XƏBƏR LENTİ

Son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 14-ü Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə təşkil olunan mərasimdə məlumat verilib.
Mərasimdə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digərləri iştirak ediblər.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə çıxışında bildirib ki, Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə təşkil olunan mərasimin dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olan 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində təşkil edilməsi rəmzi xarakter daşıyır. Məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edən, uzun illər fasiləsiz, təmirə dayanmadan istismar olunan Samur-Abşeron suvarma sistemində yaranmış vəziyyət araşdırılmış və ən əlverişli variant kimi onun yenidən qurulması təklif olunmuşdu. Heydər Əliyev 1994-cü ildə Səudiyyə Ərəbistanında səfərdə olarkən, İslam dünyasının ona böyük hörmət əlaməti olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi üçün güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına qrant ayırıb. Bu qrant hesabına beynəlxalq məsləhətçi şirkətlər tərəfindən 1996-cı ildə hazırlanmış sxem 1997-ci ildə ölkə rəhbərliyi tərəfindən bəyənilib.
Əhməd Əhmədzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”ndə nəzərdə tutulan işlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimi 2007-ci il noyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. “Mərhələli şəkildə görülən işlər 7 il ərzində uğurla başa çatdırılıb və 2013-cü il sentyabrın 28-də Prezident İlham Əliyevin və ölkənin Birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olub. Ölkə başçısı Taxtakörpü su anbarını respublikanın su təhlükəsizliyinə xidmət edən infrastruktur layihəsi kimi yüksək qiymətləndirib. Eyni zamanda, Taxtakörpü su anbarında duruldulmuş, saniyədə 40 kubmetr suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi üçün ümumi uzunluğu 107,33 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalı istifadəyə verilib”, - deyə ASC sədri bildirib.
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov Azərbaycanda dövlətçiliyin qorunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, meliorasiya və su təsərrüfatı sahəsində də irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin ideya müəllifi məhz ümummilli lider Heydər Əliyev olub. Azər Əmiraslanov deyib: “Taxtakörpü su anbarının böyük əhəmiyyəti var. Bu, həm də dövlətimizin iqtisadi gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Taxtakörpü su anbarının açılış mərasimində iştirak edərkən layihənin önəmini xüsusi vurğulayıb. Digər tərəfdən nəzərə almalıyıq ki, bu, regionların inkişafı baxımından da olduqca əhəmiyyətlidir. Ölkə başçısının təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı istiqamətində infrastrukturun gücləndirilməsi ilə bağlı əhəmiyyətli addımlar atılır. Biz artıq bunun bəhrəsini görürük. Bildiyiniz kimi, yeni mərhələdə genişmiqyaslı işlər həyata keçirilən kənd təsərrüfatından böyük gözləntilərimiz var. Məhz belə bir ərəfədə Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması bu regionda kənd təsərrüfatının inkişafına yeni nəfəs verir. Su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Bu da o deməkdir ki, neft gəlirlərimiz qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafına xidmət etməkdədir”.
Azər Əmiraslanov qeyd edib ki, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının tikintisinin və digər işlərin başa çatdırılması ilə eyni zamanda Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin içməli su təchizatının iki dəfəyə qədər artırılmasına, 150 min hektar suvarılan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, 31 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinə və regionun ekoloji vəziyyətinin sağlamlaşdırılmasına imkan yaranıb.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev isə çıxışında layihənin ölkənin enerji təminatındakı rolundan bəhs edərək bildirib ki, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası şimal rayonları üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda içməli su ehtiyatları az olduğundan bu cür anbarlarda toplanan su əhalinin təminatında vacib rol oynayır.
Mərasimdə çıxış edən digər natiqlər də Taxtakörpü su anbarının əhəmiyyəti barədə danışaraq, onu regionda ən böyük layihə kimi qiymətləndiriblər.
Bildirilib ki, 2014-2016-cı illərdə Taxtakörpü su anbarı zonasında yerləşən Xızı və Siyəzən rayonlarında ümumilikdə 13 min 918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılıb ki, onun da 10 min 801 hektarı yeni suvarılan torpaqlardır. 2017-ci ildə isə Xızı, Siyəzən və Şabran rayonlarında 20 min 718 hektar, o cümlədən 10 min 969 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək və 9 min 749 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi bu ərazilərdə iri təsərrüfatların və aqroparkların yaradılmasına geniş imkanlar açır.
Çıxışlardan sonra mərasim iştirakçılarına Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması prosesinin gedişatı barədə məlumat verilib.

