XƏBƏR LENTİ

Cümə, 29 Noyabr 2019 08:32

Azərbaycanın dövlət büdcəsi davamlı və keyfiyyətli inkişafa xidmət edir

...Gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


İslahatların dərinləşməsi və sistemli aparılması keyfiyyətli inkişaf imkanlarını genişləndirir
Dünyada, ölkəmizdə bir çox zəngin hadisələrlə yadda qalan 2019-cu il artıq sona yaxınlaşmaqdadır. Ötən bu dövr ərzində Azərbaycanda, sözün əsl mənasında, inkişaf, tərəqqi, çiçəklənmə baş verməkdədir. İlin əvvəllərindən, yanvar-fevral aylarından daha da geniş vüsət alan islahatlar prosesi ölkə həyatının bütün sahələrinə sirayət edib. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatlar prosesi daha da dərinləşməkdədir. Bunu da təkcə biz iddia etmirik, söyləmirik, bunu nüfuzlu beynəlxalq qurumlar, reytinq mərkəzləri, nüfuzlu ekspertlər deyirlər, etiraf edirlər.
Konkret olaraq, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl və sistemli xarakter daşıyır.
Eyni zamanda, bu dövr ərzində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənməkdə və genişlənməkdədir. Elə son iki ay ərzində baş verənlər - Azərbaycanın Türkdilli Dövlətlərin 7-ci Zirvə Görüşünə, həmçinin BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünə yüksək səviyyədə və uğurla ev sahibliyi etməsi deyilənlərə əyani sübutdur. Azərbaycan 10 il öncə özünün təşəbbüsü və iştirakı ilə yaratdığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 2011-ci ildən əməkdaşlıq etdiyi Qoşulmama Hərəkatının Zirvə Görüşlərinə tarixi ev sahibliyi etməklə həm özünün inkişaf səviyyəsini, tərəqqisini, həm qonaqpərvərliyini və sülhsevərliliyini, həm də dünyadakı yerini, rolunu və nüfuzunu nümayiş etdirdi. Dünya, beynəlxalq birlik bir daha güclü, dinamik və sıçrayışlı inkişaf yolunda olan, sabitlik və təhlükəsizlik adasına çevrilən Azərbaycana şahidlik etdi, onu bir daha yaxından tanıdı.
Bu Zirvə görüşlərini reallaşdırmaqla, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz əməli addımları ilə növbəti töhfəsini vermiş oldu. Bütün bu nailiyyətlər, heç şübhəsiz ki, bir daha inkişafın Azərbaycan modelinin həyatiliyini əyani surətdə sübut edir. Son 20 il ərzində Azərbaycan dinamik inkişafı, həyata keçirdiyi irimiqyaslı iqtisadi, sosial layihələrlə öz iqtisadi müstəqilliyini qat-qat möhkəmləndirmiş, beynəlxalq aləmdə nüfuzunu əlverişli dərəcədə yüksəltmişdir.

 

Dinamik inkişaf, kölgə iqtisadiyyatı ilə mübarizə büdcə gəlirlərinin artmasının əsaslarını möhkəmləndirir
Ölkənin sürətli və dinamik inkişafı 2019-cu il oktyabrın 15-də ölkə başçısının yanında keçirilən, önəmli çağırışları və mesajları ilə yadda qalan son iqtisadi müşavirədə də özünün konkret rəqəmlərlə ifadəsində əksini tapmış oldu. Müşavirədə də qeyd edildiyi kimi, ölkənin sosial-iqtisadi göstəriciləri dinamikasındakı meyillər müsbətdir. İqtisadi artım təmin olunub. 2019-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 59,7 faiz təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz-bənd çoxdur.
Digər tərəfdən əhalinin nominal gəlirlərinin həcmi cari ilin ilk 8 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 36,9 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlir 5,5 faiz artaraq 3727,8 manat olmuşdur ki, bu da orta hesabla ayda 466,0 manata bərabərdir.
2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,0 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.
Əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə ortaaylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.
Bunlar isə onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Eyni zamanda, iqtisadi artımın daha da yüksək olması üçün kifayət qədər imkanlar, potensial var və bu potensialdan da maksimum səmərəli şəkildə istifadə edilməlidir. Bununla yanaşı, müşavirədə bu uğurlarla, müsbət göstəricilərlə arxayınlaşmamağın və təhlilini gözləyən bir çox məsələlərin yerinə yetirilməsi istiqamətində daha ciddi, daha çevik addımların atılmasının vacibliyi vurğulandı, hökumət üzvləri qarşısında bu yöndə ciddi tələblər, tapşırıqlar qoyuldu. Həmçinin, müşavirə zamanı 2020-ci ilin büdcəsi ilə əlaqədar prinsipial istiqamətlər diqqət mərkəzində oldu.
Çıxışında bu məsələyə geniş yer ayıran Prezident İlham Əliyev dedi: “Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiya yönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin və tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq”.
Millət vəkillərinin təklif və tövsiyələri dinlənildi. Büdcə sistemi haqqında qanuna müvafiq olaraq 2020-ci ilin dövlət büdcəsi ali qanunvericilik orqanlarına vaxtında təqdim edilmiş sənəd kimi bütün komitələrdə iqtisadi strukturların rəhbər işçiləri və mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edilmiş və plenar iclasa tövsiyə edilmişdi.
Milli Məclisin üç gün davam edən plenar iclaslarında dövlət büdcəsinin 2020-ci il üçün layihəsinin ciddi müzakirəsi aparılmış, edilən təkliflər və tövsiyələr hökumət tərəfindən baxılmış, bəzi büdcə göstəricilərində müvafiq dəyişikliklər edilmişdir. Bununla yanaşı, müzakirələrdə iqtisadi inkişafın sürətlənməsi, regionlarda emal müəssisələrinin yaradılması, büdcə vəsaitlərindən səmərəli istifadə olunması barədə fikirlər də səsləndirildi.
2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24134 milyard manat olmaqla 2019-cu ilin təsdiq olunmuş proqnozuna nisbətən 14,2% və ya 966,5 milyon manat çox müəyyən edilmişdir. 2018-ci ilin icrasına nisbətən artım 7,2% və ya 1,625 milyard manat təşkil etmişdir (cədvəl 1).

 


2020-ci ilə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 56,1 faizi və ya 13530,0 milyon manatı neft sektorunun, 43,9 faizi və ya 10604,5 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2019-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 170,3 milyon manat və ya 1,2 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1136,8 milyon manat və ya 12,0 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 53,7 faizini və ya 5695,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 37,7 faizini və ya 4000,0 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 8,6 faizini və ya manatla ifadə olunan 909,5 milyon manatını isə digər gəlirlər təşkil edir. Bu barədə bir qədər ətraflı.
Qeyd edilməlidir ki, həyata keçirilən iqtisadi, sosial siyasətə uyğun olaraq dövlət büdcəsinin tərtibi də ildən-ilə təkmilləşir, onun Azərbaycan dövlətinin möhkəmlənməsində, iqtisadi təhlükəsizliyinin təmin edilməsində rolu əvvəlki illərlə müqayisədə qat-qat yüksəlir. Vurğulamaq yerinə düşərdi ki, XXI əsrin 20-ci ilinin dövlət büdcə layihəsi həcminə görə müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir.
Milli Məclisdə müzakirələr zamanı xüsusi olaraq vurğulandı ki, ölkənin dövlət büdcə layihəsi qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq tərtib olunur, büdcə zərfinə daxil olan sənədlər “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Milli Məclisdə kifayət qədər ətraflı müzakirə edilir və səslənən təkliflərə münasibət bildirilir. Qanun layihəsi də özünün geniş əhatəliyi, keyfiyyəti ilə fərqlənərək ölkənin iqtisadi, sosial həyatının bütün əsas istiqamətlərini əhatə edir.
Vergi sistemində aparılan köklü islahatlar büdcə gəlirlərinin artması üçün möhkəm əsas yaratmışdır.
2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2% (o cümlədən qeyri-neft sektoru üzrə 7,6%) olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% (o cümlədən, qeyri-neft sektoru üzrə 12,6%) təşkil etmişdir. 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, o cümlədən neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə 109,5% yerinə yetirilmişdir.
Qeyri-neft sektoru üzrə isə 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə vergi daxilolmaları 12,3% artaraq, 4424,9 milyon manat təşkil etmişdir. Müsbət meyillərdən biri də odur ki, uçot sahəsində şəffaflaşma prosesi genişlənir. Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2019-cu il tarixə 32,9% artaraq 23,994 min təşkil etmişdir (diaqram 1).

