XƏBƏR LENTİ

Bazar, 24 Noyabr 2019 11:09

Heyvandarlığın inkişafında yeni mərhələ

Əbədiyaşar Heydər Əliyevin qurub-yaratdığı azad və müstəqil odlar yurdu -Azərbaycan bu gün özünün inkişaf dinamikasına və yüksək potensialına görə nəinki Müstəqil Dövlətlər Məkanında, eləcə də dünya səviyyəsində yüksək göstəricilərə malik dövlətlər sırasında öz layiqli yerini tutmuşdur. Sürətli və davamlı iqtisadi tərəqqi təməli üzərində qurulmuş dövlətimiz ölkə başçısı cənab İlham Əliyev tərəfindən, öz inkişaf tempinə görə regionda lider dövlətə çevrilmişdir.
Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Heyvandarlığın inkişafında son illərdə diqqəti çəkən, inkişaf tempinə nəzər salmaq üçün həyatının böyük hissəsini təhsilə, elmə sərf etmiş, ADAU-nun ictimai-siyasi həyatında fəallıq göstərmiş, heyvandarlıq sahəsi üzrə 140-dan çox elmi məqalənin müəllifi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyevdən qədim və zəngin tarixə malik institutun bu sahədə fəaliyyəti haqqında məlumat verməyini xahiş etdik. O qeyd etdi ki, ölkəmiz böyük öndər Heydər Əliyevin müdrik siyasəti, nurlu siması, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir qüdrətli Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensiallarından istifadə edərək, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə edilərək məhsuldarlığın çoxalmasına, fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaratmışdır.
Məhz bu baxımdan onu xüsusilə qeyd etmək lazımdır ki, heyvandarlıq sistemində, heyvanlarda hər başa görə məhsul artımının təmin edilməsində onların genetik potensialı mühüm rol oynayır. Müxtəlif həcmli heyvandarlıq təsərrüfatlarının genetik olaraq yüksək məhsuldarlıq potensialına malik heyvanlardan komplektləşdirilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə damazlıq heyvanların idxal edilərək lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması uğurla davam etdirilir. Ona görə də naxırda yüksək məhsuldarlıq potensialına malik heyvanların xüsusi çəkisinin artımı yüksələn xətlə davam edir. Digər tərəfdən, heyvanların süni mayalandırılması şəbəkəsi genişlənir və heyvandarlıqla məşğul olan kənd əhalisinin bu sahəyə marağı durmadan artmaqdadır. Ölkəmizdə heyvandarlığın inkişafı bu gün insanların bu sahə üzrə məhsullarla təminatı, idxaldan asılılığın tamamilə aradan qaldırılması baxımından xüsusi önəm kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər heyvandarlığın inkişafı üçün geniş perspektivlər açmışdır. Bu baxımdan, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu da öz növbəsində bu səpkidə olan tədbirləri mütəşəkkilliklə həyata keçirir. Belə ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən respublikamızın müxtəlif regionlarında fermerlərə məsləhət xarakteri daşıyan, heyvandarlığın inkişafı, heyvandarlıqda ən son texnologiyaların tətbiqi, sağlam yem bazasının yaradılması, süni mayalandırma, süngərləmə üsulu ilə heyvanların baş sayının artırılması və məhsuldarlığın yüksəldilməsi və s. mövzuları əhatən edən silsilə təlimlər keçirilir. Qeyd etmək lazımdır ki, sözügedən təlimlərə 2018-ci ilin noyabr ayının 27-dən start verilib. Təlimlərin keçirilməsi hazırda da davam edir. Bu günədək 51 rayonda 132 təlim keçirilmiş və təlimlərdə ümumilikdə 2300-dən çox fermer və sahibkar iştirak etmişdir. Eyni zamanda, 2018-ci ilin iyun ayından bu günədək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Yemlərin həzməgediciliyinin artırılmasından bioaktiv maddələrdən istifadənin əhəmiyyəti”, “Tut ipəkqurdunun barama məhsuldarlığının artırılması üçün tətbiq edilən aqrozootexniki qaydalar”, “Qeyri-ənənəvi yemləmənin heyvandarlıqda tətbiqi”, “Azərbaycanda qoyunçuluğun sənaye əsasında inkişaf etdirilməsi yolları”, “Kənd Təsərrüfatının inkişafında gənclərin rolu”, “Arıların sağlamlığı və intensiv arıçılıq”, “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri”, “İntensiv dovşançılığın kiçik ailə təsərrüfatlarının inkişafında rolu”, “Yemləmədə innovativ yanaşma”, “Azərbaycanda qoyunçuluq sahəsində damazlıq və seleksiya işinin təşkili” mövzusunda geniş elmi-praktiki seminarlar keçirilmişdir.
