindən biri də şəhərin şimalında yerləşən 8-ci mikrorayondur. Orada çox və az mərtəbəli evlərin dəqiq düzülüşü memarlıq məkanının düzgün təşkil olunmasına şərait yaradıb. Şəhərin şimal-qərbində yerləşən doqquzuncu mikrorayonun daxili mühiti Bakı memarlığı üçün xarakterik əhəmiyyət kəsb edir. 9 mərtəbəli evlər elə inşa edilmişdir ki, binalar həyətləri şimal küləyindən qoruyur.
1980-ci illərdə salınan Əhmədli qəsəbəsi də şəhərin mənzərəsini seyr etməyə gözəl imkan yaradır. Memarlıq cəhətdən fərqlənən yaşayış rayonu mikrorayonlara bölünmüşdür. Bloklaşdırılmış doqquzmərtəbəli evlər şimal küləklərinin qarşısını alır, sipər rolunu daşıyır.
1970-80-ci illərdə yeni layihələr əsasında tikilmiş Prezidentin Rezidensiyası, Prezident Aparatı, Milli Təhlükəsizlik Komitəsinin binaları, şəhərin mərkəzi meydanındakı “Azadlıq” kompleksi, “Gülüstan” sarayı, Respublika sarayı, Bakı Kondisioner zavodu, Dərin Özüllər zavodu, 316 metrlik televiziya antenası qülləsi, “Elektroterm” zavodu, Neft daşlarında ictimai və yaşayış binaları kompleksi, Tbilisi prospektində idman sarayı kompleksi Azərbaycan memarlığının qızıl fonduna daxil edilmişdir. Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində aparılan mədəni, sosial-iqtisadi quruculuq işlərini və memarlığı o illərin intibah dövrü adlandırmaq olar.
– Bu gün Azərbaycan memarlığının dünya memarlığı sırasında öz yeri, öz sözü varmı?
– Azərbaycan memarlığı artıq xeyli vaxtdır ki, dünya memarlığı sırasında öz layiqli yerini tutub. 1992-ci ildə SSRİ məkanında, demək olar ki, biz birinci olaraq dünya Memarlar İttifaqına daxil olmuşuq. Bizimlə birlikdə Rusiya və Qazaxıstan da elə bir möhtəşəm quruma qəbul edilib. Bu gün elə ölkələr var ki, hələ də Dünya Memarlar İttifaqının üzvü deyillər və onlar hansısa bir ölkə ilə birləşib assossiativ formada o quruma üzv olublar. Amma Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdiyi ildən bir il keçdikdən sonra dünya memarlar ittifaqına qəbul olunub. Və çox gözəl münasibətlərimiz var. Bu münasibətlər bizə imkan verir Seulda keçirilən Dünya Memarlar İttifaqının Konqresində belə bir fikir irəli sürək ki, 2023-cü ilin beynəlxalq konqresi Bakıda keçirilsin. Çünki 2017-2020-ci illər artıq müəyyənləşib. 2023-cü ildə Bakıda keçiriləcək tədbirin razılaşdırılması ilk növbədə ölkəmizdə yaradılan əmin-amanlıqla bağlıdır. Azərbaycan bu gün müharibə şəraitindədir. Lakin bu vəziyyət ölkəmizdə insanların sağlamlığının qorunub saxlanmasına qorxu yaratmır. İnsanlar sakit şəraitdə yaşayır, işləyir, övladlarımız heç bir qorxu hiss etmədən məktəbə gedir. Bu əlbəttə, dövlət rəhbərinin müdrik siyasəti nəticəsində həyata keçir, müdrik siyasət olmasaydı, bizim də vəziyyətimiz Ukraynada, Moldovadakı yaşantılar kimi ola bilərdi. Amma biz 23 ildir ki, ictimai-siyasi sabitlik şəraitində yaşayırıq və elə memarın yaradıcılığında da bu sabitlik birinci şərtdir. Əgər ölkədə sabitlik hökm sürürsə, iqtisadi vəziyyət güclüdürsə, memarlıq da inkişaf edir. Çünki memarlıq başqa sənətlərdən fərqli olaraq iqtisadiyyatla bağlı sənətdir. Layihələr əsasında inşa edilən binalar, təbii ki, sifarişçi təşkilat tərəfindən maliyyələşdirilir. Əgər dövlət iqtisadi cəhətdən zəifdirsə, memarlıq heç cür inkişaf etdirilə bilməz. Memara hər hansı sifariş edilirsə, deməli, iqtisadi inkişaf var. Bu baxımdan respublikamızda memarlar üçün çox gözəl şərait yaradılıb. Çalışırıq bizə yaradılan bu şəraitdən dövlətimizin və xalqımızın gələcəyi naminə yüksək səviyyəli işlər görək.
– Son on ildə müasir Azərbaycan memarlığında da sürətli inkişaf olmuşdur. Bu dövr memarlıqda modernləşmə, milli çalarlar, demək olar ki, ön plana çəkilmişdir. Necə deyərlər, memarlıq incəsənət əsərləri kimi, daha çox diqqəti cəlb etmişdir.
