XƏBƏR LENTİ

Cümə, 29 Noyabr 2019 08:32

Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq mükafata layiq görüldü

1976-1981-ci illərdə tələbəsi olduğum Bakı Dövlət Universitetinin 100 yaşı tamam oldu. Bu illərdə ölkəmiz üçün saysız-hesabsız yüksək səviyyəli kadrlar hazırlayan bu qocaman təhsil, elm məbədinin divarları arasında adını dünya elm tarixinə yazdıran neçə-neçə alim yetişib, güclü kadr potensialı formalaşdırılıb. Onun professor-müəllim heyətinin böyük əksəriyyətini də universitetin məzunları təşkil edir. Onlar elm və təhsilin inkişafı yolunda fədakarlıqlar göstərir, Bakı Dövlət Universitetinin nüfuzunu qoruyub saxlayır, ayrı-ayrı sahələrdə dünya elminə öz töhfələrini verirlər.

Bakı Dövlət Universitetinin 100 illiyi silsilə tədbirlərlə qeyd olunur. Bu təhsil ocağının inkişafında xidmətləri olan insanların, vaxtilə burada təhsil almış, hazırda isə dünyanın müxtəlif ölkələrində çalışan məzunların da iştirakı ilə keçirilən tədbirlər isə daha yaddaqalandır.

Bu günlərdə Bakı Dövlət Universiteti Mexanika-Riyaziyyat fakültəsinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında keçirilən tədbir də olduqca maraqlı idi. Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, həmin Akademiyanın akademiki Ə.Şahverdiyev, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü G.Pənahov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Yıldız Teknik Universitetinin (İstanbul) professoru S.Əkbərov, Vyetnam Xoşimin Universitetinin rektoru, professor Thai Ba Can, kafedra müdirləri, professorlar A.Səlimov, Y.Mehrəliyev və Ə.Əhmədov, professor S.Bayramov, dosentlər M.Tağıyev, A.Əliyev, H.Musayev, H.Fəttayev, mühəndis R.Hüseynova, fizika-riyaziyyat elmləri namizədi E.Kiyasbəyli, doktorant P.Musabəyli, magistrlər M.Hadıyeva, G.Sarıyeva və başqalarının iştirak etdiyi tədbiri Mexanika-Riyaziyyat fakültəsinin dekanı, professor N.İsgəndərov giriş sözü ilə açaraq hər kəsi salamladıqdan sonra dedi: “Mən ilk öncə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə hər birinizi təbrik edir, onun böyük kollektivinə gələcək işlərində uğurlar arzulayıram. Fəxrlə qeyd etmək istəyirəm ki, bugünkü yubiley tədbirində iştirak edən Rusiya Təbiət Elmləri Akademiyasının vitse-pezidenti Ə.Şahverdiyev, Yıldız Teknik Universitetinin (İstanbul) professoru S.Əkbərov və Vyetnam Xoşimin Universitetinin rektoru Thai Ba Can Bakı Dövlət Universitetinin məzunlarıdır və onlar bu səbəbdən BDU-nun 100 illik yubileyində iştirak etmək üçün universitet rəhbərliyinin dəvəti ilə Bakıya gəliblər. Yubiley tədbirlərində fəal iştiraklarına görə onlara təşəkkür edirik. Onların hər üçü Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mexanika ixtisasına yiyələniblər. Bu, doğrudan da, qürur doğuran bir faktdır”.

Sonra söz Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti Ə.Şahverdiyevə verildi. O, səmimi qəbula görə Bakı Dövlət Universiteti və Mexanika-Riyaziyyat fakültəsinin rəhbərliyinə məzunlar adından minnətdarlığını bildirdi. Daha sonra o, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə BDU-nun Mexanika-Riyaziyyat fakültəsinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri Yusif Sevdimalıyevin təbiət elmləri sahəsindəki nailiyyətlərinə görə Akademiyanın A.Mirzəcanzadə adına beynəlxalq gümüş medalına layiq görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonda Ə.Şahverdiyev medal və diplomu Yusif Sevdimalıyevə təqdim etdi.

Digər çıxış edənlər yüksək mükafat münasibətilə Yusif Sevdimalıyevi təbrik edib ona sonrakı fəaliyyətində uğurlar arzuladılar.

Azərbaycan elminin daha bir uğuru... Hər kəsə sevinc hissi yaşadan bu tədbirin iştirakçısı kimi bu təhsil ocağının məzunu olduğum üçün bir daha qürur duydum. Respublika ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin məzunu olaraq bu kiçik tədbir yazısını da elm və milli təhsilimizin inkişafı üçün xalqının maariflənməsi naminə çalışanlara minnətdarlıq ifadəsi olaraq qələmə aldı:

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Read 75 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər492724

Currently are 157 guests and no members online