XƏBƏR LENTİ

Çərşənbə axşamı, 09 May 2017 11:36

“ADA” Universitetinin məktəblilər arasında keçirdiyi ikinci ingilis dili olimpiadası başa çatıb

“ADA” Universitetinin Bakı məktəblərinin 10-11-ci sinif şagirdləri arasında keçirdiyi akademik məqsədlər üçün ikinci ingilis dili olimpiadası başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı mayın 8-də “ADA” Universitetində mükafatlandırılma mərasimi keçirilib.

“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal bildirib ki, fevralın 19-da universitetin təhsil fakültəsinin tərəfdaş məktəbi olan 132-134 nömrəli təhsil kompleksində keçirilən olimpiadanın birinci mərhələsinə Bakı şəhəri üzrə 236 məktəbdən 1.132 şagird qatılıb.  Ən yüksək nəticə göstərən 108 şagird “ADA” Universitetində keçirilən olimpiadanın ikinci mərhələsində iştirak edib. 

Məktəblilər arasında ingilis dili üzrə olimpiadanın keçirilməsinə ötən il “ADA” Universitetinin FOCUS tələbə klubunun təşəbbüsü kimi başlanıb. Bu il isə tədbir genişlənərək ingilisdilli Oksbric Akademiyası, Bakı şəhəri Təhsil İdarəsi və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Qeyd olunub ki, iştirakçılar olimpiadanın əsas mükafatı - “British Council” təşkilatından Böyük Britaniyanın Mançester şəhərində Berlitz İngilis Dili Məktəbində ikihəftəlik ingilis dili proqramı və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak uğrunda yarışıblar. Bu mükafatlar birinci yeri qazanan şagirdə təqdim olunacaq. Qalib şagird Berlitz Məktəbi tərəfindən təhsil müddətində Mançesterdə yerli ailədə yerləşdiriləcək. Proqrama Mançestr və London şəhərlərinə ekskursiya da daxildir. Olimpiadada ikinci yeri qazanan şagirdə Təhsildə İnnovativ Texnologiyalar Təlim Mərkəzindən noutbuk, üçüncü yerin sahibinə isə Təlim Mərkəzindən planşet təqdim olunacaq. Bundan əlavə onlar “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində  iştirak imkanı əldə edəcəklər.

Tədbirdə “British Council” təşkilatının direktoru Elizabet Uayt, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təmsilçisi Teymur Məmmədov, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova gənclərin ingilis dilini yüksək səviyyədə mənimsəmələri üçün bu layihənin böyük təkan olduğunu bildiriblər. “ADA” Universitetində tətbiq olunan yeniliklərin  Azərbaycan təhsili üçün önəmi qeyd edilib. 

“ADA” Universitetinin prorektoru Fariz İsmayılov qalibləri təbrik edib, uğurlar arzulayıb.

Sonda qaliblər mükafatlandırılıblar. Birinci yerə  212 nömrəli tam orta məktəbin şagirdı Fikrət Əmirbəyli layiq görülüb.  İkinci yeri “İstək” liseyinin şagirdi Fərhad Əzimzadə, üçüncü yeri isə Texniki Humanitar Liseyin şagirdi Nigar Həmidi tutublar.

 

 

AZƏRTAC

Read 59 times