XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:32

İşğaldan azad edilən bölgələrimiz zəngin su ehtiyatlarına malikdir

Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet olub və bundan sonra da belə olacaq.

Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparır və bizə qarşı ekoloji terror təşkil edilmişdir.

Daha sonra cənab Prezident qeyd edib ki, meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir.

Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın.

Videoformatda qəbul zamanı dövlət başçısı deyib: Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti  nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

Yeri gəlmişkən qeyd edək ki, cənab Prezidentin işğaldan azad edilmiş bölgələrimizin su təminatı və potensialı barədə geniş söhbət açması ilk dəfə deyil. Hələ ötən il dekabrın əvvəlində Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində cənab Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edirdi ki, Laçının 22, Kəlbəcərin 24 min hektar meşə sahəsi var. Uzunluğu 100 kilometr olan Həkəri çayının mənbəyi də Laçın rayonundadır. ümumiyyətlə, 10-dan artıq böyük və kiçik çayın mənbəyi işğaldan azad edilmiş bölgədədir. Burada uzunluğu 200 kilometr olan Tərtərçay, 180 kilometr olan Bazarçay, 120 kilometr olan Xaçınçay mövcuddur və potensial su mənbələridir.

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu - bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır.

Göründüyü kimi, Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən işğaldan azad edilən bölgələrin zəngin su ehtiyatlarına malik olduğunu bildirib və bununla bağlı ASC-nin qarşısında duran həlli vacib vəzifələrdən danışıb.

 

Nəriman CAVADOV,

“Respublika”.

Read 69 times