XƏBƏR LENTİ

Cümə, 12 May 2017 19:16

Üzümçülük və şərabçılığın inkişafına böyük dəstək

Bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən aqrar sənayenin inkişafında nəzərəçarpacaq qədər irəliləyişlər vardır. Azərbaycanın şərab və konyakları beynəlxalq sərgi və dequstasiyalarda yüksək qiymətləndirilir. Azərbaycan şərablarının Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə gümüş medala layiq görülməsi bunun nəticəsidir.

Azərbaycan Şərab İstehsalçılar və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafında 25-dən çox müəssisəni birləşdirib. Bu sahədə çalışan mütəxəssisləri işə cəlb edib. Şərabçılıq sahəsində mövcud potensialı tam reallaşdırmaq üçün genişmiqyaslı işlər görülür. Təhlillər göstərir ki, Azərbaycanın bir çox məhsullarının ixracının artırılması üçün geniş imkanlar mövcuddur. Bunun üçün hərtərəfli iş aparılmalıdır. İxracyönümlü müəssisələrin yaradılması, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və nümayəndəliklərinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır və təqdirəlayiq haldır ki, ölkəmizdə bu sahədə tədbirlər davam edir.

Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Bu da öz növbəsində aqrar sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum olmaqla yanaşı, işsizliyin səviyyəsi də artmışdır. Məhz ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Mən uzun müddət bu sahədə çalışmış məsul əməkdaş kimi deyə bilərəm ki, üzümçülük və şərabçılığın inkişafı üçün dövlət səviyyəsində qayğı və təminat var. “Made in Azerbaijan” brendinin təşviqi sahələrindən ən aktualı şərabçılıq sahəsidir. Çox istərdim ki, bugünkü abituriyentlər gələcək tələbə kimi ixtisas seçərkən iqtisadiyyatın qeyri-neft sektorunu əhatə edən sahələri diqqətdə saxlasınlar.

Mən 1959-cu ildə Azərbaycan SSR ali və orta ixtisas təhsili komitəsinin Bakı Yeyinti Sənayesi Texnikumunda Şərabçılığın Texnologiyası ixtisası üzrə təhsilimi başa vuraraq birbaşa təyinatla Şamaxı rayonunda M.Ə.Sabir adına sovxozun Şərab zavodunda iş fəaliyyətimə başladım. Bu sahəyə olan maraq məni təhsilimi daha da təkmilləşdirməyə sövq etdi. 1964-cü ildən 1973-cü ilə kimi mən Moskva şəhərində Yeyinti Sənayesi üzrə Ümumittifaq Qiyabi İnstitutunda şərabçılığın texnologiyası ixtisası üzrə təhsil alaraq mühəndis-texnoloq kimi peşəkar fəaliyyətimə başladım. O dövrdə azərbaycanlı qızın SSRİ-nin paytaxtına gələrək şərabçılığın texnologiyası ixtisası üzrə təhsil alması institutda böyük təəccübə səbəb olmuşdur. Müxtəlif illərdə Bakı şəhəri 3 və 2 nömrəli Şərab zavodunda Baş mühəndis vəzifəsində çalışmışam. 2012-ci ildən etibarən yaşla əlaqədar təqaüdə çıxmışam.

İşlədiyim illərdə qabaqcıl fəaliyyətim və səmərələşdirici təkliflərimə görə 1985-ci ildə “Əmək Veteranı” medalı ilə təltif olunmuşam. Təqaüdə çıxmağıma baxmayaraq, günü bu gün də öz bilik və təcrübəmi yeni, gənc nəsillə bölüşmək istəyirəm. Şərabçılıq sahəsində ölkəmizdə həyata keçirilən islahatlar məni çox sevindirir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük dəstək olub. Bu sahədə əhəmiyyətli işlər görülüb.

Qürurverici haldır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan şərabçılığının da şöhrəti bərpa edilir. Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatlarının respublika müşavirəsində çıxışı zamanı qeyd etdiyi kimi, üzümçülük üçün bizim gözəl təbii şəraitimiz var. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir.

Əminəm ki, çox yaxın gələcəkdə “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxan yerli şərab məhsullarımız rəqabətə davamlı olacaq və şöhrətimizi bərqərar edəcək.

Solmaz MƏMMƏDOVA,

Mühəndis-texnoloq.

Read 53 times