XƏBƏR LENTİ

Çərşənbə, 21 Dekabr 2016 10:47

Aqrar sahənin texniki təminatı və texnikaların saxlanması qaydaları

İndiki zamanda ölkənin aqrar sahəsini müasir, innovativ texnologiyalar və texnikasız təsəvvür etmək qeyri-mümkündür. Kənd təsərrüfatında torpağın yeni əkin texnologiyası ilə əkilməsi, səpinə hazırlanması, səpinin aparılması, bitkinin müasir becərmə texnologiyası ilə becərilməsi, xəstəlik və ziyanvericilərə qarşı vaxtında, düzgün mübarizə, hazır məhsulun itkisiz yığımı və tədarükü üçün yeni kənd təsərrüfatı maşınlarından istifadə olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir.

Respublikamız müstəqillik əldə etdikdən sonra ölkəyə mərkəzləşdirilmiş qaydada kənd təsərrüfatı texnikasının gətirilməsi dayandı. Kolxoz və sovxozlar ləğv edilərək, onların maşın-traktor parkında olan texnikaları kənd zəhmətkeşləri arasında əmlak payı kimi bölüşdürüldü. Torpaqlar öz sahiblərinə qaytarıldı, özəlləşdirildi.
Torpaq mülkiyyətçilərinin təsərrüfatlarında rentabellik səviyyəsi aşağı olduğundan onların yeni texnika əldə etmək imkanları da çox aşağı idi. Yaranmış vəziyyəti nəzərə alaraq ulu öndərin layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev ölkənin qeyri-neft sektoru olan aqrar sahəyə xüsusi diqqət göstərərək, burada islahatların ikinci mərhələsinə keçirilməsini, həmin sahənin respublikanın bütün regionları üzrə texnika ilə daha geniş şəkildə təmin etmək məqsədilə “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 saylı sərəncam imzaladı.
Ölkəmizin aqrar parkı, demək olar ki, yeni görkəm aldı. 2009-cu il iyul ayının 21-dən isə “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi. Bütövlüklə, 2005-2015-ci illərdə dövlətimizin dəstəyi ilə cəmiyyət tərəfindən 22943 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmişdir ki, bunlardan 1869 taxılyığan kombayn, 6842 traktor, 14102 digər texnikalar olmuşdur. Son üç ildə isə Nazirliyin gərgin fəaliyyəti və möhtərəm Prezidentimizin qayğısı ilə aqrar sahəyə olan diqqət daha da artdı.
Ölkə başçısının 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı, 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı, mart 2015-ci il tarixli “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və eləcə də Nazirlər Kabinetinin son illər verdiyi bir sıra qərar və sərəncamlar kənd təsərrüfatında məhsul istehsalçılarının xeyli dərəcədə marağına səbəb olmuşdur.
“Aqrolizinq” ASC tərəfindən verilən texnikalar artıq yeni şərtlərlə lizinqə verilir. Belə ki, texnika 40 faiz güzəştlə satılır. Qiymətin 20%-i əvvəlcədən ödənilir, qalan hissəsi isə bir ildən sonra 9 il müddətinə hissə-hissə ödənilir və sonda texnika onun sahibində qalır.
Odur ki, son vaxtlar lizinqə verilən texnikalar əvvəlki illərlə müqayisədə 37% artmışdır. Edilən güzəştlər məhsulun maya dəyərinin xeyli azalmasına, istehsalçıların gəlirlərinin artmasına səbəb olmuşdur.
2015-ci ildən etibarən “Aqrolizinq” ASC tərəfindən yeni alınan lizinqə verilən və lizinq yolu ilə satılmış texnikalara güzəştlərin tətbiq edilməsi qaydasına uyğun olaraq, 6225 lizinq alan fiziki və hüquqi şəxslərə 13746 ədəd texnikaya görə 735 milyon manat güzəşt tətbiq edilmişdir.
