XƏBƏR LENTİ

Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra “Azərbaycanda multikulturalizm dəyərləri” filmi nümayiş olundu.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Birinci bölmə iclasının moderatoru Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.
Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycanın bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biri olduğunu deyən A.Paşazadə bildirib ki, ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
“Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır”, - deyə A.Paşazadə əlavə edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin xalqımızın milli, dini və tarixi irsinə yüksək diqqət və qayğısı sayəsində ölkəmiz humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrilib.
“İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir”, - deyə Şeyxülislam vurğulayıb.
Şeyxülislam A.Paşazadə Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyini, ölkəmizdə İslami maarifləndirmə işlərinə böyük önəm verildiyini diqqət çatdırıb. Bildirib ki, İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən dövlətimizin başçısı İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində yorulmaz səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi Azərbaycanın sərgisinin təşkili bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi də buna bariz nümunədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan QMİ sədri deyib ki, uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. “Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada bütün münaqişələrin ədalətli, sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması zəruridir”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də səyləri ilə dünyaya nümunə göstərdiyini vurğulayaraq deyib: “Dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaqdır, İnşallah”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri” mövzusunda çıxış edərək İslam dininin elmə, elm öyrənməyə yüksək münasibətindən danışıb. İslam dininin bəşəriyyətə verdiyi töhfələrdən, dünyəvi elm sahələrində əldə olunan uğurlardan söz açan A.Əlizadə qeyd edib ki, çağdaş Avropa elminin bünövrəsini məhz orta əsrlər İslam elmi təşkil edir. Akademik Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox müdrik qərar olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, beynəlxalq miqyasda sülhə, əmin-amanlığa nail olmaq, müxtəlif yönümlü münaqişələri aradan qaldırmaq, milli, dini, irqi zəmində nifrət və qarşıdurmalara son qoymaq, bəşəriyyətin üzləşdiyi sosial, iqtisadi, ekoloji, demoqrafik və s. problemləri həll etmək üçün bu çağırışlara vaxtında cavab olduqca vacibdir.
Komitə sədri qeyd edib ki, dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür.
M.Qurbanlı bildirib ki, bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil ölkəmizin müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Milli-mənəvi dəyərlərin qorunması, tolerant və multikultural dəyərlərin təbliği sahəsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin də xüsusi rolu var.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı bir mesajdır. Nazir müasir dövrdə müsəlman dünyasında baş verən siyasi proseslərə, hərbi münaqişələrə, demoqrafik böhrana, Qərbdə artan islamofobiya meyillərinə toxunaraq vurğulayıb ki, bütün bunlar mədəniyyət amilinin əhəmiyyətini artırır. Bu problemlərin həlli yolları mədəniyyət vasitəsilə axtarılmalıdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək deyib ki, xalqımız hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla İslamın demokratiyanı heç də inkar etmədiyini göstərdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev İslam dəyərlərinin dirçəlməsinə hərtərəfli qayğı göstərib və bu siyasətin davamı kimi, Prezident İlham Əliyev bu sahəyə dəyərli töhfələr verir.
Nazir müavini, həmçinin ölkəmizdə müxtəlif dinlərin dəyərlərinin qorunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Bakı İslam tədbirlərinin tez-tez keçirildiyi məkana çevrilib. Roma Papasının Azərbaycana ötən il etdiyi səfər də ölkəmizin multikulturalizm dəyərlərinə verilən qiymətdir. İslam dininin humanizmi və böyük mənəvi dəyərləri özündə birləşdirdiyini deyən X.Xələfov Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın multikulturalizmə verdiyi xüsusi töhfələrdən danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan X.Xələfov bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə münasibətdə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda İslam həmrəyliyinin nümayiş olunmasının əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin baş katibi Mahmud Erol Kılıç çıxış edərək bugünkü dünyada İslam dininin əsl mahiyyətinin dəyişdirildiyini, səhv cərəyanların meydana gəldiyini təəssüf hissi ilə qeyd etdi. Terrorizmə və ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. Biz ənənəvi İslam anlayışının bütün İslam dünyasına yenidən sirayət etməsini arzu edir, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyirik.
İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottəki vurğulayıb ki, İslam dini sülh dinidir, terrorizmdən çox uzaqdır. Hazırda dünya İslam adı altında bir sıra terror fəaliyyətləri ilə üzləşir. “Biz real, birgəyaşayışı təbliğ edən İslamı dünya birliyinə nümayiş etdirməliyik. İslam başqa dinləri birgəyaşayışa dəvət edir. Dinlərarası dialoq bütün dinlər üçün dəvətdir. Bu gün İslama real dəstək verənlərə böyük ehtiyac var”.
