XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2019 11:45

Dövlət qayğısı kənd təsərrüfatının inkişafına güclü təkan verir

Ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır”.
Bu gün mübaliğəsiz demək olar ki, ölkəmizin iqtisadi imkanlarının artması qlobal layihələrin uğurlu həllinə yol açıb. Respublikamızda əldə edilmiş bütün nailiyyətlərin təməlində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə göstərdiyi xidmətlər dayanır. Bu gün isə biz bunun gözəl nəticələrini görürük. Azərbaycan artıq dünyada davamlı inkişafa nail olan dövlətdir.
Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək və ərzaq təhlükəsizliyinə nail olmaq ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli liderimiz Sovet dönəmində olduğu kimi, ikinci dəfə hakimiyyətə gəlişi zamanı da aqrar sahənin inkişafına xüsusi diqqət yetirirdi. Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar islahatların onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin kənd təsərrüfatının inkişafında həlledici rol oynayır. Respublikada aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur.
Ölkəmizdə kəndli əməyi bütün dövrlərdə şərəfli hesab edilməklə yanaşı, həm də ən yüksək diqqət və hörmətə layiq görülmüşdür. Bu gün aqrar sektor ölkənin ərzaq təminatı sahəsində çox mühüm strateji vəzifəni yerinə yetirir. Odur ki, kənd təsərrüfatı iqtisadiyyatımızın mühüm tərkib hissəsidir.
Dövlət başçısının “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirləri haqqında” 16 aprel 2014-cü il, “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli, “Kənd təsərrüfatı məhsulları islahatlarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 25 avqust 2008-ci il tarixli sərəncamları aqrar bölmənin inkişafında mühüm rol oynayır. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Ona görə də əhalinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi hər bir ölkə üçün olduqca zəruri və vacib bir məsələdir. Bu məsələyə həmişə xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyev respublikamızda əhalinin etibarlı ərzaq təminatı məsələsini daima diqqət mərkəzində saxlamış, onun ölkəmizə rəhbərliyi dövründə bu problem həmişə dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatının respublikamızın daxili imkanları hesabına ödənilməsini təmin etmək məqsədilə ulu öndərimizin göstərişi ilə respublikamızda bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Onun təşəbbüsü ilə ötən əsrin doxsanıncı illərində MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatları aparılmış, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində olduqca əhəmiyyətli addımlar atılmışdır. 2001-ci ildə məhz ümummilli liderimizin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilmiş və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində respublikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Təməli ulu öndərimiz tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həmişə uğurla davam etdirilmişdir. Respublikamızın müstəqil bir dövlət kimi davamlı və intensiv inkişafının göstəricisinin əsas amillərindən biri olan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində cənab İlham Əliyevin rəhbərliyi ilə son dərəcə mühüm işlər görülmüşdür.
Mübaliğəsiz demək olar ki, möhkəm təməl üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir. Odur ki, məhsul istehsalı ildən-ilə artır. Müəssisəmizdə də müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilərək paytaxt sakinlərinə çatdırılır. Həmçinin kənd təsərrüfatının satış yarmarkalarında mütəmadi olaraq məhsullarımızla şəhər əhalisini təmin edirik. Müəssisəmiz ailə podratı üsulu ilə kollektiv təsərrüfatdır. Burada 50-dən artıq işçi çalışır. İl ərzində 1200 ton tərəvəz məhsulları istehsal edirik. Əsasən səbzi, kök, çuğundur, badımcan və s. Müəssisəmizin 1400 hektar torpaq sahəsi vardır. Bir neçə il bundan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovaya torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət etdik. Müraciətimiz operativ olaraq həll olundu. Bu gün Bakıətrafı qəsəbələr sanki yeni inkişaf dövrünü yaşayır. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində torpaq əsl sahibinə verilib. İndi bircə qalıb onu əkib becərmək. Biz də bütün var qüvvəmizlə buna çalışırıq.
Abşeron rayonu da respublikamızın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Hazırda respublikamızın bütün bölgələrində canlanma, həyat səviyyəsinin ildən-ilə yüksəlişi müşahidə olunur. Abadlıq-quruculuq işləri gündən-günə daha geniş vüsət alır. Bütün məsələlər rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın diqqət mərkəzindədir. Əvvəlki rəhbərliyin dövründən başlayaraq bu gün rayonun elə bir guşəsi yoxdur ki, orada canlanma olmasın.
Biz ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Çünki bu siyasətə alternativ yoxdur. Bu gün tam əminliklə söyləmək mümkündür ki, müstəqil Azərbaycanı daha xoşbəxt gələcək gözləyir. Biz də müstəqil Azərbaycanımızın çiçəklənməsi, qüdrətlənməsi naminə var qüvvəmizlə çalışacağıq.

İsa MƏRDANOV,
Maştağa Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin direktoru.

Read 84 times