XƏBƏR LENTİ

Çərşənbə axşamı, 25 Aprel 2017 07:54

Nəsimi rayonu: Çernobıl əlilləri ilə görüş

Hər il aprel aynın 26-da  MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir.

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  Rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Mərasimdə çıxış edən Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı  Asif Əsgərov  bildirmişdir ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının  fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarqofaq” əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan  bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər.

Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri  ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını da hər zaman çernobılçılar hiss edirlər.

Tədbirdə iştirak edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışırdı. Odur ki, qəzanın törətdiyi dağıntıların aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş insanları taleyin hökmünə buraxmışdı. Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb.

Çernobılçılar adından çıxış edən cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını birdirmişlər.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

 

Məhəmməd VƏLİYEV,

“Respublika”.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 23-də Mingəçevir şəhərində davam edib.
AZƏRTAC xəbər verir ki, həmin gün axşam saatlarında Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini mingəçevirli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Mingəçevir şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Mingəçevir mərhələsinə nəzər salınıb.
Məlumat verilib ki, Xəzərdən başlayan səyahət çərçivəsində təşkil edilən su festivallarının keçirilməsində əsas məqsəd xalqımıza idman bayramı əhvali-ruhiyyəsi ilə yanaşı, eyni zamanda, həmrəylik və sevinc hissini bəxş etməkdir.
Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayından su ilə dolduraraq Heydər Əliyev parkına gətirən sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov alqış sədaları altında səhnəyə dəvət olunub.
Heydər Əliyev parkında keçirilən festival əsl bayrama çevrilib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək, ölkəmizi bu mötəbər yarışda təmsil edəcək idmançılara uğurlar arzulayıb. “Mirvari” rəqs qrupunun, Mingəçevir musiqi qrupunun üzvlərinin və yerli ifaçı Elsevər Məmmədovun çıxışı şəhər sakinlərində yüksək əhvali-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.
Su səhəngini daşıyan festival iştirakçısı, sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev möhtəşəm su festivallarının “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına xüsusi rəng qatdığını deyib: “Bizim burada iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir. Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.
YAP Mingəçevir şəhər Gənclər Birliyinin sədri, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Əminəm ki, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olan bu oyunlar dostluq, həmrəylik və birlik bayramına çevriləcək. Biz 2015-ci ildə Mingəçevirdə keçirilən Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarının şahidi olduq. Şəhərimiz həmin mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrinin də inkişaf etdiyini nümayiş etdirdi. İnanıram ki, Azərbaycan gələn ay IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə müsəlman ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək”.
Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı aprelin 25-də Qax rayonu olacaq.
Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Mingəçevir şəhərindəki mərhələsinə Kür çayından su götürülməklə start verilib. Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə dolduraraq şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə bu idman tədbirində uğurlar arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman yarışlarında 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Yarışda komanda hesabında Mingəçevir şəhər 3 və 10 nömrəli orta məktəblərin və Texniki Humanitar Liseyin şagirdləri müvafiq olaraq I-III yerləri tutublar.
Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandanın üzvlərinə isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
Mingəçevir şəhər 3 nömrəli orta məktəbinin şagirdi, yarışların iştirakçısı Ağalar Fətəliyev AZƏRTAC-a müsahibəsində idman tədbiri barədə təəssüratlarını belə bölüşüb: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları münasibətilə Mingəçevirdə məktəblilər arasında təşkil olunan belə gözəl idman yarışında iştirak etdiyim üçün çox sevinirəm. Bizim komanda bu yarışda qalib gəldiyi üçün mənə də Oyunların bağlanış mərasiminə bilet təqdim edildi. Səbirsizliklə həmin günü gözləyirəm”.
Qeyd edək ki, 37 gün ərzində ölkəmizin 15 bölgəsində reallaşdırılacaq “Xəzərdən başlayan səyahət” proqramı 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən artıq dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar.