Ölkəmizdə son illər dövlət başçısı tərəfindən imzalanmış bir sıra sərəncamlar və həyata keçirilən tədbirlər aqrar sektorun dinamik inkişafına ciddi təsir göstərmişdir. Kənd təsərrüfatında idarəetmənin səmərəliliyinin və şəffaflığının artırılması isə elektron kənd təsərrüfatının yaradılması hesabına əsaslı dərəcədə yaxşılaşdırılmışdır.
Ölkədə pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, fındıqçılığın və s. inkişafı ilə əlaqədar olaraq, möhtərəm Prezident 2016-cı ildə dövlət ehtiyat fondundan texnika almaq məqsədi ilə “Aqrolizinq” ASC-yə lazımi qədər vəsait ayrılması haqda sərəncam imzalamışdır.
Bir sözlə, bu sahədə görülən işlərin miqyası ilbəil artır. Belə ki, son üç ildə “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirilən texnikalar cəmiyyətin yarandığı gündən bu günə qədər gətirilən texnikaların ümumilikdə 32 faizini, o cümlədən pambıqyığan kombaynların və pambıq kultivatorlarının 100 %-ni , çiyid səpənlərin 83, traktorların 32%-ni və s. təşkil edir. Texnikaların 80%-i Avropa şirkətlərinindir.
Kənd Təsərrüfatı Nazirliyinin 01 yanvar 2016-cı il tarixli məlumatında ölkənin aqrar sektorunda 35002 ədəd traktor, 4259 ədəd taxılyığan kombayn və digər növ texnikalar göstərilmişdir ki, onların da 35-40%-nin isə yararsız olduğu qeyd olunmuşdur.
Odur ki, Nazirlər Kabinetində nazir Heydər Əsədovun 2016-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının I ilinin yekununa həsr olunmuş konfransda verdiyi təkliflərdən biri tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın verilməsi olmuşdur.
Ümumiyyətlə, nəzərə almalıyıq ki, 25 yaşı yeni tamam olmuş müstəqil dövlətimiz tərəfindən aqrar sahənin inkişafına, onun texniki təminatına külli miqdarda, yüz milyonlarla vəsait sərf edilib, odur ki, həmin texnikaların hər birini qorumalı, onlara yüksək səviyyədə texniki qulluq göstərməli, düzgün istismar etməli və istismar müddətlərini uzatmaq məqsədilə iş mövsümü bitdikdən sonra onları lazımi qaydada növbəti mövsüm üçün saxlamalıyıq.
Ümumiyyətlə, kənd təsərrüfatı maşınlarının əksəriyyəti ilin 0,5- 4 ayını və yaxud illik iş normasının 4-30%-ni işləyir, qalan müddətdə isə növbəti mövsümə qədər boş dayanırlar. Bizim şəraitdə də kənd təsərrüfatı texnikalarının 80-90%-i açıq şəraitdə saxlanır ki, bu da onların bir çox hallarda atmosfer təsirindən korroziyaya uğramasına səbəb olur.
Kənd təsərrüfatı texnikasını üç üsulla saxlamaq olar: qapalı, açıq və qarışıq. Qapalı üsul ilə saxlanma (qarajlarda və anbarlarda) maşınların atmosfer təsirindən qorunmasında ən yaxşı üsuldur, lakin bunun üçün binanın tikilməsinə və saxlanmasına böyük xərc tələb olunduğundan bu üsuldan yalnız mürəkkəb maşınların saxlanmasında istifadə olunmalıdı.
Qarışıq üsulla saxlanma açıq və qapalı üsulun eyni vaxtda birləşdirilməsi deməkdir. Bu üsul ilə maşınlar ya çardax altında və yaxud da bərk örtüklü xüsusi açıq meydançada saxlanılmalıdır. Ancaq bu vaxt maşınlardan atmosfer təsirindən tez xarab olan qovşaqlar və hissələr mütləq açılıb anbara təhvil verilməlidir.
