XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:26

Qabaqcıl təhsil ocağı

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır.

Hazırda respublikamızda təhsilə yüksək səviyyədə dövlət qayğısının ifadəsi olan Təhsil İslahatı Proqramı uğurla həyata keçirilməkdədir. Bu islahatlar zamanın tələbinə uyğun olaraq təkmilləşdirilir, məzmunca daha da dolğunlaşır, təhsil alanlar və təhsil verənlər qarşısında daha böyük perspektivlər açır.

Hələ 2012-ci ildə qəbul olunmuş və ölkəmizin həyatının bütün sahələrdəki perspektivlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında da yeni təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi göstərilmişdir.

Göstərilən dövlət qayğısının nəticəsi olaraq təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim əməyinin stimullaşdırılması, təhsil işçilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi ölkənin tədris müəssisələrində uğurların getdikcə artmasına şərait yaratmışdır. Qədim Ərəş mahalı sayılan Ağdaş rayonunda da son bir neçə ildə təhsildə əldə edilən uğurlar göstərilən qayğıya pedaqoji işçilərin layiqli cavabı kimi qiymətləndirilməlidir. Bu günlərdə rayonda olarkən Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri, təcrübəli pedaqoq Hürü Əliyeva ilə görüşdük. Görülmüş işlərdən fərəhlə söhbət açan təhsil şöbəsinin rəhbəri rayonun əldə etdiyi uğurlarda bir sıra təhsil ocaqlarının gərgin əməyi olduğunu qeyd etdi. Tofiq İsmayılov adına 8 saylı tam orta məktəbin nailiyyətlərinin ilbəil artdığının xüsusi vurğulanması bizim məktəbin işi ilə daha yaxından tanış olmağımıza stimul verdi.

Məktəbin direktoru Fəridə Qasımova son illərdə əldə edilən nailiyyətlərdən söhbət açaraq bildirdi ki, Ağdaş şəhər 8 saylı tam orta məktəb 1990-cı ildən yeni istifadəyə verilmiş tədris korpusunda fəaliyyətini davam etdirir. Məktəbin binası 3 korpusdan ibarətdir, hazırda 2016-2017-ci tədris ilində məktəbdə 480 şagird təhsil alır. Dərslər 5 günlük iş həftəsi olmaqla 1 növbədə keçilir. Təhsil ocağında fizika, kimya, biologiya laboratoriyaları, şagirdlərin köməyi ilə dil-ədəbiyyat, tarix, riyaziyyat fənn kabinetləri 23798 nüsxə dərslik və bədii ədəbiyyatı olan kitabxana, internetlə təchiz edilmiş kompüter otağı, akt və idman zalları var. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 müəllim məşğul olur. Təbii ki, hər bir məktəbin təhsil sahəsində qazandığı nailiyyətin yekunu həmin təhsil ocağının məzunlarının ali məktəblərə qəbul olunmalarının faizi ilə ölçülür. Belə ki, 2015-2016-cı tədris ilində tam orta məktəbi bitirən 18 məzundan 14 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 11 nəfəri, yəni sənəd verənlərin 78.5 faizi ali məktəblərə qəbul olunmuşdur. Qeyd edim ki, buraxılış imtahanında da rayon üzrə məktəb yüksək nəticə qazanmış, THT təmayüllü gimnaziyadan sonra 2-ci yeri tutmuşdur. Eyni zamanda məktəb bu göstəriciyə təhsil sahəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəticəsində nail olmuşdur.

Hər ildə olduğu kimi, cari tədris ili ərzində şagirdlərin vətənpərvərlik tərbiyəsi ön plana çəkilmiş, bu məqsədlə I-IV siniflərdə “Torpaqdan pay olmaz”, V-VIII siniflərdə “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”, IX-XI siniflər cəlb olunmaqla, “ Vətənin müdafiəsinə hazıram” mövzularında tədbirlər keçirilmişdir. Xüsusilə il ərzində dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat, kimya-biologiya fənləri üzrə keçirilən silsilə tədbirlər şagirdlərin müxtəlif elmləri öyrənməyə, müstəqil araşdırmalar aparmağa həvəsini artırmaqla bərabər, həm də yüksək tərbiyəvi xarakter daşımışdır.

Ümumi orta təhsili əla qiymətlərlə bitirən 3 nəfər: Hacıyeva Ləman, Məmmədzadə İnci, Məmmədzadə Şəbnəm xüsusi nümunəli şəhadətnamə almışdır. Məktəbdə fənn kurikulumlarını uğurla tətbiq edən, İKT-dən bacarıqla istifadə edən elmi-metodiki hazırlığını durmadan artıran, rayon miqyasında tanınan müəllimlərə misal olaraq Zümrüd Məmmədzadəni, Maya Əhmədovanı, Rəsmiyə Quliyevanı və başqalarını göstərmək olar.

Məktəbimizin pedaqoji kollektivi qazanılan uğurlarla kifayətlənməyərək bundan sonra da gələcəyimiz olan şagirdlərin layiqli vətəndaş kimi yetişməsi üçün səylə çalışacaq.

İlham PƏNAHOV,

“Respublika”.

 

 

 

Read 61 times