XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:53

Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib

Prezident İlham Əliyev mərasimdə iştirak edib
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirildi.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışdılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı
–Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
İlk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu tarixi mərasimə dəvət etdiyi və göstərdiyi qonaqpərvərlik üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.
Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.
Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.
TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.
TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.
Bildirməliyəm ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanıstanın və Çinin yükləri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı, bunların biri də həyata keçməzdi.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.
Eyni zamanda, Türkiyə bu gün xarici sərmayələr üçün açıq ölkədir və çox məqbul yerdir. Əziz qardaşım, Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlara imza atıb. Biz əvvəlki dövrü yaxşı xatırlayırıq. O vaxt Türkiyə Beynəlxalq Valyuta Fondunun və başqa maliyyə qurumlarının borcundan yaxa qurtara bilmirdi, asılı vəziyyətdə idi. İqtisadi asılılıq istər-istəməz siyasi asılılığa gətirib çıxara bilər. Məhz Prezident Ərdoğan tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində Türkiyə bu asılılıqdan yaxasını qurtara bildi və bu gün çox güclü iqtisadiyyat kimi dünya miqyasında öz sözünü deyir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur.
Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır. Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir.
TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir.
Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.
Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!
***
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
- Azərbaycan Prezidenti, çox hörmətli qardaşım İlham Əliyev.
Gürcüstanın Baş Naziri hörmətli Giorgi Qaxariya.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü cənab Şefik Caferoviç.
Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviç.
Hörmətli nazirlər, səfirlər, enerji ictimaiyyətinin təmsilçiləri.
Sizi ən səmimi hislərimlə, sevgi və ehtiramla salamlayıram.
Cənub Qaz Dəhlizi layihəsinin bel sütununu təşkil edən Trans-Anadolu təbii qaz boru kəməri - TANAP-ın Avropa ilə birləşən hissəsinin xeyirlərə səbəb olmasını diləyirəm. Sizi bu mühüm açılış mərasimi münasibətilə ölkəmizdə qəbul etməkdən böyük məmnunluq duyuram. Sevincimizi bölüşmək məqsədilə Ədirnəyə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm.
Bu gün hamımız birlikdə ölkələrimiz və bölgəmiz üçün həqiqətən də tarixi bir ana şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə, Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri ilə ərsəyə gələn yeddi il yarımlıq uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqlı qürurunu yaşayırıq.
Birincisi, TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür.
Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb. Xatırlatmaq istərdim ki, TANAP-la bağlı ilk addımı 2012-ci ilin iyun ayında İstanbulda hökumətlərarası müqavilələrin imzalanması ilə atmışdıq.
“Şahdəniz 2” yekun investisiya Sazişini isə 2013-cü ilin dekabr ayında Bakıda təşkil edilən mərasimlə başa çatdırdıq. Bundan sonra 2015-ci il martın 17-də Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bu tarixdən üç il sonra - 2018-ci il iyunun 12-də isə dost və qardaş ölkələrin də iştirakı ilə Əskişəhərdə TANAP-ın açılış mərasimini keçirdik. 2012-ci ilin iyunundan ötən müddətdə TANAP layihəsinin reallaşdırılması üçün həqiqətən böyük əmək sərf etdik. Xüsusilə, daxildə və xaricdə dəf etdiyimiz bir neçə təhlükəli vəziyyətə, regional gərginliyə, hətta silahlı toqquşmalara qədər gedib çıxan qeyri-sabitliklərə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi həyata keçirdik.