Açıq meydança yaşayış binalarından 50 metr, yanacaq doldurma məntəqəsindən isə ən azı 150 metr məsafədə yerləşməklə bərk örtüklü, düz səthli (maillik yağış sularının axması üçün 2-30 olmalıdır) olub, ərazisi çəpərlənməli və yaxud hasarlanmalıdır.
Maşınlar meydançada bir və ya iki cərgəli düzülə bilər. Bu zaman maşınlar arası məsafə 0,7 m-dən, cərgələrarası məsafə isə 6 m-dən az olmamalıdır.
Mexanizatorlar kənd təsərrüfatı texnikalarını növbəti mövsüm üçün saxlayarkən aşağıdakı qaydalara əməl etməlidirlər.
Maşını saxlanmağa qoymazdan qabaq texniki vəziyyətini yoxlamalı, profilaktiki baxış üçün növlərinə və markalarına görə saxlanmağa qoyulan maşınlar arasındakı məsafə 0,7 m-dən, cərgələrarası məsafə isə 6 m-dən az olmamalıdır, hər bir maşına saxlanmadan qabaq növbəti texniki qulluq etmək lazımdır. Onun bütün hissələri, qovşaqları diqqətlə tozdan, çirkdən, zəhərləyici maddə, mineral gübrə və bitki qalıqlarından təmizlənməlidir. Rəngi zədələnmiş ağac və metal hissələri bərpa etmək üçün lak boyalardan və qoruyucu yağlardan istifadə etmək lazımdır. Anbarda saxlanması tələb olunan aqreqat, qovşaq və hissələr texniki sənədlərə əsasən maşından çıxarılıb təhvil verilməlidir.
Maşının iş orqanları (kotanın sacı, diskli bıçaqlar, saşnikin diskləri), sürtünən qovşaqları, maşının hərəkət ötürücü hissələri, ötürmə mexanizmləri, hidravlik silindrin piston qolu, şlisli birləşmələr, kardan valı, yastıqlar, zəncir ötürmələrin ulduzcuqları, hissə və qovşaqların yivli səthləri və s. konservasiya olunmalıdır. Konservasiya standart tələblərə uyğun aparılmalıdır. Maşınlar saxlanma vaxtı xüsusi dayaq üzərində üfüqi vəziyyətdə qoyulmalıdır. Xüsusi qurğu olmadıqda asma maşın və alətləri çarpaz dayaq üzərinə qoymaq lazımdır. Şinlərlə meydançanın səthi arasındakı məsafə 8-10 sm olmalıdır. Maşınların kapotları və kabinalarının qapıları bağlanıb blomblanmalı, alət və tərtibatlar anbara təhvil verilməlidir. Maşınların saxlanmaya dayandırılması və saxlanmadan sonra işə buraxılması haqqında qəbul-təhvil aktı tərtib edilməli, akta maşınların inventar nömrəsi, texniki vəziyyəti və komplektləşməsi qeyd edilməlidir.
Traktorlar, özüyeriyən şassilər və avtomobillərin bir sıra düyün və aqreqatları eyni tipli olduğundan onları bir qrupa birləşdirmək mümkündür.
Hər bir maşının işi qurtardıqdan sonra onların üzərindəki çirk, məhsul qalıqları və s. diqqətlə təmizlənməli və yuyulmalıdır. Bundan sonra maşın texniki diaqnostika postuna gətirilməli, texniki vəziyyəti və saxlanmanın növü müəyyən olunmalıdır. Hansı maşının təmirə ehtiyacı varsa, onu qısamüddətli saxlanmaya, hansının təmirə ehtiyacı yoxdursa, onu uzunmüddətli saxlanmaya qoymaq lazımdır. Əgər qısamüddətli saxlanma dövründə havanın temperaturu +5 aşağı düşərsə, onda rezin şinlər mütləq dayaq üzərinə qoyulmalıdır. Bu zaman təkərlə torpaq arasındakı məsafə 8-10 sm olmalıdır.
