XƏBƏR LENTİ

İto, 25 noyabr (AzərTAc). Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında noyabrın 22-də bağlanmış dostluq mübadiləsi haqqında saziş Yaponiya mətbuatında geniş işıqlandırılmışdır.

İto şəhərinin Şizuoka prefekturasının “Şizuoka” və “İzo Şimbun” qəzetlərində Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri, bu münasibətlə təşkil edilmiş ziyafət, İto şəhər meriyasında bu şəhərlə Azərbaycanın İsmayıllı rayonu arasında dostluq sazişinin imzalanma mərasiminə həsr edilmiş məqalələr, həmin tədbirlərdən fotolar dərc edilmişdir.

İki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunun vurğulandığı məqalələrdə sazişin tarixi əhəmiyyəti xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, bu sazişin bağlanması tədbirlərində iştirak etmək üçün Azərbaycan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə nümayəndə heyəti Yaponiyaya gəlmişdir. Tədbirlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Məqalələrdə İto şəhərinin meri Hiromi Tsukudanın Azərbaycanın regionun ən sürətli inkişaf edən dövləti olduğunu bildirməsi, ötən ilin payızında ölkəmizə səfəri, bu qədim və zəngin mədəniyyətə malik ölkənin gözəlliyinin, insanlarının qonaqpərvərliyinin və mehribanlığının onu heyran etdiyini vurğulaması öz əksini tapmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir və neft hasilatından əldə edilən mənfəət ölkə rəhbərliyi tərəfindən insanların rifahı naminə bacarıqla istifadə edilir. Azərbaycan və Yaponiya şəhərləri arasında əməkdaşlıq barədə imzalanan ilk sənəd olan bu sazişin hər iki tərəf üçün faydalı olacağının bildirildiyi məqalələrdə, onun təhsil, səhiyyə, mədəniyyət, turizm və idman, eləcə də təbii resursların səmərəli istifadəsində əməkdaşlığa imkanlar yaradacağı vurğulanmışdır. Sazişin Azərbaycan və Yaponiya xalqlarının bir-birlərini yaxından tanımaları üçün əlverişli şərait yaratması baxımından əhəmiyyəti xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, iki şəhər arasında gələcəkdə təşkil ediləcək mədəni proqramlar, müxtəlif iqtisadi layihələr, təcrübə mübadiləsi xalqlarımız üçün çox faydalı olacaqdır.

Azərbaycan nümayəndə heyətinin İto şəhər Cənub orta məktəbinə gələrək burada artıq bir neçə ildir ki, İsmayıllı şəhərinin bir saylı məktəbinin şagirdləri ilə məktublaşan məktəblilərlə görüşməsi də məqalələrdə qeyd olunmuşdur. Azərbaycan məktəblilərinin məktublarını onların yaponiyalı dostlarına çatdıran İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadiqov yapon məktəblilərini ölkəmizə dəvət etmişdir.

 

 

 

Bakı, 25 noyabr (AzərTAc). Azərbaycan Diplomatik Akademiyası sosial məsuliyyətə və vətəndaşlıq dəyərinə sadiq qalaraq təşkil etdiyi tədbirlər və gördüyü işlərdə vətəndaş həmrəyliyi prinsipini qorumaq və ehtiyacı olanlara yardım etməyi qarşısına məqsəd qoymuşdur. ADA-da keçirilən tədbirlər çərçivəsində xeyriyyə aksiyalarının təşkili artıq ənənə halını almışdır.

Noyabrın 15-də akademiyada müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan xarici və yerli tələbələrlə birgə keçirilən III Beynəlxalq Tələbə Festivalı Ümumdünya Diabetlə Mübarizə Gününə təsadüf etmişdir.

Diabetlə yaşayan insanlara dəstəklərini nümayiş etdirmək üçün ADA-nın tələbələri Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası ilə birgə festival çərçivəsində xeyriyyə məqsədli lotereyalar təşkil etmiş, 4 min manat məbləğində pul toplamış və əldə edilən vəsaiti diabetdən əziyyət çəkən iki azərbaycanlı uşağa ianə etmişlər. ADA fəal vətəndaşlıq, sosial məsuliyyət, komanda işi, cəmiyyətə müsbət töhfələrin verilməsi kimi dəyərləri öz tələbələri arasında aşılamaq məqsədi ilə artıq iki ildir ki, Hacı Zeynalabdin Tağıyev adına mükafat təsis etmişdir. Bu mükafat ADA-ya və cəmiyyətə təsir edən layihələr həyata keçirən tələbələr qrupuna təqdim edilir.

