XƏBƏR LENTİ

Çərşənbə, 16 Sentyabr 2015 10:46

Müasir innovasiyalar liseyi ilk şagirdlərini qəbul etdi

Bu il orta təhsil məktəblərinin siyahısına daha bir təhsil müəssisəsi də əlavə olundu: Müasir İnnovasiyalar liseyi, ümumtəhsil məktəbi... İlk dərs günü digər təhsil ocaqlarında olduğu kimi, Müasir İnnovasiyalar liseyinin həyətində də böyük izdiham var idi. Şagirdlər, müəllimlər, valideynlər ilk dərs gününün həyəcanını yaşayırdılar. İlk dərs və “Bilik günü”nə həsr olunmuş tədbiri liseyin direktoru Sevinc Əliyeva açaraq bütün şagirdləri və müəllimləri təbrik etdi, onlara uğurlar arzuladı. Sonra yeni fəaliyyətə başlayan bu təhsil ocağının imkanlarından, gələcək planlarından danışaraq dedi: “Müasir İnnovasiyalar liseyi bu günün tələblərinə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl tam orta məktəbdir. Burada beynəlxalq təhsil proqramı və təcrübələrinə əsaslanan, dövlət standartlarına uyğun tədris prosesi təşkil edilib. Liseydə məktəbəqədər hazırlıq və I-XI sinif şagirdləri üçün Azərbaycan, türk və rus bölmələri fəaliyyət göstərir. İngilis dili yüksək səviyyədə tədris olunur.

Məktəbəqədər hazırlıq proqramı isə Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil proqramına” (kurikulumuna) və beynəlxalq standartlara uyğun şəkildə qurulmuşdur. İbtidai sinif tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Məktəbimizdə peşəkar xarici və yerli müəllimlər çalışır. Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı, müasir idman zalı və s. fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələrlə təmin edilmişdir, hər sinifdə şagirdlərin sayı 15-18 nəfər nəzərdə tutulub. Şagirdlər gün ərzində 3 dəfə qidalanırlar. Onların vahid məktəbli forması var, məktəbə rahat gedib-gəlmələri üçün avtobus xidməti göstərilir.

Bir sözlə, Müasir İnnovasiyalar liseyi innovativliyin, mükəmməlliyin, müasirliyin, yaradıcılığın, peşəkarlıq və dünyəviliyin birləşdiyi yeganə təhsil ocağıdır. Mən hamıya uğurlar arzulayıram”.

Sonra məktəbin təsisçisi millət vəkili Əhməd Vəliyev dövlətimizin Azərbaycan təhsilinə diqqət və qayğısından söz açdı. Qeyd etdi ki, son illər Azərbaycan təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş verir, Avropa təhsil sisteminə inteqrasiya istiqamətində zəruri addımlar atılmışdır. Bu isə ümumən təhsilin formaca və məzmunca zənginləşməsinə, yeni təlim texnologiyalarının tətbiqinə geniş imkanlar yaradır.

Ölkə başçısı cənab İlham Əliyev məktəblərin kompüterləşdirilməsini, gənclərin bu sahəni dərindən mənimsəməsini mühüm amil kimi önə çəkərək bu sahənin inkişafını vacib sayır. O, hər zaman vurğulayır ki, ibtidai və orta təhsilin səviyyəsinin yüksəldilməsi ilk növbədə, müəllim və şagirdlər üçün yaradılmış maddi-texniki imkanlardan asılıdır.

Milli təhsilimizin inkişafı istiqamətində görülən işlərin məqsədini əsaslandırarkən ölkə başçısı demişdir:”...Biz maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq”.

Bəli, dövlətimizin milli təhsilimizin inkişafına diqqət və qayğısı həm də təhsildə keyfiyyət amilini önə çıxarır. Dövlət və özəl təhsil müəssisələri sağlam rəqabət şəraitində işləməyi, Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadir olan əsl insan formalaşdırmağı qarşıya məqsəd kimi qoyur və bu istiqamətdə fəaliyyət göstərirlər.

Digər çıxış edən millət vəkilləri Rafiq Məmmədhəsənov və Musa Quliyev məktəbin kollektivini yeni dərs ili münasibətilə təbrik etdilər, yaradılan şərait üçün minnətdarlıqlarını bildirdilər.

Onu da qeyd edək ki, yüksək səviyyədə, zövqlə tikilmiş məktəb binası yaşıllıqlar içərisində yerləşir, böyük əraziyə malikdir. Məktəbyanı sahədə həmçinin qeyri-standart dərslərin keçirilməsi üçün geniş imkanlar, guşələr yaradılıb.

İnanırıq ki, müasir tələblərə cavab verən təhsil ocağında müəllimlər yaxşı işləmək, şagirdlər isə yaxşı oxumaq üçün bütün qüvvələrini səfərbər edəcəklər. Çünki bunu, bizdən milli təhsilimizin sabahı tələb edir.

İlk dərs gününüz mübarək!

 

Nurəngiz ADİLQIZI,

“Respublika”. 

 

 

 

Read 9240 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər886754

Currently are 63 guests and no members online