XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:39

Uğurlu istehsalatın ünvanı - 4 saylı NQÇS

Bəli, “Abşeronneft” NQÇİ-də bu sahə məhz bu adla, belə tanınır - 4 saylı NQÇS... Sahə 2001-ci ildə yaranmışdır. Hazırda kollektivdə 130 nəfər çalışır. Onların 13 nəfəri mühəndis texniki işçilərdir. Yaşlı nəsildən estafeti şərəflə qəbul edən gənclər, tarixi neftçi ənənələrini bu gün ləyaqətlə davam etdirirlər. Qışın şaxtası, yayın istisi, işin məsuliyyəti, Xəzərin şıltaqlıqları müxtəlif sınaqlardan bacarıqla çıxan fədakar neftçilər üçün artıq qorxulu deyil. Bu ünvan kollektiv üzvlərinin hər biri üçün doğma ocağa çevrilib. Sevincli, kədərli günlərinin çox hissəsi demək olar ki, burada iş başında keçir. Etimadı doğrultmağı, dövlət tapşırıqlarını keyfiyyətlə, vaxtında yerinə yetirməyi qarşısına məqsəd qoyan kollektivin işləri ilə tanış olmaq üçün yeni il ərəfəsində onlarla görüşüb söhbət etməyi özümüzə borc bildik. Həmsöhbətimiz sahə rəisi Barat Namazov oldu. O, kollektivə 2014-cü ildən rəhbərlik edir. NQÇİ-də 1997-ci ildən qazmaçı köməkçi kimi işə başlayıb. 168 saylı Pirallahı orta məktəbini bitirdikdən sonra istehsalatdan ayrılmadan Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər və Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mədən fakültələrini bitirib. Neft-qaz hasilatı üzrə operator, mexanik, növbə rəisi, mühəndis-texnoloq, sex rəisinin müavini kimi çalışdığı zamanlarda işinin ustası kimi kifayət qədər istehsalat təcrübəsi qazanıb. Qazanılan təcrübə isə sahə rəisi kimi kollektivi duymaq, işi yaxşı təşkil etməkdə hər zaman karına gəlib...

Neft-qaz hasilatı, təhvili üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi və digər texniki-iqtisadi göstəricilər haqqında söhbət açan Barat Namazov əminliklə 2016-cı ili uğurla başa vuracaqlarını bildirdi:

- Sahədə neft-qaz hasilatı demək olar ki, bütün üsullarla həyata keçirilir. İstismar fondunda 72 quyu (2 quyu qaz quyusudur) var. 54-ü fəaliyyət,15-i isə fəaliyyətsiz fonddadır. Quruda 18, DDÖ-də isə 56 quyumuz var. Gündəlik hasilatımız 200 tondur. Gürganda hazırda təmirdə olan 207 saylı quyu sahənin ən dərin quyusudur (2780 m).

2016-cı ilin 10 ayı ərzində 65020 ton müqabilində 74171 ton “qara qızıl” hasil edilərək, tapşırığa 114,1 faiz əməl olunmuşdur. Bu müddətdə 23 milyon 491 min kubmetr “mavi yanacaq” çıxarılmışdır.

20 saylı DDÖ-də qazmadan bütövlükdə 24697 ton hasilatla 7 quyu alınmışdır. Gələcəkdə qazmadan bir quyunun alınması da gözlənilir. Quyular üzərində həyata keçirilən 486 ton səmərə ilə 46 əvəzinə 106 texniki, 1010 ton səmərə ilə 7 geoloji tədbirin də yekunu qənaətbəxş olmuşdur.

Hasilatın stabilliyinin təmin olunması məqsədi ilə on ay ərzində quyularda 3787,5 ton səmərə ilə 21 əsaslı təmir işi aparılmışdır. Əlbəttə, bu uğurlarımız SOCAR, “Azneft” İB, NQÇİ rəhbərliyinin, mütəxəssislərinin diqqəti sayəsində əldə olunub. İşgüzar əhval-ruhiyyə ilə sahədə çalışmaq üçün kollektivə idarə rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Sahənin yeni, müasir tələblərə cavab verən mebel dəsti, texniki avadanlıqlarla təchiz olunmuş inzibati binası tikilərək istifadəmizə verilmişdir.Özüllərdə şəraitimiz ürəkaçandır. Kadrların bilik səviyyəsinin artırılmasına, iş yerlərində texniki təhlükəsizlik şəraitinin yüksəldilməsinə, əməkçilərin qidalanmasına, sağlamlığına, sosial qayğılarına xüsusi diqqət göstərilir. Bütün bunların müqabilində hər birimizin borcudur ki, işimizin öhdəsindən layiqincə gələk, qarşımıza qoyulan tapşırıqlara vaxtlı-vaxtında, məsuliyyətlə əməl edək.

Sahə rəisi ilə söhbətimiz qarlı havaya təsadüf etmişdi. Ancaq bu, heç kimi narahat etmirdi. Hiss olunurdu ki, kollektiv qışa vaxtında tədarük görüb. 4 saylı NQÇS iqtisadi baxımdan dəyişdiyi kimi, zahirən səliqə-sahmanı, yaşıllıqları, abad yolları ilə də seçilir.  Bütün bunlarla yanaşı qarşıda xeyli görüləsi işlər də var. İnanıram ki, geoloqlar - Namiq Əzizov, İskəndər Vəliyev, rəis müavini Əkbər Abbasov, mexaniklər - Aqil Əsədov, Bəxtiyar Mansurov, ustalar - Baxış Əhmədov, Səbuhi Quliyev, operatorlar - Rövşən İsmayılov, Novruz Əliyev, Məhəmməd Qədimalıyev, Əlifağa Nəcəfəliyev, Elmar Zərbəliyev, Nizam Qafarov kimi qabaqcılların səyi ilə 4 saylı NQÇS-nin adı gələcəkdə də öndə olan kollektivlərin sırasında çəkiləcək, kollektivin üzvləri peşələri ilə qürur duyacaq, yeni-yeni uğurlara imza atacaqlar.

 

Zahir Qalib.

 

 

 

Read 73 times