Bu gün dünyada dini, irqi, etnik, milli zəminlərdə münaqişələrin baş verdiyini deyən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva vurğulayıb ki, bu cür hadisələr və mövcud radikal meyillər multikulturalizmə, müxtəlif dinlərə və mədəniyyətlərə etiqad edən insanların tolerant və dinc yaşamaq prinsipinə qarşı təhdidə çevrilib. “Bu gün bizi narahat edən əsas vacib məqamlardan biri dünyada islamofobiya meyillərinin meydana gəlməsidir. Belə ki, İslam dini qeyri-tolerant, radikalizmin təbliğatçısı kimi iddia edilir, terrorla eyni müstəvidə tutulur, Qərb dünyasında müsəlmanlara qarşı düşmən münasibət sürətlə formalaşmaqdadır. Bu, özünü son illərdə həm siyasi, həm də sosial münasibətlərdə daha qabarıq şəkildə göstərməkdədir. Bu cür yanaşma çox yanlışdır, çünki İslam özlüyündə mərhəmət və tolerantlıq daşıyır, yüksək mənəvi dəyərləri təbliğ edir”, - deyə G.Əfəndiyeva əlavə edib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını fərqləndirən cəhətlərdən biri də digər mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant olmaqdır. Bu cür təfəkkürə, dünyagörüşünə, əxlaqa sahib olmağımızın şübhəsiz ki, yaşadığımız ərazinin Şərq ilə Qərb arasında mədəni və coğrafi baxımdan körpü rolu oynamasından irəli gəlir. Azərbaycan cəmiyyəti haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir və ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını, o cümlədən etnik, mədəni, dini dəyərlərinin qorunmasını əsas insan hüquq və azadlıqları kontekstində görür. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bu gün dünyada münaqişələrin, qarşıdurmaların, iqtisadi böhranın hökm sürdüyünün təəssüf doğurduğunu vurğuladı. Belə bir anda bu cür tədbirlərin keçirilməsinin həmrəyliyin təbliği istiqamətində mühüm addım olduğunu dedi. F.Heydərov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışdı. O, konfransda iştirak edən ölkələrin nümayəndələrini Ermənistanın rəhbərliyinə təsir göstərməyə çağırdı.
Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasına çağırış olduğunu bildirib. İslam ölkələrinin həmrəyliyi insani münasibətlərin qurulması üçün çox mühüm amildir və bu, cəmiyyətdə multikulturalizmi və sabitliyi təmin edir. Hazırda İslam bəzi dairələrin əllərində alətə çevrilib və onlar dindən öz məkrli niyyətlərini yerinə yetirmək üçün istifadə edirlər. Müasir dünyada baş verən təhdidlərin qarşısının alınması qarşımızda duran əsas vəzifələrdən biridir.
Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsi sədrinin müavini Arximandrit Filaret çıxış edərək bildirib ki, ənənəvi dinlər ümumi çağırışlar və ekstremizmlə üzləşir. Bu ciddi çağırışları yalnız birgə səylərlə aradan götürmək olar. Heç bir din insanları öldürməyi təbliğ etmir. Dünyada müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan ən yaxşı nümunədir.
Sonra Novqorod və Starorus Mitropoliti Lev Moskva və Bütün Rusiya Patriarxı Kirillin, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndəsi Yepiskop Dmitriy Kapanadze isə Patriarx İİ İliyanın konfrans iştirakçılarına məktublarını oxudular.
Məktublarda deyilir ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dinc şəraitdə birgə yaşadığı ölkədir. Əminik ki, dünyada sülh və əmin-amanlıq tezliklə bərqərar olunacaq.
İkinci bölmə iclası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlının moderatorluğu ilə keçib.
Konfransın əhəmiyyətindən danışan Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan İslamın türk ölkələri arasında yayıldığı ilk ərazilərdəndir.
Azərbaycan alimlərinin müsəlman intibahının formalaşmasında böyük rol oynadıqlarını vurğulayan Y.Mahmudov deyib: “Biz vaxtilə İslam dəyərlərini çox çətin vəziyyətdə qoruyub saxlamışıq. Müsəlman olduğumuzdan bizə qarşı dəhşətli soyqırımları həyata keçirilib. Biz bu gün qürur hissi keçiririk ki, müstəqilliyimizin 25 ilində İslami dəyərlərə sahib çıxıldı, abidələrimiz bərpa olundu. Bu işlərdə Prezident İlham Əliyevin böyük rolu var. Azərbaycan ərazisində bütün səmavi dinlərin qorunub saxlanılmasında Azərbaycan xalqı mühüm rol oynayır. Gəlin, Azərbaycan nümunəsini öyrənək və dünyada tətbiq edək”.
“Biz terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya meyilləri yeridilir. Dünya bizim işğal olunmuş ərazilərimizdə məhv edilən abidələr və məscidlərin taleyi ilə maraqlanmır”,- deyən Tarix İnstitutunun direktoru vurğulayıb ki, İslam dünyası, dünyanın bütün səmavi dinlərinin nümayəndələri vəhşiliyə qarşı birləşməlidir.
Qırğız Respublikası Prezident Aparatının etnik, dini siyasət və vətəndaş cəmiyyəti ilə əlaqələr şöbəsinin eksperti Kubanıçbek Abakirov ölkəsində İslami dəyərlərin qorunması istiqamətində görülən işlərdən söz açıb. O, Qərb ilə Şərq dünyası arasında ziddiyyətlərin kəskinləşdiyi və İslama qarşı təhdidlərin artdığı indiki qarışıq zamanda İslam həmrəyliyinin aktuallıq kəsb etdiyini diqqətə çatdırıb və konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanın dövlət rəhbərliyinə minnətdarlığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev isə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, İslami həmrəylik durur. Akademik qeyd edib ki, dövlətimizin başçısının elan etdiyi həm Multikulturalizm, həm də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun tərkib hissəsidir. Azərbaycanda dini-mənəvi irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf edir, İslami maarifləndirmə işlərinə böyük önəm verilir.
AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə bildirib ki, həmrəylik İslam ölkələrinə hava və su kimi lazımdır. Dünya mediasında İslamı gözdənsalma kampaniyasının getdiyini və İslam dünyası, İslam dini haqqında aşağılayıcı fikirlər səsləndirildiyini, mənfi rəy formalaşdırıldığını deyən G.Baxşəliyeva vurğulayıb ki, məhz bu kampaniyalara qarşı həmrəylik nümayiş etdirilməlidir. İslam dünyasının media rəhbərləri daha səmərəli fəaliyyətlə bağlı vahid platforma hazırlamalıdır.