 


Dövriyyələrdə şəffaflaşma prosesi davam edir. Qeyri-neft sektorunun dövriyyəsində e-qaimə faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi də əhəmiyyətli dərəcədə artmışdır. Pərakəndə ticarət üzrə dövriyyə 36,2%, bu sahə üzrə əldə edilən e-qaimə fakturanın dəyəri 65,4%, ictimai iaşə üzrə dövriyyə 20,5%, elektron-qaimə fakturanın dəyəri isə 38,8% artmışdır.
Alkoqollu içkilər üzrə 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ildə istehsalın həcmi 14,8%, bəyan edilən dövriyyə 50,2%, o cümlədən aksiz vergisi üzrə ödəniş 2,1 dəfə artmışdır. Tütün istehsalçıları üzrə müqayisə edilən dövrdə istehsalın həcmində 4,7 dəfə, bəyan edilən dövriyyədə 13,7 dəfə, ödənişdə isə 18,1 dəfə, o cümlədən aksiz vergisi üzrə ödənişdə 27,1 dəfə artım qeydə alınmışdır. Tütün məmulatları üzrə istehsalın kəskin artması “Tabaterra” QSC-nin fəaliyyətə başlaması ilə bağlıdır.
Ölkəmizin qarşısında dayanan vəzifələrin bütün səviyyələrdə həlli səmərəli vergi sisteminin müntəzəm inkişafını nəzərdə tutur. Vergilər iqtisadi siyasətin vacib elementidir, dövlətin qoyduğu məqsədlərin uğurla əldə edilməsini müəyyən edir. Bu zaman vətəndaşların, biznesin və dövlətin maraqları balansını saxlamaq vacibdir. Vergilər iqtisadi artımı təşviq etməli, cəmiyyətin ehtiyaclarını ödəməlidir. Son illərin vergi daxilolmalarının artımının əhəmiyyətli hissəsi vergi orqanları tərəfindən yeni yanaşmaların tətbiqi ilə əlaqədardır. Bu fəaliyyət nəticəsində iqtisadiyyatın şəffaflığı artmışdır və biznesin inkişafı üçün daha rəqabətli mühit yaradılması nəzərdə tutulub.

 

Şəffaflığın artırılması və əmək münasibətlərinin sağlamlaşdırılması

Ölkənin vergi-gömrük sistemində rəsmiləşdirilmiş əmək müqavilələrinin sayı artır
Son illərdə kölgə iqtisadiyyatının azalması istiqamətində görülən işlər öz nəticəsini verir. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev deyir: “Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs, onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata əsasən, rəsmiləşdirilmiş əmək müqavilələri ilə işçilərin sayı 2019-cu ilin 10 ayı ərzində 141 min və ya 10,1% artmışdır. Əməkhaqqı fondu 17,5% artaraq 5565,2 milyon manat, o cümlədən orta aylıq əməkhaqqı 11,1% artaraq 617,7 manat təşkil etmişdir.
Qeyri-dövlət sektoru üzrə əməkhaqqı kart sahiblərinin sayı 01.01.2019-cu il tarixə 623155 nəfərdən 01.10.2019-cu il tarixə 29,7% və ya 185203 nəfər artaraq 808358 nəfər təşkil etmişdir.
Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində vergi ödəyicilərinin dövriyyələrinin və əmək münasibətlərinin şəffaflaşması trendləri 2020-ci ildə və sonrakı illərdə də davamlı olacaqdır. Buna əsaslanaraq 2020-ci ildə qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 715,0 milyon manat və ya 14,4 faiz artırılaraq 5 695,0 milyon manat həcmində müəyyən olunmuşdur (qrafik 1).

 


Vergi məcəlləsinə bir çox zəruri dəyişikliklər nəzərdə tutulmudur ki, bunlar da ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, real sektorun inkişafına yönəlmişdir.
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin məqsədləri və iqtisadi hədəfləri əsasən aşağıdakı istiqamətləri əhatə edir: Ədalətli rəqabətin şərti olan bərabər və şəffaffiskal mühitin təmin edilməsi:
- Yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması;
- Riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi;
Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi. ƏDV inzibatçılığının təkmilləşdirilməsi: ƏDV-ninkassa metodu əsasında hesablanması; Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması; Vergitutma bazasının genişləndirilməsi; Beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi.
Heç şübhəsiz, bütün bu dəyişikliklər ölkənin maliyyə imkanlarının, soaial müdafiə sahəsində həyata keçirilən tədbirlərin maliyyə əsaslarını möhkəmləndirəcək, qeyri-neft sektorunun inkişaf imkanlarını genişləndirəcəkdir.
Eyni zamanda, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsinin və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün əlverişli mühit formalaşdıracaqdır.
Büdcə gəlirlərinin formalaşmasında Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar mühüm rol oynayır. Son 2 ildə Dövlət Gömrük Komitəsində həyata keçirilən tədbirlər - ölkədə şəffaf biznes mühitinin formalaşdırılması, gömrük ödənişlərindən yayınma ilə mübarizənin daha da gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, innovativ metodların tətbiqinin əhatə dairəsinin genişləndirilməsi baxımından elektron xidmətlərin sayının artırılması, dövlət büdcəsindən yayınma hallarının qarşısının alınması Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlaşdırılan illik büdcə öhdəliklərinin yerinə yetirilməsini, əlavə olaraq 2 milyard manata yaxın gömrük ödənişlərinin toplanmasını təmin etmişdir (diaqram 2).

 


