XƏBƏR LENTİ

Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ probleminə, Ermənistanın total təcavüzü nəticəsində yurd-yuvasından, doğma el-obasından didərgin düşmüş milyondan artıq qaçqın və köçkünümüzün problemlərinə dünya ictimaiyyətinin, özlərini demokratiya, ədalət fədailəri kimi qələmə verən beynəlxalq qurumların etinasız münasibəti artıq aradan qaldırılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın apardıqları səmərəli və düşünülmüş siyasət nəticəsində artıq beynəlxalq aləm Qarabağ probleminin haradan başladığını, Ermənistanın və bütövlükdə ədalətsizliyin güclü havadarlarının nəinki kim olduğunu, habelə onların ədalətsiz “motivasiyalarını” da anlamağa başlamışlar. Təkcə Xocalı qətliamının bir sıra dövlətlərin parlamentləri, rəsmi qurumları tərəfindən soyqırımı kimi tanınması dediyimizin tutarlı sübutudur. Əlbəttə, Qarabağ probleminin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlılara qarşı tarixən apardığı çirkin siyasətin beynəlxalq aləmdə başa düşülməsi və bir çox hallarda etiraf edilməsi işində dövlət rəsmilərinin, tarixçilərimizin, bütövlükdə ziyalılarımızın əməyi böyükdür.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun xidmətləri xüsusi qeyd edilməlidir. Dövlət xadimi və məhsuldar elm adamı Əli Həsənov indiyədək nəşr olunmuş çoxsaylı kitablarında, xüsusilə “Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru” (Azərbaycan dilində, 1997), “Azərbaycan-ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda” (Azərbaycan dilində, 1997), “Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ” (Azərbaycan dilində, 1998), “Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996” (Azərbaycan dilində, 2000), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, Azərbaycan dilində, 2005 və rus dilində, 2007), “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” (dərslik, 2008), “Geosiyasət” (Azərbaycan dilində, 2005, rus dilində, 2012, türk dilində, 2012 və gürcü dilində, 2015), “Dünya ölkələrinin müasir siyasi sistemləri” (dərslik, 2012), “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” (dərslik, yenilənmiş və təkmilləşdirilmiş, rus dilində, 2013), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” (Azərbaycan dilində, 2011, türk dilində, 2013, rus dilində, 2014), “Azərbaycanın geosiyasəti” (Azərbaycan dilində, 2015), “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” (Azərbaycan dilində, 2016), “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” (Azərbaycan, ingilis və rus dillərində), “Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazin geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti” (türk dilində, 2016), “Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti” (türk dilində, 2016), “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” (Azərbaycan dilində, 2016) kimi monoqrafiya və dərsliklərində problemin tarixi köklərini göstərmiş, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açmış, beynəlxalq dünyaya Azərbaycanın haqq səsini çatdırmağı qarşısına məqsəd qoymuşdur.
Professor Ə.Həsənov sadaladığımız və adlarını çəkmədiyimiz 30-dan artıq fundamental kitabının bir çoxunu həm də dünyanın beynəlxalq aləmdə işlək olan dillərində nəşr etdirmişdir. Çünki Qarabağ probleminə bağlı əsərləri yalnız Azərbaycan dilində nəşr etdirmək, xalq dilində desək, “özü deyib, özü eşitmək”dən başqa heç bir səmərə verməzdi. Məhz bunu nəzərə alan müəllif bu yaxınlarda nəşr etdirdiyi iki fundamental kitabını - “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” əsərlərini səkkiz dildə nəşr etdirmişdir. Biz elə bu andaca müəllifin bu vacib əsərlərinin mətnlərini Azərbaycan dilindən xarici dillərə çevirmiş və həm də mütəxəssislərin verdikləri qiymətə görə yüksək peşəkarlıqla tərcümə etmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına bir oxucu və bir vətəndaş təşəkkürümüzü bildiririk...
Professor Ə.Həsənovun yeni kitablarının kontent-analizindən əvvəl onların 8 dildə təqdim olunmasının əhəmiyyətini qeyd etmək istərdik. Əlbəttə, yuxarıda bu barədə bəzi fikirlər ifadə etmişik. Lakin indiki halda adı çəkilən kitabların dünyanın aparıcı səkkiz dilində nəşrini fenomenal bir hadisə kimi qiymətləndirmək istərdik. Ona görə fenomenal hadisədir ki, bu kitabların Azərbaycan dilindən əlavə, dünyanın ən işlək - türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr edilməsi həmin dillərdə danışan insanların, tədqiqat aparan tarixçilərin, siyasilərin, diplomatların, politoloqların, sosioloqların gərəyi olacaqdır. Bu məqamda sadəlövhcəsinə belə bir şey də düşünmək olar: həmin o səkkiz dilin oxucusuna bu kitabların çatdırılacağı absurd deyil ki? Qətiyyən deyil. Gəlin bircə anlığa informasiya texnologiyasının bugünkü qlobal imkanlarını yada salaq. Axı, indi internet resursları sırasına yerləşdirilmiş kitablar milyonların, milyardların asanlıqla tanış olmaq faktına çevrilir. Dünyanın bir çox ölkəsində Qarabağ problemini araşdıran tarixçi alimlər var və biz tez-tez dünya politoloqlarının problemə münasibət bildirən əsərlərinin şahidi oluruq. Bax, belə məqamlarda səkkiz dildə internet resurslarında yer almış bu dəyərli mənbə həqiqəti öyrənməyə çox kömək edir.
Professor Əli Həsənovun haqqında bəhs etdiyimiz kitablarında, məsələn, mətnin elə rus dilində də olması əsər barədə beynəlxalq aləmin dərhal reaksiyasına səbəb oldu. Mətbuatdan da xəbər tutduğumuz kimi, aprelin 26-da Rusiyanın nüfuzlu “pravda.ru” internet portalında alimin bu yeni kitabları haqqında geniş məqalə dərc edilmişdir. Sayılıb-seçilən bu xəbər portalı kitabların səkkiz dildə olmağını xüsusi qeyd etməklə, dünyanın digər dillərində fəaliyyət göstərən internet portallarına da bir mesaj göndərir. Rusiya internet-portalı professor Əli Həsənovun kitablarına dair xüsusi məqaləsini belə adlandırıb: “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru”. Bu sərlövhə özü Rusiya jurnalistikasının problemə yeni münasibətinin göstəricisidir. Həqiqətən də professor Əli Həsənovun Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərini obyektiv təhlil süzgəcindən keçirməsi və Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması ilə bağlı apardığı lakonik və çox müfəssəl tədqiqatları dünyanın diqqətini problemin ədalətli həllinə yönəltmək məqsədi daşıyır.