Şərqşünaslıq İnstitutunun direktoru qeyd edib ki, müasir dünyamızda ən böyük problemlərdən biri terrorizmdir. Çox təəssüf ki, müasir dünyanın siyasətçiləri, beyin mərkəzləri bu məsələdə günahkar kimi İslamın adını hallandırmağa çalışırlar. Ancaq İslam əslində terrora qarşı olan dindir.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əhməd Təmim isə İslami dəyərlərin düzgün təbliğ edilməsinin vacibliyini, eləcə də dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib. O, eyni zamanda, İslami dəyərlərə sosial şəbəkələrin vurduğu ziyanlardan da danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən söz açıb. O, Azərbaycanda irqindən, dinindən, milli mənsubiyyətində, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların dostluq və qardaşlıq şəraitində yaşadıqlarını deyib. A.Məmmədov vurğulayıb ki, multikulturalizm və tolerantlıq ölkəmizdə həm dövlət siyasəti, həm də həyat tərzidir. Azərbaycanda ənənə halı almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
Azərbaycandakı Alban-Udi İcmasının rəhbəri Robert Mobili və Belarus müsəlmanlarının baş müftisi Əbubəkir Şabonoviç konfransın əhəmiyyətini vurğulayaraq müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini bildiriblər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin moderatoru olduğu üçüncü bölmə iclasında Beynəlxalq İslam Missiyası Dini Təşkilatının sədri Şafiq Pşixaçev rəhbərlik etdiyi qurumun multikulturalizmin inkişafı istiqamətində fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, dünya üzrə terrorizmin, vandalizmin qarşısının alınması üçün atılan addımlara ilk növbədə gənclərdən başlamaq lazımdır. Gənclər arasında bu istiqamətdə aparılan təbliğat işləri böyük əhəmiyyət kəsb edir. Bu konfransda iştirakından məmnun qaldığını bildirən Ş.Pşixaçev Azərbaycanda mövcud hökm sürən multikultural mühitdən danışıb. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar və bu münasibətlər bütün dünya üçün bir örnəkdir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr tədbirin əhəmiyyətindən danışıb. İslam həmrəyliyinin önəmindən söhbət açan Arxiyepiskop bunun həm də müxtəlif dinlərdən olan insanların öz aralarında əməkdaşlığı demək olduğunu vurğulayıb. “Dini ekstremizm”, “dini terrorizm” terminləri səhvdir. Bunu anlamaq üçün müxtəlif mənfi qüvvələrin dindən öz çirkin əməllərində istifadə etmələrinin səbəblərini araşdırmaq vacibdir. İndi bəşəriyyət yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə həmrəylik, plüralizm, dialoq mühüm amillərdir.
Tacikistan Milli Akademiyasının akademiki Karamatullo Olimov bildirib ki, İslam həmrəyliyi yalnız İslam ölkələrinin həmrəyliyi demək deyil. Bu, dinindən asılı olmayaraq bütün dünya əhalisinin dostluq, qardaşlıq və multikultural şəraitdə yaşamasına bir növ çağırışdır. Müxtəlif dinlərin nümayəndələrinin bir arada qardaşlıq şəraitində yaşadığı Azərbaycanın multikulturalizm modeli bunun bariz nümunəsidir. Bu yaşayış tərzinə bütün dünyada uşaqların ailə ilə yanaşı, məktəbdə də dini tərbiyəsinə geniş yer verilməsi ilə başlamaq mümkündür. İnsanlar uşaq yaşlarından öz dinlərinin qayda-qanunlarına alışmalı, bu istiqamətdə hələ erkən yaşlarından etibarən dərindən maarifləndirilməlidirlər.
Azərbaycandakı Katolik İcmasının rəhbəri Vladimir Fekete bu konfransı dünyada sülhün, əmin-amanlığın bərpası istiqamətində atılan addım kimi qiymətləndirib. Bildirilib ki, bunun üçün insanı ilk növbədə insan olaraq görmək lazımdır. Bir insanla münasibət qurarkən milli mənsubiyyət, din, irq əsas rol oynamamalıdır. İnsanlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq vacibdir. Biz insanlar dünya sivilizasiyasını qorumaq istiqamətində mühüm addımlar atmalıyıq. Bəşəriyyətin gələcəyi mədəniyyətlərin qarşılıqlı dialoqundan asılıdır.
Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev bildirib ki, bu gün bütün dünyada İslam dininə müxtəlif şərlər atılır və dünyanı islamofobiya ilə lərzəyə salırlar. Bu, çox səhv yanaşmadır. Bütün səmavi dinlər kimi, İslam da əmin-amanlıq, sülh, qardaşlıq və mehribanlıq dinidir. Məhz bu səbəbə görə bir çoxları İslam dininin sürətlə inkişafından qorxurlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları birliyə səsləyir. Bu birlik bir növ terrorizmə, vandalizmə, cinayətlərə, qadına qarşı şiddətə “yox” deməkdir. Bizim anlayışımıza görə cənnət anaların, qadınların ayaqları altındadır. İslam həmrəyliyi bilikli, savadlı insanların birliyidir. Bu, həm də elmin və təhsilin birliyidir. İslam həmrəyliyinin Azərbaycan modeli dedikdə ölkəmizdəki multikultural dəyərlərin məcmusu nəzərdə tutulur. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Lakin əsrlər boyu bu məmləkətdə müxtəlif dinlərin nümayəndələri dostluq, anlaşma şəraitində yaşayıb, bu gün də yaşayır və bundan sonra da yaşayacaqlar. Ölkəmizdə heç zaman dini qarşıdurma baş verməyib. Multikulturalizmin Azərbaycan modeli budur. Bu, bizim gələcəyi işıqlı görmək istiqamətində əsrlər boyu atdığımız addım, yaratdığımız modeldir.
Bölmə iclasının moderatoru akademik İsa Həbibbəyli konfransın əhəmiyyətini vurğulayıb. Akademik deyib ki, bu konfransda dinlənilən məruzələr, aparılan müzakirələr, müxtəlif ölkələrdən olan nümayəndələrin dialoqu bir daha sübut etdi ki, planetimizin həm dinlərarası, həm də beynəlxalq münasibətlərdə həmrəyliyə sözün əsl mənasında böyük ehtiyacı var. Dünyanı İslam həmrəyliyinə səsləyən Azərbaycan bu konfransın da yekun müddəası kimi bütövlükdə planetimizi həmrəyliyə, birliyə və mehribanlığa çağırır. Bu konfransda vurğulanan mühüm məsələlərdən biri də o oldu ki, müxtəlif ölkələrin dövlət-din məsələlərinin tənzimlənməsi üçün Azərbaycan bir modeldir. Belə ki, Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə tənzimlənir. Ölkəmizdə müxtəlif dinlərin dialoqu, həmrəyliyi və harmoniyası sözün əsl mənasında günümüzün reallığına çevrilib.
Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadova beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubunu oxudu.
Daha sonra beynəlxalq konfransın dünya ictimaiyyətinə müraciəti qəbul olundu.
Bununla da “İslam həmrəyliyi - zamanın çağırışı” beynəlxalq konfransı işini başa çatdırdı.
***
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında beynəlxalq konfransda iştirak edən qonaqların şərəfinə ziyafət verilib.

