XƏBƏR LENTİ

Çərşənbə axşamı, 08 Noyabr 2016 14:04

Görkəmli dilçi alim

O, üzü gələcəyə gedir... O, çətin, əziyyətli yolun yorulmaz yolçusudur...

Üzü gələcəyə, sabaha üz tutan bu yol adamı görkəmli dilçi-alim İsmayıl Məmmədlidir.

Təbiətcə yumşaq olan bu həyat adamı bir az dağlara... elə bütünlükdə torpağın dərinliklərinə işləmiş köklü-budaqlı ağaca bənzəyir. Həssaslığı, düzlüyü, təmizliyi müəllim təbiətindən irəli gəlir.

 

İsmayıl müəllim göz açdığı Gədəbəy yurduna çox bağlıdır. Torpağından güc aldığı bu qədim diyarın şəhd-şirəsini, gözəlliyini ruhunda yaşadır. Sularından saflıq, dağlarından qürur və əyilməzlik, müdriklərindən sadəlik və aqillik əxz edib, ocağından od alıb.

İsmayıl Oruc oğlu Məmmədli 1946-cı il noyabr ayının 15-də Basarkeçər rayonunun Sədanaxaç (sonradan kəndin adı Güney olmuşdur) kəndində Aşıq Oruc Vəli oğlu Əhmədovun və Züleyxa ananın ailəsində doğulmuşdur. Aşıq Oruc Göyçənin Yarpızlı kəndindən idi. 1948-1953-cü illərdə o vaxt könüllü köçürülmə adı ilə deportasiya olunanlarla birgə ailələri Ermənistandan Şimali Azərbaycana gəlmiş, Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. İsmayıl Məmmədli 1952-1956-cı illərdə Göyçənin Güney kəndində ibtidai təhsil almış, 1952-1962-ci illərdə Zəhmət kənd orta məktəbində oxumuşdur. 1962-1967-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun alman-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyası Baş redaksiyasında əvvəlcə transkripsiyaçı-redaktor, sonra böyük elmi redaktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani şöbəsinin aspiranturasında oxumuş, 1974-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

İsmayıl Məmmədli 45 ildən artıqdır ki, bütün qüvvə və bacarığını ana dilimizin tədqiqi, tədrisi və təbliği işinə, elmi və pedaqoji kadrların hazırlanmasına həsr etmişdir. Bu illər ərzində o, elmdə və ictimai həyatda şərəfli bir yol keçmişdir.

İsmayıl Məmmədli 1993-cü ildə “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ictimai elmlər sahəsində, xüsusən də filologiya sahəsində müstəqil Azərbaycan Respublikasında ilk milli elmlər doktoru alimlik dərəcəsi almışdır. İ.Məmmədli 1974-1980-ci illərdə Dilçilik İnstitutunda kiçik elmi işçi, 1980-1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.

O, Azərbaycan dilinin leksikologiyası və leksikoqrafiyasi problemlərinin araşdırılması sahəsində çalışır. İ.Məmmədlinin “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Frazeologiya və məcazlar lüğətləri”nin tərtibi işində apardığı tədqiqatları böyük elmi əhəmiyyət kəsb edir.

İ.Məmmədlinin əsas tədqiqatları Azərbaycan dilçiliyində, eləcə də türkologiya sahəsində mühüm və aktual olan bir problemin - sahə leksikaları içərisində qədimliyi, zənginliyi, milliliyi, məhsuldar sözyaratma və üslubi imkanları ilə seçilən etnoqrafik leksikanın öyrənilməsinə həsr olunmuşdur. O, ilk dəfə olaraq sahə leksikaları üzrə monoqrafik yolla araşdırmalar aparmış, Azərbaycan dilçiliyində ilkin və orijinal təsnifat vermiş, etnoqrafik leksika əsasında söz yaradıcılığının aparıcı mövqeyini aşkar etmiş, tematik, struktur-semantik, funksional-üslubi, sinxron, habelə etnik-kulturoloji-tarixi planda linqvistik təhlillər aparmışdır.

İ.Məmmədlinin tədqiqatları Azərbaycan dilçiliyinin üslubiyyat, lüğətçilik, onomalogiya, etnoqrafik dilçilik, şifahi dil kimi ən aktual sahələri, tətbiqi dilçilik məsələlərini əhatə edir. O, “Azərbaycan dilinin etnoqrafik leksikası” mövzusunda tədqiqat əsəri ilə Azərbaycan xalqının soykökü, qədim maddi və mənəvi mədəniyyəti, habelə ana dilimizin zəngin söz yaradıcılığı ilə bağlı problemləri dərindən araşdırmış, azərbaycanşünaslığa dəyərli bir töhfə vermiş, dilçiliyimizdə etnolinqvistika kimi yeni bir elmi istiqamət açmışdır.

