XƏBƏR LENTİ

Cümə axşamı, 08 Dekabr 2016 10:43

Nümunəvi təhsil müəllimin yaradıcı əməyindən asılıdır

Pedaqoji kollektivlərimiz hər il olduğu kimi, 2016-2017-ci dərs ilinə də ruh yüksəkliyi ilə başlamış, keyfiyyətli təhsil uğrunda yaradıcılıq imkanlarını səfərbərliyə almışlar. Hər şeydən əvvəl onu deyim ki, təlim-tərbiyənin səviyyəsini yüksəltmək indi müəllimin qarşısında duran ən əsas məsələdir.

Məktəblərin maddi-texniki bazası son illərdə xeyli möhkəmlənmişdir. Təhsil ocaqları müasir avadanlıqlarla təmin olunmuş, ehtiyac olan yerlərə ixtisaslı kadrlar göndərilmiş, dərsliklər şagirdlərə vaxtında çatdırılmışdır. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində məktəblərin və digər təlim-tərbiyə müəssisələrinin siması dəyişmiş, yeni məktəb binaları tikilib istifadəyə verilmiş, əsaslı təmir işləri aparılmışdır. Təkcə bunu demək kifayətdir ki, son illərdə rayonumuzda müasir standartlara cavab verən 37 yeni məktəb binası və əlavə sinif otaqları tikilb istifadəyə verilmişdir ki, bu da həmin məktəblərdə 10 mindən çox şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır.

İmkandan istifadə edib yola saldığımız dərs ilində əldə olunan bir sıra uğurlardan danışmaq istəyirəm. Keçən dərs ilində rayonda 58 ümumtəhsil məktəbi - 43 tam orta, 13 ümumi orta, 2 ibtidai məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Məktəblərdə təhsil alan 14.700 nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə 1600-dən çox müəllim məşğul olmuşdur. Rayonda nümunəvi müəllim kimi tanınan iş yoldaşlarımızın əməyi yüksək qiymətləndirilmişdir. 18 nəfər qabaqcıl müəllim və təhsil işçisi müxtəlif fəxri adlar almışdır. Ölkə Prezidentinin sərəncamı ilə 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov “Tərəqqi” medalına layiq görülmüşdür.

Təhsildə qazandığımız uğurlardan danışarkən şagirdlərin vətənpərvərlik, Heydər Əliyev ideyalarına sədaqət ruhunda tərbiyə olunmalarından xüsusi danışmaq istəyirəm. Rayon məktəbliləri Təhsil Nazirliyinin xətti ilə ulu öndərin 93 illiyi yubileyinə həsr olunmuş respublika rəsm müsabiqəsinin, gənc ifaçıların ikinci respublika müsabiqəsinin rayon və zona mərhələlərində müvəffəqiyyətlə iştirak edərək respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar. Ulu öndərin yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin tərtib etdikləri plana əsasən məktəblərimizdə ədəbi-bədii gecələr, şeir müsabiqələri, “dəyirmi masa”lar və müxtəlif idman yarışları keçirilmişdir.

Rayonumuzda “Bayraq muzeyi”, Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir ki, şagirdlərimiz bu muzeyləri ziyarət edib müstəqil respublikamızın keçdiyi şərəfli yolu daha dərindən öyrənmək imkanı qazanırlar.

Məktəblərdə aparılan təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltmək sahəsində əldə olunan uğurların nəticəsidir ki, rayon məktəbliləri respublikada keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqələrdə, bilik yarışlarında, fənn olimpiadalarında yaxından iştirak edib yüksək yerlər tuturlar. Mollakənd, Yenikənd, Ərşəli, Garisəyribənd, Dəyirmanlı və başqa kənd məktəblərinin şagirdləri adı çəkilən yarışlarda rayonumuzu ləyaqətlə təmsil etmişlər. Bu ilin mart ayında rayonumuzun 40 nəfər məktəblisi “Vətənimizi tanıyaq” layihəsi ilə əlaqədar respublikamızın 3 rayonuna səfər etmişlər.

Məlum olduğu kimi, təhsil ocaqlarında fəaliyyətin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrlə ölçülür. 2016-cı ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 979 nəfər məzundan 508 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, onlardan birinci mərhələnin yekunlarına əsasən 172 nəfər (əvvəlki illərlə bir yerdə 205 nəfər) ali məktəblərə, 64 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Onlardan 37 nəfəri 500 baldan, o cümlədən 10 nəfəri 600 baldan çox, 1 nəfər isə 700 bal toplayaraq Kürdəmir təhsilində ilk dəfə ən yüksək nəticə göstərmişdir. 700 ballıq nəticə göstərən Təbruz Nazim oğlu Qasımov Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə, Gilə Mübariz qızı Məmmədli isə 685 balla Azərbaycan Tibb Universtitetinə qəbul olunmuşdur. Hər iki tələbə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşlər.

Əlbəttə, biz, təlim-tərbiyə işində əldə etdiyimiz bütün uğurlara görə ilk növbədə ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçımıza minnətdar olmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, məktəblərin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir. Yeni dərs ilində şagirdlərimiz pulsuz dərsliklərlə təmin olunmuş, müəllimlər üçün metodiki vəsaitlər gətirilərək kitabxanalara verilmişdir. 2016-2017-ci dərs ilində rayonun 36 ümumtəhsil məktəbində 50 məktəbəhazırlıq kursu açılmış, həmin qruplarda min nəfərə yaxın uşağın təhsillə əhatə olunması təmin edilmişdir.

Bütün bunlarla yanaşı, bir sıra problemlərimiz var ki, onlar təhsil sahəsində işlərin normal gedişinə maneçilik törədir. Rayonun bir sıra kəndlərində, o cümlədən, Sovla, Məhərrəmli, Bağman, Təklə, Ərəbxana və digər kəndlərdə məktəblər qəzalı vəziyyətdə olmaqla 13 məktəb isə uyğunlaşdırılmış binada fəaliyyət göstərdiyinə görə həmin məktəblərdə tədris prosesinin təşkilində çətinliklər yaranır.

Bütün bu çətinliklər şübhə yoxdur ki, tezliklə aradan qaldırılacaq, təhsil sahəsində İslahat Proqramının tələblərindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Mətləb ALLAHVERDİYEV,

Kürdəmir Rayon Təhsil

Şöbəsinin müdir əvəzi. 

 

 

 

Read 16 times