XƏBƏR LENTİ

Çərşənbə axşamı, 05 Noyabr 2019 08:58

ÖLKƏNİN HƏYAT ARTERİYASI

Samur-Abşeron suvarma sistemi və Taxtakörpü su anbarı haqqında məhz belə demək olar

Samur-Abşeron sistemində yenidənqurma işlərinin aparılması və Taxtakörpü su anbarının tikintisi ideyası ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi əbədi həyat mənbəyidir.
Təbiətin insanlara bəxş etdiyi təbii sərvətlər içərisində su ehtiyyatları xüsusi yer tutur. Su cəmiyyətin inkişafınının əsas və həlledici amili kimi ən qiymətli təbii sərvətdir. Təbii sərvətlərin bir çoxunu başqaları ilə əvəz etmək mümkün olduğu halda, su əvəzedilməzdir, onsuz yaşamaq mümkün deyildir. Xalq arasında deyildiyi kimi, “Torpaq xəzinədir, su qızıl”.
Yer səthinin 70 faizinin su ilə örtülü olmasına baxmayaraq, dünya su ehtiyatının yalnız 1 faizi şirin suya malikdir. Bu səbəbdən əhalinin və əkin sahələrinin su ilə təmin edilməsi həmişə insanları bir nömrəli vəzifə kimi narahat edir.
20-ci əsrin 30-cu illərində əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Özbəkistanda 270 km uzunluğunda Böyük Fərqanə kanalı 45 gün ərzində əl əməyi ilə qazılaraq istifadəyə verilmişdi. Buna cavab olaraq respublikamızda su çatışmazlığını aradan qaldırmaq məqsədilə Quba-Xaçmaz zonasının 6 inzibati rayonunun 30 min nəfər kolxozçusu 2 ay müddətində Samur çayından Ataçaya qədər 108.7 km uzunluğunda torpaq məcralı kanalın əl əməyi ilə qazılması kimi çətin işin öhdəsindən layiqincə gəldilər. Qazma işlərinə 1939-cu ilin oktyabr ayının 25-də başlanılmış və dekabr ayının 25-də başa çatdırılmışdır. Kanalın açılışı isə 1940-cı il aprel ayının 28-də həyata keçirilmişdir.
Samur-Dəvəçi kanalına suvarma suyu bəndsiz-baş qurğusuz verilirdi. Kanalın Abşeron yarımadasına qədər ikinci növbəsinin tamamlanması 1946-cı il üçün nəzərdə tutulmuşdu. Lakin İkinci Dünya müharibəsinin başlanması bu işləri dayandırdı. Kanalın 2-ci növbəsi 1951-1955-ci illərdə tikilib başa çatdırıldı. Kanal Abşerona qədər 86.3 km torpaq məcrada uzadıldı.
1957-ci ildə Samur çayı üzərində hidroqovşaq və 1958-ci ildə Ceyranbatan su anbarı tikilib istifadəyə verildi. 1960-cı ildə Bakı və Sumqayıt şəhərlərinin su təchizatını yaxşılaşdırmaq və Abşeron yarımadasında zeytunçuluğun inkişaf etdirilməsi məqsədilə Samur-Abşeron kanalında yenidənqurma işlərinə başlanıldı. Kanal başdan-ayağa qədər 182 km məsafədə beton üzlüyə alınmış, kanalın üzərində onu qidalandırmaq üçün Qudyalçay və Vəlvələçay hidroqovşaqıarı, sudurulducular, nizamlayıcı qirğular, Sitalçay və Ceyranbatan nasos stansiyaları inşa edildi. Samur-Abşeron kanalı mürəkkəb qurğulara malik mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyekti kimi fəaliyyət göstərmişdir.
Samur-Abşeron suvarma sisteminin uzun müddət (50 ildən artıq) fasiləsiz-təmirə dayandırılmadan işləməsi nəticəsində onun beton üzlüyündə aşınmalar baş vermiş, kanalın üzərindəki sudurulducular öz fəaliyyətini dayandırmış və su itgisi xeyli artmışdı.
Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisini, sənayesini və kənd təsərrüfatını içməli, texniki və suvarma suyu ilə təmin etmək məqsədilə Samur-Abşeron suvarma sistemində yaranmış vəziyyət araşdırılmış və ən əlverişli variant kimi onun yenidənqurulması təklif olunmuşdu.
Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Səudiyyə Ərəbistanında olarkən, İslam dünyasının ona böyük hörmət əlaməti olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Samur-Abşeron suvarma sisteminin yenidənqurulması sxeminin hazırlanmasına qrant ayırmışdı. Bu qrant hesabına beynəlxalq məsləhətçi şirkətlər tərəfindən 1996-cı ildə hazırlanmış sxem 1997-ci ildə ölkə rəhbərliyi tərəfindən bəyənilmişdi.
