XƏBƏR LENTİ

Şənbə, 10 Dekabr 2016 10:58

Azərbaycan beynəlxalq münasibətlər sistemində maraqların uzlaşdırılması yolu ilə inamla irəliləyir

Prezidentin köməkçisi Əli Həsənov bu fikri “Əl-Cəzirə” telekanalına müsahibəsində söyləyib

“Əl-Cəzirə” telekanalı Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında silsilə verilişlər yayımlayır.

AZƏRTAC xəbər verir ki, telekanal bu silsiləni Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müsahibəsi ilə davam etdirib.

Müsahibəsində dövlətimizin balanslaşdırılmış xarici siyasət kursundan danışan Əli Həsənov qeyd edib ki, Azərbaycan bu xətti uğurla davam etdirir. Azərbaycan beynəlxalq münasibətlər sistemində maraqların uzlaşdırılması prinsipini əsas tutaraq bu yolla inamla irəliləyir.  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandıran Prezidentin köməkçisi müəyyən xarici dairələrin təcavüzkar ölkəyə dəstəyi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Beynəlxalq qurumların münaqişənin ədalətli həlli ilə bağlı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən işğal hələ də davam edir və bu, bütün regionun, hətta Avropanın təhlükəsizliyinə təhdiddir. Problem humanitar fəlakət həddinə çatıb.

Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlardan danışan Əli Həsənov bildirib ki, bu islahatlar Azərbaycanda demokratiyanın inkişaf etdirilməsinə, iqtisadi həyatın daha da optimallaşdırılmasına hədəflənib. Bu islahatlar, eyni zamanda, gənclərin siyasi proseslərdə daha fəal iştirakına yeni imkanlar açacaq.

Prezidentin köməkçisi ölkədə söz və mətbuat azadlığının təmin olunması, transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Ərəb dövlətləri, xüsusilə körfəz ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün atılan addımlardan söhbət açan Əli Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm dəyərlərini, humanitar əməkdaşlığı ən çox təbliğ edən, islamofobiyaya qarşı ən çox çıxış edən dövlət başçılarından biridir. Bu gün Azərbaycan bəzi Qərb dairələrinin müsəlmanlardan terrorçu obrazı formalaşdırmaq cəhdlərinə qarşı ən kəskin şəkildə çıxış edən ölkələrdəndir. 

Bu yaxınlarda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə viza rejimini sadələşdirdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, bu, əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Artıq müsəlman ölkələrindən iş adamları sazişlər bağlamaq üçün Azərbaycana gəlməyə başlayıblar. Qarşıdan gələn dövrdə bu əlaqələr daha da intensivləşəcək.   

AZƏRTAC

 

 

 

Read 178 times