XƏBƏR LENTİ

Şənbə, 10 Dekabr 2016 10:40

“Azərişıq” ASC Qərb regionunda yenidənqurma işlərini davam etdirir

“Azərişıq” ASC artıq Azərbaycanın bütün rayonlarında köklü dəyişikliyə nail olub.

Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə  daxil olan Tovuz Elektrik Şəbəkəsində də bu özünü açıq şəkildə büruzə verir. Ötən zaman ərzində rayonun paylayıcı  elektrik şəbəkələri yenidən qurularaq ən müasir səviyyəyə çatdırılıb. Tədbirlər planına uyğun olaraq yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejimi yaradılıb. 

Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb. 

Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyəti test edilərək sazlanıb və  rele mühafizələri yoxlanılıb.  10/6/0.4 kV-luq  EVX-lərdə 20.458 metr naqil yenisi ilə əvəzlənib.  Fiziki və mənəvi cəhətdən köhnəlmiş 296 ağac dayaq dəmir-beton  yeni dayaqlarla əvəzlənib.   Əhmədabad inzibati ərazi dairəsinə daxil olan 8 kənddə 114 ədəd 10 kV-luq dəmir dirəklər basdırılıb və 8.300 metr hava xətti yenilənib. Sərhəddə yerləşən Muncuqlu kəndi istiqamətində də böyük quruculuq işləri aparılıb.  “Düyərli” dartı yarımstansiyasından qidalanan 4.550 metr məsafədə 10 kV-luq hava xətti dəyişdirilib, 5.450 metr 0,4 kV-luq hava xətləri  yenidən qurulub,  2016-cı il ərzində 34.400 metr məsəafəyə SİP kabel çəkilib.  “Azərişıq” ASC tərəfindən 2016-cı ildə Tovuz rayonunda 26 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Bütövlükdə isə onların sayı 34 ədəddir. 

Tovuz EŞ-ə daxil olan “Qandallar”, “Girzan”, “Tovuz” və “Qovlar” yarımstansiyaların   elektrik avadanlıqlarında təmir və sazlanma işləri aparılıb.  Müxtəlif gücə malik HEVX-lərdə  texniki  tədbirlər görülərək qışa hazırlıq mərhələsi başa vurulub.

Hazırda Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan inzibati binanın tikintisi yekunlaşır. Yeni ofisin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.             

“Azərişıq” ASC Tovuz rayonunda istehlakçıların  keyfiyyətli, dayanıqlı, təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün 2017-ci ildə də quruculuq işlərini davam etdirəcək. 2017-ci ildə 1 ədəd 35/10 kV-luq yarımstansiyanın tikilməsi, “Qovlar” və “Əhmədabad” yarımstansiyalarının təmiri və 20 ədəd KTM-in quraşdırılması nəzərdə tutulub. Bundan başqa 12  ədəd hava xətləri SİP-ləşdiriləcək və  istismara yararsız   elektrik dayaqları yeniləri ilə əvəzlənəcəkdir.

Tovuz Elektrik Şəbəkəsi əhaliyə verilən  elektrik  enerjisi  haqlarının yığılmasında da öncüllər sırasındadır. Bu günə qədər enerji haqlarının yığılması 92,5 faiz  səviyyəsinə çatdırılıb.

Qədir ASLAN,

“Respublika”.

 

 

 

Read 28 times