 

 

 

AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyunun 14-də Xaçmazda şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Xidmətin rayon şöbəsinin inzibati binasında keçirilən qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulda kömək göstərilməsi, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

Qaldırılan bəzi məsələlər yerində həllini tapıb, eyni zamanda, qanunvericiliyin müvafiq tələbləri izah edilib. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb və onların müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

AZƏRTAC

Cümə axşamı, 15 İyun 2017 10:05

Məzunlar doğma məktəblə vidalaşdılar

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbir keçirilmişdir.

Çıxış edənlər məktəbin müəllim və şagird kollektivini, məzunları və onların valideynlərini təbrik edərək ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, göstərilən diqqət və qayğı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçdiyini qeyd etmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi vurğulamışlar.

Məktəbdə şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi yetişdirilməsi üçün  hər cür şərait yaradıldığı, hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olmasının məktəbin respublikamızda böyük nüfuz qazanmasının göstəricisi olduğu iftixar hissi ilə qeyd edilmişdir.

Təhsildə fərqlənən məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunduqdan sonra məzunlar Xüsusi Məktəbin bayrağına təzim edərək məktəblə vidalaşmışlar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar oxunmuş, sülh, azadlıq və qələbə rəmzi olan göyərçinlər səmaya buraxılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin

mətbuat mərkəzi. 

Cümə axşamı, 15 İyun 2017 10:05

Şairi düşünərkən...