İsmayıl Məmmədlinin nüfuzlu elm adamı olması ziyalılığı, yüksək vətəndaşlıq mövqeyi, əxlaqı, humanizmi və mənəvi təmizliyi ilə daha çox bağlıdır. Parlaq təfəkkürü, elmi erudisiyası, sözünün kəsəri ilə tanınan İsmayıl Məmmədlinin elmi araşdırmalarının kəmiyyət və keyfiyyət göstəriciləri alimin yaradıcılıq diapazonunun genişliyini və zənginliyini təcəssüm etdirir. Onun yaradıcılıq laboratoriyasına yaxından bələd olduqca, bu fədakar alimin əməyinin, elmi fəaliyyətinin vüsətini aşağıdakı sözlərlə səciyyələndirmək olar: zəhmət və istedaddan doğan böyük enerji!

Güclü intellekt sahibi, istedadlı elm adamı kimi İsmayıl Məmmədlidə təbii insani duyğularla elmi təfəkkürün heyranedici sintezi vardır. Onun elmi fəaliyyətini izləyərkən hiss edirsən ki, şəxsi həyatında keçirdiyi zəhmətli günlər, elmi axtarış və bu yolda məqsəd aydınlığı, ruh yüksəkliyi, xalqın mənəvi sərvətinə – doğma ana dilimizə, ədəbiyyatımıza sonsuz məhəbbət, potensial enerji, elmin zirvəsinə ucalmaq həvəsi alimin yaradıcı xarakterinin komponentləridir.

İsmayıl Məmmədlinin ömür yoluna diqqət yetirdikdə gözlərimiz önündə istedadlı linqvist-alim, fədakar tədqiqatçı, sözün əsl mənasında müdrik bir elm adamı canlanır. Çoxsaylı əsərləri İsmayıl müəllimin yüksək analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemin həlli yollarını araşdırıb yüksək nəticəyə malik olmaq qabiliyyəti, elmi, idrakı, onun alim nüfuzunun göstəricisidir. Xalqın dilində belə bir bənzətmə var: “aydan arı, sudan duru” Zənnimizcə, bu ifadəni İsmayıl müəllimə də aid etmək olar.

İsmayıl müəllimin bir çox əsərləri Azərbaycan dili tarixi, leksikoqrafiya, etnoqrafik leksika və s. başqa bu kimi sahələrdə müəyyən boşluqları doldurmağa xidmət göstərir. Bununla da o, özünün elmi konsepsiyasını yaratmağa nail olmuşdur.

Rasional zəhmət sferasına meyilli olan İsmayıl Məmmədli filologiya elminin meydana atdığı bir çox suallara cavab axtarmağa cəhd etmiş və böyük uğurlar qazanmışdır. O, elmin əziyyətli yollarından keçərək Azərbaycan dilçiliyinin aktual məsələləri barədə araşdırmalar aparmış, filologiyamıza dəyərli töhfələr bəxş etmişdir. Faktlara analitik filoloji şüurla yanaşmaq, əsərlərinin kəmiyyət çoxluğunu mündəricə siqləti ilə uyğunlaşdırmaq, məzmun yeniliyini problemin dərinliyi ilə əlaqələndirmək onu bir dilçi-filoloq kimi xarakterizə edən əsas məziyyətlərdəndir.

...İnsan yaşa dolduqca hiss edir ki, ən yaxın sirdaşı elə işıqlı xatirələrin özüdür. Bu düşüncələrin içərisində ötüb-keçən zamanın qarışıq rəngləri xəyallarında canlanır. Kimlər yaşamır bu xəyallarda? Dostlar, yaxınlar və doğmalar. Bir də əriyib gedən gənclik! Çay kimi axan zaman heç nəyə baxmadan ötüb keçir. Bunları hələ gəncliyindən dərk edən İsmayıl müəllim də öz növbəsində vaxtın haqq-hesabını düzgün aparır. Nəticə isə göz qabağındadır. Ayrı-ayrı illərdə yazdığı “Ekran, efir və dilimiz”, “Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti”, “Vurğu lüğəti”, “Azərbaycanca-rusca danışıq kitabı”, “Azərbaycan dilinin izahlı lüğəti”, “Axtarışlar, anımlar, yozumlar”, “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası”, VIII-IX siniflər üçün dərslik və digər əsərləri vaxtdan səmərəli istifadə etdiyinin göstəricisidir.

