XƏBƏR LENTİ

Çərşənbə, 10 Fevral 2021 06:16

Energetika: Abonentlərə xidmət müasir tələblər səviyyəsindədir

Enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə təqdirəlayiq işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulmuşdur. Bu gün ölkəmizin təqribən 1000 meqavatlıq əlavə enerji gücü var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir.

Vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpa olunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisi ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur.

Bu gün paytaxtın hər yerində olduğu kimi, Nərimanov rayonunda da abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına maksimum səy göstərilir. Aparılan xidmətin dünya standartları səviyyəsində qurulması abonentləri razı salır.

“Azərişıq” ASC-nin Nərimanov Elektrik Təchizatı və Satışı İdarəsi ikimərtəbəli, müasir tipli binada yerləşir. Burada energetiklər üçün hər cür şərait yaradılmış, xüsusilə gənc kadrların seçilib yerləşdirilməsi üçün təqdirəlayiq işlər görülmüşdür.

Biz Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, təcrübəli elektrik Zaur Şirəliyevlə söhbət edərkən müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

— Son illərdə ölkəmizdə bir çox elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və eyni zamanda, bizdə ixrac imkanları da yaradılmışdır.

Ölkəmizin energetikləri bu gün qürur hissi keçirir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Müzəffər Ordusu 44 gün ərzində faşist xislətli ermənilərə sarsıdıcı zərbələr endirdi, düşmən məğlubiyyətə uğradı, 30 ilə yaxın bir vaxtda işğal altında olan ərazilərimiz işğaldan azad olundu.

İşğaldan azad olunan torpaqlarda qurulacaq enerji sistemləri tam nəzarətdədir. Qısa bir vaxtda ərazilərdə görülən işlər təqdirəlayiqdir. Suqovuşan qəsəbəsi və ətraf ərazilərin elektrik enerjisi təsərrüfatı üçün “Tərtər” yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli müasir tipli 35 kilovotluq elektrik enerjisi xətti çəkilir. Suqovuşan qəsəbəsinədək mövcud 10 kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə qədər möcvud 10 kilovoltluq hava xəttinin əsaslı təmiri və 2 yeni mərkəzin quraşdırılması işləri aparılır. Həmçinin Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunması üçün mövcud şəbəkələrdən istifadə edilən 10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və yenidən qurulması davam etdirilir.

Qeyd etmək lazımdır ki, Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsində 2020-ci ildə uğurlu nəticələrə imza atılmışdır.

Zaur Şirəliyev sözünə davam edərək bildirdi ki, energetiklərin birgə səyi nəticəsində ötən il əhali sektorunda qeydə alınmış 62141 və qeyri-əhali sektorunda 9124 abonentə dayanıqlı, keyfiyyətli xidmət göstərilmişdir.

Fərəhlə qeyd olunmalıdır ki, rayonda yığım faizi 104,2 faiz təşkil etmişdir ki, bu da 2019-cu illə müqayisədə 0,4 faiz çoxdur.

2020-ci ildə 1 ədəd 3/10 kv-luq yarımstansiya yenidən qurulmuş, 23 ədəd TM və KTM çəpərlənərək təhlükəsiz saxlanılması təmin edilmiş, 220 dayaq rənglənmiş, 3800 metr yüksək gərginlikli yeraltı kabel yenisi ilə əvəz olunmuşdur.

Həmçinin 1 ədəd TM tikilmiş, 3,2 kilometr yeni elektrik verilişi çəkilmişdir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemlərini uğurla həll etmək, tələb olunan təcrübəli kadr potensialı yetişdirmək üçün bir neçə il öncə Tədris Mərkəzi yaradılmışdır.

Rayondakı elektrik şəbəkəsində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması və istismarı məqsədilə kollektivdə çalışan energetiklər Tədris Mərkəzinə göndərilir və onların peşə hazırlığına maksimum səy göstərilir.

2021-ci ilin bir ayı artıq arxada qalmışdır. Kollektivin üzvləri ilin başlanğıcından yüksək əhval-ruhiyyə ilə çalışır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri inamla həyata keçirir və texniki dəyişikliklər uğurla davam etdirilir.

Söhbəti yazdı:

Qədir ASLAN,

“Respublika”.

Read 308 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891008

Currently are 89 guests and no members online