Biz “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan əsəri digər kitaba - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”na əsas verən tədqiqat kimi birinci sırada görürük. Doğrudan da, ermənilərin Azərbaycana qarşı çirkin əməllərinin, təcavüz, soyqırımı proseslərinin tarixi mərhələləri var ki, bu mərhələlər XX əsrin sonunda bəzi böyük güclərin dəstəyi ilə özünün epogeyinə çatdı. Bu təcavüzün mərhələləri ilə bağlı fikirlərini kitabın giriş sözündə müəllif özü qısa şəkildə belə izah edir: “Səkkiz dildə oxuculara təqdim edilən kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti, eləcə də bu millətçi-şovinist siyasətin əsas mahiyyətinin öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terrorizmi və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmasıdır”. Bu cümlədəki “sistemli şəkildə” ifadəsi bizi daha çox cəlb edir və bu sistemlilik qısa, lakonik bir mətndə çox ustalıqla həyata keçirilir. Bu mərhələlərdən biri ermənilərin Azərbaycan torpaqlarına köçürülmə prosesindən başlayıb, XX əsrin əvvəllərindəki etnik təmizləmə və soyqırımı siyasəti, həmin əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nəticələrinə qədər mükəmməl şəkildə oxucuya çatdırır. Bu üç ciddi tarixi mərhələnin lakonik təqdimi müəllifə daha çox ona görə lazım olmuşdur ki, adətən hər şeyi deyən, amma yorucu olmayan mətnlər müasir dövrdə həm tez oxunur, həm də uzun olmayan belə bir mətnin səkkiz dildə təqdim edilməsi daha çox səmərəli olur.
Erməni xislətini və Ermənistanın iki əsrlik təcavüzkar siyasətini ayrı-ayrı tarixi mərhələlər üzrə tədqiq və ifşa edən, erməni “tarixçilərinin” elmi saxtalaşdırmasını dəqiq faktlarla heçə endirən bu mətnin sonunda müəllifin böyük dövlətlərə belə bir məntiqi çağırışı var: Bütün bunlara görə “böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”. Müəllifin bu çağırışına əsas verən faktları təkcə mətnlə deyil, çoxsaylı vizual sənədlər, arxiv fotoları və materialları ilə müşayiət olunur. Bu sənədlərin bir çoxunda sovet ideoloji maşınının həmin etnik təmizləmə mərhələlərində Ermənistana necə dəstək olması faktı xəbərsiz oxucunu bir tərəfdən heyrətə salır, digər tərəfdən hamımızı bir daha ayıq-sayıq olmağa çağırır. Kitabda Qarabağın işğal olunmuş şəhərlərinin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini təsvir edən çoxsaylı fotolar qəlbimizi nə qədər ağrıtsa da, bu ağrının Vətən uğrunda mübarizəyə səslədiyi də yaddaşlara çökür.
Haqqında bəhs etdiyimiz kitabların ikincisi - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı birincinin məntiqi davamı və məntiqi sonluğudur. Çünki müəllifin birinci kitabda təqdim etdiyi azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı mərhələləri məntiqi olaraq Xocalı qətliamına gətirib çıxarmışdır. Ermənistanın bütün məqamlarda törətdiyi cinayətlərə görə nəinki cəzasız qalması, həm də yeri gəldikcə bəzi dövlətlərdən cinayətə dəstək alması tarixdə görünməmiş bir faciənin - soyqırımının baş verməsi ilə nəticələndi. Bununla yanaşı, kitabda soyqırımına gedən yolun da mərhələləri qısa və aydın şəkildə təqdim olunur.
Müəllif, ilk növbədə, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin genezisini, daha sonra indiki nəslə çox yaxın bir tarixin - XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının real faktlarını xüsusi tədqiqatla açıb göstərir.
Əsərin çox maraqlı bölmələrindən biri “Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması” adlanır. Bu bölmə lap ilk sətirlərdən belə bir həqiqəti xatırladır ki, “bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir”. Müəllif Heydər Əliyevin 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki qəti bir fikrini misal gətirir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Professor Ə.Həsənovun bu gün 8 dildə dünyaya təqdim etdiyi iki kitabdan birinin “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlandırılması Heydər Əliyevin bu fikrini elmi tezis kimi əsas götürmüş və Xocalı soyqırımını məhz bu istiqamətdən təhlil etmişdir.
Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının möhtəşəm mahiyyətini izah edərək göstərir ki, kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Daha sonra əsərin müəllifi Xocalı soyqırımının dünyanın beynəlxalq təşkilatlarının tanıması və tanıtması ilə bağlı fəaliyyətinin aydın xronikasını oxucuya təqdim edir. Bütün bunlardan oxucu belə bir təsəlli tapır ki, Azərbaycan bu faciəni dünyaya tanıtmaq istiqamətində bir sıra yeni formatların səmərəli fəaliyyətinə nail olmuşdur. Xocalı faciəsi beynəlxalq aləmdə soyqırımı kimi daha geniş necə tanıdılır? Kitab bu suala çox maraqlı faktlarla cavab verir.
Professor Ə.Həsənov bu tanıtımın davam edəcəyinə və onun bugünkü, sabahkı nəticələrinə inamı Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımının 20-ci ildönümü haqqında imzaladığı Sərəncamdan gətirdiyi bir sitatla sübuta yetirir: “Azərbaycanlılara qarşı erməni millətçi-şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Bu, beynəlxalq aləmə təqdim olunan kitabın mətn hissəsinin son cümləsidir. Bu son cümlə bizdə belə bir qəti inam yaradır ki, Azərbaycan dövləti lap yaxın gələcəkdə özünün ədalət haqqına mütləq qovuşacaq.
Amma kitab bununla bitmir. Əsasən beynəlxalq aləmdə tədqiqat aparan, hadisələri obyektiv qiymətləndirmək gücündə olanlara ünvanlanan bu kitabda Qarabağ problemi və xüsusilə Xocalı hadisəsi ilə bağlı dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində əksini tapmış jurnalist yazılarının mənbələri təqdim olunmuşdur. Hər iki kitabın anonslarında da deyildiyi kimi, burada “Azərbaycan xalqının müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, yeni münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da verilmişdir”. Eyni zamanda, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də müxtəlif dillərdə təqdim olunmuşdur.
Tədqiqatçıların bu mənbələrə nəzər salması kifayətdir ki, həqiqətin bir üzü olduğu bilinsin. Kitabda müxtəlif dillərdə izahını tapan çoxsaylı sənədlərin orijinal surətləri Xocalı həqiqətinin dünyaya tanıdılması, Ermənistanın dövlət səviyyəsində terrorçuluq siyasətinin ifşası, Xocalı soyqırımının bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə tanınması kimi vacib faktları geniş oxucuya təqdim edir.
Dövlət xadimi, yorulmaz tədqiqatçı, professor Əli Həsənovun bu kitabları Ermənistanın Azərbaycana qarşı terrorçuluq və işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinə çatdırmaq işində çox mühüm addım kimi maraq doğurur. Kitabların maraqlı bir formatda nəşr olunmasına Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanovun buraxılışa məsul bir şəxs kimi, siyasi elmlər doktoru, professor Elçin Əhmədovun elmi redaktor kimi zəhmətlərini ayrıca qeyd etmək istərdik. Dünyanın səkkiz beynəlxalq işlək dilində nəşr olunan bu iki fundamental kitab Ermənistanın Azərbaycana qarşı iki əsr boyu törətdiyi çoxsaylı cinayətlərin yeni formatda tanıdılması sahəsində hadisə kimi qiymətləndirilməlidir.

