XƏBƏR LENTİ

Çərşənbə axşamı, 09 May 2017 11:37

İspaniya universitetləri ilə əməkdaşlıq genişlənir

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlmiş, İspaniya Konqresinin deputatı Xose Mariya Çikoyo Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin bir sıra laboratoriya və mərkəzləri ilə tanışlıqdan sonra rektor, akademik Abel Məhərrəmov deputat ilə görüşüb.  Görüşdə rektor ikitərəfli əlaqələrdə mədəniyyətlərarası dialoqun mühüm rol oynamasından bəhs edib. Universitetin beynəlxalq əlaqələri barədə məlumat verən akademik, həmçinin İspaniya universitetləri, o cümlədən Alikante Universiteti ilə səmərəli işbirliyindən, təhsil və elm sahəsində əməkdaşlığın əhəmiyyətindən, birgə elmi konfransların, simpoziumların keçirilməsi, tələbə-müəllim mübadiləsi kimi məsələlərdən bəhs edib.

BDU-nun onda xoş təəssürat oyatdığını deyən qonaq ölkəmizdə İspaniya ilə ikitərəfli əlaqələrin, o cümlədən təhsil, elm əlaqələrinin genişləndirilməsi baxımından münbit şəraitin olduğunu vurğulayıb.

Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ispaniyalı rejissor və yazıçı, UNESCO-nun beynəlxalq məsləhətçisi Annik Sebya Melsan iştirak edib.

 

 

AZƏRTAC

Read 21 times