 

 

 

 

 

AZƏRTAC

Çərşənbə axşamı, 25 Aprel 2017 07:52

Xalq Artisti Ramiz Zöhrabov son mənzilə yola salınıb

Xalq Artisti, musiqişünas alim, professor Ramiz Zöhrabov son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, musiqişünas alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov çıxış edərək, musiqi mədəniyyətimizin inkişafında, təbliğində və tədqiqində Ramiz Zöhrabovun müstəsna xidmətlərindən danışıblar.

Qeyd olunub ki, 20-dən çox monoqrafiyanın müəllifi olan görkəmli sənətkarın Azərbaycan mədəniyyətinin inkişafına, qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş əsərləri bu sahədə dəyərli mənbədir.

Çıxış edənlər Ramiz Zöhrabovun yaradıcılıq xüsusiyyətlərini, ölkəmizin mədəniyyət və incəsənətinin inkişafında fəaliyyətini, respublikamızda keçirilən muğam müsabiqəsi və festivallarında fəaliyyətini xüsusilə vurğulayıblar. Çıxışlarda R.Zöhrabovun insani keyfiyyətləri ilə yanaşı, pedaqoji fəaliyyətindən də bəhs olunub.

Bildirilib ki, R.Zöhrabov Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tələbələrə muğam sənətinin sirlərini öyrədib. O, Azərbaycan musiqişünaslıq elmində öz dəsti-xətti, xüsusi yeri və rolu olan sənətkardır. Skripka təhsili almış sənətkar Azərbaycan muğamlarının mahir bilicisi idi. Musiqişünas alimin tədqiqatları və gərgin əməyi müvafiq sahənin inkişafına öz töhfəsini verib.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

 

AZƏRTAC

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş Prezidenti Haynts Fişeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar. Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi. 

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edildi. 

 

 

AZƏRTAC

 

 

 

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 5, maddə 338) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.11-ci bənd ləğv edilsin.

2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4, 6.4, 9.8, 10.2, 11.6, 17.5, 32.3, 34.1 və 34.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.2-ci (33.2.1 - 33.2.5, 33.2.7, 33.2.14-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 1.1.14, 8, 9.1, 9.3, 9.4, 9.6, 9.7, 16.0.3, 17.1.3, 17.3.7, 17.3.8, 17.3.9, 19.2, 19.4, 19.5 və 31.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.1, 33.2 (33.2.6, 33.2.8 - 33.2.13-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) və 33.3-cü (33.3.1, 33.3.2 və 33.3.4-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  həyata keçirir;

2.4. həmin Qanunun 11.1-ci və 12.4.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində  nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 aprel 2017-ci il.

 

 

 

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 424-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1014) 2-ci hissəsi ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 aprel 2017-ci il.

 

 

 

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 246 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 246 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 6, maddə 483; 2014, N 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 mart tarixli 1275 nömrəli Fərmanı) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 5 aprel 2017-ci il.

 

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və proqram xarakterli çıxışında səsləndirdiyi fikirlərə və qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub.
Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad edərək bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin ölkəmiz üçün uğurlu il olacağını deyib. Prezidentin siyasətinin, bu siyasət nəticəsində əldə olunan uğurların mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən Əli Həsənov deyib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı inkişaf etdiyindən bütün əsas vəzifələr icra olunub. Dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, indiyədək neftdən asılılığın aradan qaldırılması, kənd təsərrüfatının, digər sahələrin inkişafı məqsədilə görülmüş tədbirlər, aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin olunub.
Ölkənin iqtisadi inkişafının qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də mühüm önəm daşıdığını diqqətə çatdıran Baş nazirin müavini hesabat dövrü ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasını dövlət idarəetmə strukturunda aparılmış ən uğurlu islahat və vaxtında atılmış addım kimi dəyərləndirib. Qeyd edib ki, böyük nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi haqqında Prezidentin imzaladığı Sərəncam ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən mühüm bir addım oldu.
Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən bildirmişdi ki, o, öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə yönəldəcək. Məhz elə bunun nəticəsi olaraq Mehriban xanım Əliyeva ilk müşavirəsini ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi. Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yararsız, qəzalı vəziyyətdə olan yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bu təbəqədən olan soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Bu müşavirədə Mehriban Əliyeva məsələnin həlli yollarını da müəyyənləşdirdi.
Bu, bir daha onu göstərdi ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir və xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur.