Nizami CƏfƏrov,
filologiya elmləri doktoru,
akademik
Cahangir MƏmmƏdli,
filologiya elmləri doktoru,
professor.

Mayın 23-də Batumi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi qeyd olunub.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərinin bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Türkiyə dövlətinin də dostluq və qardaşlıq əlaqələrimizin inkişafına eyni münasibətinin olmasından məmnunluğunu ifadə edib.

Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və baş konsul Rəşad İsmayılov da iştirak ediblər.

 

 

AZƏRTAC

Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açaraq ölkələrimiz arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.

Levan İzoria Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

Türkiyənin milli müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə  qarşı təhdiddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.

Nazir Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib.

Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.

İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Sonda görüşün birgə protokolu imzalanıb.

Sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Rəşad İsmayılov da iştirak ediblər.

 

 

AZƏRTAC

Azərbaycanın və Bolqarıstanın Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq, iki ölkənin prokurorluq orqanlarının hüquqi əməkdaşlığının və işgüzar əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə mayın 23-də Bolqarıstan Respublikası baş prokurorunun müavinləri Penka Boqdanovanın və Marya Şişkovanın rəhbərlik etdikləri nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Baş prokuror qonaqlara həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından qurumun ciddi nailiyyətlər əldə etdiyini bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnunluqlarını ifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında uğurla inkişaf etdiyini qeyd ediblər. Nümayəndə heyəti Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə vermiş Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsinə mühüm töhfəsini yüksək qiymətləndirərək bir daha ölkəsinin hökuməti, eyni zamanda, təmsil etdikləri qurum adından minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.

Səmimi sözlərə görə qonaqlara təşəkkürünü bildirən baş prokuror ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun istər ölkədaxili, istərsə də digər ölkələrdə müxtəlif sosial-mədəni təşəbbüslərlə çıxış etdiyini, geniş miqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qonaqlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasına gələrək burada normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Daha sonra Bolqarıstan nümayəndə heyətinin üzvləri Ədliyyə Nazirliyində qurumun rəhbər heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb. Qonaqlar Ədliyyə Nazirliyinin inzibati binası və tarix muzeyi ilə tanış olublar.

Nümayəndə heyəti ilə Ali Məhkəmədə keçirilən görüşdə qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duran vəzifələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Səfər zamanı 5 saylı “ASAN xidmət”  mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyətinə mərkəzlərin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Bolqarıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin regionlarında hüquq-mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları üçün yaradılmış şəraitlə tanış olacaqlar.

 

 

 

AZƏRTAC

Polşada nəşr edilən “Ambasador” jurnalının 30-cu sayında “Xocalı soyqırımının 25-ci ildönümü” başlıqlı məqalə dərc olunub. “Ambasador” jurnalı 2000 nüsxə ilə nəşr edilərək Polşanın bütün nazirlik və dövlət qurumları, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklər arasında yayılır, eyni zamanda, müxtəlif kitab mağazalarında satılır.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırımı barədə məlumat verilir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir. Daha sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırımı barədə məlumatların verildiyi bildirilir, habelə mayor Leonid Kravetsin şahidliyinə istinad edilir.

Sonda oxucular belə ədalətsizliyin gələcəkdə baş verməsinin qarşısını almaq üçün www.justiceforkhojaly.org internet səhifəsinə daxil olaraq “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa dəvət edilirlər.

 

 

AZƏRTAC

Kubanın nüfuzlu “Bohemia” jurnalında bu ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə geniş məqaləsi dərc edilib.

“Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” adlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, “Bakı-2017”nin olduqca yüksək səviyyədə təşkil edildiyi, heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə keçirilmiş bu idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan İslam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirdi.

Müəllif Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışına istinadən qeyd edir ki, birinci Avropa Oyunları zamanı bütün qitəni birləşdirərək tarix yazmış Azərbaycan hazırda “Bakı-2017” çərçivəsində sülh, tolerantlıq və xeyirxahlıq ideyaları altında dörd qitəni təmsil edən İslam dünyasını bir araya gətirib. Vurğulanır ki, bütün bunlar Azərbaycanın dinamik inkişafının bariz nümunəsidir. Minillərlə ölçülən qədim tarixə malik Azərbaycan sürətlə inkişaf edən müstəqil ölkədir. Burada çoxmədəniyyətlilik ənənələrinə söykənən, açıq və tolerant bir cəmiyyət mövcuddur.

Daha sonra müəllif IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi dünyada məşhur olan Qarabağ atlarından, habelə Azərbaycanın milli atüstü idman növlərindən olan çövkəndən, yaylıqqaçırtdı, sürpapaq oyunları kimi xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olan milli idman ənənələrindən bəhs edir. Bildirilir ki, çövkən atüstü oyunu haqda Dədə Qorqud salnaməsində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd olunan tarixi məlumatlara rast gəlmək olar. Eyni zamanda, güləş, boks, cüdo, şahmat və sair idman növləri üzrə bütün dünyada məşhur idmançılar yetişdirmiş Azərbaycanda futbolun çox sevilən idman növü olmasından söz açılır, Azərbaycanın ən məşhur futbol komandasının isə məhz “Qarabağ” futbol klubunun olduğu diqqətə çatdırılır.