Şair Atif Zeynallı...
Azərbaycan poeziyasının, Azərbaycan şeirinin yüksəliş mərhələsi olan 70-80-ci illərdə bu ad şeir-sənət həvəskarlarının ürəyində, hafizəsində özünə möhkəm yer tutmuşdu.
Atif Zeynallı XX əsrin ikinci yarısı Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, böyük poeziya ümmanında özünə yer tutan şairlərimizdəndir. Zaman bizi addım-addım o dövrün çoxsaylı adlarla təmsil olunmuş ədəbi mühitindən uzaqlaşdırdıqca, biz sanki o mühitin mənəvi inkişafımızdakı rolunu daha dərindən duyaraq qiymətləndirmək imkanı əldə edirik.
O illərdə daha çox orta nəsil kimi tanınan, sevilən, seçilən istedadlı şairlər nəsli yetişib püxtələşmişdi. Mayasında Vətən torpağının füsunkarlığının, dağ vüqarlı Kəpəzin, doğma Bakının, dəli xəzrinin coşdurduğu Xəzərin vəsfi dayanan milli poeziyanı yeni inkişaf səviyyəsinə elə onlar qaldırmışdılar. Zeynal Xəlil, Hüseyn Arif, Fikrət Sadıq, İlyas Tapdıq, Əli Vəkil, Famil Mehdi, Tofiq Bayram, Əliağa Kürçaylı, Gülhüseyn Hüseynoğlu, Məmməd Aslan, Qaçay Köçərli, Vaqif Nəsib, Gəray Fəzli, Davud Ordubadlı, Aslan Kəmərli, Kələntər Kələntərli, Oqtay Rza kimi şairlər... Onların içində Atif Zeynallı da (1927-1991) vardı.
Atif Zeynallı haqqında söz açmazdan əvvəl onun yetişdiyi ədəbi mühitə nəzər salmaq lazım gəlir. Çünki o, öz mühitinin, öz dövrünün yetirməsi idi, Hələ yeniyetməlik illərindən ürəyində şeirə məhəbbət oyanan şairin ilk poeziya nümunələri ötən əsrin 40-50-ci illərinə təsadüf etsə də, onun bir şair kimi tanındığı, sevildiyi dövr məhz 60-70-ci illər olmuşdu. Bu, o dövr idi ki, şairlər Vətənin dünəni və bu günü haqqında daha cəsarətli fikirlər səsləndirir, şeirlərində bəzi məqamları “örtüksüz” dilə gətirməkdən çəkinmirdilər. Şübhəsiz ki, sovet ideologiyasının ən qatı çağlarında Azərbaycan kimi respublikada yaradıcı insanlara, ilk növbədə şairlərə verilən bu imkanlar öz-özünə yaranmamışdı. Bu imkanı onlara bəxş edən, hələ o illərdən milli mədəniyyətin qeyrətini çəkən, şeir-sənət adamlarını təqiblərdən qoruyan, sonralar Azərbaycan xalqının milli dövlətçilik, qürur simvoluna çevriləcək ulu öndər Heydər Əliyev idi. Təsadüfi deyildi ki, o illərdə şairlərin başından, necə deyərlər, bir tük belə əskik olmadı, baxmayaraq ki, şeirlərindəki bir çox misralar açıqdan-açığa milli özünüdərkə, azərbaycançılıq ahənginə kökləmişdi. Bu imkandan, bu qayğıdan Atif Zeynallı da yetərincə bəhrələnirdi. Onun şeirlərindəki vətən yanğısı, əzəmətli keçmişimiz, eləcə də füsunkar təbiət lövhələrinin vəsfi 70-ci illər Azərbaycan poeziyasının sevilən, oxunan nümunələrindən idi. Azərbaycanın Cənub bölgəsinə yaradıcılıq ezamiyyəti zamanı İran sərhədi yaxınlığında yolda şlaqbaum görən şair “Şlaqbaum” adlı cəmi iki bəndlik şeir yazmışdı. Birinci bənddə avtomobillərin, qatarların toqquşmaması üçün yolu kəsən şlaqbaumdan danışan şair, ikinci bənddə yazırdı:
Şlaqbaum da var,
Qolu kəsir.
Bir bədənin iki əli,
Çatmasın bir-birinə...
Bu, sadəcə o dövrdə dəbdə olan Təbriz mövzusu, Cənub həsrəti deyildi. Bu, Azərbaycan torpaqlarını iki hissəyə bölmüş əski Çar Rusiyasının, o dövrdə isə rəsmi Moskva siyasətinin açıqdan-açığa tənqidi, təhdidi idi.
Tale elə gətirib ki, məni şair Atif Zeynallı ilə bir yox, bir neçə paralel bağlayıb. Mən onu hələ gənclik illərimdən tanımışdım və bu tanışlıq, həm də dostluq şairin həyatının sonuna qədər davam etdi. Bakının mərkəzində, hələ bu günə qədər Baksovet deyilən ərazidən iki tin yuxarıda, o zaman milli poeziyamızın, xüsusən heca vəzninin inkişafında böyük xidmətləri olmuş şair Vaqifin adını daşıyan küçədəki məşhur bir binada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin xeyli qismi yaşayırdı. Vaxtilə bu binada Əli Tudə, İslam Səfərli, Əli Kərim, Cəlal Məmmədov, Qulu Xəlilov, İslam İbrahimov, Əfqan Əsgərov kimi şairlər, tənqidçilər, publisistlər və digər nüfuzlu qələm sahibləri yaşayırdı. Bu bina, bu həyət, bu mühit əsl sənət məkanı “milli poeziya mətbəxi” idi. Atif Zeynallının da bir şair kimi yetişməsində, püxtələşməsində bu məkanın, bu mühitin böyük təsiri olub. Zeynal Cabbarzadə, Zeynal Xəlil, Əli Kərim, Zeynal Vəfa, Ənvər Yusifoğlu və başqalarının bəzən az qala hər axşam toplaşdığı bu mühitdə Atif Zeynallı ən doğma, ən məhrəm kəslərdən idi. Yazdığı bir çox şeirləri də ilk dəfə burada səslənər, müzakirə olunardı.