 

 

 

 

 

 

Bakı, 25 noyabr (AzərTAc). Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Türkiyənin İstanbul şəhərində “Məhkəmə prosesində şəffaflıq” mövzusuna həsr olunmuş yüksək  məhkəmələrin ikinci Beynəlxalq zirvə görüşündə iştirak etmişdir.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirak etdikləri zirvə görüşündə məhkəmə prosesinin şəffaflığı ilə bağlı ən yaxşı təcrübəyə dair təqdimatlar olmuş, diskussiyalar və təhlillər aparılmışdır.

İstanbul zirvə görüşündə məhkəmə prosesində şəffaflıq sahəsində beynəlxalq təcrübənin müxtəlif aspektləri barədə məruzələr dinlənilmişdir. Tədbirdə iştirak edən ali məhkəmələrin sədrləri ictimai araşdırmanın prinsipi, etik davranışla bağlı şikayətlərin cavablandırılması, yazılı və şifahi tərcümə imkanları və digər məsələlər ətrafında müzakirələr aparmışlar.

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Azərbaycan məhkəmə sistemində şəffaflığın təmin olunması məsələləri” ilə bağlı təqdimatla çıxış etmişdir. Ali Məhkəmənin sədri məhkəmələrdə iş bölgüsü, məhkəmə prosesinə aid məlumatların, normativ hüquqi aktların, habelə digər hüquqi sənədlərin əldə edilməsi, məhkəmələrin qərarlarının dərc olunması ilə əlaqədar təcrübəyə əsaslanan fikir və mülahizələrini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Ali Məhkəməsində informasiya texnologiyasının ən son nailiyyətlərindən istifadə edilir. İnternet səhifəsində yerləşdirilən informasiya axtarış sisteminin köməyi ilə proses iştirakçısı məhkəməyə gəlmədən işin qeydiyyata düşməsi, iş icraatında olan hakim, işin baxılmaq üçün təyin olunması, işə baxılması və çıxarılmış qərar haqqında məlumatları əldə edə bilir. Bundan başqa internet səhifəsində yerləşdirilmiş qərarlar üzrə axtarış sistemi vətəndaşlara çıxarılmış qərarların mətnini, ətraflı axtarış sistemi isə Ali Məhkəmənin kollegiyası, hakimləri, apelyasiya instansiyasına və hakimlərinə, birinci instansiya məhkəmələrinə və hakimlərinə dair məlumatlar almağa imkan yaradır. Qəbul olunmuş qərarlar “Ali Məhkəmənin bülleteni”ndə dərc olunur. Mətbuat və digər kütləvi informasiya vasitələri ilə müntəzəm əlaqəni təmin etmək üçün Ali Məhkəmədə mətbuat katibi fəaliyyət göstərir. Həmçinin baxılan işlər haqqında operativ məlumatları mülki və cinayət işləri üzrə hakim-spikerlərdən öyrənmək olar. 

R.Rzayev bir sıra ölkələrin ali məhkəmə sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatları sahəsində toplanmış müsbət təcrübədən danışmış, bununla bağlı suallara cavab vermişdir. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir. 

 

 

 

Bakı, 25 noyabr (AzərTAc). Fransanın məşhur “TV5 MONDE” televiziya kanalında Azərbaycan ilə bağlı film nümayiş olunmuşdur.

Azərbaycan aşıq sənətindən bəhs edən 52 dəqiqəlik “Azərbaycan aşığı” adlı filmin əvvəlində paytaxt Bakı haqqında məlumat verilir.

Filmdə bildirilir ki, bu şəhər əsrlərdən bəri müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır. Bakıda son iyirmi ildə neft gəlirləri hesabına ucaldılan ultramüasir binalar ölkənin sürətli inkişafının göstəricisidir. Həmçinin diqqətə çatdırılır ki, bu zəngin neft ölkəsi sürətlə müasirləşir və Avropaya inteqrasiya edir.

Azərbaycan aşıq sənətinin bütün incəliklərinə toxunan fransalı çəkiliş qrupu vurğulayır ki, burada aşıqlar öz mahnılarında məhəbbət və qəhrəmanlığı tərənnüm edirlər. Qafqazın bu qədim torpağında əsrlərdən bəri nəsildən-nəslə keçən bu sənətin nümayəndələrinə xüsusi hörmət bəslənilir və onlar tez-tez el şənliklərində iştirak edirlər.

Filmdə, həmçinin Azərbaycanın ərazisi, əhalisi və müstəqillik tarixi barədə də ətraflı məlumat verilir. Bildirilir ki, hazırda Azərbaycanda intellektual düşüncəyə malik müasir gənc nəsil yetişməkdədir. Azərbaycanlı gənclər Avropaya inteqrasiya etməklə yanaşı, bu ölkənin milli adət və ənənələrini də unutmurlar. Onlar öz soyköklərinə dərindən bağlıdırlar və vətənlərini çox sevirlər.   