Çox dəyərli qardaşım Əliyevin şəxsən diqqəti, istər Gürcüstanın aidiyyəti qurumları ilə əməkdaşlıq, istərsə də bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə, şükür olsun, TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. “Enerjinin İpək yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq.
Bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq. Biz TANAP ilə ölkəmizin enerji ehtiyacını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməyi hədəflədik.
Siz də bildiyiniz kimi, TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir. Bu gündən etibarən Azərbaycanın təbii qazı ölkəmizin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək artıq Avropanın qapısına, yəni, buraya çatmışdır. TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə çevrilib. Bu 16 milyard kubmetr qazın 6 milyardını biz, 10 milyardını isə Avropa ölkələri istifadə edəcək.
Həqiqətən də 2019-cu il noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatdı. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Bundan sonra əsl məsuliyyət sərhədin o biri tərəfindəki qonşularımızın üzərinə düşür. Avropaya qaz nəqlinin başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri - TAP qısa müddətdə başa çatdırılmalıdır. İnşallah, TAP-ın 2020-ci ildə başa çatdırılmasını gözləyirik.
Əziz dostlar, bəşəriyyət son iki əsrdə enerji mənbələrinə nəzarət uğrunda müharibələr, mübarizələr aparmış, nəticədə milyonlarla insan həyatını itirmişdir. Xüsusilə, yerləşdiyimiz coğrafiya enerji mənbələri ilə bağlı yaşanan ağır rəqabətə bilavasitə səhnə olub. Yaxın Şərqin on illər boyunca qeyri-sabitliklə mübarizə aparması planının arxasında məhz bu məsələ vardır. Bir damcı nefti insan qanından, insan həyatından daha qiymətli hesab edən düşüncə dünyaya sülh və əmin-amanlıq gətirə bilməmişdir. Yaşanan bu qədər acıya, ölümə, fəlakətə baxmayaraq, təəssüf ki, bu düşüncənin müəyyən qüvvələr tərəfindən davam etdirildiyini görürük. Xüsusilə, Aralıq dənizinin şərqində mövcud karbohidrogen ehtiyatlarının bölüşülməsi məsələsində bəziləri ədalətli bölgü əvəzinə, gərginliyi körükləməyə çalışırlar. Ədalətli bölgü imkanı var ikən, təhdid dilinə və şantaj siyasətinə əl atırlar. Halbuki heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. Zor gücü ilə bir nəticənin hasil ola bilməyəcəyi artıq dərk edilməlidir. “Mən etdim, oldu” məntiqi ilə heç kəs öz istəyinə çata bilməz. “Əba altından dəyənək” göstərərək heç bir ölkə başqasını öz haqlarından əl çəkməyə məcbur edə bilməz. Xüsusilə, Türkiyə belə bir düşüncəyə əsla boyun əyməz.
Ölkəmiz nə öz hüququnun, nə də Kipr türkünün maraqlarının tapdanmasına icazə verməz. Aralıq dənizinin şərqində uzun dəniz sahillərinə sahib olan bir ölkəni kənarlaşdıraraq layihələr həyata keçirməyə çalışmaq onsuz da mümkün deyil. Hazırda ən son texnologiyalara sahib iki qazma gəmimiz - “Fateh” və “Yavuz” ilə iki seysmik araşdırma gəmimiz bölgədə fəaliyyətlərini davam etdirir. Biz onların çığır-bağırı ilə bu gəmilərimizi oradan çəkməyəcəyik. Onlar hazırda orada öz vəzifələrini yerinə yetirirlər və yetirməkdə davam edəcəklər. Gəmilərimizin və heyətlərimizin təhlükəsizliyi isə Dəniz Qüvvələrimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Bu gəmilərin həyata keçirdiyi fəaliyyətlərin qısa müddətdə bəhrə verəcəyinə inanıram. Bilirsiniz, indi Liviya ilə də anlaşma əldə etdik. Liviya ilə əldə etdiyimiz bu anlaşma parlamentimizdə təsdiq olunduqdan sonra həmin işi xeyli fərqli səviyyəyə çatdıracağıq. İndi nə edirlər? Liviyanı təhdid etməyə başlayıblar. Bu anlaşma əldə edildi. İndi bu anlaşmanın digər hissələri də eyni qaydada tətbiq ediləcək. Bizim qazma işlərimizdən münaqişə və qan deyil, sülh və rifah püskürəcəkdir.
Mən bu inamla sizin vasitənizlə Aralıq dənizindəki bütün tərəflərə səmimi bir çağırış etmək istəyirəm: Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə, əməkdaşlıq zəmininə çevirək. Diplomatiyanın imkanlarından istifadə etmək var ikən, bölgəyə yeni qurbanlar verdirəcək yollara əl atmayaq!
