XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:21

ADNSU-da Universitetlərarası əlaqələr genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rektor, prof. Mustafa Babanlı ilə Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi doktor Renying Li arasında görüş keçirilib. Rektor universitetdəki tədris sistemi və islahatlar barədə qonağa məlumat verib.

Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə əsas mövzu iki ali məktəb arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi olub. Tərəflər, həmçinin, çinli tələbələrin ADNSU-da təhsil alması üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırılmaların aparılması, universitet yataqxanasının tikilməsinə investisiya ayrılması kimi məsələləri də müzakirə ediblər. Görüşdə ADNSU professorlarının Şanxay Universitetində tədris prosesində iştirakına şərait yaradılması ilə bağlı razılıq əldə olunub.

Çin Xalq Respublikası ilə əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğun ifadə olunduğu görüşdə Renying Liyə ADNSU-nun Çində təmsilçisi olması barədə sertifikat verilib.

***

Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru, professor Akif Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları ADNSU-da görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetdə son vaxtlar görülən işlərdən danışıb. Universitetdə sərbəst işlərin təqdimatla əvəz olunduğunu bildirən rektor M.Babanlı bu təqdimatların tələbələrin buraxılış işlərinə uyğun olduğu üçün diplom müdafiəsində onların işini asanlaşdıracağını qeyd edib.

Görüşdə tərəflər arasında “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığının birgə yerinə yetirilməsi haqqında müqavilə imzalanıb. Müqavilədə ATU-da qeyd olunan 4 ixtisas üzrə təhsil alan tələbələrin bir semestr ADNSU-da təhsil almalarına şərait yaratmaq, ATU-da həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun attestasiyalarda ADNSU-nun professor-müəllim heyətinin iştirakını təmin etmək və başqa məsələlər öz əksini tapıb.

Sonda ADNSU və ATU rəhbərliyi gələcəkdə tələbə mübadiləsi, magistr və doktorantura pilləsində əməkdaşlıq, ATU-nun müəyyən kredit qazana bilməyən tələbələri üçün ADNSU-da yay semestrinin təşkil olunması, “Erasmus+” və “HORİZON 2020” kimi beynəlxalq layihələrdə birgə iştirak və s. istiqamətlərdə əməkdaşlıq müzakirə olunub.

Fransız-Azərbaycan

Universitetinin tələbələri ilə görüş

Ötən gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

UFAZ-ın azərbaycanlı gənclərin dünya standartlarına uyğun təhsil alması üçün əhəmiyyətini vurğulayan rektor, professor M.Babanlı Strasburq Universitetinin tədris proqramı əsasında keçirilən dərslərin tələbələrin peşəkar kadr kimi yetişmələri üçün gözəl  imkanlar açdığını bildirib. UFAZ-ın tələbələrinin yüksək biliyə sahib gənclər olduğunu qeyd edən rektor M.Babanlı burada tədris prosesinin Azərbaycan və Fransa tərəfindən əldə edilmiş razılaşmaya uyğun şəkildə, qarşılıqlı öhdəliklərə əməl olunmaqla təşkil olunduğunu söyləyib. Rektor M.Babanlı UFAZ-a direktor təyin olunmuş Vazeh Əsgərovu tələbələrə təqdim edərək onun təyinatı ilə UFAZ-da təhsil sisteminin daha da təkmilləşəcəyini qeyd edib.

Vazeh Əsgərov müstəqillikdən sonra Azərbaycan-Fransa qarşılıqlı əlaqələrinin inkişafı sayəsində tələbə mübadiləsinin artmasından danışıb.

Sonda rektor Mustafa Babanlı və Vazeh Əsgərov tələbələrin tədris sistemi, sosial fəaliyyət, imtahan prosesi, təqaüd, dərs qrafiki ilə bağlı suallarını cavablandırıb.

Ramiz YUSİFLİ,

“Respublika”. 

 

 

 

Read 56 times