XƏBƏR LENTİ

Çərşənbə, 27 Noyabr 2019 08:55

“Fransız dili dərsləri” kitabının təqdimatı olub

Bu günlərdə Fransa-Azərbaycan Universitetində (UFAZ) yazıçı-publisist Rövşən Ağayevin “Uroki franüuzskoqo” (“Fransız dili dərsləri”) kitabının təqdimat mərasimi keçirilib. Məlumat üçün xatırladaq ki, R.Ağayev texniki və humanitar ixtisaslar üzrə ali təhsil alıb. 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-cü ildən 1992-ci ilədək respublikanın mətbu orqanlarında işləyib, ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Bir broşürün, üç kitabın, (həmin kitablardan biri polyak dilinə tərcümə edilib) 40-dan artıq elmi və 200-ə yaxın publisistik məqalənin müəllifidir. Məqalələrin bir hissəsi kitablar toplusu kimi çapdan çıxmışdır. 20 ildən artıq müddət ərzində dövlət orqanlarında xidmət edib. Göstərdiyi yüksək fəaliyyətə görə 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin və Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub.
Təqdimat mərasimində universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
Tədbiri Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Strasburq Universitetinin doktoru Vazeh Əsgərov açaraq “Uroki franüuzskoqo” kitabının Azərbaycanla Fransa arasındakı dostluq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Eləcə də xalqlarımız arasındakı dostluq münasibətlərin tarixindən, bu günündən ətraflı danışan icraçı direktor Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin münasibətlərin tərənnüm olunduğunu vurğulayıb. V.Əsgərov sonra XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Fransa ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin qurulmasında bir sıra tanınmış şəxslərin mühüm rolu olduğunu da bildirib.
Təqdimatda çıxış edən kitabın müəllifi R.Ağayev bildirmişdir ki, oxuculara təqdim olunan əsər sənədli-bədii povestdir. Onun çox hissəsi dünyada ən vacib və nəcib peşələrdən biri olan müəllim əməyinə həsr olunmuşdur. Povestin qəhrəmanı hazırda təqaüddə olan fransız dili müəllimi Adilə Qurbanovadır. Onun keçdiyi həyat yolu bu gün müəllim peşəsinə yiyələnən gənclərimiz üçün əsl məktəbdir. Əsərdə ötən əsrin 70-ci illərində yuxarı siniflərdən birinin timsalında onun pedaqoji fəaliyyəti təsvir olunur. O, yalnız fransız dili müəllimi deyil, həm də şagirdlərini məzun olduqdan sonrakı həyata hazırlayan, onlara ortaya çıxa biləcək problemlərin həlli yollarını asan dillə izah etməyi bacaran bir pedaqoqdur. Adilə xanım üçün müəllimlik peşə deyil, onun həyat amalı, yaşam tərzidir. Kitabda fransız dili dərslərində və dərnəklərində şagirdlərin yalnız fransız dilinin lüğət və qrammatikasını öyrənmələri yox, eyni zamanda Fransanın görkəmli yaradıcı ziyalıları, bu ölkənin tarixi və həyatı ilə də tanış olmalarından bəhs olunur. Qırx beş dəqiqəlik bu dərs onlara özlərini Fransada-Parisdə hiss etmək imkanı verir. Azərbaycan ədəbiyyatının klassiklərinin fransız dilinə tərcümə olunan əsərləri də müəllimin diqqətindən kənarda qalmır.
Povestdə Azərbaycan-Fransa əlaqələrinin inkişaf tarixinə kifayət qədər geniş yer ayrılıb. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə, Fransanın dövlət xadimlərinin Bakıya səfərlərinin əhəmiyyəti vurğulanır.
Bu gün Fransa şirkətləri Azərbaycanda neft sənayesində, eləcə də bank, telekommunikasiya, nəqliyyat, inşaat sektorunda və turizmdə güclü mövqeyə malikdirlər. Respublikanın 300 məktəbində fransız dili tədris olunur, paytaxtda Azərbaycan-Fransız Universiteti, Fransız liseyi, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində fransız dili mərkəzləri fəaliyyət göstərir.
Əsərdə təhsil sahəsindəki mövcud problemlərdən də bəhs edilir. Povestin personajları bu sahədəki vəziyyətin tam təhlil olduğunu iddia etmədən, yalnız diqqətlə öyrənilməsi tələb edilən bir sıra həssas mövzuları göstərməyə çalışırlar.
Müəllif öz çıxışında əsərinin ideyasının, həm də iki xalqın tarixən bir-birinə yaxınlığını diqqətə çatdırmaq olduğunu vurğulayıb: “Fransızların Azərbaycandakı həyatı xalqımızın, azərbaycanlıların Fransada həyatı isə fransız xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İsrafil Qurbanov, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Jerome Kelle və digərləri kitabın XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə etdiyini və bu səbəbdən də əhəmiyyətli əsər olduğunu söyləyib, Azərbaycan-Fransa əlaqələrinin inkişafına bu kitabın dəyərli töhfə olduğunu bildiriblər. Çıxış edənlər, həmçinin bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdıraraq povestin bədii məziyyətlərini, ciddi siyasi məzmuna malik olduğunu vurğulayıblar. Çıxışlarda kitabın Azərbaycan və fransız dillərinə tərcümə olunması tövsiyə edilmiş və bu işə dəstək göstəriləcəyi də bildirilmişdir. Tədbirdə söz alan digər qonaqlar da müəllifin əhəmiyyətli mövzuda əsər yazdığını və gənclik üçün bu kitabın xüsusi önəm daşıdığını qeyd etmişlər.
Kitabın müəllifi Rövşən Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına, həmçinin, nəşrin işıq üzü görməsində göstərdiyi dəstəyə görə “Təhsil” nəşriyyatına minnətdarlığını bildirib.
Tədbirdə Fransa və Azərbaycanla bağlı fotolar da nümayiş etdirilib.

“Respublika”.

Read 174 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498008

Currently are 108 guests and no members online