Əziz dostlar, artan əhali və böyüyən iqtisadiyyat nəticəsində enerjinin çox ciddi bir qlobal məsələ olaraq qarşımızda durduğunu bilirik. Eyni qaydada dünya enerji xəritəsinin dəyişdiyini, bu sahədə yeni aktorların, yeni layihələrin məhz bu gün burada olduğu kimi, yeni əməkdaşlıq modellərinin ortaya çıxdığını görürük. Enerji təhlükəsizliyinin təmin edilməsində istehsalçı, tranzit və istehlakçı ölkələr arasındakı möhkəm əməkdaşlığın vacib olduğuna inanırıq.
Türkiyə strateji mövqeyi ilə enerjini hasil və istehlak edən ölkələrin tam qovuşuğunda yerləşir. Bu gün Yer kürəsində mövcud təbii qaz ehtiyatlarının 70 faizi, neft ehtiyatlarının isə 60 faizi qonşularımızın torpaqlarındadır. Bundan başqa, ölkəmiz Avropanın dördüncü, dünyanın isə 18-ci ən böyük təbii qaz bazarıdır. 2002-ci ildə beş vilayətimizdə təbii qaz var idisə, artıq 81 vilayətimizin hamısına təbii qazın çatdırılmasını təmin etdik. 2019-cu il avqustun sonuna olan rəqəmlərə əsasən, 144 min kilometrdən çox təbii qazpaylama şəbəkəsinə nail olmuşuq. Ölkəmizin əhalisinin 81 faizinə, yəni, 66,5 milyon insanımıza təbii qazı çatdırdıq. 2018-ci ildə təbii qaz tələbatımız isə 49,3 milyard kubmetrə çatıb. Təbii qazsaxlama potensialımızı 4 milyard kubmetrdən 11 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. İki üzən qazsaxlama və qazlaşdırma gəmisini istifadəyə verdik. İnşallah, bunlara daha birini də əlavə edəcəyik. Ümumilikdə 5,4 milyard kubmetr tutumu olan Duz gölü yeraltı qaz anbarlarının sonuncusunun təməlini bu il qoyduq. Onun 2023-cü ildə istifadəyə verilməsi ilə dünyanın ən böyük yeraltı qaz anbarlarına sahib olacağıq.
Bütün bu statistik rəqəmlərin ölkəmizə təmin etdiyi imkanlarla yanaşı, çox ciddi bir məsuliyyət də tələb etdiyini bilirik. Həqiqətən də bu günə qədər bu məsuliyyətimizi dərk edərək hərəkət etdik. Qarşılaşdığımız bir çox ikili standartlara baxmayaraq, dialoqdan, diplomatiyadan, beynəlxalq hüquqdan əsla geri çəkilmədik. Rəqabət əvəzinə əməkdaşlığın, gərginlik əvəzinə müzakirənin, münaqişə əvəzinə məsələlərimizi danışaraq həll etmək yolunu seçdik. Bizə bir addım atana biz qaçaraq getdik. Bu gün də, sabah da eyni xoş niyyətlə hərəkət etməyə davam edəcəyik. Nə öz haqlarımızdan, nə Şimali Kiprin haqqından vaz keçəcəyik, nə də haqqımız olmayana əl uzadacağıq. Ədalət, sabitlik və regional əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik.
Bu gün hamımız birlikdə Avropa ilə birləşməsinin açılış mərasimini qeyd etdiyimiz TANAP ölkəmizin sülhpərvər baxışının konkret nümunəsidir. Dünya gündəmini ticarət müharibələrinin, terrorun, etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrdə biz bu gün Avropa ilə Asiyanı TANAP vasitəsilə birləşdiririk. Buradan bölgəmizlə yanaşı, bütün dünyaya əməkdaşlıq və tərəfdaşlıq mesajları veririk. Türkiyəni üç qitənin enerji və ticarət mərkəzinə çevirmək yolunda yeni bir addım atırıq.
Çıxışımı bu düşüncələrlə yekunlaşdırarkən, TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak etdiklərinə, görülən işlərdə əməyi olan memarından mühəndisinə qədər bütün qardaşlarıma, bütün rəhbər şəxslərə, xüsusilə qardaşım İlham Əliyevə, Gürcüstandakı dostlarımıza səylərinə görə şəxsən öz adımdan, millətim adından bir daha təşəkkürlərimi bildirirəm.
Təbii ki, qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil. Qonşumuz Gürcüstana əməkdaşlığı ilə bu layihəyə həyat verdikləri üçün minnətdarlığımızı xüsusilə ifadə edirəm. Qarşıdakı dövrdə “Hamımız qazanaq” prinsipi ilə yeni layihələrə imza atacağımıza inanır, hamınızı sevgi və ehtiramla salamlayır, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” deyirəm.
***
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi oldu.
Mərasim xatirə şəklinin çəkdirilməsi ilə başa çatdı.
***
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.
Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.
“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

 

 

AZƏRTAC

Read 82 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498063

Currently are 102 guests and no members online