XƏBƏR LENTİ

Cümə, 02 Dekabr 2016 22:16

Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına ikili diplomlar təqdim edilib

Dekabrın 1-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürzburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına ikili diplomun verilməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Vürzburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov iki ali məktəb arasında səmərəli əməkdaşlıqdan danışıb. Rektor 2011-ci ilin sentyabrından BDU-da Avropa hüququ ixtisası üzrə yeni magistratura proqramının fəaliyyət göstərdiyini, onun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, bu ixtisas üzrə tədris ingilis və alman dillərində keçirilir. Alman tərəfi  bu proqramda iştirak edən tələbələr üçün Bakıda intensiv alman dili kursları, Almaniyada isə təcrübə təşkil edir. BDU-nun müəllimləri tədqiqatlarla bağlı Vürzburqa səfər edir, almaniyalı professorlar isə BDU-da mühazirə oxuyur, eyni zamanda, bir neçə tələbə təhsilinin müəyyən hissəsini Vürzburqda alır.

Proqramın əhəmiyyətindən söz açan E.Paxen layihənin reallaşdırılması üçün maliyyə dəstəyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən ayrıldığını bildirib. Professor məzunların ölkələrarası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilməsi prosesindən və uğurlu nəticələrindən danışıb. Bildirilib ki, bu proqramın artıq üç buraxılışı olub və 18 nəfər məzuna ikili diplom təqdim edilib. Bu gün daha beş məzuna ikili diplomlar təqdim ediləcək və bununla məzunların sayı 23 nəfərə çatacaq.

Sonra proqramın növbəti məzunlarına ikili diplomlar təqdim edilib.

 

AZƏRTAC

 

 

 

Read 19 times