XƏBƏR LENTİ

Şənbə, 03 Dekabr 2016 08:44

İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı ilə Çikaqodakı İllinoys Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında İllinoys Universitetinin (Çikaqo) nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə MDTU-nun Bakı filialının rektoru, professor Əziz Əliyev, İllinoys Universitetinin səhiyyə məsələləri üzrə vitse-kansleri, doktor Robert Bariş, Oftalmologiya şöbəsinin rəhbəri, professor Mark Rozenblatt, Stereotaksik və funksional neyrocərrahiyyə şöbəsinin rəhbəri, professor Konstantin Slavin iştirak ediblər.

MDTU-nun Bakı filialının rektoru, professor Əziz Əliyev bu ali məktəbin yaradılmasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında, habelə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Rusiya ali məktəbinin bu filialı Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, habelə bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək məqsədilə yaradılıb. Bakı filialında 31.05.01 “Müalicə işi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu il birinci kursa 125 tələbə daxil olub. Filialın iki kursunda təhsil alan tələbələrin ümumi sayı 225 nəfərdir.

Rektor Ə.Əliyev vurğulayıb ki, Rusiya Tibb  Universitetinin Bakı filialı Rusiya, ABŞ və Almaniyanın aparıcı klinikaları ilə, habelə Azərbaycanın aparıcı tibb müəssisələri ilə kontraktlar bağlayıb. Məsələn, bu il sentyabr ayında M.D.Anderson adına Amerika Onkoloji Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin sənədə əsasən, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının tələbələri M.D.Anderson adına Onkoloji Mərkəzdə kilinik ixtisaslar üzrə praktiki rotasiyalar keçə biləcəklər.

Çikaqodakı İllinoys Universitetinin (UİC) səhiyyə məsələləri üzrə vitse-kansleri qeyd edib ki, UİC Çikaqonun ən böyük universitetidir. İllinoys ştatı tərəfindən maliyyələşdirilən bu ali məktəb “University of İllinois system” şəbəkəsinə daxil olan üç universitetdən biridir. Hər il bu ali məktəbə 28 minə qədər tələbə daxil olur. Universitet xüsusən təbabət sahəsində məşhur elmi mərkəzdir.

Görüşdə iki universitet arasında sıx əməkdaşlıq qurulması məsələləri müzakirə edilib, vurğulanıb ki, bu əməkdaşlıq gələcəkdə tələbələrin birgə klinik tədqiqatlar aparmasına, İllinoys Universitetinin klinikalarında praktiki rotasiyalar keçməsinə imkan verəcək.

AZƏRTAC

 

 

 

Read 33 times