Aparılan islahatlar nəticəsində sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, “Bir pəncərə” və “Yaşıl dəhliz” prinsiplərinin tətbiqi nəticə etibarı ilə ticarətin asanlaşdırılmasına, eyni zamanda, tranzit yüklərinin daşınmasının sürətləndirilməsinə öz müsbət təsirini göstərir.
Azərbaycan Respublikası Prezidentinin “Yaşıl dəhliz” prinsiplərindən istifadə qaydalarına dair imzaladığı 2018-ci il 21 dekabr tarixli fərmanın icrasına cari ilin 1 fevral tarixindən başlanılmış, həm idxal, eyni zamanda, ixrac əməliyyatları ilə məşğul olan 500-dən çox biznes subyektlərinə “Yaşıl dəhliz”dən istifadəyə icazələr verilmişdir.
Görülən tədbirlər nəticəsində 2018 və 2019-cu illər ərzində dövriyyəsi qadağan olunmuş və qara bazarda satış dəyəri 100 milyon dollarla ölçülən, ümumi çəkisi 2 tona yaxın narkotik vasitələrin qanunsuz dövriyyəsinin, eyni zamanda, istehlak bazarında haqsız rəqabətə səbəb ola biləcək saxta malların dövriyyəsinin qarşısı alınmışdır.
Mövcud halda kölgə iqtisadiyyatı və qanun pozuntularına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi Dövlət Gömrük Komitəsinin xidməti fəaliyyətinin əsas prioritet hədəfləri kimi müəyyənləşdirilmiş və bu istiqamətdə konkret tədbirlər nəzərdə tutulmuşdur.
Bütün bunlar 2020-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsini təmin edəcəkdir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 4,8 faizi həcmində olmaqla 4000,0 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozundan 298,0 milyon manat və ya 8,0 faiz çoxdur.
Ölkə qarşısında duran əsas vəzifələrdən biri demoqrafik inkişaf ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsidir. Bu məsələdə iqtisadi strukturların diqqət mərkəzində olmalıdır. Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın idarə edilməsində bir sıra çətinliklərlə üzləşsə də, tədricən onların aradan qaldırılması, daha dəqiq desək, xeyli dərəcədə azaldılmasına nail olmuşdur. Bu baxımdan bir sıra vacib əhəmiyyət kəsb edən proqramların, xüsusilə də regional inkişaf proqramlarının hazırlanması müsbət addım kimi qiymətləndirilməlidir.
Bəzi beynəlxalq qurumlar tövsiyə edirlər: ölkə iqtisadiyyatını şaxələndirmək üçün yeni model tətbiq edilməli və bu model xarici tələbə yönəlməli, qlobal və regional inteqrasiya imkanlarından istifadə edilməlidir... Təbii ehtiyatlara əsaslanan iqtisadiyyatdan daha şaxələndirilmiş istehsal strukturu olan iqtisadiyyata uğurlu keçid edən ölkələrin təcrübəsindən çıxarılan mühüm dərs odur ki, bu keçid rəqabətə davamlı sektorun inkişafı, eləcə də əlavə dəyərin davamlı artımını tələb edir. Daxili bazara yönələn cəhdlərin uğursuz olduğu görünür.
Belə yanaşmada müsbət cəhətlər olsa da, “daxili bazara yönələn cəhdlərin uğursuz olduğu görünür” fikri ilə razılaşa bilmərik.
Ölkənin daxili tələbatının yerli istehsal hesabına ödənilməsi dərəcəsini artırmaq, yüz minlərlə yeni iş yerləri yaratmaq imkanları var və onlardan istifadə edilməlidir (diaqram 3).

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır.
Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir və s.”

 

Neft Fondunun vəsaitlərindən istifadənin səmərəliliyi artır
Qeyd etmək lazımdır ki, Neft Fondunun yaradılması, onun vəsaitlərindən istifadə ilə bağlı düşünülmüş strategiyanın seçilməsi nəticəsində müstəqilliyin ilk illərində dövlət xəzinəsi boş olan, ağır şərtlərlə borc alan bir dövlət bu gün qızıl-valyuta ehtiyatlarına görə dünyanın aparıcı ölkələri arasındadır.
Bəzən dövlətimizin uğurlarını qiymətləndirməyənlər tərəfindən səslənən “holland sindromu, lənətlənən neft dolları” kimi fikirləri Azərbaycana aid etmək, Neft Fondu hesabına görülən irimiqyaslı işləri qiymətləndirməmək kimi yanlış, milli mənafelərimizə xələl gətirən baxışların heç bir əsası yoxdur. Onlar unudurlar ki, dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi dövlət büdcəsində nəzərdə tutulmuş vacib xərclərin ödənilməsinə yönəldilir ki, bu da bütövlükdə ölkəmizin iqtisadi gücünün artmasını, qlobal miqyaslı layihələrin fəal iştirakçısına çevrilməsini təmin etmişdir.
Onu da qeyd etmək kifayətdir ki, Azərbaycan dövlətinin inkişafı üçün əhəmiyyət kəsb edən fundamental Bakı-Tbilisi-Ceyhan, Şahdəniz, Şimal-Cənub dəhlizi, Bakı-Tbilisi-Qars kimi bir sıra sosial layihələr Neft Fondunun vəsaitləri hesabına reallaşmışdır.
Bu barədə Prezident İlham Əliyev deyir: “Bizim neft satışından əldə etdiyimiz gəlirlər artır. Əlbəttə, bu gəlirlər çox şəffaf şəkildə Dünya Neft Fondunda cəmləşir. Bu həm bizim maliyyə sabitliyimiz üçün lazımdır, həm də bu vəsaiti gələcək nəsillərə əmanət kimi saxlamalıyıq. Ancaq bununla bərabər, ölkə qarşısında duran təcili, təxirəsalınmaz tədbirlərin görülməsi üçün, əlbəttə ki, bu imkanlardan istifadə etməliyik”.
“Əsrin müqaviləsi” və sonra imzalanan neft müqavilələri dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etmək üçün güclü vasitə kimi çıxış etdi. Bu vasitəni müstəqil Azərbaycan dövləti müəyyənləşdirdi. Ona görə də bəzən səslənən “lənətli neft dolları”, “holland” sindromu” kimi fikirləri Azərbaycana aid etməyin, neft amili hesabına görülən irimiqyaslı işləri qiymətləndirməməyi, yanlış, milli mənafelərimizə xələl gətirən baxışların heç bir əsası yoxdur.
Prezident İlham Əliyev andiçmə mərasimində demişdir: “Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantay obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr, demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomdur.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir”.
Heç şübhəsiz ki, Azərbaycanın inkişafı da super dövlətlərin və super qurumların təsirinə bu və ya digər dərəcədə məruz qalır və qalacaqdır. Ona görə son 25 ildə əldə edilmiş uğurlara əsaslanaraq Azərbaycan dövləti bundan sonra da özünün milli mənafelərini qorumalı, mili iqtisadiyyatını inkişaf etdirməli və müsbət xüsusiyyətlərindən istifadə etməlidir. Bu baxımdan yanacaq-energetika kompleksində hazırda müzakirə olunan liberallaşma və özəlləşdirmə məsələlərinə çox həssaslıqla yanaşılmalı, burada tələskənliyə yol verilməməli, ilk növbədə, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən Azərbaycan dövlətinin milli maraqları əsas götürülməlidir (diaqram 4).

 


2020-ci ildə dövlət büdcəsi gəlirlərinin 47%-i Dövlət Neft Fondundan transfertin, 7875,0 milyon manatı və ya 32,6 faizi Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 16,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 3,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 70,0 milyon manatı və ya 0,3 faizi isə sair gəlirlərin payına düşür.
Müsbət meyillərdən biri də odur ki, digər maliyyə mənbələrinin artması Dövlət Neft Fondundan edilən transfertlərin azalması imkanlarını genişləndirir. Azərbaycan hökuməti bu meylin davamlı olması, real sektorun üstün inkişafı, onun şaxələndirilməsi, kölgə iqtisadiyyatının azalması istiqamətində daha cəsarətli addımların atılmasını bir vəzifə kimi müəyyənləşdirmişdir. Sənaye siyasətinin dərinləşməsi, ümumilikdə qeyri-neft sektorunun şaxələndirilməsi, ölkənin ixrac potensialının artırılması, keyfiyyətli həyat göstəricilərinin yaxşılaşdırılması üçün möhkəm baza yaradılır. Bütün bunların reallaşması isə sənaye siyasətinin davamlı həyata keçirilməsini zəruri edir. Bəziləri əsassız olaraq respublikamızın da postindustrial dövrə keçməsini bəyan edirlər ki, bu fikirlərlə də razılaşmaq olmaz. Azərbaycan dövləti ölkə sənayesinin müasir qlobal çağırışlar baxımından şaxələndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir ki, bu da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, məşğulluğun artması üçün son dərəcə vacib amildir.
Hökumətin Dövlət Neft Fondundan 20-ci ilin dövlət büdcəsinə müəyyən etdiyi transfert məqbuldur və onun optimal həddə olması kifayət qədər əsaslandırılmışdır.