Məqalədə qeyd edilir ki, son on ildən çox müddətdə Azərbaycanda müxtəlif miqyaslı yüzlərlə beynəlxalq idman yarışı, o cümlədən Avropa və dünya birincilikləri çox yüksək səviyyədə keçirilib. Müəllif xüsusi olaraq vurğulayır ki, böyük beynəlxalq idman tədbirlərinin mükəmməl təşkilinə, habelə idmançılar və bütün qonaqların ehtiyaclarının lazımı şəkildə qarşılanmasına zəmanət verə bildiyinə görə Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanıb. Bu xüsusda, həmçinin Bakıda keçirilmiş Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışları barədə məlumat verilir və bütün bunların beynəlxalq Olimpiya ailəsi tərəfindən Azərbaycana olan marağın daha da böyüməsinə və ölkəmizin irimiqyaslı beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsinə səbəb olduğu vurğulanır.

Məqalədə, həmçinin son zamanlarda Azərbaycan və Kuba arasında idman sektorunda uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən söz açılır. Bu xüsusda, iki ölkənin yunan-Roma və sərbəst güləş üzrə yığma komandalarının 2016-cı ilin may ayında Azərbaycanda birgə təlim-məşq toplantıları keçirməsi, həmçinin Bakıda ötən ilin sentyabr ayında Azərbaycan və Kuba Şahmat federasiyaları arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə məlumat verilir.  

 

 

AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançılar, missiya rəhbərləri İslamiadanın təşkilindən məmnunluqlarını bildiriblər. Qürur hissi ilə deyə bilərik ki, IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından da yüksək səviyyədə keçirildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə belə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya göstərə bildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 23-də Oyunların yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Prezident İlham Əliyevin idmançılarla görüşdə Rio Oyunlarında yüksək nailiyyətlərimizin IV İslam Həmrəyliyi Oyunlarında öz təsdiqini tapması ilə bağlı fikrini xatırladan Azad Rəhimov Azərbaycanın 75 qızıl medalla İslamiadanı birinci yerdə başa çatdırdığını diqqətə çatdırıb. Bildirib ki, komandamız 162 medal ilə yüksək nailiyyət göstərdi. İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunlar yüksək səviyyədə keçirildi. Açılış və bağlanış mərasimlərində, yarışlar zamanı hər hansı problem müşahidə edilmədi. Yarışların işıqlandırılması, yayım məsələləri operativ qaydada təmin olundu.

Bakı Media Mərkəzinin yüksək səviyyəli yayım həyata keçirdiyini söyləyən nazir videoçarxda gözəl anların öz əksini tapdığını vurğulayıb: “Oyunlarda 3 minə yaxın idmançı iştirak edib. Həmçinin minə yaxın texniki heyət çalışıb. Açılış və bağlanış mərasimlərində  tərtibat yüksək səviyyəli idi. Bakı sakinləri yarışları bayram ab-havasında izlədilər. Atletlər kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən tam razı qaldılar”.

Oyunların keçirilməsində iştirak edən 8 mindən artıq könüllüyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən A.Rəhimov onlardan 4600-nün açılış və bağlanış mərasimlərinə cəlb edildiyini deyib: “Əməliyyat Komitəsində 1500-ə yaxın mütəxəssis işə cəlb edilmişdi. Biz birlikdə mehriban əməkdaşlıq şəraitində çalışdıq. Bizimlə səmərəli əməkdaşlığa görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımızı bildiririk. Növbəti Oyunlar Türkiyədə keçiriləcək. Qardaş Türkiyəyə növbəti Oyunların təşkilində uğurlar arzulayırıq”.

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyyid Dahruq ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də möhtəşəm açılış və bağlanış mərasimlərinə mükəmməl hazırlaşdığını qeyd edib. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin əksəriyyətinin Oyunlarda iştirak etdiyini söyləyən Koordinasiya Komissiyasının üzvü idmançıların yarışlara böyük həvəslə qatıldıqlarını diqqətə çatdırıb: “Oyunlar yüksək səviyyədə keçirildi. Ümid edirik ki, bu səviyyə gələcəkdə də qorunacaq. Bütün müsəlman ölkələrinin dünyaya göndərdiyi mesaj aydın idi. Azərbaycan böyük tədbirlərə ev sahibliyi etməyə hazırdır. Ümid edirik ki, Azərbaycan müsəlman ölkələri və xalqları arasında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdə davam edəcək”.

Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlardakı nailiyyətlərindən danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunduğunu bildirib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi oldular. Komandamız böyük uğur qazandı. Bu Oyunların ən əhəmiyyətli cəhəti idmanın bütün növlərində medal qazanmağımızdır”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

 

AZƏRTAC

Çərşənbə, 24 May 2017 06:35

HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI

(əvvəli 5, 6 və 9 may tarixli saylarımızda)