Taxılyığan kombaynları saxlanmaya qoymazdan əvvəl onun döyən aparatını 5-10 dəqiqə orta dövrlər sayında boş fırlatmaq lazımdır ki, içərisində qalan məhsul və bitki qalıqları təmizlənsin. Sonra kombaynın tozu, çirki təmizlənməli və ona mövsümi texniki qulluq edilməlidir. Bu zaman kobud yağ təmizləyən süzgəc sökülür, yuyulur və lazımi hissələri əvəz olunur. Sentrifuqa sökülür, hissələri dizel yanacağında yuyularaq yığılır. Bütün yastıqlar yağlanır. Texniki xidmət qurtardıqdan sonra mühərrikin daxili hissələrinin konservasiyası aparılmalı, kombayn dayanacaq yerinə gətirilməli və 10-15 dəqiqə işlədilməlidir.
Variatorun qayışı çətin çıxarıldığı üçün onu kombayn üzərində saxlamaq olar, bu şərtlə ki, atmosfer təsirindən qorumaq üçün üzərinə polietilen örtük çəkilsin. Qalan qayışlar kombayndan çıxarılmalı, diqqətlə nəzərdən keçirilməli, işə yararsızları təzəsi ilə əvəz olunmalı, yuyulmalı, qurudulmalı və ayrıca bağlanıb üstündəki birkaya kombaynın təsərrüfat nömrəsi yazılmaqla saxlanma üçün anbara təhvil verilməlidir.
Otbiçən maşını uzun müddət saxlanmaya qoymaq üçün onu təmizləmək və traktorla birlikdə yumaq lazımdır. Bundan sonra kəsici aparat maşından çıxarılmalıdır. Bıçaqlar iki yan barmaq borusundan çıxarılmalı, bitki qalıqlarından təmizlənməli, qoruyucu yağla yağlanıb, taxta örtüyə geydirilərək anbara təhvil verilməlidir. Bundan sonra biçən maşın təlimata uyğun olaraq yağlanmalıdır.
Ayrı-ayrı maşın növlərinin traktorda asılmış vəziyyətdə saxlanmasına icazə verilir. Bu zaman kəsici aparat traktorun hidravlik mexanizmi vasitəsi ilə qaldırılır. Biçicinin şaquli aparatı iki ədəd nəqliyyat dartıcısı vasitəsi ilə bərkidilir, yanlar isə şaquli vəziyyətə keçirilir və hər birinə özünün nəqliyyat çubuğu bərkidilir. Hidravlik silindrlərin ştoklarının çıxıntı hissəsi qoruyucu yağla örtülür. Saxlanma dövrü maşınlar nəzərdən keçirilərkən onların altlıq üzərindəki vəziyyətinə, təkərin şinində olan havanın təzyiqinə və s. xüsusi diqqət yetirilməlidir.
İşə başlamazdan qabaq maşının tozu silinməli, çıxarılmış qovşaq və hissələr yerinə bərkidilməli, alət və ehtiyat hissələri yerinə qoyulmalıdır. Pnevmatik şinin təzyiqi normal vəziyyətə çatdırılmalıdır. Sonra maşının iş orqanları nizamlanır və traktorun köməyi ilə maşın kiçik dövrlər sayında 1-2 dəqiqə işlədilir.
Tarla işləri qurtardıqdan sonra torpaqbecərən, səpən və basdıran maşınlara texniki qulluq edilib və bəzən təmir işləri görülərək saxlanmaya qoyulmalıdır. Bununla əlaqədar olaraq, maşınlar təmizlənməli, yuyulmalı, tam yağlanmalı və rənginin zədələnmiş yerləri yenidən bərpa olunmalıdır. Gübrəsəpən maşınlar gübrə qalıqlarından, kultivatorlar isə bitki qalıqlarından təmizlənməli və onlar üçün təyin olunmuş yerdə saxlanmaya qoyulmalıdır.
