XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:30

AzTU Elmi Şurasının növbəti iclası keçirilib

Bu günlərdə Azərbaycan Texniki Universitetində (AzTU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, strukturlarının optimallaşdırılması, bir sıra başqa dəyişikliklər və təşəbbüslərlə bağlı məsələlər müzakirə edilib.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev iclası açaraq universitetin akademik strukturlarının konseptual optimallaşdırılması və aparılan islahatlarla bağlı fikirlərini açıqlayıb.

Elmi Şuranın iclasında əsas diqqət təhsillə bağlı islahatlara yönəldilib və bu fonda Tədris hissəsinin yenidən qurulması ilə bağlı qərar qəbul edilib. Bundan başqa, AzTU-da kafedraların sayı azaldılıb - universitetdə elmi-tədqiqat işlərinin yeni istiqamətlərinə və fakültələrin yenidən təşkilinə uyğun olaraq, bir sıra kafedralar ixtisar edilərək, onların bazasında yeni kafedralar yaradılıb. Elmi Şurada alternativ əsasda, gizli səsvermə yolu ilə yeni yaradılmış kafedraların müdirləri seçilib.

İclasda həmçinin tyutorların fakültə dekanlıqlarının tabeçiliyindən çıxaraq sərbəst fəaliyyət göstərmələri, kafedralarda mentör (məsləhətçi) postunun təsisi və AzTU tələbələrinin əmək bazarına çıxışına, universitet-sənaye işbirliyinə dəstək verəcək  elmi-tədqiqat məhsullarının sərgi-yarmarkasının keçirilməsi təklifi bəyənilib.  Elmi Şura universitetdə tələbə özünüidarəsini inkişaf etdirəcək “tələbə rektor” layihəsinə müsbət yanaşıb.

İclasda universitet həyatı ilə bağlı rektorun müzakirəyə çıxardığı bir çox ciddi və önəmli məsələlər Elmi Şura tərəfindən dəstəklənib və müvafiq qərarlar qəbul edilib.

Nəriman CAVADOV,

“Respublika”.

Read 78 times