İ.Məmmədli 1989-cu ildən Dilçilik İnstitutunda Lüğət və terminologiya (hazırda Tətbiqi dilçilik adlanır) şöbəsinə rəhbərlik edir. Şöbə öz ənənələri ilə institutun elmi həyatında özünəməxsus yer tutur. Onun rəhbərliyi altında şöbədə “Azərbaycan dilinin izahlı lüğəti” (3 cilddə), “Yeni sözlər lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (təkmilləşdirilmiş, artırılmış yeni nəşri), “Azərbaycan dilinin məcazlar lüğəti” hazırlanmışdır. 2011-ci ildə nəşr olunmuş “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” nin redaktoru, tərtibçisi olmuş, prof. İ.Məmmədli 2014-cü il iyunun 10-da Səməd Vurğun mükafatına layiq görülmüşdür. İ.Məmmədlinin şöbəyə rəhbərliyi dövründə 17 nəfər filologiya üzrə fəlsəfə doktoru, 6 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.

İsmayıl Məmmədlinin çoxsaylı, nəzəri problemlərlə zəngin yaradıcılığı, elmi təfəkkürü və duyumu, adi faktı elmi fikrin predmetinə çevirə bilmək qabiliyyəti, fikir və mülahizələrini inandırıcı faktlara istinadən işıqlandırması, elmi obyektə hərtərəfli orijinal yanaşma səriştəsi ədəbiyyatşünaslıqda, dilçilik sahəsində ona böyük inam, nüfuz qazandırmışdır.

Əqidəsi, etiqadı, dünyagörüşü intellekti ilə yanaşı, insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduqca, belə qənaətə gəlirəm ki, İsmayıl Məmmədliyə məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Onun timsalında alim və insan sözləri adi leksik vahiddən estetik meyara, mənəvi gözəllik, müdriklik etalonuna çevrilmişdir.

İsmayıl müəllim mənliyini qorumağı bacaran sadə, təkəbbürdən uzaq bir insandır. Təbiilik, səmimiyyət və istiqanlılıq onun təbiətindən irəli gəlir. Həssaslıq, məsuliyyət hissi, dəqiqlik, mənəvi bütövlük onun alim-vətəndaşlıq portretini tamamlayan cizgilərdir. O, sanki insanlara xeyirxahlıq üçün doğulmuşdur.

Onu sözün və dilin keşiyində duran əsgərə də oxşatmaq olar. Millətin dilinin, sözünün, ruhunun sərhədlərini göz bəbəyitək qoruyan namuslu əsgərə... Onun bircə amalı var: “Həyatın gələcəyi elm öyrənənlərin əlindədir!”

İsmayıl Məmmədli fitrətən söz sərrafıdır. Onun söhbətində sözün bütün ifadə imkanları üzə çıxır. Məntiqi hazırcavablıq, yumor, sözün romantik ahəngi sintez halındadır. Ana dilimizin lüğət zənginliyi, intonasiya çalarları sözündə-söhbətində öz əksini tapır. Ritorikadan, şablonçuluqdan uzaq, zəngin, söz ehtiyatına malik bir ziyalıdır.

Qədim Şərq fəlsəfəsində deyilir ki, öz dünyəvi həvəsinə qələbə çalan, Allahdan əvəz istəyən adam bilikli və şüurludur. Öz nəfsinin səsinə qulaq asan, bununla belə Tanrıdan mərhəmət gözləyən insan kamil ola bilməz. Bu cəhətdən İsmayıl müəllimin bəxti gətirib. Təmsil etdiyi dilçilik sahəsi üzrə onlarca tələbəsi onun yolunu davam etdirir. Başqa xalqların dilini öyrənməyə müəyyən zaman kəsiyi kifayət edər, amma öz dilini öyrənməyə bir insan ömrü bəs etmir. Ömrünün bahar tək körpəlik dövrünü, yay kimi gənclik çağlarını, payız kimi saçlara gümüşü dən düşən vaxtlarını, boranlı-şaxtalı qış günlərinə bənzər uzun gecələrini kitablar arasında keçirib İsmayıl müəllim.

