XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:15

Fədakar ixtiraçı alim

Hümbətəliyev Rövşən Zülfüqar oğlu 1970-ci il noyabrın 6-da füsünkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində fəhlə ailəsində anadan olub. Ayağı yer tutandan adı dillərdə dastan olan, əməlləri ilə ölməzlik qazanan Qaçaq Nəbinin ayaq basdığı hər bir yeri qarış-qarış gəzmiş, nənə və babalardan soykök bağlılığı olduğu Nəbinin qəhrəmanlığı haqqında eşitdiyi nəğmələrin ab-havası ilə böyümüş, xalqına, vətəninə bağlı vətəndaş kimi ləyaqətlə boya-başa çatmışdır. 

Orta təhsilinə doğma kəndində başlayan Rövşən 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Sumqayıt şəhərində davam etdirərək, 1987-ci ildə Sumqayıt şəhər 12 saylı məktəbi fərqlənmə attestatı ilə başa vurmuşdur. Hələ orta məktəbdə oxuduğu vaxtlarda o, orta məktəb proqramı ilə kifayətlənmir, ali məktəb səviyyəli tədqiqatlarla maraqlanır, müəllimlərinin nəzər-diqqətini cəlb edirdi. Bu sahədə ona ilk yardımçı olan riyaziyyat müəllimi, o dövr üçün respublikada tədrisdə novatorluğa görə Krupskaya medalçısı Yaqub Bünyadov olmuşdur. Rövşən dəfələrlə şəhər və respublikada riyaziyyat və fizika üzrə olimpiadaların qalibi olmuşdur. Böyük arzular sorağı ilə böyüyən gənc daha ali təhsil almaq üçün Sankt-Peterburq (Leninqrad) şəhərini seçir.
1987-1990-cı illərdə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır. Lakin Sumqayıt hadisələri və milli münaqişə ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyaraq respublikaya qayıdır. 1990-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir. 1996-cı ildə oranı “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş, görkəmli riyaziyyatçı alim, elm sahəsində öz dəst-xətti olan, professor S.S.Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə “Bir sinif dördtərtibli operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsində elmi işçi, 2002-2004-cü illərdə böyük elmi işçi, 2004-2012-ci illər arasında həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 2013-cü ildə professor S.S.Mirzəyevin məsləhətçisi olduğu, AMEA-nın müxbir üzvü Y.Ə.Məmmədovun və Rusiya Elmlər Akademiyasının müxbir üzvü A.V.İliyinin oponenti olduğu Diferensial tənliklər ixtisası üzrə “Yüksəktərtibli operator-diferensial tənliklər və bəzi spektral məsələlər” adlı doktorluq dissertasiyanı müdafiə edərək riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. O, dəfələrlə xaricdə və respublikada keçirilən bir çox Beynəlxalq simpoziumlarda məruzələr ilə çıxış etmiş, 83 elmi məqalənin (o cümlədən bu məqalələrin 35-i xaricdə nüfuzlu jurnallarda), iki monoqrafiya, universitetlər üçün 10 dərslik və beş proqramın müəllifidir. Bir çox beynəlxalq nüfuzlu jurnallarda çap edilən məqalələrdə aldığı nəticələrə istinadlar var.
2012-ci ilin mart ayından gənc alim elmi axtarışları ilə yanaşı, pedaqoji fəaliyyətə başlayır. O, ilk olaraq Azərbaycan Kooperasiya Universitetinin Tətbiqi riyaziyyat kafedrasında dosent, 2014-cü ilin noyabr ayından isə professor vəzifəsində işləmişdir. 2016-cı ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasında işləyir. O özünün elmi biliklərini gənc nəslə həvəslə öyrədir və magistrlərə müvəffəqiyyətlə rəhbərlik edir. Qeyd edək ki, Rövşən müəllimin elmi tədqiqatları nəinki respublikamızda, eyni zamanda xaricdə də yüksək qiymətləndirilir. Qısa müddətdə pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq, artıq o xaricdə fəaliyyət göstərən elmi və pedaqoji akademiyaların diqqətini özünə cəlb etmişdir. Belə ki, onu 2015-ci ilin may ayında Rusiya Beynəlxalq Pedaqoji Akademiyasının müxbir üzvü, 2015-ci ilin noyabr ayında Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2016-cı ilin iyul ayında isə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçiblər. Rövşən müəllimin əldə etdiyi nəticələr Avropa Elmin İnkişafı Mərkəzinin də diqqətini cəlb etmişdir. 2016-cı ilin sentyabr ayında elm sahəsində əldə etdiyi nəticələrə görə Avropa Elmin İnkişaf Mərkəzi və Rusiya Təbiət Elmləri Akademiyasının birgə təsis etdikləri M.V.Lomonosov adına qızıl medalına, “Ekaterina Velikiy” (elm və mariflənməyə xidmətə görə) ordeninə və Rusiyanın “Əməkdar elm və texnika xadimi” adına, pedaqoji sahədə xidmətlərinə görə K.Uşinski adına qızıl medala, noyabr ayında elm sahəsində əldə etdiyi nəticələrə və onların tətbiqi xarakterini nəzərə alaraq Avropa Elmin İnkişaf Mərkəzi onu bu dəfə riyaziyyat və fizika-texnika sahəsində etdiyi xidmətlərə görə “İsaak Nyuton” və “Vilihelm Leybnis” qızıl medallarına, “Aleksand Velikiy” (Elmi qələbə və nailiyyətlərə görə) ordeninə, ali təhsil sahəsində etdiyi yeniliklərə görə “Avropada keyfiyyət” və “Təhsildə novatorluq” qızıl medallarına layiq görülmüşdür. Əldə etdiyi müvəffəqiyyətlərə baxmayaraq, gənc istedad öz elmi və pedaqoji fəaliyyətini davam etdirir, aldığı yeni elmi nəticələri respublikadan kənarda nüfuzlu jurnallarda çap etdirir, beynəlxalq konfranslarda respublikamızı layiqincə təmsil edir.
2013-cü ildən Beynəlxalq “Caspian Journal of Aplied Mathematics, Economy and Ecology” jurnalının redaksiya heyətinin üzvüdür.
Qeyd etmək yerinə düşər ki, R.Z.Hümbətəliyev Zəngəzurda min bir əzabla ilk dünyəvi məktəb açan böyük mütəfəkkir Həsən bəy Sultanovun davamçısı kimi öz biliklərini azərbaycanlı tələbələrə inamla öyrədir. İnanırıq ki, dünya şöhrətli elm xadimi R.Z.Hümbətəliyev öz böyük zəhməti ilə dünya riyaziyyat elminə yeni töhfələr verəcəkdir.
Əhməd ƏSƏDLİ,
Yaşar HƏMİDOV.

 

 

 

Read 64 times