 

Neftin qiyməti və qlobal risklərdən qorunma tədbirləri

Büdcə layihəsində 1 barrel neftin qiyməti barədə.
Əvvəla qeyd edim ki, heç bir dövlət qlobal risklərdən tam sığortalanmamışdır. Dünya bazarında neftin qiyməti bizdən asılı olmayan amillər, bir çox hallarda subyektiv amillərdən asılıdır. Amma Azərbaycan dövləti bu məsələyə də çox həssaslıqla yanaşır. Müxtəlif ssenarilər hazırlanır, müqayisəli təhlillər aparılır, risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görülür. 2019-cu ilin dövlət büdcəsinin qəbulu ərəfəsində dünya neft bazarında baş verən prosesləri obyektiv qiymətləndirməyənlər təklif edirdilər ki, “neftin qiyməti 40 dollar götürülməlidir, hökumət büdcəni şişirdir və dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 60 dollar götürüldü”. Reallıq sübut etdi ki, hökumət və parlament düzgün qərar qəbul etmişdir. Belə ki, neftin 1 barrelinin qiyməti 2019-cu ilin 9 ayında 67,9 dollar olmuşdur ki, bu da büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə (60 ABŞ dolları) müqayisədə 12% çoxdur. 2020-ci il üçün neftin bir barrelinin 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması büdcənin ortamüddətli dayanıqlığı və kontrtsiklikliyinin təmin edilməsi baxımından daha məqbul hesab edilib. “Büdcə sistemi haqqında” Qanuna edilən son dəyişikliklər bu əsasları daha da möhkəmləndirir.
Hesablamalar göstərir ki, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir. Hökumət belə hesab edir ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunmuşdur. Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər.
Ekspertlər onu da qeyd edirlər ki, bu meylin öz təsdiqini tapması ehtimalı çox aşağıdır...
Neft amili Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr edilmiş mərasimdə Prezident İlham Əliyev demişdir: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda, əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.”

 

Büdcə xərclərinin və onun nəticəliliyinin artması diqqət mərkəzindədir
Ölkə iqtisadiyyatı son 25 ildə əldə edilmiş uğurları xarakterizə edən başlıca göstəricilərdən biri bir nəfərə düşən büdcə xərclərinin artırılmasıdır. 2020-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən büdcə xərcləri 2645 manat təşkil edir ki, bu da 2015-ci illə müqayisədə 832 manat və ya 1,5 dəfə çoxdur. 2000-ci illə müqayisədə (106 ABŞ dolları) bu artım 14,7 dəfə çox deməkdir. 2020-ci ilin dövlət büdcəsi layihəsində büdcə xərclərinin 2016-cı ilə nisbətən 1,5 dəfə artırılması, ÜDM-də xüsusi çəkisinin 32,3%-ə çatdırılması nəzərdə tutulmuşdur ki, bu da 2019-cu ilə nisbətən 1723,7 milyon manat və ya 6,8% çoxdur. Bu kifayət qədər yüksək rəqəmdir və ölkənin davamlı inkişafının maliyyə əsaslarını möhkəmləndirməyə xidmət edir.
Aparılan araşdırmalar sübut edir ki, adambaşına düşən büdcə gəliri, həm də büdcə xərclərinin artması prosesi davam etməlidir ki, bu da ölkəmizin dünyada keyfiyyətli inkişaf göstəricilərinə daha layiq mövqe tutması üçün çox vacibdir.
Sosialyönümlü bazar iqtisadiyyatı quran ölkədə dövlət büdcəsinin əsas parametrlərinin müsbət meyllərinin qorunması daima diqqət mərkəzində olmalıdır.
Ölkələr üzrə büdcə xərclərinin ÜDM-də rolu müxtəlifdir. Amma burada bir cəhəti də nəzərə almaq lazımdır. İnkişaf səviyyəsi yüksək olan ölkələrdə dövlət sektoru ilə yanaşı, özəl sektor da elmin, təhsilin, səhiyyənin inkişafında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, dövlət büdcə xərcləri ilə iqtisadi inkişaf, iqtisadi artım arasında nisbətin sistemli təhlili ciddi araşdırmalar, vaxtilə formalaşmış iqtisadi baxışların bu günün reallıqları baxımından qiymətləndirilməsini tələb edir. Vacib məsələlərdən biri də odur ki, perspektiv inkişaf problemlərinin həllində proqnozlaşdırıma metodlarından istifadə edilməsi çox vacibdir. Azərbaycanda formalaşmış iqtisadi potensial, strateji planlaşdırma və proqnozlaşdırma üçün əlverişli şəraitin yaranması iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində atılan addımların, iqtisadi inkişaf ilə dövlət büdcəsinin artımı arasındakı əlaqənin daha səmərəli olması imkanlarını genişləndirirdi. Heç şübhəsiz ki, 2020-ci ildə dövlət büdcəsinin cari xərclərinin xüsusi çəkisi 64,2% və ya 17,2 milyard manat (2019-cu ildə nisbətən 4887 milyon manat və ya 3,95% çox) təşkil edəcəkdir ki, belə bir artım son 10 ildə ən yüksək hədd hesab edilir.
Dövlət büdcəsinin sosialyönümlülüyü artır.
Cari xərclərin əsas maddəsi müdafiə olunan xərclər hesab edilir (əməyin ödənişi, pensiya və müavinətlər, ərzaq xərci, dərman xərcləri). Belə ki, 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənmişdir. Qeyd etməliyik ki, minimum əməkhaqqının 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72,0 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılması sosial inkişaf səviyyəsini yüksəltmək baxımından vacib addımlardandır. 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 10373,7 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur. Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.
2020-ci ilin dövlət büdcəsində müdafiə olunan xərclərə ayrılan vəsaitin həcmi respublikanın 1994-2002-ci illərdə dövlət büdcələrinin cəmindən çoxdur. Təkcə bu fakt ölkədə aparılan iqtisadi siyasətin mahiyyətini əyani sübut edir. Razılaşın ki, bu böyük bir sıçrayışdır. Bu məqamda ulu öndər Heydər Əliyevin ötən əsrin sonlarında dediyi bir fikrini qeyd etmək istərdim:
“Bilirsiniz, sadə Azərbaycan vətəndaşı buna çox açıq gözlə, obyektiv baxmalıdır. “Sadə Azərbaycan vətəndaşı tədricən fayda götürür. Belə təsəvvür etmək olmaz ki, elə bir gün yetişəcək, sadə Azərbaycan vətəndaşına göydən, yaxud kimdənsə içərisində, nə bilim, nə qədərsə pul, yağ və digər şeylər olan bağlama gələcəkdir. Bilirsiniz, indi biz nə ediriksə, hər ay sadə Azərbaycan vətəndaşına praktiki olaraq xeyir gətirir. Bu reallıqdır. Siz ətrafa nəzər salın, görün beş il, üç il əvvəl necə idi. İndi Azərbaycanda vəziyyət necədir?
Manat sabitdir. 1994-cü ildə inflyasiya 1600 faiz idi, indi isə inflyasiya yoxdur. Rusiyada baş verənlər bizi çox narahat edir bu, Azərbaycana da mənfi təsir göstərə bilərdi. Biz tədbirlər gördük, bunun qarşısını aldıq, yol vermədik. Bax, bu, Azərbaycan vətəndaşının götürdüyü konkret, praktiki faydadır.
İslahatlar keçirilir, iqtisadiyyat inkişaf edir. Ötən illərdə sənaye və kənd təsərrüfatı istehsalı hər il 10, 15, 20, 25% aşağı düşürdü. İndi isə təkcə son səkkiz ayda sənayedə artım 0,9 faiz olmuşdur. Bu, az olsa da, hər halda artımdır, azalma deyildir.
O ki, qaldı neftə, hərə öz bildiyi kimi hesablayır. Bizim isə öz hesablamalarımız var. Hər bir ekspert özü düşündüyü kimi danışır. Bizim konkret planlarımız, proqnozlarımız var. Neft və qaz yataqlarının işlənilməsinə dair proqramı ardıcıl olaraq həyata keçirərək iqtisadiyyatın və xalqın rifah halının yüksəlişini təmin edəcəyik”. Azərbaycanın inkişaf dinamikasındakı müsbət meyillər ulu öndər Heydər Əliyevin yuxarıda qeyd edilən fikirlərinin reallığa çevrildiyini əyani sübut edir.
Ölkəmizin iqtisadiyyatı gücləndikcə maliyyə imkanları, valyuta ehtiyatları artdıqca əhalinin üzləşdiyi sosial problemlərin həlli ilə görülən tədbirlər geniş vüsət alır və bu zaman sərt bazar münasibətləri ön plana çəkilir. Bu barədə dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi böyük məna və əhəmiyyət kəsb edir. O, deyir:
“Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni zamanda sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Bizim ölkəmizin siyasətini səciyyələndirən də məhz bu amillərdir. Əgər Azərbaycanda sırf bazar iqtisadiyyatı prinsipi tətbiq olunarsa, əhalinin bir hissəsi böyük çətinliklərlə üzləşə bilər. Ona görə iqtisadiyönümlü, investisiyayönümlü, bazar iqtisadiyyatı prinsiplərinə sadiq olan siyasətimiz, eyni zamanda, sosial proqramlar ilə də tamamlanmalıdır. Bu məqsədlə də böyük işlər görülür və görüləcəkdir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır”.
Hər bir vətəndaş bilməlidir ki, dövlət büdcəsinin sosial xərclərlə bağlı rəqəmlərin arxasında milyonlarla insanların taleyi dayanır, dövlət büdcə təşkilatlarının normal, ahəngdar fəaliyyəti dayanır. Onu da qeyd etmək lazımdır ki, dövlət büdcəsində diqqət mərkəzində saxlanılan məsələlərdən biri məcburi köçkünlərin problemlərinin həlli istiqamətində nəzərdə tutulan bütün işlərin ildən-ilə genişlənməsidir.
Ümumiyyətlə, köçkünlərə müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır.
Dövlət başçısının büdcə xərcləri barədə mövqeyi çox əsaslı və ölkənin dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.