Qoşqu maşınlarının aparan təkərlərinin altına xüsusi dayaqlar qoymaq lazımdır. Kotanların iş orqanları nəqliyyat vəziyyətinə qaldırılır, kultivatorlarınkı isə altlığın üstünə iş vəziyyətinə endirilir. Diskli malalar və diskli üzləyənlər nəqliyyat təkərlərinin üstünə qaldırılmalı və yaxud çarpaz dayaq üzərinə qoyulmalıdır. Texniki qulluq və təmir işlərindən sonra səpən və basdıran maşınların toxum və gübrə yeşikləri, səpici aparatları, dən ötürücüləri və s. hissələri gübrə və dən qalıqlarından təmizlənməli, yuyulmalı, yığılmalı və rənginin zədələnmiş yerləri yenidən bərpa olunmalıdır. Bundan sonra maşın onun üçün ayrılmış yerdə dayaq üzərində saxlanmaya qoyulmalıdır.
Metaldan hazırlanmış dən və gübrəötürücülər maşının üzərindən çıxarılmalı, təmizlənməli, yuyulmalı və qurudulduqdan sonra qoruyucu yağla örtülməlidir. Dən və gübrəötürücülər taxtadan hazırlanmış rəflər üzərində şaquli vəziyyətdə saxlanmalı, maşında olan bütün yaylar boşaldılmalı, yeşik və bankalarının ağzı kip bağlanmalıdır.
Zəhərləyici dərmansəpən maşınların saxlanmaya hazırlanmasının bir neçə fərqlənən xüsusiyyətləri vardır. Həmin növ maşınlar həmişə zəhərləyici maddələrlə əlaqədar olduğundan onun hissələri daha sürətlə korroziyaya uğrayır, iş orqanlarının metal hissələrinin səthi paslanır, rezin və taxta hissələri tezliklə sıradan çıxır. Buna görə belə maşınlar iş qurtardıqdan sonra tezliklə saxlanmaya hazırlanmalıdır.
Maşını saxlanmaya qoymazdan əvvəl onun çirki, məhsul qalıqları (zəhərləyici maddələr, mineral və kimyəvi gübrə) diqqətlə təmizləndikdən sonra üç və ya dörd dəfə yuyulmalıdır. Yuma zamanı, əsasən, çənlərin boru ötürücülərinin və püskürdücü forsunkanın təmiz yuyulmasına xüsusi fikir vermək lazımdır. Yumadan sonra maşının səthi sıxılmış hava ilə qurudulur. Maşınları traktordan açıb xüsusi altlıq üzərinə qoymalı, sonra onların üzərindən asan çıxan düyünləri, qovşaqları, hissələri (şlanqları, hərəkətötürücü qayışları, zəncirləri və s.) çıxarmalı, təmizləməli və saxlanmaq üçün anbara təhvil verilməlidir. Anbarda saxlanan hər bir hissənin üzərinə maşının təsərrüfat nömrəsi yazılmış birka bağlanmalıdır.
Çənin daxili səthini konservasiya etmək üçün PB-5 inqibitorundan istifadə olunur. İnqibitor püsgürmə üsulu ilə 1 m2-ə 15-20 qram hesabı ilə vurulur.
Heyvandarlıq fermalarında istifadə olunan maşın və avadanlıqlar stasionar işlədiyi üçün onlar sökülmədən öz yerlərində saxlanmalıdır. Saxlanmaya hazırlayarkən onların üzərində texniki qulluq aparmaq lazımdır.
Su kəmərinin daxili hissəsi 2,5 atm. təzyiqində su ilə yuyulmalıdır. Borunun xarici səthi pasdan təmizlənməli, bitum lakı və yaxud rənglə örtülməlidir.