 


Azərbaycan Prezidentinin bütün mötəbər tədbirlərdə, yığıncaqlarda olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib ki, dövlət başçısı çıxışında bu iclasda da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını müəyyənləşdirib. Bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir. Bu qəsəbə yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən dövlətimizin başçısının da vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək.
Artıq Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən bu istiqamətdə işlərə başlandığını, bunlarla bağlı hərtərəfli müzakirələr aparıldığını diqqətə çatdıran Əli Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3, Ramana qəsəbəsi ərazisində isə 1 beşmərtəbəli bina inşa olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.
Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkəmiz üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Azərbaycan Prezidentinin yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamını ölkəmizin həyatında tarixi hadisə kimi dəyərləndirib. Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında Prezidentin də bu tarixi hadisəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq Sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə, dövlət başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır.
Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı və həmin Fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 2017-ci il 14 fevral tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.
Kollegiya iclasında vurğulanıb ki, Prezidentin ölkəmizin bir nömrəli problemi elan etdiyi və gündəlik diqqət mərkəzində saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək.

AZƏRTAC

 

 

 

 

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

Tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb. O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun bu vəzifəyə tam uyğun olduğunu və baş direktor seçiləcəyi təqdirdə UNESCO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov ölkəmizin qədim İpək Yolu üzərində, sivilizasiyaların qovuşuğunda yerləşən, müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə mehriban şəraitdə yaşadığı məkan olduğunu diqqətə çatdırıb.
O, ölkəmizdəki multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərindən söz açaraq, onların UNESCO dəyərləri ilə üst-üstə düşdüyünü və buna görə də ölkəmizin bu vəzifəyə namizədliyinin tam uyğun olduğunu bildirib. Səfir Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin arxasında müdrik siyasətin dayandığını vurğulayıb. O, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, təklif və tövsiyələri əsasında “Bakı prosesi”nin əsasının qoyulduğunu və onun qlobal təşəbbüsə çevrildiyini qeyd edib. “Bakı prosesi”nin əsas məqsədinin müxtəlif mədəniyyətləri, xalqların nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqu təşviq etmək olduğunu bildirib. Ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini və UNESCO-nun bu Forumun tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.
“Bu il UNESCO-ya üzvlüyümüzün 25 ili tamam olur. Ölkəmiz çətin vaxtlarında bu beynəlxalq quruma üzv olub. Bu illər ərzində əməkdaşlıq daha da inkişaf edib və dərinləşib. 2013-cü ildə UNESCO maliyyə sıxıntıları yaşayanda onu dəstəkləyən ölkələr arasında Azərbaycan da olub. Mədəni irsin qorunub saxlanması istiqamətində də ölkəmiz böyük töhfələr verib”, - deyə səfir bildirib.
Səfir ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən söz açaraq Azərbaycan namizədinin bu qurumun baş direktoru vəzifəsinə tam uyğun olduğunu bildirib. O, Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verib, Azərbaycanın çətin günlərində onun mədəniyyət naziri kimi vəzifəni müvəffəqiyyətlə icra etdiyini, həmçinin diplomatiya sahəsində zəngin təcrübəsinin olduğunu vurğulayıb.