Azərbaycan ərazisini qarış-qarış gəzib çəkilişlər aparan fransalı çəkiliş qrupu ucqar dağ rayonlarında yaşayan ağsaqqallarla, ağbirçək nənələrlə söhbət edərək onların bu yaşda belə gümrah və sağlam qalmalarının sirlərindən danışırlar. Həmçinin çəkiliş qrupunun üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verilir.

Ümumilikdə isə 52 dəqiqəlik filmdə Azərbaycanımızın gözəl təbiəti, müasirliyi, gündən-günə gözəlləşməsi və inkişafı barədə dolğun məlumatlar öz əksini tapır, paytaxt Bakının Avropanın ən gözəl və müasir şəhərlərindən biri olduğu vurğulanır.

Çərşənbə axşamı, 26 Noyabr 2013 13:57

“Şəhidlərin abidə kompleksi” yenidən quruldu

 

 

 

Bu gün Azərbaycan sürətlə inkişaf edir, iqtisadi cəhətdən güclənir, onun beynəlxalq nüfuzu artır. Regionun lider dövləti olan Azərbaycanın bölgələrinin inkişafı ilə bağlı iri layihələr həyata keçirilir. Regionların inkişafı artıq paytaxtla regionlar arasındakı fərqi xeyli azaltmışdır. Təbii ki, bununla yanaşı, Bakı və onun qəsəbələrinin inkişafı proqramı da uğurla davam etdirilir. Artıq bu proqram başa çatmaq üzrədir.

Ölkə başçısı İlham Əliyev çıxışlarının birində demişdir: “Ümumiyyətlə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq”.

Gündən-günə dəyişən Bakının rayonları da inkişafdan geri qalmır. Paytaxt rayonları ölkə iqtisadiyyatına öz töhfələrini verir, rayonlarda geniş abadlıq-quruculuq işləri aparılır.

Bakının böyük rayonlarından biri olan Xətai rayonu da gündən-günə öz simasını dəyişir. Rayon rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində rayon iqtisadiyyatı güclənir, insanların rahatlığı təmin edilir, onların sosial müdafiəsi gücləndirilir. Əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılır.

Rayonun kənd və qəsəbələrinin problemləri həll olunur, abad məhəllə, küçə və prospektlərin sayı artır. Bütün bunlar təbii olaraq sakinlər tərəfindən razılıqla qarşılanır.

Xətai rayonu Neapol dairəsindəki “Şəhidlərin abidə kompleksi” və park 1997-ci ildə salınmışdır. Parkın ümumi sahəsi 4300 kvadratmetrdir. Son zamanlar görünüşünü bir qədər itirən abidə kompleksi və parkda icra hakimiyyəti tərəfindən abadlıq işləri aparılmış, görkəmi xeyli yaxşılaşdırılmışdır. Belə ki, burada 2200 kvadratmetr yaşıllıq salınmış, 1840 kvadratmetr tamet döşənmiş, sakinlərin istirahəti üçün 10 ədəd oturacaq və 13 ədəd xaricdən gətirilmiş müasir tipli işıq dirəkləri quraşdırılmışdır. 28 nəfər şəhidin şəkli vurulmuş lövhə yenidən qurulmuş və kompleks bütövlükdə qranitlə yenidən üzlənmiş, kompleksin başlanğıcında ulu öndər Heydər Əliyevin şəhidlər barədə kəlamı və Azərbaycan Respublikasının gerbi vurulmuşdur. Neapol küçəsi abadlaşdırılaraq müasir işıq dirəkləri quraşdırılmış, Şıxlinski və Telnov küçələrinin kəsişməsindəki yol 4 metr genişləndirilərək asfalt örtüyü vurulmuş, eyni zamanda kompleksin yerləşdiyi parkda 560 metr uzunluğunda müasir suvarma sistemi də quraşdırılmışdır.

Ümumiyyətlə, rayon ərazisində 330 şəhid ailəsi, 613 Qarabağ əlili, 1853 Qarabağ, Əfqanıstan və beynəlmiləlçi veteranlar, eləcə də 11 nəfər Milli Qəhrəman, 21 nəfər 20 Yanvar əlili, 18 nəfər Böyük Vətən müharibəsi əlili, 87 nəfər Çernobıl əlili, 32 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Qeyd olunan imtiyazlı ailələr rayon ərazisində fəaliyyət göstərən Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyəti, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Vətən Müharibəsi Veteranları İB, Çernobıl Əlilləri Cəmiyyəti, Əfqanıstan Veteranları İcması və digər cəmiyyətlərin üzvüdürlər. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən 17 orta məktəbə, 2 uşaq bağçasına şəhid adı verilmişdir. 4 məktəb Milli Qəhrəman adını daşıyır.