Keçirilən seminarlarda institutun mütəxəssisləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, habelə Aqrar Elm və İnnovasiya Mərkəzinin məsul şəxsləri, yerli və xarici mütəxəssislər, müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri, müxtəlif yem fabriklərinin əməkdaşları, elmi-tədqiqat institutlarının mütəxəssisləri, DAİM nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri, Aqrar İnkişaf Könüllüləri, 1000-ə yaxın fermer və sahibkar iştirak etmişdir. Seminarlarda fermerlərin, sahibkarların, aqrar sahədə təhsil alan gənclərin sualları cavablandırılmış, onları maraqlandıran məqamlara aydınlıq gətirilmiş, lazımi tövsiyə və məsləhətlər verilmişdir. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu son bir ildə Çex Respublikası Heyvan Elmləri İnstitutu, Moldova Respublikasının Heyvandarlıq və Baytarlıq Biotexnologiyaları Elmi-Praktiki İnstitutu, Türkiyə Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsi, Bursa Uludağ Universitetinin baytarlıq fakültəsi, Türkiyə Ağsaray Universitetinin Baytarlıq fakültəsi, Gürcüstanın Nutrimax MMC Yem Fabriki, Hollandiya Ümummilli Quşçuluq Assosiasiyası, Beynəlxalq FAO Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (İtaliya) və Beynəlxalq Qızıl Xaç Komitəsi (İsveçrə) ilə bağlanmış elmi-texniki əməkdaşlıq müqavilələri əsasında həyata keçirilmişdir. Hazırda da davam edən müxtəlif layihələr çərçivəsində sözügedən qurumlarla Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında heyvandarlığın müxtəlif seqmentlərində elmi mübadilə, təcrübi əməkdaşlıq, fermerlərə dəstək sahələrində nəzərəçarpan işlər görülmüş və müsbət nəticələr əldə edilmişdir.
Bu layihələrin baş tutduğu müddətdə yuxarıda qeyd edilən qurumların mütəxəssisləri tərəfindən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarına iri və xırdabuynuzlu heyvanlarda süni mayalanma, embrion transferi, damazlıq, seleksiya və islah proseslərinin aparılması, qoyunlarda süngərləmə üsulu ilə bala alınması, yem paylarının düzgün tərtibi və s. mövzularda ilk öncə nəzəri təlimlər keçirilmiş, daha sonra isə tədris edilmiş biliklər praktiki şəkildə tətbiq edilərək möhkəmləndirilmişdir. Layihələr çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna dəvət edilmiş mütəxəssislər eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetinin əlaqəli sahədə təhsil alan tələbələri üçün “Master Klass”lar keçilmişdir.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu 2019-2025-ci illər üçün mövcud heyvan genofondunun qorunub saxlanması, heyvandarlıqda innovativ və biotexnoloji üsulların tətbiqi, yeni heyvan cinsləri, yeni tip, xətt və krosların yaradılması, xarici ölkələrdən gətirilmiş heyvan cinslərinin adaptasiya xüsusiyyətlərinin öyrənilməsi və rayonlaşdırılması, sənaye heyvandarlığın intensiv inkişaf etdirilməsi, yemçilik və yemləmənin elmi əsaslarla inkişaf etdirilməsi, məhsul istehsalı və emal texnologiyasının təkmilləşdirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və beynəlxalq təcrübənin öyrənilməsi kimi prioritet istiqamətlər üzrə qarşıya müəyyən hədəflər qoymuş və bu hədəflərə çatmaq üçün işlər görməkdədir. Azərbaycan şəraiti üçün rəqabətqabiliyyətli bir yeni qaramal cinsinin və onların hibrid və mələzlərinin yaradılması, qoyunçuluğun sənaye əsasında intensiv inkişafı, keyfiyyətli barama məhsulu verən və yerli iqlim şəraitinə uyğunlaşmış iki məhsuldar ipəkqurdu hibridinin yaradılması qarşıda duran vəzifələrdəndir. Çəkil bağlarının salınması, müasir tipli kümxanaların təşkili, respublikada mövcud olan arı cinslərinin bərpası və yeni arı populyasiya və hibrid xətlərinin, mələzlərin yaradılması, yem bazasının təşkili, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun genetik mərkəz kimi fəaliyət göstərməsinə nail olmaq, genofondun qorunub saxlanması üçün xüsusi bərpa proqramlarının hazırlanması, heyvan yemlərinin hazırlanması və yemləndirilməsi texnologiyasının təkmilləşdirilməsi, müasir tələblərə uyğun yüksək məhsuldar heyvan, quş, arı və ipəkqurdu cinslərinin yaradılması nəticəsində fermerləri damazlıq materialla təmin etmək, heyvandarlıq və quşçuluq təsərrüfatlarında konsaltinq xidmətinin təşkil edilməsi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fermerlər üçün məsləhət mərkəzinə çevrilməsi və elmi-tədqiqat işlərinin nəticələrinin tətbiq edilməsi institutun əsas hədəfləridir.

Zabit XƏLİLOV,
“Respublika”.

Read 172 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498004

Currently are 91 guests and no members online