Zirvə görüşünü açan və onun iştirakçılarını səmimi salamlayan ümummilli lider Heydər Əliyev belə tarixi əhəmiyyətli toplantının ölkəmizdə keçirilməsini respublikamızın ictimai, siyasi və mədəni həyatında çox böyük hadisə adlandırdı, türkdilli dövlətlərin başçılarının VI zirvə görüşünün türk xalqlarının mədəni irsinin qədim və ayrılmaz hissəsi sayılan Azərbaycan xalqının tarixi eposu “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin geniş qeyd olunması ilə bir vaxta düşdüyünü sevindirici hal kimi qiymətləndirdi və sözü V Zirvə görüşünün sədri Qazaxıstan Respublikasının Prezidentinə verdi. N.Nazarbayev isə toplantı iştirakçılarını təbrik edərək VI Zirvə görüşünün sədrliyinin bütün iştirakçılar adından Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə verildiyini elan edərək bildirdi ki, qardaşcasına qonaqpərvərliyinə görə Azərbaycan xalqına və belə mehriban münasibətə, bu görüşün gözəl təşkilinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdardır. Zirvə görüşündə çıxış edən Qırğızıstan prezidenti Ə.Akayev, Türkiyə prezidenti S.Dəmirəl, Türkmənistan Məclisinin sədri S.Muradov və Özbəkistan Respublikası Ali Məclisinin sədri E.Xəlilov XXI əsrdə türk dünyası qarşısında duran məsələlər ətrafında maraqlı fikirlər söylədilər və görüşün yüksək səviyyədə təşkil edildiyini xüsusi olaraq vurğuladılar.
Aprelin 8-də “Gülüstan” sarayında türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə görüşünün sonunda Bakı bəyannaməsinin imzalanması mərasimi oldu.
17 maddədən ibarət Bakı bəyannaməsinin demək olar ki, bütün maddələrində belə bir yekdil fikir öz əksini tapdı ki, türkdilli dövlət başçılarının Bakı görüşü yüksək səviyyədə, qarşılıqlı anlaşma və etimad ruhunda keçmiş, faydalı olmuşdur. Bəyannaməyə diqqətlə nəzər saldıqda açıq-aşkar görmək olar ki, onun bütün maddələrində Heydər Əliyev ruhu və qayəsi hökm sürür, 4-cü maddədə isə Böyük İpək Yolunun əhəmiyyətindən danışarkən bu yolun bərpasının daha çox Heydər Əliyevin xidmətinin bəhrəsi olduğu xüsusi olaraq qeyd edilir. Burada oxuyuruq: “Dövlət başçıları tarixi İpək Yolunun bərpasına dair 1998-ci ilin sentyabrında Bakı şəhərində beynəlxalq konfransın keçirilməsində, “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” imzalanmasında Azərbaycan Respublikası Prezidentinin rolunu yüksək qiymətləndirmiş və konfransda qəbul olunmuş sənədləri habelə bundan əvvəl əldə edilmiş və ixrac-idxal yüklərinin maneəsiz keçməsini təmin etmək üçün əlverişli şərait yaradılmasına yönəldilmiş razılaşmaları yerinə yetirmək əzmində olduqlarını bildirmişlər”.
***
XX əsrin son ili — 2000-ci il 250 milyonluq Türk dünyasının çoxəsrlik tarixində iki böyük hadisənin təntənə ilə qeyd edildiyi əlamətdar il oldu. Bu gün bir daha qəti inamla demək olar ki, keçən əsrin sonunda artıq türk dünyasının lideri olduğu heç kəsdə şübhə doğurmayan Heydər Əliyevin bilavasitə rəhbərliyi və yüksək təşkilatçılığı ilə həyata keçirilmiş hər iki tədbir həqiqətən də dünya türklərinin həyatında əsl bayrama çevrildi.
Tədbirlərdən birincisi türkdilli dövlətlərin VI zirvə görüşünün, ikincisi isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsinin aprelin 8 və 9-da Bakı şəhərində keçirilməsindən ibarət olmuşdu. Onu da qeyd edək ki, hər iki tədbirin keçirilməsinə respublikanın ali rəhbərliyi səviyyəsində ən ciddi hazırlıq işləri görülmüşdü. Bu işə 1999-cu ilin əvvəlindən başlanmış və Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1999-cu il tarixli 98 saylı sərəncamı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış və onun geniş tədbirlər planı təsdiq olunmuşdu. Bundan bir qədər sonra isə “Türkdilli dövlət başçılarının VI zirvə görüşünün Azərbaycanda keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 aprel 1999-cu il tarixli 121 saylı sərəncamı mətbuatda dərc edilmişdi.
Belə bir cəhəti də qeyd etmək yerinə düşər ki, hələ türkdilli dövlətlərin VI zirvə görüşünün öz işinə başlaması ərəfəsində belə türk dövlətləri arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə görülən işlər ara verməmişdi. Məsələn, Qazaxıstanın prezidenti N.Nazarbayev aprelin 7-də Bakıya rəsmi görüşə gəlmiş və Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlar aparmışdı. Prezidentlərin təkbətək görüşündə Azərbaycan ilə Qazaxıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin gündən-günə genişlənməsi və möhkəmlənməsinin hər iki tərəf üçün çox faydalı olduğu məmnuniyyətlə nəzərə çarpdırılmış, beynəlxalq əməkdaşlığın parlaq nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsi ilə bağlı 1998-ci ilin oktyabrında qəbul edilmiş Ankara bəyannaməsinin, 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşü zamanı imzalanmış sazişin tarixi əhəmiyyət daşıdığı qeyd olunmuş, tarixi İpək yolunun bərpasına dair Avropa Birliyinin himayəsi altında 1998-ci ilin sentyabrında 32 ölkənin və 15 beynəlxalq təşkilatın iştirakı ilə Bakıda keçirilmiş beynəlxalq konfransdan sonra TRASEKA (Avropa-Qafqaz-Asiya-Transqafqaz nəqliyyat dəhlizi. — redaksiya) proqramının həyata keçirilməsi sahəsində görülmüş işlər yüksək qiymətləndirilmiş, Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarına nəqlinin böyük səmərə verəcəyi göstərilmişdi.
Elə həmin gün Prezident Sarayında geniş tərkibdə Azərbaycan-Qazaxıstan danışıqları olmuşdur. Hər iki ölkə prezidentinin başçılıq etdiyi nümayəndə heyətlərinin apardığı bu danışıqlarda iki qardaş ölkə arasında münasibətlərin yalnız yüksələn xətt üzrə inkişafı razılıqla vurğulanmış və göstərilmişdi ki, 2000-ci ilədək tərəflərin imzalamış olduğu 50-dən çox dövlətlərarası, hökumətlərarası, idarələrarası sənədlər müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Danışıqlar zamanı ekspertlər tərəfindən hazırlanmış və əməkdaşlıq üçün yeni yollar açacaq, dost dövlətlər arasında müqavilə-hüquqi bazanı tamamlayacaq daha 10 sənədin tezliklə imzalanacağı barədə razılıq əldə edildi. Bundan sonra isə ikitərəfli Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu. Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev birgə bəyanat imzaladılar.