 

 

 

 

 

 

AZƏRTAC

Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmir Musaya “ADA” Universitetinin fəxri doktoru adı verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 15-də “ADA” Universitetində görüş keçirilib.

“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev elmi şuranın qərarı ilə Əmir Musaya bu ali məktəbin fəxri doktoru adı verildiyini bildirib və fəxri doktor diplomunu qonağa təqdim edib.

H.Paşayev Əmir Musanın siyasi fəaliyyətində hər zaman sülh və əmin-amanlığın tərəfdarı olduğunu söyləyib. Rektor qonağın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu diqqətə çatdırıb.

H.Paşayev bu cür görüşlərin iki ölkənin ali təhsil ocaqları arasında elm, təhsil sahələrində münasibətlərin gücləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Rektor “ADA” Universiteti ilə Misirin ali məktəbləri, həmçinin bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əlaqələrin genişləndiyini qeyd edib. Bildirilib ki, “ADA” Universiteti bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsi ilə əməkdaşlığa dair müqavilə imzalayıb.

Görüşdə çıxış edən Əmir Musa Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib. Fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirən Əmir Musa Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının qürurverici olduğunu deyib.

Diplomat tədbir iştirakçıları ilə siyasi təcrübəsini bölüşüb.

 

 

 

 

AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də Ağstafa şəhərində qərb bölgəsinin vətəndaşları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ağstafadakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sakinlər iştirak edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

AZƏRTAC

 

 

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülmüşdür.

İndi Bakı hava limanı Rusiya və MDB ölkələrinin hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.

Mükafatın təntənəli təqdim olunma mərasimi martın 14-də Amsterdamda keçirilmişdir. “The World Airport Awards” mükafatı hava limanı sənayesində hava limanı müştərilərinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur. Skytrax tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafatın təyin olunmasına hava limanları nəzarət və müdaxilə edə bilmir və buna görə də, hava limanı üçün mükəmməllik və keyfiyyət üzrə obyektiv göstəricidir.

Mükafat 2017-ci ildə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilib. Dünyanın 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini, qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. əsas fəaliyyət göstəricilərini qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilmişdir.

Onu da qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı Skytrax-ın nüfuzlu “4 ulduz” reytinqini qazanmışvə bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut etmişdir. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülmüşdür.

Heydər Əliyev Beynəlxalq Hava Limanının

mətbuat xidməti.

 

 

 

Martın 15-də ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul edildikdən sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir müavini öhdəliklərin icrası üzrə görülmüş işlərdən danışıb. A.Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması, son illər Şuranın səlahiyyətlərinin hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi baxımından xeyli genişləndirilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırılması, hakimlərin seçimində tətbiq olunan qaydaların Avropa Şurası

tərəfindən örnək kimi qiymətləndirilməsi, habelə onların tədrisi, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq barədə məlumat verib.

Nazir müavini dövlətimizin başçısının ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu mühüm sənədin icrası üzrə artıq müəyyən addımlar atılıb, Probasiya xidmətinin yaradılması, elektron nəzarət vasitələrinin tətbiqinə dair beynəlxalq təcrübə, o cümlədən xarici ölkələrdə yerində öyrənilməklə təkliflər hazırlanıb, aidiyyəti qurumlarla birgə yaradılmış işçi qrup tərəfindən cinayət qanunvericiliyinin liberallaşdırılması, bir sıra cinayətlərin dekriminallaşdırılması və sair məqsədlə yeni qanun layihələri hazırlanır.

Azərbaycanın Avropa Şurası üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən A.Qessel ölkəmizdə hər gün yeni inkişafın, müxtəlif sahələrdə real dəyişikliklərin baş verdiyini vurğulayıb, son illərdə, həmçinin məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edib.

A.Qessel Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işləri, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsini maraqla qarşılayaraq bu mühüm sənədin imzalanmasının Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Sərəncamın icrası cəza siyasətinin humanistləşdirilməsi, yeni institut və mexanizmlərin tətbiqi sahəsində böyük islahatlara yol açacaq və gələcəkdə bir çox üzv dövlətlər bu təcrübədən faydalana bilər. O, bu islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin vacib rol oynadığını söyləyərək Avropa Şurasının bu sahədə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Söhbət zamanı, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi Emin Eyyubov iştirak edib.

 

AZƏRTAC

 

 

 

Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

İlk Moskva-Gəncə reysinin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: “Vnukovo” hava limanı ilə yanaşı, AZALJET Moskva “Domodedovo” hava limanına, Sankt-Peterburq (“Pulkovo”), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək. Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.

 

 

 

 

Paytaxtın Səbail rayonunda beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atılmışdır. Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Bakıya gəlmişdir.

Əvvəlcə polşalı qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, məzarları üstünə güllər qoyub, əbədi məşəl abidəsini ziyarət ediblər.

Qonaqlar Dağüstü parkdan şəhərimizin mənzərəsi ilə tanış olmuşlar.

Daha sonra Varşava şəhərinin Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində qəbul edilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq ölkəmizin son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişafı və uğurları barədə danışmış, Səbail rayonu, onun tarixi, rayonun bugünkü inkişafı barədə məlumat vermişdir. Eldar Əzizov xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd etmişdir.

Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının, “Formula-1” kimi yarışın mərhələsinin Bakıda keçirilməsi, o cümlədən 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da keçirilmə yerinin məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.

Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından danışan Eldar Əzizov Polşa Respublikasının paytaxtının mərkəzi rayonu Praqa Poludni ilə Bakı şəhərinin mərkəzi rayonu olan Səbaıl arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olacağını vurğulamışdır.

Polşa nümayəndə heyətinin rəhbəri - Varşavanın Praqa Poludni rayonunun Burmistri Tomaş Kuxarski Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını bildirmiş, şəhərdə və onun mərkəzi rayonu olan Səbail rayonunda görülən işləri yüksək qiymətləndirmiş, qeyd etmişdir ki, Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Varşavanın Praqa Poludni rayonu ilə Bakı şəhərinin Səbail rayonu arasında yaranan dostluq telləri hər iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycanın Polşada daha yaxından tanınması və təbliği işində böyük rol oynayacaqdır.

Görüşdə hər iki rayon arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, xüsusilə məktəblilər və tələbələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə toxunuldu və qonaqlara hədiyyələr təqdim olundu.

Səfər günlərində qonaqlar paytaxtımızın görməli yerləri, park və xiyabanları, muzey və mədəniyyət ocaqları, yeni tikilmiş idman obyektləri, o cümlədən vaxtı ilə mərkəzdə polyak memarlar, ilk növbədə Yuzef Qoslavski tərəfindən inşa olunmuş binalarla yaxından tanış olacaq, 132-134 saylı Təhsil Kompleksində, Azərbaycan Dövlət İqtisad Universitetində görüş keçirəcək, Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edəcəklər.