“Şəhidlərin abidə kompleksi” və parkda görülmüş işlərlə tanış olan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və digər tədbir iştirakçıları, ilk öncə, abidə önünə gül dəstələri qoydular. Sonra icra başçısı Razim Məmmədov ölkəmizdə xalqımızın şəhid adını uca tutduğunu, şəhid ailələrinə dövlətimiz tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edərək dedi: “Müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olmuş hər bir Vətən övladının xatirəsi bizim üçün əzizdir. Azərbaycanın hər yerində şəhidlərin xatirəsinə abidələr ucaldılır, park və xiyabanlar salınır. Xətai rayonunda da bu cür müqəddəs yerlər çoxdur. Yenidənqurmadan sonra bu abidə kompleksi xeyli dəyişmişdir. Burada görülən işlər şəhid xatirəsinə ehtiramımızı ifadə edir. Biz onların hər birinin ruhu qarşısında baş əyirik”.

Sonra şəhid ailəsi Bəsti Gülmalıyeva çıxış edərək dövlətimizə, Prezident İlham Əliyevə, rayon rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. 1994-cü ildə Füzulidə şəhid olmuş Cavanşir Vəliyevin həyat yoldaşı Zəmilə Vəliyeva son vaxtlar Xətai rayonunda aparılan abadlıq-quruculuq işlərinə, xüsusən də abidə kompleksinin yenidən qurulduğuna görə rayon rəhbərliyinə minnətdarlıq etdi.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov daha sonra şəhid ailələri ilə söhbət edərək onların problemləri ilə maraqlandı, bəzi məsələlərin operativ həlli üçün müvafiq qurumlara lazımi göstərişlər verdi.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.

 

 

 

Çərşənbə axşamı, 26 Noyabr 2013 13:56

ƏDLİYYƏ İŞÇİLƏRİNİN BAYRAM SEVİNCLƏRİ

 

 

 

Lerik

Rayonun ədliyyə işçiləri peşə bayramını sevinclə, yüksək əhval-ruhiyyə içində qeyd etmişlər. Bayram mərasiminin iştirakçıları müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Tədbir rayon məhkəməsinin inzibati binasında davam etdirilmişdir. Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı Azərbaycan ədliyyəsinin şərəfli tarixi barədə məruzə etmişdir. O, 95 il ərzində ölkəmizdə ədliyyə sisteminin şanlı, zəngin, kəşməkəşli bir yol keçdiyini, Azərbaycan müstəqilliyini bərpa etdikdən  sonra ədliyyə sisteminin sürətlə inkişaf etdiyini, əsası ümummilli lider tərəfindən qoyulmuş hüquqi islahatların ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini bildirmişdir.

Müstəqil ədalət mühakiməsinin həyata keçirilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbul olunduğunu vurğulayan T.Abbaslı yeni qanunların və qanunvericilik aktlarının demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun hazırlandığını, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi bazanın yaradıldığını qeyd etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın ədliyyə fəaliyyətinə böyük diqqət və qayğının təzahürü olduğunu bildirərək proqramın ədliyyə orqanlarının və məhkəmələrin inkişafına, fəaliyyətlərinin müasirləşdirilməsinə, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına geniş imkanlar açdığını diqqətə çatdırmışdır.

Məruzəçi T.Abbaslı peşə bayramı münasibətilə rayonun ədliyyə işçilərini təbrik edərək kollektivin bundan sonra da qarşıda duran vəzifələri yüksək məsuliyyətlə, ləyaqətlə yerinə yetirəcəyini, göstərilən etimadı layiqincə doğruldacağını bildirmişdir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev aparılan uğurlu məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə yeni, müstəqil üçpilləli məhkəmə sisteminin yaradıldığını, ədliyyə orqanlarının cəmiyyətdə rolunun və nüfuzunun artdığını bildirmiş, rayonun ədliyyə işçilərinə səmimi bayram arzularını çatdırmışdır.

Lerik rayon prokuroru, baş ədliyyə müşaviri Bəhruz İbrahimov, rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov, MTN-in Lerik rayon şöbəsinin rəisi Mehman Qasımov dövlətimizin başçısının rəhbərliyilə aparılan hüquqi islahatlardan, ədliyyə sisteminin inkişafına, ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi təminatlarının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısından danışmış, ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmişlər.

 

Lənkəran

Lənkəranda ədliyyə işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd edilmişdir. Ədliyyə işçiləri əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Bayram tədbirini Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımov açaraq ədliyyə orqanlarının 95 illik şərəfli tarixi haqqında geniş məruzə etmişdir. O, ədliyyə orqanlarının dövlətçilik tariximizdə rolundan, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdiyi qayğıdan, ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlardan ətraflı danışmışdır.

E.Kazımov bildirmişdir ki, son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizin ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti daha da müasirləşmiş, ədalət mühakiməsinin müasir səviyyədə həyata keçirilməsi təmin olunmuşdur.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Fuad Əhədov icra başçısı Taleh Qaraşovun rayonun ədliyyə işçilərinə ünvanladığı təbriki oxumuş, şərəfli fəaliyyətlərində onlara uğurlar arzulamışdır.