Türkdilli dövlətlərin başçılarının VI Bakı görüşündə qəbul olunmuş “Bakı bəyannaməsi”ndə nəzərdə tutulduğu kimi, 2001-ci il aprelin 26-da İstanbulun məşhur Çırağan sarayında türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü öz işinə başladı. Görüşdə Türkiyə prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Əsgər Akayev, Türkmənistan prezidenti Saparmurad Niyazov, Özbəkistan Ali Məclisinin sədri Erkin Xəlilov iştirak edirdilər. Görüşün İstanbulda keçirilməsi bir daha göstərdi ki, böyük Türkiyə dövləti özünün banisinin vəsiyyətlərinə sadiq qalaraq türk dövlətləri başçılarının ənənə şəklini almış görüşlərində ani fasilə belə yaranmaması üçün nə lazımdırsa etmiş, görüşün dolğun, məzmunlu olması və səmərəli nəticələrlə yekunlaşdırılmasına cavab verən sənədlər hazırlanmasına nail olmaqdan ötrü ciddi səy göstərmişdi.
Ev sahibi kimi Zirvə görüşünü Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Necdət Sezər giriş sözü ilə açaraq türk dünyasının liderlərini və onları müşayiət edən nümayəndə heyətlərini səmimiyyətlə salamladı, Zirvə görüşlərinin keçirilməyə başlandığı 9 il müddətində qardaş ölkələr arasında ikitərəfli əlaqələrin, çoxtərəfli işbirliyinin genişləndirilməsi sahəsində böyük irəliləyişlər olduğunu vurğuladı.
Dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda, qonaqpərvər Türkiyə torpağında türkdilli ölkələrin başçılarının VII Zirvə görüşünün işə başlaması münasibətilə sammit iştirakçılarını ürəkdən salamlayan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev belə görüşlərin ənənəvi xarakter almasını yüksək dəyərləndirərək ona müvəffəqiyyətli iş arzuladı və əmin olduğunu bildirdi ki, “XXI” əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv siyasi dialoq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır. Bütün bunlara biz, əldə etdiyimiz tarixi nailiyyətlərin — milli azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq” (Dirçəliş-XXI əsr, 2001, N-939, səh. 4).
Heydər Əliyev öz çıxışında XX əsrdə türk xalqları və dövlətləri tərəfindən görülmüş işlərdən və yeni əsrdə onların qarşısında duran konkret vəzifələrdən ətraflı danışdıqdan sonra sözlərini müdrikcəsinə deyilmiş aşağıdakı kəlamlarla bitirir:
“Əminəm ki, Türkdilli Dövlətlərin Birliyinin VII İstanbul zirvə görüşü bizim dostluq və qardaşlığımızın möhkəmlənməsinə, türkdilli dövlətlər və xalqlar arasında çoxtərəfli əlaqələrin inkişaf etməsinə qiymətli töhfə verəcəkdir” (yenə orada, səh. 8).
Şübhə edilməməlidir ki, “Türkdilli Dövlətlər Birliyi” ifadəsi də təsadüfi deyilməmişdir. Çünki belə bir regional beynəlxalq təşkilatın daimi işləyən yekdil nüfuzlu beynəlxalq qurum kimi formalaşması və fəaliyyət göstərməsi Heydər Əliyevin çoxdankı arzusu idi.
1982-ci ildə Y.Andropovun dəvəti və təklifi ilə Moskvaya aparılan Heydər Əliyev Siyasi Büro üzvü oldu və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Beləliklə o, nəhəng Sovet imperiyasının yüksək rəhbər eşalonunda yeganə türk oğlu idi. Burada o, SSRİ-də yaşayan bütün türkdilli xalqların ümidgahına çevrilmişdi. Heydər Əliyev irticaçı rus şovinizminin qabağında özünü sipər etmişdi. Mixail Qorbaçovun rəhbərliyi dövründə elə bir milli məsələ olmamışdır ki, onun müzakirəsində Heydər Əliyev öz açıq, prinsipial sözünü deməmiş olsun.
Xarakterik bir misalı yadınıza salırıq.
“Heydər Əliyev DTK-dakı dostlarından öyrənmişdi ki, Qorbaçov Stalinin türklərə qarşı yeritdiyi qanlı siyasətini — türk xalqlarını öz vətənlərindən sürgün etmək siyasətini davam etdirmək istəyir. Əliyev ona qarşı çıxmışdı. Lakin o susmuşdu. Onların ilk toqquşması sonralar — Qazaxıstanın rəhbəri Kunayevin vəzifədən götürülməsi məsələsində baş vermişdir. Bu məsələ Siyasi Büroda həll edilərkən Heydər Əliyev sərt şəkildə Qorbaçova demişdi: “Nə üçün Kunayevi vəzifədən götürmək istəyirsən?”
“Yerinə Gennadi Kolbini qoymaq istəyirəm”, — deyə Qorbaçov cavab vermişdir; “Nəyə görə Qazaxıstanda — bir türk respublikasında vəzifəyə rus gəlməlidir? Qazaxların rəhbəri qazax olmalıdır. Rusların türk rəbbəri varmı? Kunayev 22 ildir Qazaxıstana rəhbərlik edir. Mən sənin namizədin Kolbini yaxşı tanıyıram, işə yaramayan, bacarıqsız bir adamdır”, — deyə Heydər Əliyev fikrini axıra kimi demişdir.
Qorbaçov bu sözlərin müqabilində bərk əsəbləşir, lakin yenə də Kolbini irəli çəkir. Həmin Büroda Heydər Əliyevi müdafiə edən olmur.
Qorbaçov Qazaxıstandan sonra Azərbaycana əl atır. Heydər Əliyev onun Azərbaycana qərəzli, şovinist münasibətlərinə dözə bilmir və Qorbaçova deyir: “Azərbaycanı qarışdırmağa yol verməyəcəyəm”. O isə səsini qaldıraraq Əliyevə deyir: “Sən Azərbaycanın işlərinə qarışma”.
Heydər Əliyev bu həyasız notadan hiddətlənir: “Nə demək istəyirsən? Mən azərbaycanlıyam”, — deyərək hirslə yerindən qalxıb Qorbaçovun üstünə yeriyir. Onun qoluna girib Siyasi Büronun toplaşdığı salondan çıxarırlar.” (“Heydər Əliyevin bioqrafiyası” kitabı, 1988, səh. 52).
Əlavə edək ki, həmin biabırçı Büroda Heydər Əliyev Qazaxıstanın birinci katibi vəzifəsinə o zaman respublikanın Nazirlər Sovetinin sədri işləyən N.Nazarbayevi təklif etmişdi.
Əliyevin uzaqgörənliyi, Qorbaçova xəbərdarlığı həyatda öz təsdiqini tezliklə tapdı. Qazaxıstan əhalisi, xüsusilə gənclər Siyasi Büronun bu şovinist addımını sərt qarşıladılar. Kolbin uzaq gedə bilmədi. Nəticədə Nazarbayev ölkənin birinci şəxsi postuna gəlməli oldu.
Doğrudur, son məqamda Heydər Əliyev özü də rus şovinizminin qurbanı oldu. Lakin o, büdrəsə də, yıxılmadı. İmperiyanın o zamankı partiya bossları tarixin arenasından silinib getdilər. Öz xalqının sevimli lideri Heydər Əliyev isə yenidən Azərbaycanda hakimiyyətə gəlib onun müstəqilliyini qorudu və milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu.
Bu gün qeyri-rəsmi məlumatlara görə Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş 250 mln. türk yaşayır. Ancaq bununla belə, ötən əsrin sonlarına kimi onların ancaq bircə dövlətləri var idi - Türkiyə Respublikası.