O zaman hələ cavan olan, şair Atif Zeynallıya da həmin binada mənzil verilmişdi. 60-cı illərin sonunda biz də bir müddət həmin binada yaşamışdıq. Üstəlik Atifgillə yaxın qonşu idik. Mən onun yaradıcı ömrünün ən məhsuldar çağlarının necə gəlib keçməsinin şahidi olmuşam. Tale elə gətirdi ki, o həyətdən köçəndən sonra biz yenə də qonşu olduq, Hökumət evinin qonşuluğundakı binada yaşadıq. Bu, artıq 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri idi. Həmin vaxtlarda gənclik illərimin artıq arxada qalmasına baxmayaraq, böyük ruh yüksəkliyi ilə çalışır, illər boyu baş müəllim, dosent, dekan işlədiyim, o zamankı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsində özümü doğrultmağa çalışır, yeniliklərə, tədrisin səmərəsinin yüksəldilməsinə can atırdım. Şairsə artıq qocalırdı, bəlkə də elə qocalmışdı. Əslində o, qoca deyildi, yaşı 60-ı yenicə haqlamışdı...
Atif Zeynallı ilə münasibətlərimiz təkcə qonşuluqla məhdudlaşmayıb. Məni yetişdirən mühit, mənsub olduğum ailə bizi tez-tez görüşdürərdi. Ədəbi mühit, vaxtaşırı gedib-gəldiyim Azərbaycan Yazıçılar Birliyi mənə yaxın, doğma idi. Atif Zeynallı da bu mühitin, bu ədəbi aləmin bir parçası, zərrəsi idi. Daşlarına, divarlarına şeir, sənət hopmuş, pilləkənlərində Səməd Vurğunun, Mehdi Hüseynin, Osman Sarıvəllinin, Əbülhəsənin, Əli Vəliyevin ayaq izləri qalmış bu müqəddəs ocaq hər ikimiz üçün də eyni dərəcədə doğma idi. Mən dəfələrlə Atif Zeynallını Yazıçılar İttifaqında, şəhərin mərkəzində, Sahil bağı ətrafindakı parkda gəzişən, qələm yoldaşları ilə söhbətləşən, hətta bəzən coşaraq mübahisə edən görmüşəm. Biz, həm də iş yoldaşı olmuşuq. Ən vacibi respublikamızın baş elm məbədgahı Azərbaycan Milli Elmlər Akademiyasında birgə çalışmışdıq.
Atif Zeynallı Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspirantura təhsilini başa vurub Bakıya qayıdandan dünyasını dəyişən günə kimi Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyib. O məkanda ki, orada Mirzağa Quluzadə, Məmməd Arif, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə kimi təfəkkür, düşüncə nəhəngləri çalışıb. Atif Zeynallı o zaman “Azərbaycan sovet ədəbiyyatı” adlanan şöbədə çalışırdı. Şöbə müdiri öz yaxın dostu, istedadlı alim və şair Qasım Qasımzadə idi. İş elə gətirmişdi ki, mən özüm də aspiranturanı bitirdikdən sonra xeyli müddət Ədəbiyyat İnstitutunda işlədim. Mövzum Hüseyn Cavid yaradıcılığında ideyalar aləminə həsr olunmuşdu. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib, elmlər namizədi adını alandan bir müddət sonra məni İnstitutda elmi katib vəzifəsinə təyin etdilər. O illərdə Atif müəllimlə münasibətlərimiz daha da doğmalaşdı.
Atif müəllim qəlbən həssas, kövrək insan olmasına baxmayaraq, zahirən səsli-küylü, danışdıqca coşan bir adam idi. Onun işə gəlişi ilə institutun dəhlizlərində sanki bir canlanma baş verirdi. Şöbəyə çatana qədər o, yolüstü, demək olar ki, bütün otaqlara baş çəkir, əməkdaşlarla görüşür, dostluq etdiyi insanlarla zarafatından qalmırdı. Alim kimi o, çox prinsipial, ədalətli idi. İnstitutun elmi katibi olduğum üçün müdafiələrin, müzakirələrin əksəriyyətində iştirak edirdim. Atif Zeynallının da prinsipiallığını, kimlərinsə, nələrinsə xatirinə haqqa nahaq deməyə cəhd edənlərin qarşısına kişi kimi çıxmağını, istedadlı, lakin arxasız aspirantlara, gənclərə dəstək olduğunu dəfələrlə görmüşdüm. Eyni zamanda çətinliklərdən, özünün qarşılaşdığı haqsızlıqlardan danışıb şikayətlənməyi xoşlamazdı. “Xasiyyətnaməm” şeiri də elə bu fikirlərlə tamamlanırdı:
Budur yolum, budur andım
Mən bu yolda alışsam da,
Söyləmərəm,
Niyə yandım, necə yandım!
