XƏBƏR LENTİ

Çərşənbə, 07 Dekabr 2016 04:05

“Təhsildə İKT və informasiya mədəniyyəti”

Azərbaycan Respublikasının əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi, Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. İnstitutun Elmi Şurasının qərarı ilə vəsait bütün kateqoriyalardan olan təhsil işçiləri üçün nəzərdə tutulur.

Vəsaitdə informasiya-kommunikasiya texnologiyaları (İKT) və informasiya mədəniyyətinin formalaşması məsələləri, sosial şəbəkələr və onların həyatımızda rolu, təhsil prosesində bu imkanlardan istifadəyə geniş yer verilir. Burada onlayn mühitin sakinləri - netizenlərin davranış qaydaları, yəni etiket məsələləri də ayrıca təqdim olunur.

Ayrıca olaraq təhsil prosesində İKT-dən istifadə etməklə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması təhlil edilir, onlayn xidmətlərlə bağlı gərəkli bilgilər təqdim olunur.

Qeyd edək ki, bu metodik vəsait Almaz Həsrətin ilk belə nəşri deyil. O, buna qədər orta məktəblərin VII, VIII, X və XI sinifləri üçün “Biologiya” dərsliklərinin, həmçinin geniş həcmli biologiya lüğətinin həmmüəlliflərindəndir.

Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap edilib.

B.BƏYBALAYEV,

“Respublika”. 

 

 

 

Read 69 times