Sağım aqreqatını saxlanmaya qoymaqdan qabaq onu qismən sökmək, çirkini təmizləmək və yığmaq lazımdır. Sağım qurğusunun vakuum-keçiricisi 4%-li soda məhlulu, isti və ya soyuq su ilə çirki təmizlənənə qədər yuyulur. Bundan sonra vakuum-keçiricisi sıxılmış hava ilə qurudulur, kipliyinə görə yoxlanılır, pası təmizlənir, bitum lakı ilə örtülür və yaxud rənglənir. Südün ilk emalında istifadə olunan avadanlıqlar qismən sökülməli, 4 %-li soda məhlulunda və ya isti su ilə yuyulmalıdır.
Rezin hissələr (rezin əmziklər, süd şlanqları və s.) soda məhlulu ilə yuyulmalı, qurudulmalı və anbara təhvil verilməlidir.
Yem hazırlayan maşınlardan yem qalıqları təmizlənməli, yağlanmalı, 2-3 dəqiqə normal dövrlər sayında işlədilməlidir. Maşının rənglənmiş hissələrində zədə varsa, o yenidən rənglənməli, rənglənməyən hissələr isə qoruyucu yağla yağlanmalıdır.
Peyin daşıyan arabaların tozu, çirki təmizlənməli, yağlanmalı və elektrik şəbəkəsindən ayrılmalıdır. Daşıyıcı transportyorun zənciri boşaldılmalı və qoruyucu yağla örtülməlidir.
Traktor, kombayn, avtomobil və başqa maşınların akkumulyator batareyalarını saxlamaq üçün onları maşından çıxarıb istismar olunana qədər texniki cəhətdən düzgün saxlamaq lazımdır. Akkumulyator batareyalarının xüsusi anbarlarda saxlanması daha məqsədəuyğundur. Akkumulyator saxlanılan anbarda rəflər, yoxlama aparmaq üçün stol, lazımi alət və avadanlıq (yükləyici çəngəl, aerometr, voltmetr, elektrolitin səviyyəsini yoxlamaq üçün şüşə borucuq və s.) olmalıdır.
Rezin şinləri uzun müddət günəş şüasının və yağıntının təsiri altında təbii ki, köhnəlir, səthlərində sıx tor və kiçik çatlar əmələ gəlir ki, bu da onların möhkəmliyini və elastikliyini xeyli azaldır. Maşından çıxarılmayan şini açıq hava şəraitində saxlamaq üçün üzərinə AKS-3, AKS-4 alüminium rəngləri çəkmək lazımdır. Alüminium rəngini şinin üzərinə çəkməzdən qabaq onu su ilə təmiz yumaq lazımdır. Rəng şinin səthinə fırça və yaxud püskürdücü vasitəsilə bərabər qalınlıqda iki dəfə çəkilməlidir. Birinci qat 18-200 temperaturda 10 saat müddətində quruduqdan sonra ikinci qatı çəkmək lazımdır. Şinləri anbarlarda saxladıqda, anbarın temperaturu +50-dən +150-yə qədər, nisbi nəmliyi isə 65% olmalıdır.
Diyircəkli-oymaqlı zəncirləri saxlanmaya hazırlamaq üçün onları maşından çıxarıb tozunu, palçığını təmizləmək, içərisində neft olan vannada yumaq, qurutmaq və diqqətlə müayinədən keçirmək lazımdır. Əgər zəncirdə yeyilmə çoxdursa, o çıxdaş edilməlidir. Az yeyilmiş zəncirlərin yeyilmiş hissələri çıxarılıb yenisi ilə əvəz edilməli və uzunluğu yoxlanmalıdır. Zəncirin uzunluğunu düzgün təyin etmək üçün onun 20 ədəd birləşməsinin uzunluğunu 2-3 yerdə ölçmək lazımdır.
