XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:28

SOCAR və BP Azəri-Çıraq-Günəşli yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar

Dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

SOCAR-ın mətbuat xidmətindən və BP-nin Bakı ofisindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barrel neft ekvivalenti səviyyəsindədir. ABƏŞ-in səhmdarları BP, “Chevron”, “INPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” şirkətləridir.

Niyyət məktubu Azərbaycan Respublikası adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb. Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır, tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Biz xeyli müddətdir ki, AÇG-nin xarici tərəfdaşları ilə danışıqlar aparırıq. Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. AÇG dünyada “Əsrin müqaviləsi” kimi tanınır. Bu yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur. AÇG-nin işlənməsi ölkəmizin inkişafı üçün tamamilə yeni bir dövrün başlanmasına səbəb olub. AÇG-nin xarici tərəfdaşları ilə bu gün imzaladığımız niyyət məktubu onu göstərir ki, biz bundan sonra da hələ uzun illər AÇG-nin uğurlarının şahidi olacağıq”.

BP-nin baş icraçı direktoru Robert Dadli deyib: “Bu gün Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar bir gündür. Bununla da bu çox uğurlu tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində AÇG-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır”.

BP-nin regional prezidenti Qordon Birrell deyib ki, AÇG yatağının operatoru olaraq, biz bu dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnunuq. Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir. İnanırıq ki, bundan sonra da bu ölkənin potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.

Qeyd edək ki, AÇG Bakıdan şərqdə, təxminən 100 kilometr məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratkilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 metr arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard barreldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

Yataqda altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminalı ilə birləşdirilib. AÇG yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.

BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.

AZƏRTAC

 

 

 

Read 48 times