XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:41

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 dekabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı olmaqla, 1 səhmdar cəmiyyəti, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, eləcə də 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Hərracda satılmış kiçik dövlət müəssisəsi Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 129 kvadratmetr sahəsi olan 130 saylı mağazadır. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 11-i Bakıda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir. Paytaxtın Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən obyektlərin sahəsi əsasən 20 kvadratmetrdən 100 kvadratmetrədəkdir. Ən böyük sahəyə malik obyekt isə Yevlaxda yerləşən və 185,5 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektidir.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, adıçəkilən əmlak 70 min manata özəlləşdirilib. Yevlaxda yerləşən qeyri-yaşayış sahəsi isə 46 min 500 manata satılıb. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.

“Cəlilabad Taxıl” Açıq Səhmdar Cəmiyyətinin satışı üzrə də hərrac rəqabətli olub. Bu isə onun göstəricisidir ki, regionlarda yerləşən səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinə maraq böyükdür. Belə iri müəssisələrin özəlləşdirilməsi regionlarda kənd təsərrüfatı sahəsinin inkişafına da böyük dəstəkdi.

Qeyd edək ki, Komitə 14 sentyabr tarixindən etibarən açıq hərraclar keçirir və indiyədək 12 belə hərrac keçirilib. Hərraclara müxtəlif çeşiddə 700-ə yaxın dövlət əmlakı çıxarılıb. Bununla yanaşı, məlum olduğu kimi, ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti tərəfindən yeni dövlət müəssisələrinin özəlləşməyə açılması ilə bağlı Sərəncam da verilib. Ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb.

Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Nəriman CAVADOV,

“Respublika”.

 

 

 

Read 124 times