XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:31

Bol suvarma suyu yüksək məhsul deməkdir

Yazın gəlişi ilə torpaq yenidən canlanır. Günəşin ilıq nəfəsi ilə torpaqdan baş qaldıran cücərtilər qarış-qarış boy atır. Kənd adamı əl-qolunu çırmalayıb işə başlayır. Taxıl zəmilərində, bağlarda, tərəvəz sahələrində qızğın iş gedir. Təsərrüfat adamları səhərdən-axşamadək torpaqda əlləşir, suyunu verir, gübrəsini səpir, zərərvericilərə qarşı müalicə tədbirlərini görür və s. Bütün aqrotexniki xidmətləri ardıcıllıqla vaxtında və keyfiyyətlə aparır. Bir sözlə, insan əlləri torpağa sığal çəkir. Bu işdə torpaq adamına ən yaxın köməkçi melioratorlardır. Vaxtında verilən su torpağın canı, bitkinin məlhəmidir. Odur ki, hər il təsərrüfat mövsümü başlayana qədər melioratorlar gərgin çalışır, hazırlıq işlərini vaxtında görürlər. Sahələri bol suvarma suyu ilə təmin edirlər.

 

İri kənd təsərrüfatı rayonu olan Xaçmazda bu il melioratorlar mövsümə yaxşı hazırlıq görmüşlər. Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi təsərrüfatları vaxtında bol su ilə təmin edə biləcəkdir. Hidrotexniki qurğularda, kollektor-drenaj sistemlərində təmir işləri başa çatmaq üzrədir. Bu barədə bir qədər ətraflı məlumat verən idarənin rəisi Vaqif Səlimov deyir: rayonumuzda 50 min 286 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin 21734 hektarını taxıl, 15 min 925 hektarını meyvə, 1520 hektarını tərəvəz, 5492 hektarını yem bitkiləri, 5065 hektarını həyətyanı, 550 hektarını meşə təsərrüfatının sahələri təşkil edir. Rayon üzrə ümumi suvarma şəbəkəsinin uzunluğu 2178 kilometrdir. Kanalların 1795 kilometri torpaq məcralı, qalan hissəsi isə beton və yeraltı kanallardır. Bundan əlavə, rayonun ərazisində 42 ədəd subartezian, 7 artezian quyusu vardır. Əsas su mənbələri Samur-Abşeron kanalı, “Xan” arxı, Qudyalçay, Vəlvələ, Qusarçay, Ağçay, Qaraçay, Çağacuq çayları və yeraltı qara sulardır. Su mənbələrindən səmərəli istifadə etmək, təsərrüfatlara suvarma suyunu vaxtında çatdırmaq məqsədilə mövsümə qədər bütün hidrotexniki qurğular, kollektor-drenaj sistemlərində təmir işləri aparmışıq. Şəbəkə təmizlənmiş və yenidən saz vəziyyətə gətirilmişdir. Təmir işləri artıq yekunlaşmaq üzrədir.

“Xan arx”, “Çinar tala”, “Qıraqlı”, “Rəhim oba”, “Pirqulu oba” SİB-lərinin ərazilərində daha çox iş görülmüşdür. İdarəmizin melioratorları suvarma şəbəkəsini təmir etməklə bərabər, həm də çay məcralarında cari təmir işləri aparmışlar. Vəlvələ, Qusarçay, Qaraçay və Qudyalçay çaylarında sahil bərkitmə, təmizləmə işləri görülmüşdür. Onu da deyim ki, bu işlərin həyata keçirilməsi üçün idarəmizin kifayət qədər ağır texnikası vardır. Bu günlər artıq sahələrdə yaz suvarma işlərinə başlanılmışdır. Məlumat üçün deyim ki, 11 min 500 hektar taxıl sahəsində, 2100 hektar meyvə bağında birinci yaz suvarması həyata keçirilmişdir. 3700 hektar taxıl sahəsində isə ikinci suvarması həyata keçirilmişdir.

Pirquluoba Sudan İstifadəedənlər Birliyi 9 kəndi əhatə edir. Ərazidə hər il min tonlarla taxıl, meyvə, tərəvəz yetişdirilir. SİB-in sədri Əmirsultan Həkimov bildirir ki, birliyin əhatə etdiyi kəndlərdə 2479 hektar suvarılan sahə vardır. Aprelin 1-dək arx və kanallarda təmir-təmizləmə işləri başa çatdırılmışdır. Sudan istifadə edənlər öz təsərrüfatlarında rahat çalışır, sudan lazımi qədər istifadə edə bilirlər. Yeri gəlmişkən deyim ki, son illərdə kəndli sahibkarlar intensiv bağçılığa daha çox üstünlük verir, suvarmada damcı üsulundan istifadə edirlər. Artıq yeni salınmış 10 hektar meyvə bağı damcı üsulu ilə suvarılır. Bu da sudan maksimum qənaətlə istifadə etmək deməkdir.

Həbibkənd kəndindəyik. Kəndin hər tərəfi meyvə bağlarıdır. Seyidəli Sultanovun rəhbərlik etdiyi ailə təsərrüfatına məxsus meyvə bağındayıq. Təsərrüfatında yeni saldığı intensiv bağ üçün su anbarı düzəldən bağbanla söhbət edirik. Təsərrüfat başçısı deyir ki, mülkiyyətimizdə 10 hektar meyvə bağı vardır. Bunun 7 hektarı bar verən bağlardır. Hazırda gördüyünüz bağı bu il salmışıq. Tinglərini Türkiyədən aldığımız gilas bağıdır. Bu gilas sortu həm tez bara düşür, həm də cərgədə ağacların sayı çoxdur. İntensiv bağ damcı üsulu ilə suvarılacaqdır. Artıq su anbarı hazırdır. İndi buradan ağacların dibinə su xətləri çəkilir. Qalan bağları isə arx suyu ilə suvarırıq. S.Sultanov bildirir ki, nəinki mənim, digər bütün təsərrüfatların suvarma suyundan heç bir çətinlikləri yoxdur. Sağ olsun melioratorlarımız. Ötən il Samur-Abşeron kanalından kəndimizə 5 kilometr məsafədən beton kanal çəkiblər. İndi bizim kəndin, ətraf böyük bir ərazinin torpaqları həmin kanal vasitəsilə suvarılır. Su bol olanda məhsul da çox olur. Təsərrüfat ili yaxşı gəlir. Ümid edirik bağlardan yüksək məhsul əldə edəcəyik.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.

Read 73 times