Diyircəkli-oymaqlı zəncirləri saxlamağa hazırlayan zaman xüsusi qurğuda yumaq və qaynatmaq lazımdır. Yuyulmuş zəncir 80-900 C temperaturda qızdırılmış avtolun (AK-15) içərisində 15-20 dəqiqə müddətində saxlanılır. Qaynadılmış zəncir yağdan çıxarılır və üzərindəki yağ axıb gedənə qədər dibində tor olan vannada qalır. Sonra o bükülür, bir neçə yerindən bağlanır və üzərində hansı maşına mənsubdursa, həmin maşının təsərrüfat nömrəsi yazılmış birka bağlanır. Bundan sonra o qalın kağıza bükülür və yaxud yeşiyə qoyulub anbara təhvil verilir.
Hərəkətötürücü qayışların istismar müddəti nəinki onların düzgün işlədilməsindən, eyni zamanda onların düzgün saxlanılmasından da asılıdır. Günəş şüasının və istinin təsirindən qayışlar öz elastikliyini itirir, sərtləşir, kövrəkləşir və üzərində çatlar əmələ gəlir.
Maşından çıxarılmış qayışları təmiz silməli, nəzərdən keçirməli, əgər heç bir mexaniki zədə, kəsik, əzik, qabarıq və sökülmüş yerləri yoxdursa, sabunlu isti suda yuyularaq saxlanmaya təhvil verilməlidir. Yuma üçün 50-100 q sabunun və 100 q natrium üç fosfatın 10 l suda həlli məqsədəuyğundur. Yumadan sonra qayışlar qurudulur, onların üzərinə maşının təsərrüfat nömrəsi yazılmış birka bərkidilir və anbara təhvil verilir.
Qayış saxlanılan bina quru olmalı və qızdırılmalıdır. Binada havanın temperaturu -50-dən +300-yə qədər, nisbi nəmlik isə 50-70% olmalıdır.
Maşın təmizlənib yuyulduqdan, yağ və yağlama materialı dəyişdirildikdən sonra saxlanma yerinə gətirilir, üzərindən aqreqat, qovşaq və hissələr çıxarılır. Onların tozu təmizlənir, rənglənməyən səthləri qoruyucu yağla örtülür, üzərlərinə nömrələnmiş birka bərkidilir.
Maşınları açıq şəraitdə saxladıqda onların üzərindən elektrik avadanlıqları (generator, starter, maqneto və s.), diyircəkli-oymaqlı zəncirlər, toxunma materialdan hazırlanmış zontlar, yumşaq oturacaq döşəkçələri və s. adətən çıxarılır. Hər marka maşından çıxarılmış hissələri ayrıca saxlamaq üçün anbarlarda arakəsməli rəflər qoyulmalıdır. Rəflərdə yanacaq aparatları, elektrik avadanlığı və başqa qovşaqları saxlamaq üçün ayrıca gözlər olmalıdır. Əgər rəfin üst hissəsində kifayət qədər yer varsa, orada kombaynın və yaxud ot biçənin bıçaq zolağını saxlamaq lazımdır.
Akkumulyator sərin binada saxlanmalı, eyni zamanda ventilyasiya olunmalıdır.
Aqreqat və qovşaqları maşının üzərindən çıxardıqda onların gövdələrinin açıq deşikləri hökmən xüsusi tıxaclar vasitəsilə kip bağlanmalıdır ki, daxilinə nəm hava keçməsin. Məlumdur ki, sutka ərzində havanın temperaturu kəskin dəyişdiyindən maşının dəqiq hazırlanmış hissələrinin səthi nəm hava ilə görüşür və bu da hissələrin korroziyaya uğramasına səbəb olur. Dizel mühərriklərini havanın nəmliyindən qorumaq üçün ixrac borusunu, sapunu, havatəmizləyicini, forsunka və şamların deşiklərini, yağ tökülən boğazcığı və radiator bakının qapağını kip bağlamaq lazımdır. Forsunka və şamların çıxarılıb yerinə ağac tıxacların qoyulması məqsədəuyğun hesab edilmir, çünki ağac tıxac müəyyən vaxtdan sonra çürüyüb deşilir və bu deşikdən hava keçməyə başlayır. Odur ki, forsunka və şam deşiklərini tutmaq üçün köhnə şam, forsunkalardan istifadə etmək daha əlverişlidir.
