XƏBƏR LENTİ

Çərşənbə, 14 Dekabr 2016 11:13

Tərtərdə tut tinglərinin əkininə start verilib

Baramaçılığın inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindəndir.

Ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən barama istehsalı sahəsində mövcud ənənələri bərpa edib yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana tut tingləri gətirilmişdir. Əvvəlcədən planlaşdırıldığı kimi, tinglərin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilmişdir.

Rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında hazırlanmış sahələrdə Çin tinglərinin əkin prosesinə artıq start verilmişdir.

Bu günlərdə Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər tinglərin əkildiyi sahələrdə olmuş, əkin və ağaclara qulluqla bağlı öz tövsiyələrini vermişlər. Şübhəsiz ki, barama yetişdirilməsi və ipək istehsalı sahəsində dünyada məhşur olan çinlilərin təcrübəsi baramaçılarımız üçün də maraqlı olduğundan, bu cür görüşlərdə qarşılıqlı fikir mübadiləsi də əhəmiyyətlidir.

Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə bu göstəricinin 4 tona qədər artırılacağı gözlənilir.

Maarif RZAYEV,

“Respublika”.

 

 

 

Read 50 times