 

İnsan kapitalının inkişafına diqqət dövlət siyasətinin prioritet istiqamətidir
Dövlət başçısı dəfələrlə bildirmişdir ki, Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatı qurur. Bu ilk növbədə, həm də o deməkdir ki, dövlət sərt bazar iqtisadiyyatının tələbləri, qanunları, sosial şəraiti nəzərə almalıdır. Bu fundamental prinsip əsas tutularaq ölkədə irimiqyaslı quruculuq işləri aparılır, bu həm də o deməkdir ki, biz daim əhalinin həyat səviyyəsi, pul gəlirlərinin dinamikası, strukturu, pul xərclərinin strukturu, baş verən meyillər, iqtisadi inkişaf, müdafiə olunan xərclərin dinamikası, əhaliyə pullu və pulsuz xidmətlərin arasında optimal nisbətin təmin edilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır.
2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər faəliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur.
Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,2 faiz, ÜDM-də 10,1 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 6,3 faiz-bənd və 2,2 faiz-bənd çoxdur.
2020-ci il dövlət büdcəsində məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1929,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1,9 dəfə çoxdur.
Təhsilə ayrılan xərclərin 2016-cı ilə nisbətən 1,9 dəfə, səhiyyə xərclərinin 1,9 dəfə artması proqnozlaşdırılır (diaqram 5).

 


Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarının 30 faizədək artırılması, təhsil xərcləri üçün ayrılan vəsaitin 16,1%-nin sahə üzrə müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə ayrılması nəzərdə tutulur. ÜDM-də, dövlət büdcəsinin xüsusi çəkisində təhsil və səhiyyənin payı artır.
Elm sahəsində də bu proses az da olsa özünü göstərməkdədir. Elmin maliyyələşdirilməsində yeni tələblər baxımından yanaşılması ön plana çəkilməli, məqsədli proqramlar, yaradıcılıq qrupları, həmçinin yerinə yetirilən işlərin qiymətləndirilməsi kimi məsələlər diqqət mərkəzində olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyik ki, Azərbaycan elminin böyük potensialı var. Bu potensial ölkənin milli-mənəvi dəyərlərinin qorunmasına, Azərbaycan tarixinin, humanitar, sosial, iqtisadi problemlərin tətbiqi işinə yönəldilməli, eyni zamanda, ölkənin rəqabətə davamlılığının artmasına, dünyada Azərbaycanın layiqli yer tutmasına xidmət etməlidir. Ona görə də elmə ayrılan vəsaitlərin nəinki miqdarı, iqtisadi səmərəliliyinin artması, həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması nəzərə alınmalıdır.
Heç şübhəsiz ki, yaşadığımız əsrdə elmi, təhsili, sağlamlığı yüksək olan xalq, dövlət qloballaşan dünyanın üstünlüklərindən daha da faydalanacaq, üzləşdiyi çətinlikləri dəf etməyə qadir olacaqdır. Ona görə də bu sahə üzrə büdcə parametrlərinin yaxşılaşmasına, həmin sahənin inkişafı üçün digər maliyyə mənbələrinin dövriyyəyə cəlb edilməsinə iqtisadiyyatın sosial, innovativ inkişafa əhəmiyyətli dərəcədə xidmət edəcək amillər kimi baxılmalıdır.
Dövlət büdcəsində ölkənin milli təhlükəsizliyi, suverenliyinin qorunması ilə bağlı müvafiq vəsait nəzərdə tutulmuşdur. Bu barədə İlham Əliyevin hələ 2013-cü ildə dediyi fikirləri bir daha səsləndirmək istərdim: “Bəzi hallarda vəziyyətlə yaxından tanış olmayan, yaxud da qərəzli mövqedə dayanan beynəlxalq qurumlar buna görə bizi tənqid etməyə çalışırlar ki, Azərbaycanda silahlanma prosesi gedir və hərbi xərclər artır. Onlar bilməlidirlər ki, Azərbaycanın dövlət büdcəsi son 4 il ərzində 10 dəfə artıbdır. Əlavə artımlar nəticəsində daha çox artacaqdır və hərbi xərclərin çoxalması da obyektiv zərurətdən doğur. Biz bu sahəyə diqqətimizi bundan sonra da yönəldəcəyik və Azərbaycanın artıq çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən böyük potensialdır və biz bunu artırmalıyıq”.
Azərbaycan özünün həm müdafiə qabiliyyətini gücləndirməli, həm də özünün iqtisadi təhlükəsizliyini, ölkəmizin iqtisadi gücünün artması və bu əsasda əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltmək istiqamətində daha cəsarətli addımlar atmaq imkanlarına malik olacaqdır.
2000-ci ildə ölkənin müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı xərclərinə büdcə xərclərindən cəmi 170 milyon dollar ayrılmışdı. Belə kəskin fərqlər ona görə yaranmışdı ki, iqtisadi gücümüz kifayət deyildi. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ölkənin müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının xərcləri 3427 milyard dollar olacaqdır ki, bu və digər görülən tədbirlər Azərbaycan ordusunun gücünü artıracaq, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, milli maraqlara və faydalı beynəlxalq əməkdaşlığa xidmət edən əsasları daha da möhkəmləndirəcəkdir.