Atif Zeynallı həm də geniş dünyagörüşünə malik, nəzəri cəhətdən savadlı, hazırlıqlı tənqidçi idi. Mən onun ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsindəki elmi fəaliyyətini şairliyindən az əhəmiyyətli hesab etmirəm. Ədəbiyyat İnstitutunda bir yerdə çalışdığımız illərdə onun elmi görüşlərinin mükəmməlliyinin şahidi olmuşam. Müasir Azərbaycan poeziyasının müxtəlif problemlərindən, xüsusən orta və gənc nəsil şairlərinin yaradıcılığından saatlarla söz aça bilirdi. O, belə söhbətlərdən yorulmurdu, əksinə, zövq alır, sanki ruhən dincəlirdi. Səməd Vurğunu çox sevirdi. 60-70-ci illərdə qələmə aldığı şeirlərinə sanki Səməd Vurğunun ruhu çökmüşdü. Həmin illərdə yazdığı, doğma torpağın gözəlliklərini əks etdirən şeirlərində şair təbiətə sanki onun gözü ilə tamaşa edirdi. Böyük Səməd Vurğunu Azərbaycan məfhumunun bir növ sinonimi, prototipi, bəlkə də elə portreti sanırdı. Onun nəzərində Vurğun da Azərbaycan kimi böyüklük, əzəmət simvolu idi:
Vurğun dedim, Vurğunlaşdım özüm də,
Azərbaycan dünya qədər nəhəngləşdi gözümdə!
O, XX əsrin əvvəllərində mövcud olmuş klassik ədəbi irsə də bələd idi. Xüsusən Cavid, Hadi və S.Mənsur romantizmini yüksək qiymətləndirirdi. Cavid barəsində söhbətlərimiz də olurdu. Bu, elmi mövzum olduğundan məni çox maraqlandırırdı. Qəribədir ki, bir şair kimi bütün yaradıcılığı boyu təsviredici xarakterli, realist ruhlu, oynaq, əlvan təbiət lövhələri yaradan, Vətəni və onun gözəlliklərini vəsf edən sənətkar ömrünün son illərində özünün də hörmət etdiyi, lakin yaxın getmədiyi romantizmə meyil etməyə başlamışdı. Həm də bu romantizm, əksər hallarda olduğu kimi, məhz bədbin ruhlu bir romantizm təsiri bağışlayırdı.
Şair müasir nəsrin inkişafında Mehdi Hüseyn, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Fərman Eyvazlı və başqalarının rolunu yüksək qiymətləndirir, İlyas Əfəndiyev dramaturgiyasını teatr sənətinin inkişafında mühüm mərhələ hesab edirdi. Xüsusən də “Atayevlər ailəsi” onu çox təsirləndirmişdi.
Atif Zeynallı poeziyasının əsas simvollarından biri Xəzər idi. Uşaqlıqdan çılğın Xəzərin qayalı, qumsal sahillərində böyüyən şair üçün dəniz bir növ Vətənin, Azərbaycanın simvolu idi. Uzaq gənclik illərində nəşr olunmuş ilk kitabının adını “Sahildə” qoymuşdu. Bundan bir qədər sonra ikinci kitabı çapa hazırlananda onun da adını “Yenə o sahildə” qoydu. Beləliklə, dəniz mövzusu şairin yaradıcılığının əsas istiqamətlərindən oldu.
O, hətta öz övladının da adını Xəzər qoymuşdu. Bu məqam məni şairlə, onun ailəsi ilə, övladı ilə birləşdirən paralellərdən biridir və bu gün də davam edir. Mən Xəzərin oxuduğu ozamankı İncəsənət İnstitutunda onun müəllimi, dekanı olmuşam. Sonralar rektor işləyəndə qabiliyyətli bir gənc olduğunu görüb təhsilini başa vuran kimi onu institutda müəllim saxladım. O, etimadı tamamilə doğrultdu. Xəzər bu gün də rəhbərlik etdiyim kollektivdə müəllim işləyir, mədəniyyət təhsilinin inkişafına öz töhfəsini verir. Hər dəfə onu görəndə atasını xatırlayıram, nostaljilər məni çəkib o illərə aparır.
Bu günlərdə şair Atif Zeynallının 90 illiyi əməkdaşı olduğu Ədəbiyyat İnstitutunda geniş qeyd edildi. Şairin xatirəsi uzun illər çalışdığı kollektivdə böyük ehtiramla anıldı.
Zaman dəyişsə də, vaxtilə milli poeziyaya yeni nəfəs gətirən 60-80-ci illər lirikası, bu lirikanı özlərinin zəngin yaradıcılığı ilə cilalamış adlar, imzalar bu gün də xatirələrdə yaşayır. Biz onları unutmamalıyıq, çünki o ədəbi irs bizim bu gün inkişaf etmiş, sayca artmış, texnogen zəmanənin imkanlarından yararlanaraq özünə daha çevik təqdim, reklam imkanları əldə etmiş müasir şeirimizin yaxın keçmişdən boylanan, hələ köhnəlməyə macal tapmayan sələfidir. Bu şeirlərin bir çoxunda özünü büruzə verən düşüncə ziyası, fikir işartıları bu gün üçün də aktualdır. Və nə qədər ki, yaxın keçmişin zəngin poetik irs qoyub getmiş poeziya təmsilçiləri unudulmayıb, istedadlı şair, tanınmış ədəbiyyatşünas-alim Atif Zeynallı da onların arasında daim xatırlanacaq.

