XƏBƏR LENTİ

Bazar, 19 Avqust 2018 06:32

ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərin miqdarını açıqlayıb

Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə 1 avqust 2018-ci il tarixinə olan gəlirlərin miqdarını açıqlayıb.

Hesabatdan məlum olur ki, bu ilin 7 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yatağında hasilatdan 5 621 mln. ABŞ dolları məbləğində gəlir əldə edilmişdir.

Məlumat üçün deyək ki, 2001-ci ildən istismarda olan yataqdan ümumilikdə gələn gəlirin miqdarı 134 107 mln. ABŞ dolları təşkil etmişdir.

Eyni zamanda, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 94 mln. ABŞ dolları həcmində olmuşdur.

Ümumilikdə isə, 2007-ci ildən etibarən bu yataqdan çıxarılan qazın satışından 2 506 mln. ABŞ dolları miqdarında mənfəət götürülmüşdür.

Məlumat üçün bildirək ki, Bakıdan təxminən 120 km şərqdə yerləşən “Azəri-Çıraq-Günəşli” yatağı 1997-ci ilin noyabr ayından istismardadır. AÇG layihəsi çərçivəsində - 1 platforma (Çıraq-1) modernləşdirilib və 6 yeni platforma, o cümlədən dünyanın ən böyük neft və qaz terminallarından biri tikilib, Xəzərin dibində çox mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi yaradılıb.

2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır.

Bu il iyun ayının sonunadək AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

“Şahdəniz” yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Kollektorda 1 trilyon kubmetr qaz ehtiyatına malik olan bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biri sayılır. Onun istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.

2006-cı ilin dekabr ayında istismara başlayan “Şahdəniz” yatağından əldə olunan qazın 4000 km məsafə boyunca nəql edilərək Avropa məkanına çatdırılması üçün nəzərdə tutulan infrastruktur layihəsinin icrası hazırda sonuncu mərhələdədir.

Yatağın işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. Növbəti ildə isə qaz hasilatının 2 mlrd. kubmetrdən çox olacağı nəzərdə tutulub.

Səfər MAHMUDZADƏ,

“Respublika”.

Read 6391 times