 

Strateji proqnozlaşdırmaya diqqət risklərin minimuma endirilməsi, hədəflərə çatmaq üçün vacib vasitədir
Ölkə iqtisadiyyatının son 20 ildə əldə etdiyi uğurlarda aparılan investisiya siyasəti mühüm rol oynamışdır. Onu göstərmək kifayətdir ki, 2003-2019-cu illərdə Azərbaycan iqtisadiyyatına 270 milyard investisiya qoyulmuşdur. Bu investisiyalar təkcə neft-qaz sektoruna deyil, bütövlükdə ölkənin istehsal sosial infrastrukturunun müasir tələblər baxımından yenidən qurulmasına yönəldilməlidir.
Prezident İlham Əliyev demişdir: “Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklidə ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz, demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı”.
2020-ci il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi üçün 7809,6 milyon manat və ya xərclərin 29,0 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 4909,0 milyon manat vəsait sərf ediləcəkdir.
2020-ci il dövlət büdcəsinin əsaslı xərclərindən dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla, xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına müvafiq məbləğdə vəsait yönəldiləcəkdir.
Bu gün Azərbaycan irimiqyaslı transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. “Əsrin müqaviləsi” və onunla əlaqədar çoxsaylı sazişlərin reallaşması “Şahdəniz” layihəsinin 2050-ci ilə kimi uzadılması, “Cənub Qaz Dəhlizi” və digər mühüm layihələr Azərbaycanın iqtisadi gücünü daha da artmasına, iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslarının daha da möhkəmləndirilməsinə, qeyri-neft sektorunun keyfiyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bununla yanaşı, Azərbaycanın dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən hesab edilən “Bir kəmər, bir yol” layihəsindəki fəal iştirakı, Bakı-Tbilisi-Qars dəmir yolunun Şimal-Cənub Nəqliyyat Dəhlizinin, Bakı Dəniz Limanının istifadəyə verilməsi, Ələt iqtisadi zonasının fəaliyyəti üçün beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması Xəzərin statusu barədə Konvensiyanın qəbul edilməsi Azərbaycanın siyasi, iqtisadi həyatında çox böyük məna daşıyan müsbət meyillərin güclənməsini təmin edəcəkdir.
Prezident İlham Əliyev deyirdi: “Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda Azərbaycanda o qədər də böyük büdcə xərcləri yox idi. Büdcəmiz, sadəcə olaraq, sosialyönümlü büdcə idi. İnvestisiya xərcləri, demək olar ki, çox aşağı səviyyədə idi. Amma indi büdcəmiz həm sosial yönümlüdür, həm də investisiyayönümlüdür. Böyük məbləğdə vəsait ayrılır, tikinti, infrastruktur layihələri, yollar, körpülər, elektrik stansiyaları, məktəb, xəstəxana tikintisi haraya baxsaq, bu inkişafı görərik. Bu da ölkəmizin iqtisadi və siyasi potensialını göstərir. Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkədir. Amma bununla bərabər, əlbəttə, büdcə xərclərinə müxtəlif qurumlar tərəfindən, müxtəlif dövlət strukturları tərəfindən çox ciddi nəzarət olmalıdır və büdcə xərclərində şəffaflıq tam şəkildə təmin edilməlidir”. 2007-ci ildə söylənilən bu fikirlər bu gün də aktuallığını qoruyub saxlayır.

 

Ölkədə uğurla həyata keçirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatı istehsalında müsbət meyillər güclənir
Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi işlər görülür, aqrar sektora dövlət dəstəyinin həcmi ildən-ilə artırılır, kənddə sahibkarlığın inkişafı üçün zəruri olan infrastruktur yaradılır. Sahibkarlara güzəştli kreditlər verilir. Bütün bunlar aqrar sektorun inkişaf göstəricilərinin yaxşılaşması, əhalinin ərzaq təminatının həlledici hissəsinin daxili imkanlar hesabına ödənilməsi ilə müşayiət olunur.
Dövlət başçısının prinsipial mövqeyi ondan ibarətdir ki, “real sektorun inkişafında özünü göstərən meyillər daha da güclənsin, daxili bazar qorunsun, yerli istehsalçılara daha da əlverişli şərait yaradılsın, aqrar sektorun rəqabətə davamlılığı artsın, kənd təsərrüfatı istehsalının ixtisaslaşması istiqamətində əməli tədbirlər görülsün”.
Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri, o cümlədən enerji-qaz təchizatının yaxşılaşması, istifadəyə verilmiş yeni yollar, müasir suvarma sistemləri, aqroservis sisteminin təşkilindəki yeniliklər, kənd təsərrüfatına dövlət dəstəyinin artması, aqrar sektorun davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
2020-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün 447,4 milyon manat, baytarlıq tədbirləri üçün 35,4 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 426,0 milyon manat, kənd təsərrüfatı üzrə təcrübə, tətbiqi tədqiqatlar, digər müəssisə və tədbirlər üçün 12,2 milyon manat vəsait proqnozlaşdırılmışdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması ilə bağlı xərclərə müvafiq vəsait nəzərdə tutmuşdur. Heç şübhəsiz ki, “Aqrar sığorta haqqında” Qanunun tətbiqi məhsul istehsalçılarına təbii fəlakətlər nəticəsində əmələ gələn itkilərdən qorunmağa imkan yaradacaqdır. Kənd təsərrüfatının inkişafına dəstək kimi 330,0 milyon manat vəsait ayrılacaqdır. Bunlar aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə, hər arı ailəsinə (pətəyə) görə də mineral gübrələrin və pestisidlərin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və müasir kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə, süni mayalanma tədbirlərinə, barama istehsalına, digər tədbirlərin həyata keçirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.
Bu gün respublika əhalisinin yarısının yaşadığı kənddə aqrar islahatların yeni mərhələsi başlanmışdır. Ona görə də Azərbaycan dövləti kəndin sosial-iqtisadi strukturunun yaxşılaşdırılması, iri təsərrüfatların, aqroparkların, kənd təsərrüfatı xammalını emal edən çoxsaylı müəssisələrin yaradılması, əkinçilik mədəniyyətinin yüksəldilməsi, aqrar sektorun ixrac imkanlarının genişləndirilməsi, onun professional kadrlarla təminatı, logistika, marketinq məsələlərinin həlli qarşıdakı dövrün prioritet vəzifələrindən hesab edilir.

 

Dövlət büdcəsinin yerli gəlirlərinin artırılması imkanları genişlənir
2020-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,2 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 6,1 faiz-bənd azdır.
2020-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 797,6 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 58,8 milyon manat və ya 8,0 faiz çoxdur.
Milli iqtisadiyyatın inkişaf imkanlarından səmərəli istifadə edilməsi, regionların özünü maliyyələşdirmə prinsipinə keçməsi də bu prosesi sürətləndirməyi şərtləndirir. Bu məsələ Prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla söhbətində bir daha diqqət mərkəzinə çəkildi. Prezident ilham Əliyev dedi:
“... Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkələrdə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

 