Timuçin ƏFƏNDİYEV,
Əməkdar elm xadimi, professor.

İmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Dəfinə barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Qızılkəndə ezam ediliblər. Kənd sakini Həsənov Ehtiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni A.Quliyevə təhvil verib.

Dəfinənin aşkarlandığı yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyənləşdiriblər.

İnstitutdan bildiriblər ki, hazırda dəfinə institutun numizmatika şöbəsində tədqiq edilir. Yaxın vaxtlarda dəfinənin aşkarlandığı ərazidə arxeoloji tədqiqat işlərinə başlanılacaq.

Ölkəmizdə antik dövrə aid sikkə dəfinələri bundan əvvəl 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-cı ildə Qəbələdə və 1972-ci ildə Ağsu rayonu (Nüydi kəndi) ərazisində aşkarlanıb. Bunlardan fərqli olaraq, İmişlidə tapılan dəfinə Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.

Məhz sikkələrin bu ərazidə tapılması buranın həmin dövrlərdə iqtisadi gücə malik olması və ticarət karvan yollarının bu ərazidən keçdiyini deməyə əsas verir.

İmişli arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin bildirdiyinə görə, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim məzarda insan skeleti ilə yanaşı saxsı məmulatlar və heyvan sümükləri də aşkar edilib. Bu da onu sübut edir ki, ərazidən qədim zamanlarda yaşayış məntəqəsi kimi istifadə olunub. Ərazinin əlverişli təbiətə malik olması da burada insanların məskunlaşmasına şərait yaradıb. Qeyd edilir ki, zaman-zaman ərazidə müxtəlif vaxtlarda İmişli sakinləri tərəfindən antik dövrə aid olan çoxlu sayda müxtəlif əşyalar aşkar edilib. Əşyalar içərisində 3-cü minilliyə aid qılınc dəstəyi, ox ucluqları, həmçinin saxsıdan hazırlanmış fit çalan alət, un üyüdən daş, dolçalar, çıraq və bir sıra saxsı məişət əşyaları da var. Sakinlər tərəfindən qorunub saxlanılan antik əşyalar AMEA əməkdaşlarına təhvil verilib.