Tədbirdə  Ədliyyə Nazirliyinin Lənkəran regional şöbəsinin rəisi İlkin Nəcəfov, rayon məhkəməsinin hakimlərindən Mütəllim İsayev, Məmmədəli Rzayev, Lənkəran qeydiyyat şöbəsinin müdiri Əzizulla Şükürov, ədliyyə veteranı Sabir Qarayev çıxış edərək ölkəmizdə insan hüquqlarının etibarlı şəkildə qorunmasından, vətəndaşların ədliyyə orqanlarına müraciətlərinin asanlaşdırılmasından söhbət açmış, ədliyyə sisteminin inikşafına, ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda ədliyyə veteranına qiymətli hədiyyə təqdim edilmiş, rayon məhkəməsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təşəkkür elan olunmuşdur.

 

Masallı

Masallı şəhərinin Heydər Əliyev Mərkəzində ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəl ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, ulu ödərin parlaq xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək əsası ümummilli lider tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini, ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbul olunduğunu, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi artırılmış, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin olunmuşdur.

Masallı Rayon Məhkəməsinin sədri Hilal Xəlilov Azərbaycan ədliyyəsinin inkişafı haqqında məruzə etmiş, ümummilli liderin rəhbərliyilə ədliyyə orqanlarının dövrün tələblərinə uyğun yenidən qurulduğunu, beynəlxalq təcrübəyə əsaslanan sivil qanunların qəbul olunduğunu, ulu öndərin 2000-ci il 11 noyabr tarixli sərəncamına əsasən hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.

Natiq ölkə başçısı cənab İlham Əliyevin ədliyyə orqanlarının inkişafına misilsiz qayğı göstərdiyini vurğulamış, bayram ərəfəsində Prezident tərəfindən ədliyyə orqanları işçilərinin və hakimlərin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali xüsusi rütbələrə layiq görülməsini dövlətimizin ədliyyə sisteminə göstərdiyi qayğının parlaq təzahürü kimi dəyərləndirmişdir.

Masallı rayon prokurorunun müavini Rəzzaq Gözəlov, Hişkədərə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qumra Cəfərova və başqaları ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarından, ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurulmasından danışmış, rayonun ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmişlər.

Tədbirin sonunda ədliyyə işçilərinin bir qrupuna Masallı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

 

 

Ölkə başçısı möhtərəm İlham Əliyev bu ilin fevral ayında keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. İnsanlar daha da yaxşı yaşasınlar. Budur əsas məqsəd”.

“Muğanbank” ASC müstəqilliyin ilk illərindən fəaliyyətə başlayan, öz iqtisadi imkanlarını möhkəmləndirib genişləndirən və tənzimləyən özəl müəssisələrdəndir. Onun paytaxtda və regionlarda filialları fəaliyyət göstərir. Onlardan biri də Sumqayıtdadır. Azərbaycanın maliyyə bazarında uzunmüddətli zəngin iş təcrübəsi, səriştəsi ona müştərilərin etibarını qazanmağa və nəzərdə tutulan əməliyyatları inamla həyata keçirməyə imkan vermişdir. “Muğanbank” Sumqayıt filialının rəisi Soltan Tağıyev bizimlə söhbətində həyata keçirilən bank əməliyyatlarından və müştərilərə göstərilən xidmət növlərindən ətraflı məlumat verərək dedi:

—Bu gün “Muğanbank”ın Sumqayıt filialı onlarca hüquqi və fiziki şəxsə bank xidməti göstərir və başlıca vəzifə onu yüksək səviyyədə təşkil etməkdən ibarətdir. Onun xidmət sahəsinə əhalinin sərbəst pul vəsaitinin manat şəklində qəbulu, müştərilərə depozit seyflərinin təklif olunması, plastik kartlarla əməliyyat aparılması, bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi, dünyanın istənilən ölkəsinə valyuta köçürülməsi, kreditlər—istehlak, avtomobil, biznesin inkişafı, onun dayanıqlılığının təmini və genişləndirilməsi, inşaat, təhsil, ticarət, kənd təsərrüfatı, ümumiyyətlə, xalq təsərrüfatının yüksəlişi, tərəqqisi üçün kreditldər verilməsi daxildir.  Bank kiçik və orta sahibkarlığın inkişafı üçün də mikrokreditlər verilməsini təşkil edir və onlara yeni maliyyələşdirmə imkanları yaradır.