Müasir texnologiyalar, rəqəmsal iqtisadiyyat yeni baxışlara ehtiyac yaradır
Dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə o da vurğulandı ki, sahibkarlıq təşəbbüsünü tam həyata keçirməyə, əmək və kapital bazarlarında meydana çıxan, yaranan məhdudiyyətləri aradan qaldırmağa, məhsuldarlığın artmasını təmin etməyə imkan verən institusional və struktur islahatlarının daha da təkmilləşməsi tələb edilir.
Qarşıda duran vacib vəzifələrdən biri əldə edilmiş pozitiv meyillərin gücləndirilməsi, inkişafa mane olan halların neytrallaşdırılması və kölgə iqtisadiyyatının azaldılmasından ibarətdir. Bu baxımdan Dövlət başçısının aşağıdakı fikirləri xüsusi əhəmiyyət kəsb edir. “Bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək”.
Hamımız dərk etməliyik ki, biz həyatımızın dinamikasındakı keyfiyyətli sıçrayışın müasirləriyik. Yeni texnologiyalar ictimai həyatın bütün sahələrində keyfiyyətli dəyişikliklər yaradır. Bu dəyişikliklərin sürəti həddən artıq yüksəkdir. Yenilənmə bu sürətlə gedərsə, dünya iqtisadiyyatında qısa zamanda yeni bir mərhələnin yaranması baş verəcəkdir.
Yeni texnologiyaların dinamizmi müasir dünyanın əksər proseslərinin gözlənilməzliyini gücləndirir. Bu kimi səbəblərdən uzunmüddətli strateji planlaşmanın və proqnozlaşdırmanınrolunu dəqiqləşdirmək zəruridir. Müasir şəraitdə 5-6 illik proqramlar idarəçiliyin daha etibarlı aləti ola bilər.
Nailiyyətlər ÜDM-in ənənəvi statistikasına da təsir göstərə bilər. Bir sıra hallarda məhsullar və xidmətlər (məsələn, rabitə və informasiya sahəsində) həm ucuzlaşır, həm də istehlakçılara, demək olar ki, havayı (pulsuz) verilir ki, bütün bunlar da, ÜDM-ə təsirsiz qalmır.
Müasir elektron mallar, şəbəkə texnologiyalarının yayılması istehlakçı üçün əmtəə və xidmətlərin qiymətini xeyli dərəcədə aşağı salmağa imkan verir. Nəticədə iqtisadiyyatda yaradılan əlavə dəyərin həcmi azalır ki, bu da statistik olaraq ÜDM-in artım sürətinin aşağı düşməsinə gətirib çıxara bilər.
Biz gözlənilən bütün riskləri də qiymətləndirməliyik. Rəqəmsal iqtisadiyyatın tətbiqi, eyni zamanda, işçilərin müəyyən dərəcədə ixtisarı ilə müşayiət edilir. Ona görə də rəqəmsal transformasiyanın sosial nəticələri ciddi surətdə diqqət mərkəzində olmalıdır. Aydındır ki, ən müasir texnologiyaların tətbiqi yeni münasibətlər, yeni imkanlar açır. Yaranmış ziddiyyəti rəqəmsallıqdan imtina etməklə həll etmək yanlış olardı. Bu inkişaf meyli zamanın tələbidir. Eyni zamanda, məşğulluğun təmin edilməsi imkanlarının genişlənməsi barədə də ciddi düşünülməlidir.

 

Bankların iqtisadi inkişafa töhfəsi artmalıdır
Ölkə iqtisadiyyatının keyfiyyətli inkişafı əhəmiyyətli dərəcədə bank sektorunun inkişafı ilə bağlıdır. Müstəqillik illərində bu sahədə xeyli nailiyyət əldə edilməsinə baxmayaraq, bank sektorunun real iqtisadiyyatın inkişafına təsiri kifayət dərəcədə deyildir.
Bankların sahibkarlığa dəstək və sahibkarların banklarla daimi əlaqələrinin qurulması üçün yüksək menecment səviyyəsi təməlində aktiv əməliyyatların keçirilməsinə tələbat vardır. Hər bir bankın öz müştəriləri qarşısında məsuliyyəti var, eyni zamanda, müştərilərin də banklar qarşısında öhdəlikləri mövcuddur. Burada anlaşılma olmalıdır. Bank faizlərinin azaldılması barədə düşünmək lazımdır.
Ölkələr var ki, banklarında kreditlər üzrə faiz dərəcələri 0,5-1% arasındadır. İsveçrə, Danimarka, İsveç, Yaponiya, Bolqarıstan, Avropa Birliyi, İsrail, İngiltərə, Norveç, Macarıstan, Çexiya, Albaniya, Kanada. Bunlar bir həqiqətdir. Ən az faizlə onlar böyük gəlir əldə edirlər. Real sektora güclü dəstək verirlər. Biz başa düşürük ki, kiçik faizlərə nail olmaq qısa dövrün işi deyil. Amma hədəf qoyula bilər. Opponentlər bir çox səbəblər göstərə bilərlər. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan dövlətinin qarşıya qoyduğu vəzifələrdən biri inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdır. Bu, çətin və şərəfli yoldur. Onun reallaşması üçün bank sektoru da özünün inkişaf istiqamətini müəyyən etməli, iqtisadi fəallığın artmasına öz töhfəsini verməlidir.
Büdcə zərfinə daxil olan çox vacib informasiyalarda inflyasiya göstəriciləri xüsusi əhəmiyyət kəsb edir. Bu da təbiidir. Çünki təqdim edilən layihə əhalinin sosial müdafiəsi, əməkhaqqı, müdafiə olunan xərclərin səmərəliliyi, istehlak qiymətlərinin səviyyəsi ilə bilavasitə əlaqədardır. Dövlət büdcəsi layihələrinin müzakirəsində inflyasiyadan danışmağın obyektiv əsasları vardır. Ona görə də pul siyasəti və inflyasiya barədə bəzi fikirləri açıqlamağı məqsədəuyğun hesab edirik.
Prezident İlham Əliyev demişdir: “Bank sektorunda yaranmış problemlər iqtisadi fəaliyyəti məhdudlaşdırır, real sektora dəstək kifayət dərəcədə həyata keçirilmir. Devalvasiyanın təsirlərini aradan qaldırmaq istiqamətində görülən işlər kifayət etmir. Kredit faizləri həddindən çox yüksəkdir. Bu məsələ barədə çoxdan danışılır, amma görülən işlər kifayət deyildir. Bu gün manatın sabitliyinin qorunması ilə əlaqədar görülən işlər məqbul sayılır, amma bankların müştərilərlə münasibətlərinin yumşaldılmasına, bankalara olan inamın bərpa olunması istiqamətində fəallığının artırılmasına ehtiyac vardır. Və təşəbbüs ilk növbədə banklar tərəfindən edilməlidir”.
Əvvəlki illərdən fərqli olaraq 2020-ci ildə inflyasiyanın 4,6% olacağı proqnozlaşdırılır. Biz hesab edirik ki, belə yanaşma məqbul sayılmalıdır. Deyirlər ki, 20-ci ilin büdcəsi inflyasiya yaradacaq. Bu, tamamilə yanlış fikirdir.
Nəzərə almalıyıq ki, respublikada inflyasiyaya təkan verən kifayət qədər obyektiv amillər vardır. Buna dünya bazarında neftin qiymətini, idxal edilən malların bahalaşmasını, bir sıra hallarda qiymətlərə nəzarətetmə mexanizminin təmin olunmamasını və s. aid etmək olar. Vacib amillərdən biri inhisarçılıq, qeyri-sağlam rəqabətdir ki, bu kimi hallarda əhalinin pul gəlirləri dinamikası da təhlil obyekti olmalıdır.
Təbii ki, dövriyyədə pulun miqdarı artdıqca, risklər də artır. Bu problemlər barədə cənab Prezident kifayət qədər əsaslı mövqe bildirib: “İnfrastruktur layihələrini həyata keçirək, su ilə, elektrik enerjisi ilə, qazla təminatı yaxşılaşdıraq. Bütövlükdə təhsil səviyyəsini qaldıraq. Bunları etməsək, təbii ki, inflyasiya olmaz, risklər də azalar. Amma gələcək üçün bazarda inkişaf olmaz”. (qrafik 2).

 


Son iki ildə ölkədə həyata keçirilən sosial proqramların əhatə dairəsi o qədər miqyaslı, maliyyə tutumludur ki, onları respublikamızın inkişaf tarixində mühüm mərhələ kimi qiymətləndirmək olar. Sürətli inkişaf olan yerdə inflyasiyasız keçinmək çətindir. İnkişaf inflyasiyasını biz qəbul etməliyik. Bəzilərinin “inflyasiya sıfır dərəcəsində olmalıdır” fikirləri müasir şəraitdə qəbuledilməzdir.
Valyuta məzənnəsinin çevik strukturuna keçidin əsaslarının yaradılması, inflyasiyanın dövlət tərəfindən məqsədli idarə edilməsi, maliyyə intizamının möhkəmlənməsi, kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində nağdsız hesablaşmaların artırılması ölkədə aparılan pul-kredit siyasətinin prinsipial istiqamətlərini təşkil edəcəkdir.