1991-ci ildə mənfur Sovet imperiyasının çürüyüb çökməsindən sonra daha 6 türk respublikası müstəqillik qazandı və BMT-nin tam səlahiyyətli üzvü oldu. Heydər Əliyev Türkiyədəki çıxışlarından birində (1994) Atatürkün məşhur fikirlərini xatırlayaraq deyir:
“Burada mən Mustafa Kamal Atatürkün çox dəyərli bir fikrini yadınıza salmaq istəyirəm, çünki onun bu fikri Türkiyənin üzərinə düşən vəzifələrin çox böyük olduğuna və Mustafa Kamal Atatürkün çox uzaqgörən bir şəxsiyyət olduğuna dəlalət edir. O, Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü münasibəti ilə çıxışında demişdir: “...Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Lakin sabah nə olacağını bu gün heç kim müəyyən edə bilməz... Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. ...Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmamız lazımdır”.
İndi həmin dövran gəlib çatıbdır...”
Türkiyə Respublikası bu yeni dünya düzənində öz tarixi missiyasını bütün sivil vasitələrlə uğurla yerinə yetirməkdədir. Ötən əsrin 90-cı illərindən (1993) başlayaraq hər il Türkiyədə çox yüksək səviyyədə keçirilən Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi qurultayları artıq böyük bir ənənəyə çevrilmişdir.
Heydər Əliyev hər dəfə bu böyük tədbiri diqqətlə izləmiş, onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Onun bu qurultayların işinə verdiyi qiymət təbrik məktubunda öz gözəl əksini tapmışdır: “1993-cü ildən bu yana hər il qardaş Türkiyə Cümhuriyyətinin himayəsi ilə keçirilən forumlar eyni etnik soya, kökə, müştərək tarixə, dil, din və mədəniyyətə malik xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, hər cür işbirliyinin genişlənməsinə və Türk Dünyasının milli-mənəvi bütövlüyünə xidmət göstərməkdir.
Antitürk siyasəti yeridən müxtəlif qüvvələr uzun illər qardaş xalqlarımızı bir-birindən ayrı yaşamağa, öz möhtəşəm keçmişindən və böyük mədəni mirasından təcrid etməyə çalışmışlar. Fəqət tarix boyu bəşəriyyət sivilizasiyasında misilsiz rol oynamış yenilməz türk əzmini qırmaq, türk ruhunu sarsıtmaq kimsəyə qismət olmamışdır.
...Qlobal siyasi olaylarla zəngin çağdaş dünyamızda üzərimizə düşən tarixi vəzifələri hər birimiz anlayaraq, işdə, əməldə, fikirdə birlik ideyasının gerçəkləşməsi üçün əlimizdən gələnləri yerinə yetirməliyik.
Əmin olun ki, müstəqil Azərbaycan Respublikası özünün daxili və xarici siyasətində hər zaman bu mövqeyə sadiq qalacaq, Türk Dünyasının siyasi, iqtisadi və mədəni yüksəlişinə xidmət edəcəkdir.”
Respublikamızın bütün Türk Dünyası ilə, xüsusən də Türkiyə Cümhuriyyəti ilə günü-gündən zənginləşən parlaq, səmərəli əlaqələri göz önündədir.
Heydər Əliyevin türk dövlətləri birliyi məsələlərinə daha fəal mövqedən yanaşmasını çox gözləmək lazım gəlmədi. O, Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi ilə əlaqədar keçirilmiş müxtəlif tədbirlərdə nəinki fəal təşkilatçı, iştirakçı kimi, həm də türk dövlət və xalqlarını birliyə çağıran fəal və mübariz təbliğatçı kimi çıxış edirdi. Hələ 1994-cü il noyabrın 1-də Ankara yaxınlığındakı Bilkənd Universiteti şəhərciyində keçirilmiş yubiley şənliklərində çıxış edərkən Heydər Əliyev Türkiyə Cümhuriyyətinin və türk xalqının şanlı tarixinə müraciət edərək bütün türk dünyasını bu tarixdən ibrət dərsi götürməyə çağırır və deyirdi: “Türkiyə xalqının böyük tarixi var. Türkiyə Cümhuriyyətinin yaranmasından 71 il keçmişdir. Ötən əsrlərdə də, cümhuriyyət dövründə də Türkiyə, Türkiyə xalqı daim türk dünyası ücün örnək olmuşdur. Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir”.
Ertəsi gün Türkiyə prezidenti Süleyman Dəmirəlin anadan olması günü münasibətilə “Çankaya” köşkündə keçirilən görüşdə isə Heydər Əliyev S.Dəmirəlin 40 illik ictimai-siyasi fəaliyyətini təkcə Türkiyəyə, türk xalqına deyil, həm də türk dünyasına xidməti baxımından qiymətləndirərək deyirdi: “Siz böyük hörmət, ehtiram və məhəbbət qazanmısınız. Təkcə Türkiyədə yox, bütün türk dünyasında Siz böyük dövlət xadimi, ictimai-siyasi xadim və türk dünyasının inkişafı üçün yorulmaz bir insan kimi tanınırsınız... Əmin olduğumu bildirmək istəyirəm ki, hələ bundan sonra da bir çox illər Siz Türkiyə Cümhuriyyətinə etibarlı rəhbərlik edəcəksiniz, onun gələcək yollarının sükançısı olacaqsınız, təkcə Türkiyənin yox, türk dünyasının, türk dövlətlərinin bir-birinə yaxın olması üçün böyük xidmətlər göstərəcəksiniz”. Deməli, Heydər Əliyev türk dövlətləri başçılarının fəaliyyətini öz ölkələrini tərəqqi, sülh, demokratiya, rifah yoluna çıxarmaqla yanaşı, həm də türk dünyasının, türk dövlətlərini bir-birinə yaxınlaşdırmaq baxımından qiymətləndirir, bu yaxınlaşmanı və birliyi əsas meyarlardan biri hesab edirdi.
Türkdilli dövlətlər arasında əlaqələrin gücləndirilməsində, o cümlədən türk xalqlarının bir-birinə getdikcə daha çox yaxınlaşmasında, heç şübhəsiz, XX əsrin sonları mühüm bir dövr təşkil edir. Təkcə 1996-cı ildə bu sahədə o qədər çoxşaxəli, rəngarəng işlər görülmüşdür ki, onlar sadəcə sadalansa böyük bir siyahı alınar. Həmin siyahının başında YUNESKO-nun qərarı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar müxtəlif ölkələrdə və müxtəlif səviyyələrdə keçirilən və nəhayət ilin sonunda şairin vətənində Bakıda və Azərbaycanın digər şəhərlərində yekun vurulan təntənəli yubiley şənlikləri dayanır. Görün, bu tədbirlərin çoxşaxəliliyi və beynəlxalq səviyyədə qeyd olunması Heydər Əliyevin iftixarla söylədiyi aşağıdakı sözlərlə necə də hamahəng səslənir: “Məhəmməd Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın hər bir guşəsini fəth edibdir və dünyanı dolaşır... Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində təntənəli surətdə keçirilmişdir. Türkiyədə-Ankarada, Rusiyada-Moskvada, İraqda-Bağdadda, Kərbəlada, Kərkükdə, İranda-Tehranda, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Dağıstanda, Dərbənddə, Mahaçqalada, Parisdə, YUNESKO-nun baş qərargahında Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənələr, mərasimlər keçirilib, Məhəmməd Füzulinin yaradıcılığı, onun irsi geniş təbliğ olunub və bütün dünyaya çatdırılıbdır”.