Ulu öndər Heydər Əliyevin banisi olduğu “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi”ndə nəzərdə tutulan işlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. O, 2004-cü ilin iyun ayında Quba-Xaçmaz bölgəsinə səfəri zamanı Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi üzrə həyata keçirilən işlərlə, o cümlədən Xanarx kanalının tikintisi ilə tanış olmuş, bu işlərin gedişindən razı qalmış və gələcəkdə onların yüksək keyfiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlarını vermişdi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 01 sentyabr 2005-ci il tarixində respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilmiş müşavirədə Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin Dövlət Neft Fondunun vəsaiti ilə davam etdirilməsi, 29 aprel 2008-ci il tarixində isə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair keçirilmiş iclasda layihə üzrə aparılan işlərin əhəmiyyətini nəzərə alaraq bu sahədə daha böyük işlərin görülməsi barədə tapşırıq vermişdi. Onun iştirakı ilə 8 noyabr 2007-ci il tarixində ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimi keçirildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində İslam İnkişaf və Dünya banklarının kreditləri ilə Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və Samur çayı üzərində yerləşən Hidroqovşağın bərpası, Samur çayı yaxınlığında Baş durulducunun tikintisi, eləcə də 60 min hektar suvarılan torpaqlara xidmət edən uzunluğu 186 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri başa çatdırıldı. 2007-ci ildə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci km-dək hissəsində yenidənqurma işləri başa çatdırılmışdır.
Vəlvələçay-Taxtakörpü kanalının 2011-ci il avqust ayının 15-də birinci mərhələsinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev eyni zamanda Taxtakörpü su anbarı bəndində, enerji tunelində və SES-də aparılan tikinti işlərinin gedişi ilə tanış olaraq, bu işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir.
28 sentyabr 2013-cü il idarəmizin fəaliyyətində ən əlamətdar hadisə kimi tarixə düşmüşdür. Həmin gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Taxtakörpü su anbarının və 109,33 km uzunluğundakı Taxtakörpü-Ceyranbatan magistral kanalının istifadəyə verilməsi mərasimində iştirak etmişlər. Prezidentimiz İlham Əliyev Taxtakörpü su anbarını ölkənin su təsərrüfatı sahəsinə xidmət edən infrastruktur layihəsi kimi çox yüksək qiymətləndirmişdir.
Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin sosial həyatının yaxşılaşdırılmasında xüsusi xidməti olan Taxtakörpü su anbarının ümumi sututumu 268,4 milyon kubmetr, su anbarında ümumi gücü 25 MVt olan 3 ədəd turbin quraşdırılmışdır. SES binasında və açıq paylayıcı qurğuda əsasən Almaniyadan və digər xarici dövlətlərdən gətirilmiş avadanlıqlar quraşdırılmışdır.
Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının tikintisinin və digər işlərin başa çatdırılması ilə su elektrik stansiyasında ildə 128 milyon kvt enerji istehsal olunmasına və kanal üzərindəki mövcud Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 13-15 milyon manatdan artıq elektrik enerjisinə qənaət edilməsinə, eyni zamanda, Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin içməli su təchizatının, 150 min hektar mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılmasına, 31 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinə və regionun ekoloji vəziyyətinin sağlamlaşdırılmasına imkan yaranmışdır.