– Memarlıq istər müasir, istər klassik üslubda olsun, bütün dövrlərdə incəsənət əsəri sayılıb. Yüksək zövqə və bədii təfəkkürə malik olmayan, insanlar heç vaxt incəsənətlə məşğul ola bilməz, məşğul olsalar da, onlar incəsənət adamı sayılmayıblar.
Bəli, son on ildə Azərbaycanın sürətli iqtisadi inkişafı nəticəsində memarlıq yüksək səviyyədə inkişaf etdi. Bu inkişaf Azərbaycan memarlarının yaradıcılıq fəaliyyətində ciddi dönüş başladı, memarlarımız mövcud layihələndirmə və tikinti normalarının ixtiyarsız icrası düşüncəsindən tədricən azad oldular. Respublika çərçivəsində memarlara fərdi yaradıcılıq üçün geniş imkanlar və şərait yaradıldı. Onun nəticəsi olaraq həmin illərdə Azərbaycanda müasir düşüncəli memarlar ordusu yetişdi. Bu insanların çiyinlərinə müasir Azərbaycan memarlığını inkişaf etdirmək və dünya memarlığı səviyyəsinə qaldırmaq missiyası kimi çətin və ağır bir vəzifə düşdü. Bu gün həmin missiyanı yerinə yetirən Bakıda və regionlarda müasir üslubda və müasir standartlara cavab verən bir-birindən yaraşıqlı yaşayış evləri, villalar və çoxtəyinatlı komplekslər, mehmanxanalar-müstəqilliyimizdən əvvəl bir növ kölgədə qalan, indi nəinki ölkəmizdə, onun hüdudlarından kənarda tanınan gənc memarların fərdi layihələri əsasında inşa edilir.
Bu gün Azərbaycan öz sosial-iqtisadi və mədəni inkişafının səviyyəsinə görə MDB dövlətləri sırasında öndə gedən ölkələrdən biridir. Son on ildə respublikada yüksək səviyyədə aparılan yenidənqurma və mədəni quruculuq işləri dünyanın inkişaf etmiş dövlətləri və ölkəmizdə qonaq olan memarlar tərəfindən yüksək qiymətləndirilir. Yeni tikilən çoxmərtəbəli yaşayış evləri, villalar, çoxtəyinatlı binalar müasir kompleks məktəblər, xəstəxanalar, sosial obyektlər, mədəniyyət və olimpiya mərkəzləri, yeni-yeni salınan geniş xiyabanlar, müasir parklar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılmış məqsədyönlü və ardıcıl daxili siyasətin parlaq nəticəsidir.
Bütün bunlar mərhələli şəkildə qarşıya qoyulan Dövlət proqramları çərçivəsində həyata keçirilir.
– Bu il Azərbaycan Memarlar İttifaqının 80 illiyi tamam oldu. Bu münasibətlə respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə seçilən memarlara noyabrın 25-də müxtəlif təltiflər verilmişdir.
– 80 illik yubiley ərəfəsində 18 nəfər memara verilmiş müxtəlif təltiflər dövlətimizin, dövlət rəhbərimizin memarlara göstərdiyi diqqət və qayğının sonsuz təzahürüdür. Onu da qeyd edim ki, 2013-cü ildə möhtərəm Prezidentimizin tapşırığı ilə üç dildə memarlara həsr olunmuş 25 adda kitab nəşr olundu. Mən 45 ildir bu sənətlə məşğul oluram, bu müddət ərzində belə şey görməmişəm ki, bir ildə üç dildə yüksək səviyyədə kitab nəşr olunsun. Əlbəttə, bu da möhtərəm Prezidentimiz İlham Əliyevin memarlıq sənətinə olan qayğısının və məhəbbətinin parlaq nümunəsidir.
Bu gün müasir Azərbaycan cəmiyyətində memarın rolu durmadan artır və bu da öz növbəsində ölkəmizdə və xaricdə geniş əhali kütləsi tərəfindən yerli mütəxəssislərin yaradıcılığına səmimi marağı artırır.
Onu da qeyd edim ki, “Əməkdar Memar” fəxri ada layiq görülənlər sırasında yaradıcılıq erudisiyasına görə Rasim Babakişiyev, Kamal Musaxanov, Nazim Vəliyev, Fərhad Mollazadə, Aleksandr Qarber və başqaları müasir memarlar arasında həmişə fərqlənirlər.
Ümumiyyətlə, adlarını çəkdiyim və çəkmədiyim memarlarımızın hamısını yubiley münasibətilə ürəkdən təbrik edir, onlara yaradıcılıqlarında uğurlar arzulayıram.
– Bu təbrikə biz də qoşuluruq və maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik.
Müsahibəni apardı:
Kamal İBADOV,
“Respublika”.

 

 

 

Read 66 times