 

Dövlət büdcəsinin kəsiri məqbul səviyyədədir
Dövlət büdcəsinin bir neçə parametri bilavasitə ölkənin iqtisadi təhlükəsizliyinə təsir edir. Onlardan biri büdcə kəsirinin səviyyəsi hesab olunur.
Müstəqilliyin ilk illərində büdcə kəsiri 10 faizdən yüksək idi ki, bu da daxili imkanların olmadığı şəraitdə dövlətin iqtisadi müstəqilliyinə ciddi zərbə vururdu. Görülmüş sistemli tədbirlər nəticəsində onun səviyyəsinin xeyli aşağı düşməsi təmin edildi.
1996-cı ildən dövlət büdcəsinin kəsiri (ARDNF-yə daxil olan vəsaitlər istisna edilməklə) ÜDM-in 4,5 faizindən çox olmamış, Milli Bankdan kredit almaq təcrübəsinə son qoyulmuş, inflyasiyanın məqbul səviyyəyə endirilməsinə nail olunmuşdur.
Son 10-15 ildə büdcə kəsiri 0,5-2 faiz arasında tərəddüd etmişdir. Dünya təcrübəsi də sübut edir ki, büdcə kəsirinin 2-3,5 faiz çərçivəsində müəyyənləşdirilməsi gələcəkdə maliyyə resurslarından səmərəli istifadə etməklə ölkənin davamlı, keyfiyyətli inkişafına, real sektorun inkişafının intensivləşməsinə kömək edə bilər.
Büdcə kəsirinin optimal səviyyədə saxlanması, əhalinin sosial qrupları arasında yaşayış, istehlak səviyyəsindəki fərqlərin bilavasitə həllində dövlətin iştirakının səmərəliliyinin yüksəldilməsi, əhalinin sosial qayğılarının əsas hissəsini öz üzərinə götürməsi üçün dövlətin iqtisadi gücü daim artırılmalıdır. İldən-ilə artan maliyyə imkanları dövlətə imkan verir ki, çox düşünülmüş şəkildə dövlət büdcəsinin kəsirini müəyyən etsin. Düzgün cəhət burasındadır ki, həmin kəsir daxili imkanlar hesabına örtülür. Bəziləri tez-tez “beynəlxalq standart”, “Avropa standartları” ifadələrini işlədir və bu zaman da Avropa ölkələrində büdcə kəsirinin 3 faizdən çox olmamasını nümunə göstərirlər. Əlbəttə, bu hədd kifayət qədər məqbul rəqəmdir. Amma nəzərə almalıyıq ki, bu ölkələr böyük inkişaf yolu keçib və əhalinin həyat səviyyəsinin yüksək olmasına nail olublar. Bizim isə bu istiqamətdə görüləsi işlərimiz çoxdur.
Büdcə kəsirinin ən az 3 faiz çərçivəsində və ya ondan bir az çox olması mənfi hal kimi qiymətləndirilə bilməz, çünki bu dövlətə əlavə imkan verir ki, zəruri sosial-iqtisadi problemlər həll edilsin. Büdcə kəsirini örtmək üçün istiqrazların, qiymətli kağızların yerləşdirilməsi, vahid xəzinə qalığı və özəlləşdirmədən daxil olan vəsaitlərdən istifadə ediləcəkdir.
Fikrimizcə, inkişafın daha sürətlə artırılması baxımından kifayət qədər olmadığı bir şəraitdə 3-4 faiz büdcə kəsiri daha məqsədəuyğundur. Az, minimum kəsirli büdcə, əslində, ölkənin iqtisadiyyatını daim fəaliyyətdə olmağa, canlanmağa sövq edir. “Büdcə kəsirsiz olmalıdır” fikrini heç də bütün hallarda məqbul saymaq olmaz. Bir çox hallarda ölkə daxilində insanların pul gəlirləri, əmanətləri artdıqca pul kütləsini dövriyyədə nizamlamaq üçün ilk növbədə bir sıra problemlərin həllini təmin etmək üçün daxili borclanmaya getmək məqsədəuyğun sayılır.
Biz belə hesab edirik ki, 2019-2020-ci illərin də dövlət və icmal büdcənin kəsirini idarə olunan səviyyədə saxlanılmasına nail olunması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Büdcə kəsirinin inflyasiya yaratmayan amillər hesabına müəyyənləşməsi çox vacibdir. Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq tam məsuliyyətlə qeyd edə bilərik ki, büdcə kəsirinə bu cür yanaşma gələcəkdə maliyyə resurslarından səmərəli istifadə etməklə sürətlə iqtisadi və sosial inkişafın təmin olunması tələblərinə cavab verir.

 

Milli maraqlara cavab verən borclanma siyasəti
Azərbaycan dövlətinin borclanma siyasəti ölkənin milli maraqlarını əsas tutmaqla iqtisadi müstəqilliyin daha da güclənməsinə, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edir. Ekspertlərin fikrincə, o ölkə riskli ölkə sayılır ki, inkişaf səviyyəsindən asılı olaraq orada xarici borcun ümumi daxili məhsula nisbəti 50 faizdən yuxarıdır. Respublikada bu rəqəm 2020-ci ildə 17% təşkil edəcəkdir. Ölkənin valyuta ehtiyatları respublikanın xarici borcundan 5 dəfə çoxdur.
Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2019-cu il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 12,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği şərti maliyyə öhdəlikləri (təxminən 10,0%) daxil olmaqla 8,9 milyard ABŞ dolları olmuşdur.
Ölkəyə cəlb edilmiş kreditlərin 67,8 faizini sabit dərəcə ilə olan kreditlər, 32,2 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir.
2020-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1828,2 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 506,6 milyon manat və ya 21,7 faiz azdır. Həmin xərclərin 133,2 milyon manatını daxili dövlət borcuna xidmət xərcləri, 1695,0 milyon manatını isə xarici dövlət borcuna xidmət xərcləri təşkil edir.
Azərbaycan Respublikasının 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 400,0 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1000,0 milyon manat məbləğində proqnozlaşdırılır.
Bütün bunlar sübut edir ki, Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır. Məqsəd ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində yalnız strateji, innovasiyalı, rəqabətə davamlı iqtisadiyyatın qurulmasına xidmət edən layihələrə üstünlük verməlidirlər.
Gələcəkdə xarici borcun tədricən azaldılması, növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit almalarının sərt çərçivələrinin müəyyən olunması və yalnız ölkənin prioritet hesab edilən layihələrinin maliyyələşdirilməsi üçün borc vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulmuşdur.
Ölkənin xarici ticarət dövriyyəsində müsbət meyillər güclənir. Cari ilin ilk 7 ayında xarici ticarətdə ölkə üzrə əməliyyatların həcmi 19,9 milyard ABŞ dolları olmuşdur ki, bunun da 8,4 milyard ABŞ dolları idxal, 11,5 milyard ABŞ dolları isə ixrac əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 3,1 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz artmışdır ki, bu da əsasən kənd təsərrüfatı malları istehsalının inkişafı ilə əlaqədardır.
Yekun olaraq onu bildirmək istəyirəm ki, bütövlükdə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi əvvəlki illərdən fərqli olaraq bir daha ölkənin müdafiə qabiliyyətinin yüksəlməsini, sosial problemlərin həllini, Azərbaycanın dayanıqlı və sürətli iqtisadi inkişafını təmin edəcəkdir.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,
akademik.

Read 116 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497969

Currently are 83 guests and no members online