Məhəmməd VƏLİYEV,

“Respublika”.

 

 

 

Cümə axşamı, 16 Mart 2017 09:56

Görkəmli dilçi alim

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov XX əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli nümayəndələrindəndir. Onun müasir Azərbaycan dilinin müxtəlif sahələrinə - dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeologiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair 76 kitabı, 400-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuş, 100-dən artıq müəllifin kitabı onun elmi redaktorluğu ilə işıq üzü görmüşdür. Alim öz geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə fundamental əsərlər bəxş etmişdir. Elmi ictimaiyyət arasında rezonans doğuran sanballı kitabları, monoqrafiyaları, araşdırmaları, 10 cildlik əsərləri sübut edir ki, o, əsl ziyalıdır və Azərbaycan dilçiliyi tarixində artıq öz möhürünü vurmuş, imzasını təsdiq etmiş şöhrətli alimlərimizdəndir. 

Gənclik illərində Azərbaycanın M.Rəfili, Ə.Dəmirçizadə, Ş.Qurbanov, İ.Şıxlı kimi görkəmli alim və yazıçılarını ilk dəfə Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyıb. Bu ziyalılar, xüsusilə yazıçı və şairlərlə keçirilən görüşlər, iştirakçısı olduğu mədəni tədbirlər onun yaddaşında əbədi izlər buraxıb. Qəzənfər müəllim 1960-cı ildə ali təhsilini başa vurandan sonra təyinatını Cəbrayıl rayonuna alır. 1962-ci ildə Bakıya qayıdıb Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturaya qəbul olur. Görkəmli türkoloq, professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə “Ə.Haqverdiyevin dramaturgiya dili” (“Dağılan tifaq” pyesi əsasında) mövzusunda namizədlik dissertasiyası ilə elmi tədqiqata başlayır. “Dağılan tifaq”ın Peterburq çapı ilə (1899) Bakı nəşrləri (1926, 1935 və s.) arasında müqayisələr aparır, onların fərqli cəhətlərini müəyyənləşdirir, yazıçının arxivini araşdırır. Bununla yanaşı, Ə.Haqverdiyevin dramaturgiya dili linqvistik cəhətdən zəngin faktlarla araşdırılır. Q.Kazımovun qeyd etdiyi kimi, bədii əsərdə canlı xalq dilinə məxsus ifadələrdən istifadə həyati bir zərurətdir. Məhz həmin zərurətə görə Ə.Haqverdiyev başqa əsərlərində olduğu kimi, “Dağılan tifaq” faciəsində də zəngin frazeoloji vahidlərdən istifadə etmişdir. Müəllif onları elmi tədqiqata cəlb edərək, məna növlərini müəyyənləşdirmiş və semantik cəhətdən çalarlarını aydınlaşdırmışdır. “Dağılan tifaq” faciəsinin leksik xüsusiyyətləri, frazeologiyası və üslubu ilə bağlı tədqiqatlarını “Ə.Haqverdiyevin dramaturgiya dili” mövzusunda namizədlik dissertasiyasında ümumiləşdirmişdir. O, 1967-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almış, sonralar bu dissertasiyanı monoqrafiya kimi hazırlayıb, “Yazıçı və dil” kitabında nəşr etdirmişdir. 1988-ci ildə “Azərbaycan Sovet satirik nəsrinin dili, 1920-1940-cı illər” (komizm dil vasitə və üsulları problemləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan ədəbi dilinin inkişafında, onun leksik, üslubi-semantik və qrammatik normalarının zənginləşməsində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Bayram Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar, Hüseyn Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu kimi söz ustalarının xidmətləri onun araşdırmalarında əsaslı şəkildə şərh edilmişdir.
Qəzənfər müəllim həmişə yenilikçi alim olaraq novator fikirləri ilə dilçiliyimizi zənginləşdirmişdir. Xalqımızın dilinə, tarixinə qara ləkə yaxan, kölgə salan, onu saxtalaşdıran bəzi “ziyalıları” vaxtında susdurmağı bacarmış, Azərbaycan xalqının tarixinin qədimliyini faktlarla sübut etmişdir.
Q.Kazımov hərtərəfli filoloq, nüfuzlu ədəbi tənqidçidir. Dövri mətbuatda müasir Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri tədqiqatlarında komizm vasitə və üsullarının tədqiqi, dilçilik, ədəbiyyatşünaslıq ilə bağlı nəzəri problemlərin araşdırılması onun yaradıcılığının əsas xəttini təşkil edir. Ayrı-ayrı satira ustalarımızın yaradıcılığından ətraflı bəhs edilsə də, Q.Kazımovun bir-birinin ardınca çap etdirdiyi “Komik-bədii vasitələr” (“Yazıçı”, 1983), “Bədii ədəbiyyatda komizm üsulları” kitabları istisna olmaqla, bu günə qədər türkologiyada, eləcə də Azərbaycan dilçiliyində komizm vasitə və üsullarının sistemli tədqiqinə rast gəlmirik. Ədəbi-bədii dilin müxtəlif və mühüm məsələləri ilə məşğul olan dilçi-alim bu sahədə on beş ildən artıq tədqiqat aparmış, komizmin dil vasitələri, komizmin üsullarını bir sistem kimi araşdırmışdır. Satira və yumor yaradıcılığının imkanlarını, cəmiyyətin inkişafına və mübarizəsinə necə xidmət etdiyini aydınlaşdırmaq üçün onun sosial-ictimai, bədii-estetik keyfiyyətləri, milli özünəməxsus formaları müəyyənləşdirilmiş, komizm yaradan dil vasitələri, komizmin nitq üsulları ətraflı tədqiq edilmişdir.
