XƏBƏR LENTİ

Cümə, 09 Dekabr 2016 13:55

Milli Məclisdə büdcə zərfinin müzakirəsi yekunlaşıb

Dekabrın 8-də Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarının daxil olduğunu deyib.

Əvvəlcə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinə baxılıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, büdcə gəlirlərinin aşağı düşməsi, büdcə kəsirinin yaranması 2008-ci ildən başlayan dünya iqtisadi böhranının nəticələridir. Bütün bunlara baxmayaraq, artıq iki ildir ki, dövlət büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayrılan vəsaitlər azalmır, hətta bəzi maddələr üzrə artım da hiss olunur.  

Komitə sədri diqqətə çatdırıb ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək. Bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulur. Belə ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7 faiz çoxdur. Təqdirəlayiq haldır ki, Fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42 faiz təşkil edirdisə, gələn il üçün bu rəqəm 37,4 faizə düşüb.

Qeyd edilib ki, layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir. Bu da nəticədə hiss olunan artıma gətirib çıxara bilər.

Bildirilib ki, hazırkı maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədən kənar vəsaitləri hesabına da sığorta məbləğlərini artırmaq mümkündür. Proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn il üçün təxminən iki dəfədən çox yığım planlaşdırılır.

Diqqətə çatdırılıb ki, Fondun xərclərinin təxminən 95 faizini hər il olduğu kimi, əmək pensiyalarının qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7 faiz çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesaba 1 milyon 320 min nəfər olacağı proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 20 min nəfər çoxdur. Buna baxmayaraq ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8 faiz artırılaraq 203 manata çatdırılacaq. Gələn il Fondun vəsaiti hesabına ilk dəfə vətəndaşların hər birinə işsizliyə görə verilən müavinətin artırılacağı gözlənildiyindən ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci illə nisbətə üç dəfə çoxalması proqnozlaşdırılır.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin sosial müdafiə sistemi qarşısında qoyduğu başlıca vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan hər üç vəzifənin yerinə yetirilməsi üçün çox ciddi tədbirlər görülür. Belə ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır.

Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara  DSMF-nin yerli orqanları vasitəsilə hər ay 316 milyon manat vəsait ödənilir.

Nazir bildirib ki, son dövrlərdə sosial müdafiə sisteminin fəaliyyətinin avtomatlaşdırılması istiqamətində atılan addımlar - əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sistemlərinin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla vəsaitlərin istifadəsində səmərəliliyin artırılması vəzifəsini də yerinə yetirməyə imkan verib. Belə bir şəraitdə DSMF-nin yeni reallıqlara uyğun, gərgin və balanslaşdırılmış büdcəsinin tərtibi növbəti ildə əmək pensiyaçılarının rifahının gücləndirilməsinə yönəldiləcək səmərəli sosial müdafiə tədbirləri üçün adekvat maliyyə təminatının formalaşdırılmasını təmin etməklə yanaşı, bütünlükdə ölkədə sosial öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Fondun 2017-ci il büdcəsinin layihəsi cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, həmçinin sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi nəzərə alınmaqla tərtib olunub.

Nazir aparılan aktual hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf trendlərini, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərini diqqətə çatdırıb. Bildirib ki, doğulanların sayının 159,2 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni, əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı proqnozlaşdırılır.

Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508,4 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 324 min nəfərə çatacağını göstərir ki, bu da cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çoxdur.

Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3,4 milyard manat proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 248 milyon manat və ya 8 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3318 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 milyon manat və ya 7,6 faiz çoxdur.  Əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97 faizini təşkil edərək 3214 milyon manat olacaq ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 7,7 faiz çoxdur. Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 5,8 faiz artaraq 202,3 manat təşkil edəcək. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 milyon manatdır ki, bu da cari ilin büdcəsi üzrə gözlənilən icraya nisbətən 5,7 faiz çoxdur.

2017-ci ildə digər xərclər 81,8 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilə nisbətən 19,6 faiz və ya 13,4 milyon manat çoxdur. Fondun 2017-ci il üçün gəlirləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 270 milyon manat və ya 8,6 faiz çoxdur. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmaların məcmusundan ibarətdir. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2 faizi və ya 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə gözlənilən daxilolmalardan 120 milyon manat və ya 10,2 faiz yuxarıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən  məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 milyon manat və ya cari ildə gözlənilən nəticədən 1 milyon manat çox proqnozlaşdırılır. 2017-ci ildə dövlət büdcəsindən ayırmalar (transfert) 2016-cı ilin büdcə göstəricisi ilə müqayisədə 24 milyon manat və ya 1,9 faiz artaraq 1270 milyon manat təşkil edəcək.

Sonra deputatlar qanun layihəsini müzakirə ediblər.

Daha sonra “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, layihədə 2017-ci il üçün yaşayış minimumunun ölkə üzrə 155 manat olması təklif edilir. Bu, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130 manat, uşaqlar üçün isə 116 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilən zaman qeyd olunub ki, ilkin variantda bu rəqəm 105 manat məbləğində müəyyənləşmişdi. Büdcə müzakirəsinin başlandığı ilk gündən bu məsələ gündəmə gəldi və həmin rəqəm 116 manat məbləğinə çatdırıldı. Bu, ünvanlı sosial yardımın təyin edilməsi üçün müəyyənləşən rəqəmdir.

İclasda Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında qanun layihəsinə də baxılıb. Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirib ki, parlamentin daxili nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. O bildirib ki, Milli Məclisin və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb.

Diqqətə çatdırılıb ki, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 milyon 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. Xərclər smetasının ümumi dəyərinin 71,5 faizini əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edir.

İclasda, həmçinin Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 2017-ci il üçün büdcə layihəsi təqdim edilib. Növbəti ildə palatanın saxlanması üçün 3 milyon 812,8 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsait 2016-cı illə müqayisədə 0,8 faiz çoxdur. Palatanın saxlanması üçün sərf olunan vəsaitin 83 faizindən bir qədər artıq hissəsi onun əməkhaqqı xərclərini təşkil edir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

İclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, növbəti iclas dekabrın 16-da keçiriləcək. Həmin iclasda Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsverməyə çıxarılacaq.

AZƏRTAC

 

 

 

 

Read 54 times