XƏBƏR LENTİ

Cümə, 09 Dekabr 2016 13:49

Əbülfəs Qarayev: Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr çox yüksək səviyyədədir

Tbilisidə keçirilən “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq forumda iştirak bizim üçün çox vacibdir. Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə də yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazir deyib ki, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir. Panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə, həm də mədəniyyətin turizmə təsiri mövzusunda  fikir mübadiləsi apardıq.

Ə.Qarayev deyib: “Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir. Biz bir sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gün də davam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik”.

Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək.

AZƏRTAC

 

 

 

Read 54 times