(davamı növbəti saylarımızda)

İsmayıl VƏLİYEV,
Kamil Muxtarov.

Cari ilin ilk rübündə Azərbaycan ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mayın 23-də Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatında deyib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır. Ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aprel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu il fevralın 28-də isə Pekində “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Nazir qeyd edib ki, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq cari ilin ilk rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz çoxdur. 2016-cı ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə yükdaşımalar ümumilikdə 26 faiz artıb, qeyri-neft məhsullarında isə 50 faiz artım müşahidə olunub. Bu ilin birinci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Limanın ölkə iqtisadiyyatında əhəmiyyəti, tranzit potensialının artırılması imkanları barədə məlumat verib.

Sonra “Economic Zones World FZE” şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə “Azad zonalar haqqında” Qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, Tənzimləmə və Əməliyyat Modeli, Baş Planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Qeyd edək ki, əlverişli coğrafi  mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib, Azərbaycanın dünyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi inkişaf etdirilməsi məqsədilə transmilli  layihələr icra edilib və ya edilir. Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasıdır.

Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli Sərəncamından irəli gələn məsələlərin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət başçısının Sərəncamına uyğun olaraq, ötən il İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb. “Economic Zones World FZE” şirkəti yüksək peşəkarlıq səviyyəsinə və azad zonalarının yaradılması sahəsində böyük təcrübəyə malik olan tanınmış şirkətdir. Həmçinin layihənin  icrası üzrə işlərin əlaqələndirilməsi üçün işçi qrup yaradılıb.

 

 

AZƏRTAC

Vergilər Nazirliyi Media və Kommunikasiya Mərkəzinin məlumatına görə, dünən Nazirlikdə vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov işə yeni qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayan nazirin 1-ci müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat verib.

Vergi orqanlarına işə qəbul insan resurslarının inkişaf etdirilməsi istiqamətində mühüm başlanğıc həlqədir. Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanlarındandır və apardığı kadr siyasəti sahəsində uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. 2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul test üsulu və müsabiqə yolu ilə aparılır. Qeyd olunub ki, namizədlərin sənədlərinin qəbulu 2008-ci ildən elektron formada - internet vasitəsilə həyata keçirilir, informasiya texnologiyalarından geniş istifadə şəffaflığın artırılması və vətəndaşların rahatlığının təmin olunması ilə yanaşı, rayonlarda yaşayan gənclərin paytaxta gəlmədən sənədlərini təqdim etməsinə şərait yaradıb.

Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2017-ci illərdə 12 müsabiqə keçirilib, imtahanlarda 14000 nəfərdən çox namizəd iştirak edib. Müsabiqəni müvəfəqiyyətlə başa buran 1258 nəfər şəxs vergi orqanlarında işlə təmin edilib ki, bu da hazırda vergi orqanlarında xidmət edənlərin 53.5%-ni təşkil edir. İşə qəbulun müsabiqə əsasında təşkili nəticəsində vergi orqanlarında gəncləşmənin təmin edildiyini bildirən nazir müavini, hazırda vergi orqanlarında kadr potensialının mühüm hissəsinin gənc və orta yaş qruplarından ibarət olduğunu vurğulayıb. Vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47.3%-ni yaşı 35-dən az olan şəxslər təşkil edir. Rəhbər vəzifəli şəxslərə münasibətdə bu rəqəm 32.2%-dir.

Nazirin 1-ci müavini bu il dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün 4976 nəfər şəxsin müraciət etdiyini, onlardan 92 nəfəri test mərhələsində, 83 nəfəri isə müsahibə mərhələsində uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə etdiyini bildirib. İndiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici məhz bu müsabiqələrdə müşahidə edilib. O, hər bir namizədlə fərdi qaydada müsahibə aparıldığını, onların bilik və bacarıqlarının, ümumi dünyagörüşü və təhlil apara bilmək qabiliyyətlərinin yoxlanıldığını xüsusi vuruğulayıb.

Bu il keçirilmiş son 2 müsabiqədə daha çox regionlarda yaşayan gənclərin kadr potensialına daxil edilməsinə önəm verildiyini diqqətə çatdıran S.Məmmədxanov, vakant vəzifələrə təyin edilən 58 nəfərin əksəriyyətinin regionlardan olduğunu qeyd edib.

Vergi orqanlarının fəaliyyətinin xüsusiyyətlərindən söz açan S.Məmmədxanov Vergilər Nazirliyində kadrların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə insan resurslarının inkişafı konsepsiyasının uğurla həyata keçirildiyi, bilik və bacarıqlarını artırmaq üçün onlara hər cür şərait yaradıldığı barədə də gələcək vergi orqanı əməkdaşlarına ətraflı məlumat verib. İştirakçıların diqqətinə çatdırılıb ki, vergi işçilərinin peşəkarlığının artırılması məqsədilə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində Fransa və İspaniyanın təcrübəsi geniş öyrənilib, bir sıra mühüm sahələrdə təlimçi kadrlar hazırlanıb, yeni təlim metodları tətbiq edilib. Vergilər Nazirliyinin hazırda insan resurslarının idarə edilməsində ümumi yanaşmadan fərdi yanaşmaya, “bilikləri” qiymətləndirməkdən “bacarıqları” qiymətləndirməyə keçdiyini qeyd edən nazirin 1-ci müavini əsas hədəfin təcrübəli kadr potensialının daim gücləndirilməsi və peşəkar işçi ordusunun formalaşmasına yönəldiyini bəyan edib.

Tədbirin sonunda yeni işə təyin olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

 

Ülvi QARAYEV,

“Respublika”.

8 -dən səhifə 1216