İ.Məmmədli 200-dən artıq elmi əsərin və məqalənin müəllifidir. Bunlardan 13-ü monoqrafiya və lüğətlərdir. Dövri mətbuatda 90-dan çox elmi məqaləsi dərc olunmuşdur. Azərbaycan EA “Xəbərlər”ində, “Türkologiya” jurnalında və ayrı-ayrı mətbuat səhifələrində kitabları haqqında resenziyalar, rəylər dərc olunmuşdur. Alim müasir dilçiliyin müxtəlif problemlərinə aid keçirilmiş beynəlxalq, ümumittifaq və respublika simpozium və konfranslarında məruzələrlə çıxış etmişdir.

Professor İ.Məmmədli bir çox lüğətlərin: “C.Cabbarlının dilinin lüğəti”, “Azərbaycan dilinin frazeologiya lüğəti”, “Azərbaycanca-ispanca”, “Azərbaycanca-italyanca”, “Azərbaycanca-bolqarca”, “Azərbaycanca-çexcə”, “Azərbaycanca-polyakca” ikidilli lüğətlərin redaktoru və tərtibçilərindəndir.

Neçə illərdir ki, İsmayıl Məmmədli Azərbaycan Respublikası Milli Məclisində Mədəniyyət Komissiyasının üzvüdür. O, bir sıra universitetlərdə “Müasir Azərbaycan dili”, “Nitq mədəniyyətinin əsasları”, “Üslubiyyat”, “Natiqlik sənəti”, “Dilçiliyə giriş” fənlərindən mühazirələr oxuyur.

İ.Məmmədlinin Azərbaycan dilinin təbliğində də xidmətləri böyükdür. O, 1981-1989-cu illərdə Azərbaycan Teleradio Verilişləri Qapalı Qəhmdar Cəmiyyətində “Azərbaycan dili” və “Dil xalqın mənəvi sərvətidir” televiziya və radio proqramlarını hazırlamış və aparıcısı olmuşdur. 1998-ci ilin aprelində Azərbaycan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurası və kollektivi “Dilçilik” ixtisası üzrə Azərbaycan AMEA-nın müxbir üzvlüyünə İ.Məmmədlinin namizədliyini irəli sürmüş və yekdilliklə səs vermişdir.

O, 2002-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçidir, dövlət qulluğunun kiçik müşaviridir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik üzrə Birləşmiş Müdafiə Şurasının, İnstitut Elmi Şurasının, Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının və Azərbaycan AMEA Terminologiya Komitəsinin üzvüdür. İ.Məmmədli Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.

1994-cü ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdindəki Dissertasiya Şurasının, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvüdür. 2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub, 2004-cü ildə “H.B.Zərdabi mediya mükafatı və diplomu”na layiq görülüb.

İsmayil müəllim tez-tez uşaqlıq, gənclik illərinin xatirələrinə dalır: “Məni xatirələr tez-tez çağırır bu yerlərə... Hərdən ruhumu dincə qoyub sakitliyə çəkilmək istəyirəm. İllərin qanadlarında ata yurdumun işığına sarı uçuram. Səssizlik içində yarı mürgülü, yarı oyaq xatirələrin sehri ilə o illərin adamlarını çağırmaq istəyirəm. İlk baxışdan hər şey yerli-yerindədir. Amma yox, həmyaşıd olduğum bu alma ağacı mənə ayrı şeylər pıçıldayır... Ömür yalnız yaşanmış illərin sayıyla ölçülmür - görülən işlərin dəyərini, arzu və istəyin sədasını da yaşadır özündə. Üzü gələcəyə gedən yolların hansı dayanacağında ayaq saxlayıb keçmişə baxıramsa, ömrün sətir-sətir, vərəq-vərəq yazılmış xatirələrini yenidən yaşayıram. İlk dəfə dilimizin, söz xəzinəmizin sehrinə düşdüyüm vaxtlar düşür yadıma... Və günlərin bir günü özüm də bilmədən bu sehr, ovsun məni öz dərinliklərinə çəkib apardı, qaranlıqlardan aydınlığa çıxardı...”

Dünyada ən uzun yol - insanın özünə qədər gəlib çıxdığı yoldur, - deyirlər. Əgər bir insan müqəddəs sözün işığında özünə yol başlayıbsa, ona yalnız “Uğur olsun!” demək lazımdır.

Yolçu yolda gərək, İsmayıl müəllim!

 

Fizuli MUSTAFAYEV,

AMEA, Nəsimi adına Dilçilik

İnstitutunun əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru.   

 

 

 

Read 37 times