Qəzənfər Kazımovun “Bədii ədəbiyyatda komizm üsulları” monoqrafiyası ədəbiyyatşünaslığın nəzəri problemlərinin tədqiqi, təbliği və tədrisinin arxa plana keçdiyi, estetika məsələlərinin etinasızlıq kölgəsinə düşüb təhsil ocaqlarımızda az qala gərəksiz bir sahəyə çevrildiyi bir vaxtda meydana çıxmışdır. Monoqrafiya “komizm texnikasını öyrənmək, sənətkarın ustalığını aşkara çıxarmaq, xüsusi halları deyil, ümumiləşmiş komizm üsullarını müəyyənləşdirmək”lə “satirik və yumoristik əsərlərin bədii-estetik təhlili” yollarına bələdlik hasil etmək kimi xüsusi əməli əhəmiyyəti olan nəcib bir məqsəd izlədiyinə görə filologiya elmimizdə, eləcə də tədris-metodiki ədəbiyyatın nəşri sahəsində diqqətəlayiq bir hadisədir. Çünki komizm üsulları “estetikanın, ədəbiyyatşünaslıq və dilçiliyin müştərək tədqiqat obyektlərindəndir”. Müəllif komizmin formaları və təzahür imkanlarını araşdırıb üzə çıxarmışdır. Monoqrafiyanın məziyyətini Azərbaycan sovet filologiyası üçün daha zəruri olan elmi-nəzəri problemlərin qoyuluşu və həll edilməsi təşkil edir. Dövr üçün zəruri problemlər isə əsərdə öz həllini tapmışdır. Onlar əsərin “Komizm nəzəriyyəsi problemləri: tənqid və ənənələr”, “Komizmin üsulları” adlanan iki bölməsində ümumiləşdirilmişdir. Monoqrafiya Azərbaycan sovet ədəbiyyatının kifayət qədər araşdırılmamış bir mərhələsinə və az işlənmiş bir probleminə, 20-30-cu illərin nəsrində satira və yumorun inkişafı məsələlərinin tədqiqinə həsr olunmuşdur. Göründüyü kimi, araşdırma zaman etibarı ilə sosializm dövrü ədəbiyyatımızın iyirmi illik kiçik bir mərhələsini əhatə edir. Milli komizm tarixi-genealoji metodun prinsipləri mövqeyindən araşdırmaq vəzifəsi qoyan müəllif əsərdə əsasən bu ədəbi mərhələnin verdiyi zəngin və səciyyəvi bədii material əsasında Azərbaycan satira və yumorunun nəzəri-estetik prinsiplərini aşkarlayıb ümumiləşdirmişdir. Məsələnin bu şəkildə qoyuluşu və tədqiqatın ümumi istiqaməti alimi öyrəndiyi dövr gülüşünün xalq yaradıcılığı və klassik ədəbiyyat qaynaqları ilə əlaqəsini aydınlaşdırmaq, söykəndiyi milli zəmini və ədəbi ənənənin inkişaf qanunauyğunluqlarını göstərmək zərurəti ilə qarşılaşdırmışdır. Müəllif araşdırmalarının əhatə dairəsini təkcə sovet dövrü ədəbiyyatımızın təşəkkül mərhələsi ilə məhdudlaşdırmır, ədəbiyyatın tarixinə və bugünkü ədəbi prosesə öz münasibətini bildirir. Gənc sovet nasirlərinin yaradıcılığı ilə xalq lətifələri, milli realist nəsrimizin banisi M.F.Axundov, eləcə də C.Məmmədquluzadə, Ə.Haqverdiyevin yaradıcılığı arasında ideya-estetik bağlılıq və varislik əlaqələrini müəyyənləşdirir. Bu yolla keçmiş və müasir ədəbi proses arasında körpü yaradan müəllif Azərbaycan komizminin tarixi inkişaf mənzərəsi haqqında da müəyyən fikir yaradır. “Bədii ədəbiyyatda komizm üsulları” monoqrafiyasında M.F.Axundovun davamçıları - Ç.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqalarıyla təmsil olunan klassik Azərbaycan satira ənənələri ilə yeni tarixi şəraitdə yaradıcılıq fəaliyyətinə başlayan Qantəmir, Mir Cəlal, Sabit Rəhman, eləcə də T.Şahbazi Simurq və B.Talıblı yaradıcılığı arasında varislik əlaqələri, eyni zamanda bunları novatorluqla inkişaf etdirmək yolları aşkarlanmışdır. Bir cəbhədə birləşən iki qrup - köhnə və təzə ədəbi qüvvələrin yaradıcılıq faktlarının verdiyi imkanlara istinad olunmaqla Azərbaycan sovet ədəbiyyatında satira və yumorun təşəkkülü, ideya-bədii qaynaqları, yüksəliş xüsusiyyətləri, əsas tənqid hədəfləri və s. haqqında elmi-nəzəri məlumat verilmişdir. Bir sıra inandırıcı, səciyyəvi misallara istinad etmək, əsərləri arasında paralel müqayisələr aparmaq yolu ilə B.Talıblı və T.Şahbazi Simurq hekayələrində Ə.Haqverdiyevdən, Qantəmir əsərlərində C.Məmmədquluzadədən, Mir Cəlal və S.Rəhman yaradıcılığında hər iki satira ustasından, eləcə də az və çox dərəcədə Qoqol və M.F.Axundovdan gələn satira ənənələrinin üstünlük təşkil etdiyini sübuta yetirən müəllif “yeni hökumətin tərbiyə sistemi ilə böyüyən nasirlərin” yaradıcılığı üzərində müşahidələrini ümumiləşdirərək, onların “Molla Nəsrəddin”in beşiyi başında”, “Molla Nəsrəddin” kökü üzərində”, “Molla Nəsrəddin” zəminində yetişdiyi barədə qənaəti elmi surətdə əsaslandırır. Bununla da Q.Kazımov iki müxtəlif ədəbi dövrün satirasının bir-birindən seçilən cəhətlərini müəyyənləşdirməyə, oxşar və fərqlənən cəhətlərini göstərməyə çalışır və hər iki dövrün satirik ədəbiyyatının yarandığı tarixi şəraiti müəyyənləşdirir.
Q.Kazımov Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, istedadlı tarixçi və etnoqrafdır. Onun qədim türk tarixi, Azərbaycan xalqının etnogenezi haqqında dəyərli monoqrafiyaları bu şəxsiyyətin tarix elminə dərindən bələd olduğunu aşkarlayır. Millətinin, mənsub olduğu xalqın keçmişini tədqiq edən alimin qədim dövr tarixinə baxışı obyektivdir. Türk etnosunun, türk sivilizasiyasının yaratdığı etnokulturoloji mədəniyyət, qədim türk mifləri və tarixi Q.Kazımovun vətənpərvərlik, millətsevərlik duyğusu ilə yazdığı əsərlərin aparıcı mövzusudur. Dünya dilləri ilə bağlı monogenez problemi son dövrlərdə Q.Kazımovun tədqiqatlarının əsas obyektlərindən biridir. Q.Kazımovun dil tarixi ilə bağlı araşdırmaları Azərbaycan dilçiliyində mövcud olan ənənənin davamıdır, lakin onun araşdırmaları heyrət doğuracaq faktlarla zəngindir. Yeni etimologiyalar, rekonstruksiyalar həm inandırıcı, həm də mükəmməldir. Alimin fonetik qanunauyğunluqlar əsasında qədim praformaları bərpa etməsi, səs keçidlərinin tarixi mənzərəsini yaratması, dilin dərin qatlarına nüfuz etməsi yeni dil faktlarını üzə çıxarmışdır. Q.Kazımovun tədqiqatları ilə tanışlıq göstərir ki, o, həm də tarixi fonetikanın mükəmməl bilicisidir. Qədim səs keçidləri, protetik səslərin söz köklərinin evalyusiyasındakı rolu alimin əsərlərində obyektiv həllini tapmışdır.