Maşını uzun müddət saxlanmaya qoyduqda onun çərçivə və başqa uzun ölçülü hissə və düyümlərinin əyilməsinin qarşısını almaq üçün onları üfüqi vəziyyətdə dayaq üzərinə qoymaq lazımdır.
Polad təkərli, asma və rezin şinli maşınlar altlıqlar üzərinə qoyulmalıdır. Əgər maşında resorlar varsa, onları yükdən azad etmək, şinlərin təzyiqini normal təzyiqin 70-80%-nə qədər endirmək lazımdır.
Maşınları atmosfer korroziyasından qorumaq üçün müxtəlif qoruyucu yağlardan, tərkib və örtüklərdən istifadə edilir. Qoruyucu yağlar iki növ olur - konsistent (qatı) və duru yağlar.
Konsistent yağlar. Metal hissələr üzərinə sürtülmüş konsistent yağ örtüyü hissəsinin səthinə nəmişlik, aqressiv qazlar, toz və çirk keçməsinə yol vermir.
Konsistent yağların mənfi cəhətləri onların çətin yaxılması (bu məqsədlə onları əvvəlcə qızdırmaq tələb olunur) və saxlanmadan sonra pis təmizlənməsidir.
Sənaye tərəfindən metal hissələri konservasiya etmək məqsədilə aşağıdakı qoruyucu yağlar istehsal edilir:
PVK yağı. Traktor, avtomobil, kombayn və başqa kənd təsərrüfatı texnikasını, eləcə də ayrı-ayrı aqreqat, qovşaq və maşın hissələrini açıq atmosfer şəraitində bir ilə qədər, talvar altında isə üç ilə qədər müddətdə saxlama zamanı onların rənglənməmiş və rəngi tökülmüş səthlərini korroziyadan qorumaq məqsədilə istifadə edilir. Bu yağdan istifadə etməzdən qabaq onu 1:1; 1:2 və ya 1:3 nisbətlərində mineral yağlarla (dizel yağı, avtol) qarışdırmaq olar. PVK yağı 90-1150 -yə qədər qızdırıldıqdan sonra fırça, batırma və ya xüsusi püskürdücü qurğular vasitəsilə qalınlığı 0,5 mm-dən az olmamaq şərtilə hissələr üzərinə vurulur.
Duru yağların qoruyucu xüsusiyyətləri heç də konsistent yağlardan pis deyildir. Bu yağların konsistent yağlara nisbətən müsbət cəhəti əsasən onların qızdırmadan püskürdücü-tapança vasitəsilə hissə üzərinə vurulmasıdır. Mənfi cəhəti isə yağış yağdıqda hissələrin səthindən asanlıqla yuyulub getməsidir. Buna görə də duru konservasiya yağlarından maşınların qovşaq və aqreqatlarının daxili səthlərinin, örtülü qarajlarda və talvar altında saxlanılan maşınların isə xarici səthlərinin örtülməsi üçün istifadə edilir.
Maşınlar dayaqlardan düşürülür, qoruyucu yağ və tozlardan təmizlənir. Yapışqanlı kağızlar, tıxaclar hermetikləşdirici qurğuları kənarlaşdırırlar. Maşından götürülmüş aqreqatlar, qovşaqlar və hissələr öz yerlərinə quraşdırılır. Hər bir maşına müvafiq olaraq təyin olunmuş təlimata uyğun maşının mexanizmləri ardıcıllıqla nizamlanır. Maşınların mexanizmlərinin işlənməsinin düzgünlüyü əllə və kiçik dövrlərdə yoxlanılır. Nizamlanmanın düzgünlüyü onların işinin keyfiyyətini, məhsuldarlığını artırır, fasiləsiz iş rejimini təmin edir.
Kamil FƏtƏliyev,
“Aqromexanika” Elmi-Tədqiqat
İnstitutunun direktoru.

 

 

 

Read 90 times