Sonra UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcəyini bildirib. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun karyerasından, müxtəlif çətin vəziyyətlərdə icra etdiyi vəzifələrdən danışıb. O, Rusiyanın mədəniyyət nümayəndələrinin Polad Bülbüloğlunu UNESCO üçün çox uyğun namizəd hesab etdiklərini bildirib. Bir neçə dil bilən Polad Bülbüloğlunun müxtəlif mədəniyyətləri yaxından tanıdığını bildirib. Mixail Şvıdkoy iştirakçıları Azərbaycan namizədinə səs verməyə çağırıb. O deyib: “Rusiya bu seçkilərdə birmənalı olaraq Azərbaycanın namizədini dəstəkləyəcək. Çünki Azərbaycan bizə dost ölkədir. Çünki bu, Polad Bülbüloğludur. Onu təkcə Azərbaycanda və postsovet məkanında deyil, bütün dünyada tanıyırlar. İndidən sizə yalnız onu deyə bilərəm ki, belə bir rəngarəng təqdimat UNESCO tarixində ilk dəfə təşkil olunur. Burada xarici qonaqlarla söhbətimdə də bildirdim ki, UNESCO maraqsız, bürokratik bir təşkilat yox, incəsənət, mədəniyyət, xoşbəxtlik adası olmalıdır. Bu təşkilata yeni yaradıcı ideyalar lazımdır. Bu baxımdan Polad Bülbüloğlu olduqca münasib namizəddir”.
Sonra məşhur pianoçu Denis Matsuev video vasitəsilə Polad Bülbüloğlunun fəaliyyətindən danışıb, onun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini alqışlayıb. O, mədəniyyət sahəsində zəngin təcrübəsi olan bir şəxsin belə vəzifəyə seçilməsinin əhəmiyyətinə toxunub. Denis Matsuev bugünkü narahat dünyada mədəniyyətin böyük rol oynadığını, sülh, barışıq yaratdığını bildirib. O, Polad Bülbüloğlunun bu vəzifəyə seçiləcəyinə əminliyini ifadə edib.
Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, UNİCEF-in xoşməramlı səfiri, UNESCO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib. Onun ifası iştirakçıların alqışları ilə qarşılanıb.
Fransanın UNESCO-dakı səfiri Loran Stefanini UNESCO-nun baş direktorluğuna namizədlərin çox olduğunu bildirib. O deyib ki, UNESCO-nun baş qərargahının yerləşdiyi ölkə kimi Azərbaycanın namizədliyindən çox məmnunuq. Xüsusilə də təklif olunan namizədin keyfiyyətləri bizi heyran etdi. Azərbaycan namizədinin digər namizədlərdən üstünlüyü onun mədəniyyət sahəsindəki təcrübəsi, xüsusilə də tanınmış müğənni olmasıdır.
Serbiyanın UNESCO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə də Azərbaycan və azərbaycanlılarla bağlı gözəl xatirələrim var. UNESCO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə də tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.
Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Rusiyanın mövqeyindən danışanda, əlbəttə, Azərbaycanın namizədliyi daha önəmlidir. Çünki Azərbaycan dost ölkədir. Parisin mərkəzində bu gözəl mədəniyyət mərkəzində Azərbaycanın namizədinin təqdimatının keçirilməsi özlüyündə böyük bir uğurdur. Burada bəzi dövlətlərin UNESCO-dakı səfirləri ilə söhbət etmək imkanım oldu. Onlar digər namizədlərin də təqdimat mərasimində iştirak ediblər. Onlar etiraf etdilər ki, heç bir namizəd bu cür təntənəli şəkildə təqdim edilməyib. Polad Bülbüloğlu səfir olmaqla yanaşı, həm də parlaq musiqiçi, böyük istedad sahibi olan bir bəstəkardır. UNESCO rəhbərliyində heç vaxt belə namizəd olmayıb. Polad Bülbüloğlunda digər namizədlərdə olan bütün müsbət xüsusiyyətlər - siyasi, diplomatik karyera, dövlət xidməti, çoxillik nazir, səfir təcrübəsi var. Bundan əlavə, o, həm də böyük incəsənət nümayəndəsidir. Bu gün yaşadığımız mürəkkəb dünyada incəsənət dili olduqca əhəmiyyətlidir. Polad Bülbüloğlu Azərbaycan və dünya mədəniyyətinin daşıyıcısı kimi, UNESCO-nun rəhbəri kimi mədəniyyətin, incəsənətin xalqları birləşdirən dəyər olmasına öz töhfəsini verə bilər.

 

 

 

AZƏRTAC

 

 

 

2 -dən səhifə 1170