Əsərlərində protoazərbaycan dili haqqında geniş məlumat verən professor dilimizin ən qədim qatlarını tədqiq etməyə nail olmuşdur. Azərbaycan dilinin qədim dövrü ilə bağlı onun mülahizələri dilimizin ən qaranlıq səhifələrinə aydınlıq gətirir. Son dövrlərdə Qəzənfər müəllimin yunan ədəbiyyatının incilərindən olan Homerin “İliada” və “Odisseya” əsərləri ilə qədim Oğuz eposu olan “Kitabi-Dədə Qorqud” arasında müəyyən etdiyi paralellər onun ədəbiyyatla, ədəbi-bədii düşüncə ilə dərindən məşğul olduğunu sübut edir.
Q.Kazımov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan bir tədqiqatçı-alimdir. Onun müasir Azərbaycan dilinin sintaksisi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşünaslıq və qrammatika məsələlərinə dair sanballı araşdırmaları vardır. Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliyyətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında tədqiqatlar aparmış, Azərbaycan ədəbi dilinin inkişafında onların xidmətlərini müəyyənləşdirmişdir. Q.Kazımovun Azərbaycanın qədim tarixinə həsr etdiyi yazıları oxuduqca vətənimizə, dilimizə sevgi və rəğbət hissi artır, tariximizin qaranlıq, kölgəli tərəflərinə işıq düşür, aydınlıq gəlir. Q.Kazımovun elmi tədqiqat sahələrindən biri də Azərbaycan aşıq şeirinin babası sayılan Qurbaninin poetik irsinin toplanması, tədqiqi və təhlilidir. Q.Kazımov aşığın həyat və yaradıcılığına dair araşdırmalarını “Qurbani və poetikası” (1996) monoqrafiyasında ümumiləşdirmişdir.
Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, müəllif orada öz qələmini sınamamış olsun. O, Azərbaycan dilinin müasir vəziyyəti və tarixini, ədəbi və üslubi inkişafını araşdıran mütəxəssislərimizdəndir. Azərbaycan ədəbiyyatı, ədəbi və bədii dili, Azərbaycan dilinin qohum və başqa dillərlə tarixi əlaqələri və s. kimi məsələlərlə də professional səviyyədə məşğul olmuşdur.
Əsərləri haqqında 250-yə qədər elmi və publisistik məqalə yazılmışdır. Q.Kazımov sözün həqiqi mənasında xeyirxah insan kimi gənc nəslin yetişməsində əməyini əsirgəməmişdir. Onun rəhbərliyi ilə onlarla doktorluq və namizədlik dissertasiyası müdafiə edilmiş, 40-a qədər elmlər doktoru və namizədinin opponenti olmuşdur. Qəzənfər müəllim çoxlu sayda oçerklər, tərcümə və kiçik hekayələrin müəllifidir. Əsas yaradıcılıq istiqamətləri - Azərbaycan dilinin tarixi; müasir Azərbaycan dilinin quruluşu; bədii əsərlərin dili; komizm (satira və yumor) nəzəriyyəsi; üslub və üslubiyyat məsələləri; ədəbiyyatşünaslıq, ədəbi tənqid məsələləri; metodika, dilin tədrisi; etimologiya; onomalogiya və s. problemlərdir. Q.Kazımov Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Onun Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda əsərləri qeydə alınmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
İstedadlı alim-dilşünas kimi böyük nüfuz qazanmış Qəzənfər Kazımov eyni zamanda gözəl müəllim-pedaqoq kimi də tanınır. Uzun müddət - 50 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyətlə məşğul olub, neçə nəsil müəllimin müəllimi olub, elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətləri var. Filologiya fakültəsinin dekanı kimi ciddi, məsuliyyətli bir vəzifədə fəaliyyət göstərmişdir. O, uzun müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin filologiya fakültələri və orta ümumtəhsil məktəbləri üçün onlarca proqram, dərslik, dərs vəsaitləri hazırlamışdır. Respublikamızda sintaksis üzrə əvəzsiz mütəxəssis sayılan professor Q.Kazımov ali və orta məktəb dərsliklərinin müəllifidir. Bu dərsliklər çağdaş dövrümüzün interaktiv təlim üsullarına cavab verir. Həmin dərsliklər dəfələrlə nümunəvi dərsliklər kimi Təhsil Nazirliyinin mükafatına layiq görülmüşdür. Q.Kazımov nəinki nüfuzlu dilçi alim, həmçinin sevilən pedaqoqdur. Onun mühazirə və seminarları həmişə diqqəti cəlb etmiş, tələbələrin rəğbətini qazanmışdır. Bu gün onun yüzlərlə tələbəsi, magistri, aspirantı öz müəlliminin işini ləyaqətlə davam etdirir. Alimin əməyi yüksək qiymətləndirilərək Əməkdar Elm xadimi adına layiq görülmüşdür.
Əlbəttə, xalqımız belə alimlərlə fəxr etməyə bilməz. Məhz professor Qəzənfər Kazımov kimi elm adamları xalqımızın keçmişi ilə gələcəyi arasında körpü yaradır. Alimin tədqiqatları elmimizin inkişafına daima yeni nəfəs, yeni ruh verir. O, bizim üçün əsl ziyalılıq etalonudur, nəşr etdirdiyi kitablarla tələbələrinə düz yol göstərən ustadlardandır, məhsuldar elmi fəaliyyəti ilə ictimaiyyətin önündə olan ziyalıdır. Q.Kazımov hörmətə layiq şəxsiyyət, böyük insandır. Həyatının 80-ci baharını yaşayan professor Qəzənfər Kazımovun elmi və ictimai-pedaqoji fəaliyyətini göz önünə gətirib arxada qalan illərə baxanda şərəflə yaşanmış, mənalı bir ömür görünür. Qoy Qəzənfər müəllimin yaradıcılıq potensialı tükənməsin...