Onu da deyim ki, bank respublikada keçirilən bütün investisiya layihələrinin fəal iştirakçısıdır. İşgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərinin genişləndirilməsi istiqamətində fəal, məqsədyönlü siyasət həyata keçirir. Onun Rusiya Federasiyasının paytaxtı Moskvada nümayəndəliyi mövcuddur və belə nümayəndəlikdən Şimali Kipr Türk Cümhuriyyətində açılması da nəzərdə tutulur. Bu əlaqələr yaxın vaxtlarda daha da genişləndiriləcəkdir. Yeri gəlmişkən, bank əməkdaşlarının operativliyi, onların peşəkar səviyyəsi və qabiliyyəti bank sirrinin saxlanılmasına və yüksək xidmət göstərilməsinə möhkəm təminatdır. Bu da öz növbəsində bank xidmətindən istifadə edən müştərilərin sayının günbəgün artmasına səbəb olur.

Ümumiyyətlə, VİSA sistemi və Azərbaycan ərazisində geniş bankomatlar şəbəkəsi sayəsində “Muğanbank” ASC və onun plastik kartları vətəndaşlarla hesablaşma və xarici səfərlərdə möhkəm kömək olub, pulları yaranmış təhlükədən qorumağa və şəxsi xərclərin menecmentini xeyli dərəcədə asanlaşdırmağa xidmət edir. Vətəndaşın bir zəngi bəs edir ki, bank kartı bağlatdırsın və beləliklə, onu itkidən qoruya bilsin. Bankın koorparativ müştəriləri, əmanətçilər və depozit xidmətlərin istifadəçilərinə plastik kartlar pulsuz verilir və hər bir müştəri ilə fərdi razılığa görə kartlar müəyyən dövr ərzində kreditlə təmin olunmasına şərait yaradır.

Bu gün bankla bütün filiallar arasında əməliyyatlar “on- line”, yəni birbaşa rejimdə aparılır ki, bu da bütün köçürmələrin və daxilolmaların filiallar tərəfindən operativ olaraq həyata keçirilməsinə geniş şərait yaratmaq deməkdir.

“Muğanbank” ASC-nin müştərilərə müxtəlif növ məqsədli və istehlak kreditləri, o cümlədən məişətin yaxşılaşdırılmasından (avtomobil və məişət texnikası almaq üçün) ta biznesin inkişafınadək kreditlər təklif etməsi onun uğurlu iqtisadi maliyyə göstəricisidir. Uyuşqan və fərdi yanaşma, bankın yüksək, peşəkar əməkdaşlarının ətraflı məsləhət və həmçinin xoş, səmimi rəftarı və anlaşma, kreditalma, onun sonrakı ödəmə prosesi problem deyil, uğur yolunda rahat bir mərhələdir.

S.HƏSƏNLİ. 

Çərşənbə axşamı, 26 Noyabr 2013 13:54

Sabitliyin və davamlı sosial-iqtisadi inkişafın qarantı

 

 

 

9 oktyabr prezident seçkiləri ölkəmizin həyatında çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə kimi yadda qalacaqdır. Müstəqil Azərbaycanın qurucusu və memarı olan ümummilli liderimiz Heydər Əliyev kursunun alternativsiz davamçısı cənab İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq yenidən Prezident seçilməsi dövlətimizin və xalqımızın siyasi və iqtisadi həyatında daha möhtəşəm inkişaf mərhələsinin başlanğıcını qoydu. Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin güclü lider kimi fəaliyyətinin əsaslarını məhz böyük öndərin ideyalarını müasir tələblərə uyğun daha da təkmilləşdirərək ondan mükəmməl şəkildə yararlanması təşkil edir. Məhz bu amilləri nəzərə alaraq 2003-2013-cü illəri Azərbaycanın qüdrətli dövlət olaraq formalaşması dövrü kimi xarakterizə etmək olar.

 

Ötən 10 ildə Prezident İlham Əliyev dövlətin güclənməsi üçün iqtisadi inkişafı prioritet elan etmişdir. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanaraq ölkəmiz müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, böyük nüfuza malikdir. Dövlət başçısı demişdir ki, müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. Mühüm geosiyasi regionda yerləşən Azərbaycan özünün müstəqil iqtisadi siyasəti nəticəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir. Oktyabrın 9-da keçirilən seçkilərdə xalqımız məhz bu sabitliyin və davamlı sosial-iqtisadi inkişafın qarantı olan cənab İlham Əliyevə səs verdi.

Son on ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar və infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi vədlərə sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

Həqiqətən də müstəqil Azərbaycanın inkişaf tarixində 2003-2013-cü illər mühüm yer tutur. Məhz Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 10 ildə Azərbaycan dinamik inkişaf tempinə malik olub. Son 10 ilin mənzərəsini belə dəyərləndirmək olar: iqtisadiyyatın bütün sahələri inkişaf edib, əhalinin gəlirləri artıb, yoxsulluğun səviyyəsi xeyli dərəcədə aşağı düşüb, yüz minlərlə yeni iş yeri açılıb. Sözsüz ki, sadaladığımız bu və ya digər nailiyyətlər xalqımızın cənab İlham Əliyevə etimad göstərməsini şərtləndirən əsas amillər sırasındadır. Elə andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev bu məqamlara xüsusi diqqət yetirərək demişdir: “İqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır”.

