XƏBƏR LENTİ

Şənbə, 10 Dekabr 2016 10:45

ADNSU-da Tələbələrin 65-ci Elmi-Texniki Konfransı

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası müstəqilliyinin 25 illiyinə həsr olunan Tələbələrin 65-ci Elmi-Texniki Konfransı öz işinə başlayıb. Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr və fəxri qonaq qismində Tekoplast şirkətinin təsisçisi, t. e. d, dosent Fuad Nəbiyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizin müstəqilliyinin bərpası və bu müstəqilliyin dönməz və əbədi olması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Rektor M.Babanlı min bir zəhmətlə qazanılan müstəqilliyə tələbələrin də töhfə verməli olduğunu, bu məqsədlə ali təhsil ocaqlarında elm tutumlu tədrisin aparılmasının əhəmiyyətini qeyd edib.

“Bunun üçün tələbələr nəzəri biliklərlə yanaşı həm də müasir texniki təcrübədən faydalana bilər. Yalnız belə olan təqdirdə yüksək inkişafa nail olmaq mümkündür. Qeyd edim ki, ötən ilki konfransda qarşımıza qoyduğumuz məqsədlərin bir çoxuna artıq bu il nail olmuşuq. Əsas məqsədimiz isə elmi biliklərin təcrübədə tətbiq olunmasıdır” - deyə rektor, professor M.Babanlı bildirib. O, 2005-ci ildə “Thomson Reuters” kimi nüfuzlu elmi jurnalda ali məktəbin müəllimlərinin 5 məqaləsinin dərc edildiyi halda, 2016-cı ilin 10 ayı ərzində belə məqalələrin sayının 46-ya çatdığını qeyd edib. Rektor M.Babanlı bunu böyük uğur adlandırıb.

M.Babanlı tələbələrə ölkə iqtisadiyyatının ehtiyaclarına uyğun təhsil verilməsinin ən vacib məsələ olduğunu, ali məktəbdə təhsil alan magistrantların 80%-nin işlə təmin edildiyini qeyd edərək əsas ideyanın ADNSU məzunları üçün universitetin özünün nəzdində müəssisə yaradıb onları orada işə cəlb etmək olduğunu vurğulayıb. “Bu həm gənclərin işlə təmin olunması, həm də yeniliklərin tətbiqi baxımından əhəmiyyətli ideyadır” - deyə rektor qeyd edib.

Tekoplast şirkətinin təsisçisi, t. e. d, dosent F.Nəbiyev istehsalat nümayəndələrinin belə bir konfransa qatılmasını universitetin elmi-texniki sahədəki inkişafının göstəricilərindən biri adlandırıb. “Hazırda ADNSU ilə bir neçə layihə həyata keçiririk. Ümid edirəm ki, bu konfransda daha geniş tematik mövzularda elmi mülahizələr olacaq. Fikrimcə, istehsalatla elmin vəhdətini qura bilsək daha geniş və əhəmiyyətli işlər görmüş olarıq. Məncə bu konfrans bizim gələcək layihələrimiz üçün əsas baza olacaq” - deyə F.Nəbiyev bildirib.

Konfransda Kimya Texnologiyaları fakültəsinin dekanı, dosent Fəttah Həşimov, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov, Neft-mexanika fakültəsinin tələbəsi Qurban Məmmədov, Kimya texnologiysı fakültəsinin tələbəsi Əli Qasımov çıxış edərək 65-ci Elmi-Texniki Konfransın əhəmiyyətini vurğulayıblar. Sonda Tələbə Elmi Şurasının sədri, dosent Yunis Qəhrəmanov konfransın gedişi haqqında məlumat verib. O qeyd edib ki, ADNSU-nin tələbələrinin hər il keçirilən ənənəvi elmi-texniki konfransının əsas məqsədi bacarıqlı və savadlı tələbələrin aşkar olunması və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır. Y.Qəhrəmanov həmçinin qeyd edib ki, konfransa 9 bölmə üzrə 240 məruzə təqdim olunub. Tələbələri fərqləndirmək və onları mükafatlandırmaq üçün müstəqil münsiflər qrupu yaradılıb. I, II və III yerlər üzrə qaliblərə müvafiq diplomlar, 7 nəfərə isə həvəsləndirici makafatların təqdim olunması nəzərdə tutulub. 65-ci Elmi-Texniki Konfransın bağlanış mərasimi dekabrın 13-də keçiriləcək.

 

T.ƏBDÜLHƏSƏNLİ,

“Respublika”.

 

 

 

Read 40 times