Sayalı SADIQOVA,
filologiya elmləri doktoru,
professor.

 

 

 

Martın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. İcraçı direktor bildirib ki, Fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir.

Vüqar Səfərli Müşahidə Şurasının qərarı ilə müsabiqə qaydalarında dəyişiklik edildiyini, bu dəfə yalnız birinci yerə layiq görülmüş jurnalistlərin Fondun xüsusi diplomu ilə təltif ediləcəyini bildirib. İcraçı direktor qeyd edib ki, bu qərar müsabiqədə iştirak edən jurnalistlər arasında sağlam yaradıcı rəqabət mühitinin gücləndirilməsinə və Fondun diplomların statusunun daha da yüksəldilməsinə xidmət edir.

Çıxışını davam etdirən Vüqar Səfərli müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor nəticələrin Fondun Müşahidə Şurasının 14 mart 2017-ci il tarixli iclasında geniş müzakirə edilərək təsdiqləndiyini, 15 nəfər jurnalistin I, 30 nəfər jurnalistin II, 45 nəfər jurnalistin III yerə layiq görüldüyünü bildirib. ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edərək ölkə rəhbərliyinin xüsusi qayğısı ilə ölkəmizdə medianın maddi-texniki və qanunverici bazasının daha da möhkəmləndirildiyini bildirib. Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini xatırladan Ə.Amaşov yazıların keyfiyyətinin də ildən-ilə yüksəldiyini diqqətə çatdırıb.

Fondun ekspertlərindən - “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.

Sonra 15 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.

Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha Novruz bayramı münasibəti ilə təbrik edib, onları Fondun keçirdiyi digər müsabiqələrdə də fəal iştirak etməyə çağırıb.

Xaqani KOSAYEV,

“Respublika”.

 

 

 

Bakıda keçiriləcək IV İslam Oyunlarının ağır atletika yarışlarında iştirak edəcək Səudiyyə Ərəbistanı yığmasının nümayəndələri Bakıya gəliblər.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi ölkəmizdə Oyunlara yaxşı hazırlaşmaq üçün təlim-məşq toplanışına münasib məkan seçməkdir. Qonaqlara ağır atletika üzrə milli komandaların mərkəzi məşq bazası olan “AAAF Park” yaşayış kompleksi tövsiyə edilib.

Qonaqları AAAF-ın vitse-prezidentləri Azər Əliyev, Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov müşayiət ediblər.

Ağır atletika üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Hoseyn Əlsalis və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin mütəxəssisi Nəvaf Bendexayel burada yaradılan şəraitlə tanış olublar. Onlara buradakı məşq və yarış zalı, fitnes mərkəzi, futbol və tennis meydançaları, gimnastika və cüdo zalı, həmçinin istirahət və bərpa üçün nəzərdə tutulan bütün obyektlər nümayiş etdirilib. Bildirilib ki, Azərbaycanda ağır atletikanın inkişafı üçün mühüm tədbirlər görülür. Regionlarda zallar tikilir, mövcud infrastruktur yenilənir, yeniyetmə və gənc atletlərin təhsilinə xüsusi önəm verilir, onların qidalanma, istirahət və məşq prosesinə ən yüksək səviyyədə diqqət yetirilir, bütün gərəkli addımlar atılır.

Səudiyyə Ərəbistanında ağır atletikanın inkişafında yeni dövrün başlandığını, öz ölkələrində idmanın bu növünə münasibətin xeyli dəyişdiyini və Azərbaycan kimi ölkələrin təcrübəsinə ehtiyacı olduqlarını qeyd edən qonaqlar burada gördüklərindən heyrətə gəldiklərini bildiriblər. Onlar ağır atletlərin yüksək səviyyədə hazırlığı üçün lazım olan bütün obyektlərin bir arada, bu qədər yaxın və səmərəli olmasını dünyanın heç bir yerində görmədiklərini diqqətə çatdırıblar. Azərbaycanda ağır atletikaya diqqət və qayğının nümunəvi olduğunu qeyd edən qonaqlar Səudiyyə Ərəbistanı yığmasının təlim-məşq toplanışı üçün ölkəmizə gəlməkdə qətiyyətli olduqlarını bildiriblər.

“Dəyirmi masa” arxasında keçirilən görüşdə AAAF rəhbərliyi Səudiyyə Ərəbistanından olan atletlərin ölkəmizdə təlim-məşq toplanışı üçün hər cür imkanın yaradılacağını bildiriblər. Söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb.

AAAF-ın vitse-prezidenti Azər Əliyev Azərbaycanda idmanın bütün növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini, qitə və dünya çempionatlarında, Olimpiya Oyunlarında əldə edilən uğurların bunun göstəricisi olduğunu bildirib. O, Səudiyyə Ərəbistanı yığma komandasının həm Azərbaycanda keçirəcəyi təlim-məşq toplanışından, həm də İslam Həmrəyliyi Oyunlarının yüksək təşkilatçılıq səviyyəsindən razı qalacağını qeyd edib.

Qonaqlar təlim-məşq bazasından və yaradılan şəraitdən xeyli razı qaldıqlarını bir daha vurğulayıb, ölkələrinin ağır atletika yığmalarının “Bakı-2017”dən əvvəl məhz Azərbaycanda hazırlıq keçəcəkləri barədə qərar qəbul etdiklərini bildiriblər.

Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsi məsələləri müzakirə edilib, bu barədə qəti inam ifadə olunub.

AZƏRTAC

 

 

 

7 -dən səhifə 1143