Taxtakörpü su anbarının doldurulması əsasən Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur çayı üzərində tikilmiş Samurçay hidroqovşağı vasitəsilə həyata keçirilir. Samur çayının su ehtiyatlarının istifadəsinin nizamlanması Azərbaycan və Rusiya Höküməti arasında 03 sentyabr 2010-cı ildə imzalanmış Sazişə uyğun aparılır. Sazişin icrası üçün Birgə Komissiya və İşçi Qrupları yaradılmışdır. Son illər Samur çayının su ehtiyatlarının azalmasını nəzərə alaraq Azərbaycan ərazisində formalaşan Qusarçay, Qudyalçay, Qaraçay, Caqacuqçay və Vəlvələçay çaylarında hidroqovşaqlar və qidalandırıcı kanallar tikilərək Samur-Abşeron kanalına əlavə suyun verilməsi təmin edilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən layihənin tələblərinə uyğun Taxtakörpü su anbarında suyun yığılmasını həyata keçirmiş və onun tam həcmdə doldurulması 2017-ci ilin 15 iyun - Qurtuluş günü ərəfəsində başa çatdırılmışdır. Su anbarı 2018-ci ildə təkrarən doldurulmuşdur.
Taxtakörpü su anbarının və Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü-Ceyranbatan magistral kanalının əhəmiyyətinin əsas amilindən biri də odur ki, Ceyranbatan gölünə şəffaf su öz axımı ilə enerji istifadə etmədən verilir. Ceyranbatan su anbarının lillənməsinin və faydalı həcminin azalmasının qarşısı alınmışdır.
Son illərdə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su ehtiyatı hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. Su anbarında bu müddətdə 2 milyard 228 milyon kubmetr su toplanmışdır ki, onun 2 milyard 153 mln kbm-i istifadə olunmuşdur. Bu suyun isə 1 milyard 771 mln kbm-i Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatı məqsədilə istifadə olunmuşdur.
Əgər Prezidentimiz İlham Əliyevin köməkliyi ilə Taxtakörpü su anbarı vaxtında tikilib istifadəyə verilməsəydi, son illər ərzində şimal bölgəsinin çaylarında baş verən quraqlığın təsirindən Bakı, Sumqayıt şəhərlərinin, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələrinin su təminatında yaranan təhlükəli vəziyyəti və baş verə biləcək sosial gərginliyi təsəvvür etmək mümkün deyildir.
Yalnız 2019-cu ilin 9 ayı ərzində Samur və digər çaylardan 488,6 milyon kubmetr həcmində su götürülməsinə baxmayaraq, yenidən qurulmuş sistem vasitəsilə şimal bölgəsi rayonlarına 359,5 milyon kubmetr miqdarında suvarma suyu verilmiş və Ceyranbatan su anbarına 231,8 milyon kubmetr həcmində su ötürülmüşdür. Hazırda Taxtakörpü-Ceyranbatan magistral kanalı vasitəsilə Ceyranbatan su anbarına saniyədə 10,5 kubmetr həcmində su çatdırılır. “Azərsu” ASC isə Sumqayıt şəhərinin əhalisinin su təchizatının təmin edilməsi üçün Ceyranbatan su anbarından saniyədə 14 kubmetr miqdarında su götürür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin köməkliyi sayəsində Samur-Abşeron suvarma sistemində, eyni zamanda Taxtakörpü su anbarının qurğularında təmir işləri aparılır, anbarın ətrafının abadlaşdırılmasına diqqət artırılmışdır. Anbarın ekoloji təmizliyi üçün onun ətrafında 100 mindən artıq müxtəlif bəzək kolları və ağaclar əkilmişdir.
Bütün insanlardan həyat mənbəyi, yaşayışımızın təminatçısı olan çayların, su anbarlarının və suvarma kanallarının ekoloji təmizliyinin qorunmasını, onların təbii landşafının pozulmasının qarşısının alınmasını, şirin su mənbələrinin qorunmasını tələb etməliyik. Bu barədə həyəcan təbilinin çalınmasının vaxtıdır. Nəzərə alaq ki, dünyada milyonlarla insanlar şirin-içməli su üzünə həsrətdir. Dünyada şirin su ehtiyatları insanlarin həyat və yaşam qarantiyasıdır!
Ulu öndərimiz Heydər Əliyevin ideyaları əsasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və köməkliyi ilə inşa edilmiş Samur-Abşeron suvarma sistemi və Taxtakörpü su anbarı, onlar tərəfindən Azərbaycan xalqına bəxş olunan ən qiymətli sosial layihələrdən biridir. Biz melioratorların ən ümdə vəzifəsi bu əhəmiyyətli obyektin normal istismar edilməsini, əhalinin ehtiyaclarını ödəmək üçün bu əbədi həyat mənbəyinin qorunmasını və davamlı fəaliyyətini təmin etməkdir. Kollektivimiz bu şərəfli vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün öz bilik və bacarığını əsirgəməyəcəkdir.

Zakir RÜSTƏMOV,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin
Samur-Abşeron Kanalı
İstismarı İdarəsinin rəisi.

Read 106 times