XƏBƏR LENTİ

Çərşənbə, 14 Dekabr 2016 11:13

Naxçıvan Tibb Kollecinin uğurları

1931-ci ildə təməli qoyulmuş Naxçıvan Tibb Kolleci ilk vaxtlar cəmi iki fakültədən ibarət olmuşdur. Tibb bacısı və feldşerlikdən ibarət olan bu fakültələrdə cəmi 30-35 nəfər tələbə təhsil alırdı. Onların təhsili ilə cəmi 16 nəfər tibb işçisi məşğul olurdu. Bir tərəfdən kadr çatışmazlığı, başqa bir tərəfdən də xəstəliklər get-gedə artır, çoxalır və yayılırdı. Lakin tibb işçiləri bu çətinliklərdən qorxmayaraq gecəli-gündüzlü işləyir və öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirdilər.

Ömrünün 50 ilini Naxçıvan əhalisinin sağlamlığına həsr etmiş, hazırda təqaüddə olan Əkbər Əliyev qeyd edir ki, elə vaxtlar olurdu mən həm Culfa rayon əhalisi həm də Şahbuz rayon əhalisi arasında qızdırma xəstəliyinə, qarın yatalağına və insanlara əziyyət verən traxomaya qarşı gecəli-gündüzlü işləyir, heç vaxt da yorulmaq bilmirdim.
Müalicə üsullarından biri də ara həkimlərinin istifadə etdiyi xalq təbəbati yolu ilə müalicə idi. İsti qumdan, vulkanik palçıqdan, mineral maddələrdən geniş şəkildə istifadə olunurdu. El arasında buna dərmansız müalicə növü deyilirdi.
VIII əsrdən başlayaraq şərq təbabətinin banisi hesab edilən İbn Sina bitkilərin köklərindən, çiçəklərin yarpaqlarından şirələr, məlhəmlər hazırlayaraq çapıqları, sızanaqları, səpkiləri və qızartıları müalicə etməyə başladı ki, bu da el arasında “xalq təbabəti” adlandı.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Sovetlər dövründə belə əhəmiyyətli müalicə növünə qadağalar qoyulmuşdur. Bu qadağalara baxmayaraq, xalq belə müalicə üsuluna üstünlük vermiş və ondan geniş şəkildə istifadə etməyə başlamışlar.
Xalq təbabətinin inkişafı ilə yanaşı, yunan alimi Hippokrat tərəfindən tibb elminin yeni inkişaf dövrü başlamış və kimyəvi dərman vasitələrini tətbiq etməklə bir sıra xəstəlikləri müalicə etməyə başlamışlar və xalq təbabətindən fərqli olaraq, çətin sağalan xəstəlikləri isə ilk dəfə Hippokrat cərrahiyyə üsulunu tətbiq etmiş və andı meydana gətirmişdir ki, bu and həm Hippokrat andı, həm də tibbi and adlanır. Hippokrat andı həm orta ixtisas tibb müəssisələrində və ali tibb universitetlərində gənc tibb kadrlarına geniş izah edilir və ona işdə əməl etmək tövsiyə olunur. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra həyatımızın bütün sahələrində, elmdə, təhsildə mədəniyyətdə, səhiyyədə dirçəliş və inkişaf yeniləndi. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da tibb sahəsi də inkişaf etdirildi və ona ciddi diqqət və qayğı göstərildi.
Təkcə bir faktı göstərmək kifayətdir ki, ucqar dağ kəndlərimizdə belə müasir tələblərə cavab verən xəstəxana binaları, diaqnostika mərkəzləri, həkim-ambulator məntəqələri tikilib xalqın istifadəsinə verilmişdir. Yenilənmiş xəstəxana binaları, tibb məntəqələri xarici ölkələrdən alınmış avadanlıqlarla tam təchiz edilmişdir. Bütün bunların sayəsində də xəstələrə yüksək səviyyədə tibbi xidmətlər göstərilir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyəyə ciddi fikir verərək onun inkişafına maliyyə vəsaiti və başqa köməkliklər göstərmiş və onun inkişafına çalışmışdır.
Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafına ciddi səy göstərir, uğurlu layihələr həyata keçirir. Naxçıvan şəhərinin mərkəzində Mərkəzi xəstəxananın yenidən qurulması Almaniya, Türkiyə və Fransadan gətirilmiş avadanlıqlarla xəstəxananın təchiz edilməsi xalqımıza göstərdiyi qayğının parlaq nümunəsidir.
Naxçıvanda tibb kadrlarına olan təlabatı ödəmək məqsədilə hazırda kollecdə Müalicə işi, Tibb bacısının işi, Mamalıq işi, Ortopedil Stomotologiya, Əczaçılıq, Laboratoriya diaqnostikası, İdman və Müalicə Masaj, Hərbi Feldşer və başqa fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə 700-dən çox tələbə təhsil alır. Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin təlim tərbiyəsi ilə məşğul olan təcrübəli həkimlərdən Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmiş Səbinə Seyyadova, təcrübəli həkimlərdən Şölə Süleymanova, Maral Həsənova, Şəfiqə Qasımova, Zəminə İsmayılova, Dezdemona Abdullayeva, cərrah Etibar Bababəyli, müəllimlərdən Xanım Kazımova, Xalidə Baxşıyeva, Aynurə Əliyeva, Əntiqə Qasımova və başqaları öz bilik və təcrübələrini səylə tələbələrə öyrədirlər. Buna görədir ki, tələbələr tibb elminin sirlərinə dərindən yiyələnir və müəllimlərin, həkimlərin sevimlisinə çevrilirlər. Belə tələbələrdən Mirkamal Seyidlini, Zinyət Məmmədovanı, Aysel Bayramzadəni, Humay Məmmədovanı, Əjdər Şükürovu, Zeynəb Salmanovanı, Yasimə Eyvazovanı, Təhminə Əhmədovanı, Zəhra Əsədovanı və başqalarını göstərmək olar.
Kolleci qurtaran tələbələr Muxtar Respublikanın Şahbuz, Culfa, Ordubad, Şərur, Babək, Kəngərlidə və başqa rayonların xəstəxanalarında, əczəxanalarında işləyir və xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərirlər.
Müasir binada yerləşən Tibb Kollecində yaradılmış bütün fənlər üzrə kabinələr, laboratoriya, Heydər Əliyev siyasi kabinəsi, tibbə aid ədəbiyyatla təchiz edilmişdir. Bütün bu şəraitin yaradılmasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kollecə göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etməliyik. Ümumiyyətlə, Muxtar Respublikanın rəhbərliyi gənc kadrların hazırlanmasına hər cür şərait yaratmışdır.
Kollecin geniş, işıqlı idman zalı vardır. Gənclər burada voleybol, basketbol, şahmat və stolüstü oyunlarla məşğul olur, rayonlararası Respublika yarışlarında iştirak edir və layiqli yerlərə sahib olurlar.
Muxtar Respublikanın Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi kolleci həmişə diqqət mərkəzində saxlayır, qardaş Türkiyə ilə bağladıqları müqavilələrə əsasən tələbələr İstanbulun mərkəzi xəstəxanalarında təcrübə keçirlər. Bu da nəzəri biliklərin təcrübədə möhkəmlənməsində mühüm rol oynayır. Tələbələrimiz tibb elminin sirlərinə dərindən bələd olur, xəstələrə nümunəvi xidmət göstərmək üçün əsl fədakarlıqla çalışırlar.
Respublika rəhbərliyinin, eləcə də Muxtar Respublika rəhbərliyinin göstərdikləri diqqət və qayğıya cavab olaraq biz də öz növbəmizdə əhalinin sağlamlığı keşiyində dayanan layiqli kadrlar hazırlamaq üçün əlimizdən gələn köməkliyi sərf edəcək, xalqımıza, dövlətimizə layiqli vətənpərvər kadrlar yetişdirməkdə bundan sonra da var qüvvəmizi, bilik və bacarığımızı sərf edəcəyik.
Qadir HƏSƏNLİ,
kollecin fəlsəfə və tarix müəllimi,
Azərbaycanın əməkdar təbliğatçısı.

 

 

 

Read 86 times