Ekspedisiyasının rəhbəri Mikayıl Mustafayev qeyd edib ki, tapılan əşyalar ərazinin qədim dövr yaşayış məskəni olduğunu sübut etsə də, bölgə arxeoloqları tərəfindən tarixi-arxeoloji baxımdan az tədqiq olunan və öyrənilən ərazidir. Ümumiyyətlə Zilitəpədən başqa İmişli ərazisində Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi tarixi abidələrin qədim zamanlardan bir-biri ilə sıx əlaqəsinin olması buranın qədim yaşayış məskəninin olduğunu göstərir.

 

Səməd İSMAYILOV,

“Xalq sözü” qəzetinin baş redaktoru.

Cümə axşamı, 15 İyun 2017 10:04

ASTARANIN DAĞ KƏNDİNDƏ MÜASİR SƏHİYYƏ OCAĞI

Pəlikəş kəndi rayon mərkəzindən xeyli uzaqda - uca dağların qoynunda yerləşir. 1972-ci ildə inşa edilmiş kənd xəstəxanası uzun illər əsaslı təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. Ərazidə yaşayan 7 min nəfər əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün təzə xəstəxananın tikilməsinə ehtiyac var idi.

Bu günlərdə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində kəndin mərkəzində ucaldılmış xəstəxana binasının açılışı olmuşdur. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Dünya Bankı üzrə təşkilatçı meneceri Satoşi İşihava, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri açılış mərasiminə toplaşmışdılar.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək bildirdi ki, dünyanın əksər ölkələrində maliyyə böhranı yaşandığı halda, Azərbaycanda iri sosial layihələr uğurla həyata keçirilir. İnkişaf, tərəqqi göz önündədir. Son illər respublikamızın hər yerində olduğu kimi, Astara rayonunun da şəhər və qəsəbələrində, ucqar dağ kəndlərində tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır.

Yüksək dağlıq ərazidə yerləşən Pəlikəş və ətraf kəndlərin yolları əvvəllər bərbad vəziyyətdə idi. Sakinlər gediş-gəliş sarıdan çox əziyyət çəkirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına ilk dəfə olaraq 12 min nəfər əhaliyə xidmət edən 21 kilometr uzunluğunda Deqədi-Pəlikəş avtomobil yolu çəkildi. İki il əvvəl açılış mərasimində ölkə rəhbəri şəxsən iştirak edib. Bundan əlavə, Pəlikəşdə və qonşu kəndlərdə təzə məktəb binaları tikilmiş, dağ çaylarının üzərində körpülər salınmış, elektrik təsərrüfatında təmir işləri aparılmışdır. Görülən işlər hər bir vətəndaşın güzəranının, sosial rifah halının yaxşılaşdırılmasına, azad, firavan yaşamasına cənab Prezidentin göstərdiyi yüksək qayğının bariz nümunəsidir.

Kənd ağsaqqalı Talıb Salayev, Sım kənd tam orta məktəbinin direktoru Nəbi Xalıqov, Pəlikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev və başqaları çıxış edərək rayonun ucqar kəndlərində aparılan abadlıq və quruculuq işlərini, müasir tipli xəstəxananın inşa edilməsini yerli əhaliyə böyük töhfə, qiymətli hədiyyə kimi dəyərləndirdilər, yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.  

İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.  

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

 

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli səfirlər, mübarək Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır.

İlk növbədə, xahiş edirəm ki, mənim salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur.

