XƏBƏR LENTİ

Bazar, 24 Noyabr 2019 11:07

AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin 100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət sərgisinin açılışı mərasimi olub. Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova sərgidə nümayiş olunan işlərlə bağlı qonaqlara məlumat verib. Dekan vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub. Həmin işlər sırasında bu il MOOCAO-nun Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən XXVIII müsabiqənin qalibləri olmuş işlər də nümayiş olunur.

Sərgiyə baxışdan sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlaraq, Azərbaycanda memarlıq ali təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Məlum olub ki, respublikamızda Memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin Memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm Universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib. Mikayil Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski, Qəzənfər Əlizadə, Davud Axundov, Boris Revazov, Həsənağa Məcidov, Eldar Kanukov, Mürsəl Nəcəfov, Fikrət Hüseynov kimi memarlıq üzrə alim və mütəxəssislər uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə məşğul olublar.

G.Məmmədova Memarlıq fakültəsinin bu günündən də bəhs edib: “Fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır, onlardan 300-ə yaxını əcnəbidir. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri “Şərəf”, 2 nəfəri “Şöhrət” ordeni laureatı, 14 nəfəri  “Əməkdar memar”, 1 nəfəri “Əməkdar müəllim”, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb”.

Rektorun çıxışından sonra təbriklər səsləndirilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı şəhərinin Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi yubiley münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik ediblər.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə qonaqları salamlayaraq Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi və 4 magistr dissertasiyasının fəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli diplom qazanması münasibətilə universitet və fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir və eyni zamanda tanınmış memarlıq məktəblərilə yarışmağa qadir olmağımızın gözəl nümunəsidir.

Təbrik çıxışlarından sonra qonaqlar Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə işləri qalib olan tələbə və məzunlara, onların rəhbərlərinə diplomlar təqdim ediblər.

Ramiz YUSİFLİ,

“Respublika”.

Read 113 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497980

Currently are 111 guests and no members online