İqtisadi inkişaf özünü real faktlarda təcəssüm etdirir. Statistikaya nəzər salaq: 10 ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumdaxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.

Bir mühüm faktı da xatırlamaq yerinə düşər. 2009-cu ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı hər bir ölkənin, onun rəhbərinin nəyə qadir olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadiyyatın düşünülmüş, düzgün əsaslar üzərində qurulması bu böhrandan uğurla çıxmasını təmin etdi.

Respublikamızda bütün sahələrdə davamlı inkişaf özünü, ilk növbədə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərmişdir. Əməkhaqqı sisteminin daim təkmilləşdirilməsi, həmçinin pensiya, maaş və müavinətlərin mütəmadi və davamlı ödənişinin tətbiqi bu deyilənlərin bariz nümunəsidir. Məsələn, son 10 il ərzində orta əməkhaqqı 5,6 dəfə, orta pensiya isə 9,2 dəfə artıb. Cari ilin sentyabrında minimum əməkhaqqının həcmi və pensiyanın baza hissəsi müvafiq olaraq 105 və 100 manata çatdırılıb. Növbəti ildən isə ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə yaşayış minimumu və ehtiyac meyarı artırılacaq. Gələcəkdə ölkəmizdə minimum əməkhaqqı yaşayış minimumu səviyyəsinə çatdırılacaq. Bu isə yoxsulluq səviyyəsinin daha da azaldılmasına gətirib çıxaracaqdır.

Hazırda respublikamızda çevik sosial müavinətlər sistemi mövcuddur. Son 10 ildə onların həcmi 2,5 dəfə artıb. 2006-cı ildə ölkədə yeni sosial müdafiə sisteminin əsasının qoyulmasını təmin edən ünvanlı sosial yardımın verilməsi prosesinə başlanılmışdır. Bununla da sosialyönümlü proqramlar və hökumətin qərarları sayəsində əhalinin gəlirlərinin artım tempi 10 il əvvəlki göstəricini 7 dəfə üstələmişdir. Bu gün əhalinin gəlirləri və xərcləri arasında fərq getdikcə birinci göstəricinin xeyrinə dəyişir.

10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində növbəti 5 il üçün ölkənin prioritet istiqamətləri düşünülmüş sosial siyasətin həyata keçirilməsini xüsusi qeyd edib. Dövlət başçısı çıxışında deyib: “Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır, sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır”.

Həqiqətən də son 10 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. İqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib. Ümumiyyətlə, dövlət başçısının son 10 ildə imzaladığı fərman və sərəncamlarda, qəbul olunmuş bir çox dövlət proqramlarında əhalinin sosial müdafiəsi diqqət mərkəzində saxlanılmışdır. “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri buna misal kimi göstərmək olar. Nəticə etibarı ilə respublikamızda 10 il ərzində yoxsulluğun təxminən 10 dəfə — 49 faizdən 5,5 faizədək azalması faktı buna sübutdur.

Vətəndaşların məşğulluğunun təmin edilməsi üzrə aparılan iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük təsir göstərib. Dövlətimizin başçısı demişdir: “Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan qaldıraq”.

Cəmiyyətdə əhali üçün əlverişli sosial ab-havanın yaradılması, bütün ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi vətəndaşlarımızın davamlı və sabit artımlı gəlirləri üçün əsas təşkil edə bilər və bunlar dövlətimizin sosial siyasətinin birbaşa məqsədləridir. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, “layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq”. Bu fikir ölkə rəhbərinin siyasi fəaliyyətində çox mühüm amildir ki, iqtisadi uğurları sosial rifahın yüksəldilməsinə yönəldir. Bu mənada, deyə bilərəm ki, Prezident İlham Əliyev iqtisadi uğurları sosial firavanlığa çevirmiş müdrik dövlət başçısıdır. Onun bütün siyasi fəaliyyətinin ana xəttini vətəndaşa yüksək həyat şəraitinin təmin edilməsi təşkil edir. Məhz son 10 ildə bu istiqamətdə atılan addımlara diqqət yetirsək, bu fikrin reallığa əsaslandığının şahidi olarıq. Həmçinin, bu dövrdə iqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilmişdir.

