XƏBƏR LENTİ

Şənbə, 05 Noyabr 2016 08:49

Qabaqcıl təhsil işçisi

Hər bir məktəb ilk növbədə onun adını ucaldan məzunları ilə və bir də bu məzunlara bilik, savad verən, onları həyata hazırlayan səriştəli, təcrübəli müəllimləri ilə tanınır. Bərdə rayonunda belə qabaqcıl müəllimlərdən söhbət düşəndə Şorəlli kənd tam orta məktəbin biologiya müəllimi Nəzakət Museyib qızı Əsədovanın adı birincilər sırasında çəkilir.

Eşidəndə ki, o, ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb, qəlbimdə onun haqqında nəsə yazmaq ehtiyacı duydum. Nəzakət müəlliməni çoxdan tanıyıram. Savadlı, səriştəli, yenilikçi bir təhsil işçisi kimi artıq özünü çoxdan təsdiqləyib. Təkcə çalışdığı məktəb kollektivinin deyil, bütün rayon ictimaiyyətinin hörmətini, ehtiramını qazanıb. Qabaqcıl biologiya müəllimi kimi iş təcrübəsi rayonun digər məktəblərində də öyrənilərək geniş yayılır. Onun vaxtı ilə dərs dediyi şagirdləri indi müxtəlif sahələrdə öz sevimli müəllimlərinin etimadını doğruldaraq, üzünü ağ edirlər.

Bu yazını hazırlamaq üçün Nəzakət Əsədovadan müsahibə alarkən 42 il öncə onunla eyni vaxtda qəbul imtahanlarına getdiyimiz gün yadıma düşdü. Onda heç ağlıma da gəlməzdi ki, bu qız nə vaxtsa müəllim adının ucalığında dayanacaq və mən də bir jurnalist kimi ondan müsahibə alacağam.

Beləcə, həmin gün paytaxt Bakıda yollarımız ayrıldı. Mən sənədlərimi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verdim, o isə Pedaqoji İnstitutun biologiya-coğrafiya fakültəsinə. Söhbət zamanı bütün bunları xatırladaraq ona müraciət etdim.

-1974-cü ilin isti yay günlərində qəbul imtahanlarını uğurla verib tələbə adını qazandınız, bunu bilirəm, xahiş edirəm həyatınızın sonrakı mərhələsi barədə məlumat verəsiniz.

-Dörd illik narahat və maraqlı tələbəlik həyatı və bundan sonra isə daha məsuliyyətli müəllimlik fəaliyyətim başlandı. 1978-ci ildə ali təhsilimi uğurla başa vurduqdan sonra təyinatla Şorəlli kənd tam orta məktəbində biologiya müəllimi kimi fəaliyyətə başladım. Elə o vaxtdan da həmin məktəbdə çalışıram. Yəqin ənənəvi olaraq soruşacaqsınız ki, bu peşəyə gəlməkdə kimə borclusunuz və daha çox hansı müəllimlər yadınızda qalıb, eləmi? Açığını deyim ki, seçim etməkdə çətinlik çəkirəm. Şəhər 2 saylı tam orta məktəbdə oxuyarkən qolumdan tutan, mənə düzgün yol göstərən müəllimlərim çox olub. Qəndab müəllim isə yadımda daha çox qalıb. Elə bu peşənin də onun tövsiyəsi ilə yolçusu olmuşam...

- “Tərəqqi” medalı sizin çoxillik və səmərəli zəhmətinizin məntiqi nəticəsidir. Bu xəbəri eşidəndə nə kimi hisslər keçirdiniz və öz sevincinizi ilk növbədə kimlərlə bölüşdünüz?- deyə, ona müraciət edəndə bildirdi ki, sevinc hissi təbiidir. Çəkdiyin zəhmət layiqincə qiymətləndiriləndə həyat daha maraqlı olur. Bunun üçün möhtərəm Prezidentimizə hədsiz minnətdaram. Sevincimi isə ilk növbədə müəllim yoldaşlarımla bölüşdüm. Məni daha çox təbrik edənlər şagirdlərim oldu. Vaxtilə dərs dediyim, indi isə həyatda yüksək mövqe tutan, cəmiyyət üçün yararlı olan insanların təbriki məni daha çox təsirləndirdi. Onda bir daha yəqin etdim ki, seçdiyim peşə çox şərəfli, cəmiyyət üçün gərəkli, keçdiyim ömür yolu isə mənalıdır.

Söhbət zamanı onu da öyrəndim ki, bu ailəni sözün həqiqi mənasında ziyalılar ailəsi adlandırmaq olar. Nəzakət müəllimənin ömür-gün yoldaşı Sahib müəllim də uzun illər rayonda təhsil sahəsində çalışıb. Lakin amansız ölüm onun ömrünü yarı yolda qoyub. İllər keçsə də, vaxtı ilə çalışdığı şəhər 3 saylı tam orta məktəbdə onun adını indi də ehtiramla çəkirlər.

Söhbət bu yerə çatanda N.Əsədova doluxsundu. Bir müddət nəzərləri harayasa uzaq, məchul bir nöqtəyə zilləndi. Yəqin ki, xəyal onu keçmişə, Sahib müəllimlə bağlı xoşbəxt günlərinə qaytardı. Nəhayət, özünü toxdadıb ağır-ağır dilləndi:

-Zaman hər şeyi yoluna qoyur. Yaxşı insanlar mənə dayaq oldular, həyatda büdrəməyə qoymadılar. Bir də özümün ulu yaradanın mənə bəxş etdiyi zəhmətsevərliyim, cəfakeşliyim və bir də sonsuz həyat eşqim dadıma yetdi. Ömür-gün şərikimi itirsəm də, ümidimi itirmədim. Bundan sonra ikiqat məsuliyyətlə, həm də daha əzmkarlıqla çalışmalı idim. Çünki, mən həm də onun arzularını həyata keçirməli idim. Uşaqlar böyüsələr də, onların valideyn qayğısına ehtiyacları var idi axı...

Həyatın bu ciddi sınaqlarına baxmayaraq, Nəzakət müəlliməni xoşbəxt ana hesab etmək olar. Cəmiyyət üçün çox dəyərli övladlar böyütmüşdür. İki övladı var. Hər ikisi hüquqşünasdır. Yüksək dövlət orqanlarında çalışır, qanunlarımızın keşiyində dayanırlar. Onların həyatda tutduqları mövqe, cəmiyyətdə qazandıqları hər bir uğur N.Əsədovaya qol-qanad verir.

Onu da qeyd edək ki, “Tərəqqi” medalı onun təhsil sahəsində qazandığı ilk uğur deyildir.

-38 illik müəllimlik fəaliyyətində həmişə çalışmışdır ki, bu peşənin şərəfini uca tutsun. İndinin özündə də ixtisasına aid ədəbiyyatları müntəzəm oxuyur, öyrənir və işinə tətbiq edir. “Tərəqqi” medalına gedən yolu isə yuxusuz gecələrdən, gərgin zəhmətdən keçib. Bundan öncə Baş müəllim, Qabaqcıl Təhsil İşçisi adlarına layiq görülüb. Vaxtı ilə dərs dediyi şagirdlərinin qarşısına çıxanda “salam, müəllim” deyərək hörmətlə müraciət etməsi onu daha çox qürurlandırır. Nəzakət Əsədova üçün ən yüksək titul, ən ali ad da elə budur, müəllim adı.

 

E.MƏMMƏDOV,

“Bərdə” qəzetinin redaktoru. 

 

 

 

Read 52 times