XƏBƏR LENTİ

Cümə axşamı, 29 Dekabr 2016 10:14

SOCAR-AQŞ Ümid yatağında quyu tikintisini uğurla başa çatdırdı

SOCAR-AQŞ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən aldığımız məlumata görə, müəssisə Ümid yatağının 1 saylı stansionar dəniz özülündən faktiki dərinliyi 6352 metr olan 14 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Xatırladaq ki, 7-ci Horizonta qazılan 14 saylı quyunun inhirafı 1000 metr təşkil edir. Müəssisənin Dərin Quyular üzrə Əməliyyat meneceri Eldar Yaradanquliyev 1 saylı özüldə müəssisənin apardığı qazma işlərinə münasibət bildirərək qeyd etdi ki, dünyanın ən mürəkkəb və yüksək təzyiqli yataqlarından biri hesab olunan Ümid-də sifarişçi tərəfindən təyin olunan texnoloji parametrlər SOCAR-AQŞ tərəfindən dəqiq yerinə yetirilib. 14 saylı quyu keyfiyyətlə və təhlükəsiz tikilərək sifarişçiyə təhvil verilib. E.Yaradanquliyev deyir: “Peşəkar qazma briqadamız qarşıya qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirərək bu sınaqdan uğurla çıxdı. 7-ci horizonta qazılan quyuya istismar kəməri endirilmiş, sementlənmiş və uğurla kipliyə yoxlanılmışdır. Ümid kimi yüksək təzyiqli yataqda quyu tikintisini uğurla yerinə yetirmək təcrübəsi müəssisəmizin beynəlxalq qazma layihələrində iştirak potensialını xeyli artırır. Əminəm ki, bundan sonra da potensialımızı və təcrübəmizi yeni texnologiyalarla birləşdirərək bu uğurun davamlı olmasını təmin edə biləcəyik”.

Baş direktorun müavini, baş geoloq İftixar Qasımov 14 saylı quyuda aparılan geofiziki ölçü işlərinə münasibət bildirərək qeyd etdi ki, müəssisə sifarişçi tərəfindən sirafiş edilən geofiziki ölçü işlərini tam yerinə yetirməklə yanaşı müasir Ultrasonic (İBC) cihazından da uğurla istifadə edib. İ.Qasımov deyir: “Bu cihaz vasitəsilə istismar kəmərinin arxasında müxtəlif intervallarda sementin zonal izolyasiyasını dəqiq müəyyən edə bilirik. Yeni nəsil geofiziki ölçü cihazlarının uğurlu tətbiqi quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına təsir edən əsas amillərdən biridir”.

İnanırıq ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vemədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

Xatırladaq ki, sifarişçi SOCAR-Ümid MMC-dir.

M.MİRZƏ,

“Respublika”.

 

 

 

Read 71 times