Bir sözlə, sosial sferanın bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, yol infrastrukturunun yenilənməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. On ildə Azərbaycanda 2708 məktəb, 500-dən çox səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, əlillər üçün 14 bərpa-müalicə mərkəzi istifadəyə verilmiş, təhsil və səhiyyə sahələrində bir sıra dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində mühüm işlər görülmüş, fondun dəstəyi ilə 312 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Gənclərin idarəetmədə iştirakına, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə, intellektual inkişafına xüsusi önəm verilmiş, idmanda böyük uğurlar qazanılmışdır. On ildə şəhər və rayonlarda 35 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda regionlarda 4 Olimpiya İdman Kompleksinin, Bakıda Respublika İdman-Tibb Mərkəzinin və 65 min tamaşaçı tutumu olan stadionun tikintisi davam edir. Azərbaycanın tarixi memarlıq abidələri, muzeylər qorunub saxlanılır. Qaçqın və məcburi köçkünlərə qayğı da unudulmur. Bu müddətdə ölkəmizdə bütün çadır düşərgələri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 140 min məcburi köçkün mənzillə təmin edilmişdir.

Dövlətimizin sosial siyasətində ölkənin bölgələrinə də xüsusi diqqət ayrılır. Son 10 ildə Azərbaycanda iki regional (2004-2008-ci illər, 2009-2013-ci illər) beşillik proqramlar icra edilib. Bölgələrdə yol infrastrukturu yeniləşib, parklar salınıb, yeni müasir turizm obyektləri inşa olunub, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib. Azərbaycanın hər bir bölgəsi son dövrlərdə tikinti meydançasını xatırladır. Bir sözlə, regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq xeyli azalmışdır. Azərbaycan Prezidentinin bölgələrə səfəri, hər rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı sərəncamlar, eləcə də 10 il ərzində investisiya qoyuluşu, infrastruktur yeniləşməsi, sahibkarlıq mühitinin yaxşılaşması uğurları daha da artırıb.

Bu uğurların bir səbəbi də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində hökumətin qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinin məntiqi nəticəsidir. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Ümumiyyətlə, sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılıb, 10 ildə sahibkarlara bir milyard manat dəyərində güzəştli kreditlər verilib.

Dövlət başcısı İlham Əliyevin Azərbaycanda insan amilini dövlət siyasətinin prioriteti hesab etməsi elə prezident seçkiləri öncəsi bir daha öz təsdiqini tapmışdır. Belə ki, ölkə rəhbəri kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrdə, sosial təminat müəssisələrində, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə, təhsil, idman, elm və elmi-tədqiqat qurumlarında, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırlması haqqında müvafiq sərəncamlar imzalamışdır.

Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası, hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür. “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik”. Ölkə rəhbərinin hələ 2003-cü ildə dediyi bu fikir bu gün aydın şəkildə öz təsdiqini tapmışdır.

Məlum olduğu kimi, gələn ilin büdcə layihəsi Milli Məclisdə müzakirə edilir. 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və inkişaf tempi lə irəlilədiyini şərtləndirir. Hazırda ölkəmizin makroiqtisadi inkişaf indikatorları və qarşıdakı dövrlə bağlı proqnozlar Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikasının 2014-cü ildə daha da sürətlənəcəyini, maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın sosial-iqtisadi hədəflərini tammiqyaslı şəkildə yerinə yetirəcəyini deməyə əsas verir.

Beləliklə, nəinki regionda, bütün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi beynəlxalq miqyasda diqqət mərkəzindədir. Müstəqil respublikamızın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək mümkün deyildir. On il bundan əvvəl, 2003-cü ilin oktyabrında Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi kimi ulu öndərin ideyalarına sadiq qalacağını bəyan etmiş, hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını bildirmişdir. 9 oktyabr prezident seçkiləri Azərbaycanın müstəqil, demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi, xalqımız son 10 ildə görülən işlərə öz yüksək qiymətini verdi. Əminik ki, Prezident İlham Əliyev bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, insanların rifahı üçün var qüvvəsini əsirgəməyəcəkdir.

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor.

 

 

 

Çərşənbə axşamı, 26 Noyabr 2013 13:53

Ölkəmizin sosial-iqtisadi inkişafı davamlıdır

Son on ildə həyata keçirilən irimiqyaslı layihələr bunu deməyə əsas verir

 

 

 

Bakı, 25 noyabr (AzərTAc). London şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 28-ci sessiyası keçirilir.

Sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Administrasiyanın mətbuat xidmətindən bildirmişlər ki, sessiyada BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin hesabatları dinləniləcək, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və təşkilata üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaqdır.

Tədbirdə, həmçinin dünyanın 170 dövlətinin üzv olduğu BDT-nin ali icra orqanı olan şura üzvlüyünə seçkilərin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv olaraq həmin seçkilərdə iştirak edəcəkdir.

Noyabrın 25-dən dekabrın 4-dək davam edəcək sessiya çərçivəsində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun bir sıra dövlətlərin dəniz administrasiyaları rəhbərləri ilə görüşləri də planlaşdırılır.