Bildiyiniz kimi, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın xətti ilə Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilmişdir. Ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə də təşkilat və onun üzvləri Azərbaycana bir daha öz dəstəyini bildirmişlər. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Keçənilki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çox önəmli addımlar atılmışdır, qərar qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı bir çox sənədlər, qətnamələr qəbul etmişdir ki, o sənədlərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Keçən il isə Ermənistanın təcavüzü ilə bağlı Kontakt Qrupu yaradıldı və biz bunu da çox yüksək qiymətləndiririk. Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir. Bu dəstəyə görə mən təşkilatın üzvlərinə minnətdaram.

Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar vardır. Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilər tərəfindən işğal edilmiş torpaqlarda hansı vəhşiliklərin törədildiyini görsünlər. Bu vəhşilik təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bu yaxınlarda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər.

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik.

Bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdur. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq.

Bir daha sizi ürəkdən salamlayıram və sizə uğurlar arzulayıram.

***

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Əvvəlcə mən bütün müsəlman səfirlər adından energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Azərbaycan Respublikasında akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və nümayəndələri adından Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik etməkdən şərəf hissi duyuram.

Bu fürsətdən istifadə edərək, Sizinlə görüşmək üçün dəyərli vaxtınızın bir hissəsini bizə ayırdığınıza görə bütün müsəlman səfirlər adından Zati-alinizə səmimi təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bu cür görüşlər müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirmək və inkişaf etdirməkdə qətiyyətinizi əks etdirən xoş bir ənənəyə çevrilib.

Bu gün keçirilən görüş xüsusi ilə əhəmiyyətlidir, çünki o, “İslam Həmrəyliyi İli”ndə və ilhamlandırıcı hisslər oyatmış möhtəşəm İV İslam Həmrəyliyi Oyunlarından sonra keçirilir. Hamımız bu Oyunlardan fəxr hissi duyduq və eyni zamanda, biz müsəlman dəyərlərinə uyğun olaraq, sülh, idman və harmoniya mesajını qəbul etdik və yaydıq.

Bu mübarək ay ərzində bütün müsəlmanlar İslamın ülvi dəyərlərini xatırlayır, öz qəlblərini və düşüncələrini paklandırır, onları birliyə, sülhə, əxlaqi dəyərlərə və mərhəmətə xidmət etməyə yönəldir, qərib və ehtiyacı olan insanlara daxilimizdə xeyriyyəçilik hissələrini oyadır, bir-birimizin günahlarını bağışlayır, qardaşlıq ruhunda ümumi taleyimizi birgə dərk edərək, sülh, həmrəylik və firavanlıq naminə bir yerə toplaşırlar.

Cənab Prezident, Azərbaycan Respublikasının nisbətən gənc olmasına, müstəqilliyinin başlanğıcında bir çox təhdidlərin olmasına baxmayaraq, onlar ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində həll edilmişdir. Azərbaycan həmin mərhələləri uğurla keçmiş və özünün qədim İslam irsini və mədəniyyətini qürur hissi ilə qoruyaraq, gələcəyə doğru qətiyyətlə addımlayan və müasirliyə qovuşan, inkişaf edən dövlətə çevrilmişdir.

Bu qardaş ölkədə müsəlman səfirlər güclü inkişafın şahididirlər. Ölkəniz inanılmaz sürətlə güclü inkişafı, yenilənməni, islahatları və bir çox sahələrdə uğurlu dəyişiklikləri təmin edə bilmişdir.

Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz.

Şübhəsiz ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər. Beləliklə, bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət qaydada daha yaxşı qavrayaraq qayıtdılar.

Cənab Prezident, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn, BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur.

Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin.

Zati-aliləri, müsəlman səfirlər və missiya rəhbərləri adından Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, irəliləyiş və firavanlıq arzulayıram.

Allah Azərbaycanı qorusun!

Allah İslam ümmətimizi qorusun!

Sağ olun, cənab Prezident!

***

Sonda xatirə şəkli çəkdirildi. 

 

 

 

AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:

Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 iyun 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Ramil Famil oğlu Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 iyun 2017-ci il.

5 -dən səhifə 1241