XƏBƏR LENTİ

Çərşənbə axşamı, 22 Noyabr 2016 08:10

UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Şahin Bayramovun İsveçrədə dərc olunan “Diva İnternational” jurnalının rəsmi saytında “Azərbaycan ali təhsilində elit qruplar” adlı məqaləsi dərc olunub.

UNEC prorektorunun məqaləsi Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olan SABAH qrupları layihəsinin təhlilinə həsr olunub. Ş.Bayramov məqalədə SABAH layihəsini Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) timsalında araşdırıb. Müəllif SABAH qruplarının UNEC-in ümumi fəaliyyətinə müsbət təsirlərini ali təhsil müəssisələrinin idarə edilməsi nəzəriyyələri arasında mühüm yer tutan Metyu Effekti (Matthew Effect) konsepsiyasını tətbiq etməklə nəzərdən keçirib.

O, SABAH tələbələrinin üçdə birinə ev sahibliyi edən və sırf iqtisad və biznes yönümlü universitet olan UNEC-in ilk iki il ərzində layihədən əhəmiyyətli faydalar əldə etdiyini vurğulayıb.

Elit qrupların idarə edilməsi məsələsinə toxunan müəllif SABAH-ın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən koordinasiya olunan vahid idarəetmə modelinə malik olduğunu bildirir. O, qeyd edir ki, Təhsil Nazirliyi ev sahibliyi edən universitetlərə birbaşa akademik, texniki və maliyyə dəstəyi göstərir. Bu baxımdan, layihə ilk olaraq, ali təhsil müəssisələrində (ATM) akademik idarəçilik və tədris proqramlarının inkişafı ilə bağlı bürokratiyanı əhəmiyyətli azaldıb. Digər tərəfdən, SABAH qrupları xətti ilə universitetlər əlavə maliyyə dəstəyi əldə etmiş olurlar.

UNEC-də SABAH tələbələrinin sayını diqqətə çatdıran müəllif yazır: “UNEC-in SABAH qruplarına qəbul ilk iki il buraya böyük marağın olduğunu göstərdi. Nəticədə, başqa universitetlərdə təhsil alan 100-dən çox tələbə UNEC tələbəsi oldu. Həm dövlət, həm də özəl ATM-dən istedadlı və perspektivli tələbələrin cəlb olunması üçün effektiv metod olmaqla yanaşı, SABAH Azərbaycan ali təhsilinin “milli brendi”nə çevrilib. Bu qruplara ən istedadlı tələbələrin cəlb olunması “bumeranq” mexanizmi kimi çalışır. Belə ki, SABAH-la bağlı seçim imkanları və tələblərin artırılması nəticədə tədris prosesinin və tələbələrin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır”.

Məqalədə UNEC-in SABAH qruplarında tədris prosesinin Harvard, Oksford, LSE və UPenn kimi qabaqcıl universitetlərin təcrübəsinə və tədris proqramına əsaslanması qeyd olunur. Demək olar ki, bütün dərslər ingilis dilində tədris olunur. Tədris və idarə heyəti mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən koordinasiya olunur. Tədris heyəti əsasən, UNEC-in və başqa universitetlərin qərb təhsilli (ABŞ, Birləşmiş Krallıq, Kanada və s.) gənc müəllimlərindən ibarətdir. Eyni zamanda, bir sıra iqtisadçı ekspertlər və praktiki mütəxəssislər tədrisə cəlb olunublar. SABAH-ın mahiyyəti və missiyasına uyğun olaraq, yüksək akademik və ixtisaslaşma tələbləri baxımından UNEC SABAH qruplarında dərs demək asan deyildir. SABAH dərslərini aparmaq müvafiq ixtisas üzrə mükəmməl bilik və vərdişlərə malik olmaq, akademik mühitdə yüksək nüfuza malik olmaq deməkdir. Bu baxımdan, UNEC qabaqcıl xarici universitetlərdən tanınmış professorların da cəlbinə mühüm diqqət yetirir. Layihənin ilk iki ili ərzində 10-dan artıq xarici professor SABAH qruplarında dərs deyib. UNEC SABAH qruplarına dəvət olunan professorların digər fakültələrdə oxuyan tələbələr üçün də mühazirələr oxumasını təşkil edir.

Ş.Bayramov UNEC-in SABAH qruplarına biznes dünyasının da böyük maraq göstərdiyini önə çəkib. İki bank, bir sığorta şirkəti və bir dövlət komitəsinin dəstəyi ilə universitetdə xüsusi laboratoriyaların yaradıldığını bildirib. SABAH tələbələri burada praktiki təlimlərə cəlb olunurlar. Şirkətlərin mütəxəssisləri həmin laboratoriyalarda mütəmadi seminarlar təşkil edirlər. Müəllif SABAH-ın universitet-biznes əməkdaşlığının inkişafına töhfəsini tələbələr üçün yeni təcrübə imkanlarının yaranmasına və tədris proqramının məzmununun təkmilləşməsinə gətirib çıxarması ilə əsaslandırır.

Nəticə olaraq, alim UNEC-in milli və regional səviyyədə nüfuzunun artmasında, dünya universitetlərinin “Webometrics” reytinq sıralamasında mövqeyinin yaxşılaşmasında və bütövlükdə universitetdə tədrisin keyfiyyətinin yüksəlməsində SABAH layihəsinin mühüm rol oynaması qənaətinə gəlir. 

 

 

 

Read 28 times