XƏBƏR LENTİ

25 il bundan əvvəl olduğu kimi, terrorist, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf seçilir. 1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız zəhraları qətlə yetirməklə öz şərəfsiz əməllərini davam etdirirlər. Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar. Təbii ki, quldur və terrorçu ermənilərin bu əməlləri cavabsız qalmayacaq, qətiyyətlə qeyd etmək istəyirəm ki, güclü Azərbaycan Ordusu və güclü Azərbaycan əsgəri adekvat addımlar atacaq, 2016-cı ilin aprelində olduğu kimi yenidən düşmənə öz yerini göstərəcək. Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, mənfur Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları, insan haqlarının, 1949-cu il Cenevrə konvensiyalarının, eyni zamanda, fundamental azadlıqlara dair Konvensiyanın ciddi və kobud şəkildə pozulmasıdır.

V.Rəhimzadə qeyd edib ki, düşmənin bu cür təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu yaratmaq məqsədi daşıyır. “Ancaq azğın düşmən unudur ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə cəbhə bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil”, - deyə baş redaktor vurğulayıb.    

YAP Siyasi Şurasının üzvü bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir. O deyib: “Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır. Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir”.

 

AZƏRTAC

Erməni silahlı birləşmələrinin iyulun 4-də mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərini iriçaplı silahlarla hədəfə alması əsl vandalizm aktıdır. Dinc və günahsız insanların öldürülməsi, kəndlərin atəşə məruz qoyulması sülh və danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdiddir və davamlı sülhə təhlükədir. ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfəri ərəfəsində baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi və bir neçəsinin yaralanması Ermənistan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə insanlığa qarşı zorakı münasibətidir. Məcburi köçkünlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə köçürülməsi ərəfəsində törədilmiş bu cinayət xarakterli əməl Ermənistanın işğal altındakı ərazilərdən Avropa ilə Asiyanı birləşdirən bu regionun gələcək dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli layihələrin gerçəkləşməsi, insanların öz doğma yurd-yuvalarına qayıtmasına, sülhə və sabitliyə təhdid olaraq istifadəsini kəskin şəkildə pisləyirik.  Alxanlı kəndində törədilən qanlı cinayətdə əli olan, işğal siyasətini dünyanın gözü qarşısında davam etdirən Ermənistanın cinayətkar hakimiyyətinə  beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupuna üzv ölkələr tərəfindən ciddi təzyiq göstərilməsi və işğal altındakı ərazilərin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında azad olunmasını tələb edirik. 

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan mülki şəxslər - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra kənd qəbiristanlığında dəfn edilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasiminə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri qatılıblar. Ermənilərin bu qanlı cinayətlərindən hiddətlənən kənd sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını tələb ediblər. Onlar həmkəndlilərinin qanının yerdə qalmayacağına, düşməndən qisas alınacağına əminliklərini bildiriblər.

Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Ancaq düşmən məqsədinə nail olmayacaq. Cəbhə kəndlərinin sakinləri ordumuza, dövlətimizin başçısına güvənir və düşmən üzərində tezliklə qələbə qazanılacağına əmindirlər.

Həlak olanların qohumu Mətləb Quliyev bildirib ki, düşmənin məqsədi ordunun arxasında duran kənd sakinlərini ruhdan salmaqdır. Lakin bu baş verməyəcək: “Biz düşmənin təxribatlarına baxmayaraq, şəhidlər versək də, doğma kəndimizi tərk etməyəcəyik. Ordumuz torpaqlarımızın keşiyində, xalqımız isə ordumuzun arxasında mətanətlə dayanıb. Hamımızın bir amalı var - işğalçıları torpaqlarımızdan qovub çıxarmaq”.

Düşmənin atəşi nəticəsində anasını və 2 yaşlı övladını itirən Elnur Quliyev kədərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Çox ağırdır. Bu gün anamı və körpə balamı torpağa tapşırdıq. Ürəyim yanır. Ancaq düşmən bilsin ki, onların da ürəkləri yanacaq. Şəhidlərimizin qisasının alınması üçün Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazıram”.

Alxanlı kənd sakini Naib Əliyev isə deyib: “Ermənistan silahlı birləşmələrinin bu vəhşiliyi bizim düşmənə olan nifrətimizi, qəzəbimizi daha da artırır. Düşmən bilsin ki, bu qan yerdə qalmayacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə şəhidlərimizin qisası alınacaq, işğal altında olan bütün torpaqlarımız azad olunacaq”.

 

 

 

 

AZƏRTAC

Ön söz
Şah Sultan Hüseyn Səfəvi ilə eyni vaxtda səltənət edən Rusiya çarı Böyük Pyotr (1672-1725), hakimiyyətə gəldikdən sonra öz yarımvəhşi rəiyyətlərini Qərb sivilizasiyasına doğru hidayət etməyi qərara aldı. Elə buna görə də o, bütün gücü ilə İsveç, Polşa və Osmanlı dövlətlərinin Rusiya ilə Qərb arasında çəkdikləri divarı yıxmağa və Qərbə doğru bir pəncərə açmağa çalışırdı.
Rusiya çarı özünün bu məqsədinə nail olmaq üçün Osmanlı və İsveç dövlətləri ilə müharibəyə girib onları məğlub etdi. O, ictimai durumun və Rus millətinin köhnə əxlaqiyyatının dəyişdirilməsi uğrunda təcili addımlar atmağa başladı. Beləliklə də həmin tədbirlər sayəsində Pyotr səltənətinin sonunda Rusiya artıq böyük Avropa dövlətlərinin birinə çevrildi.
O öz siyasətlərini həyata keçirmək üçün tamah gözünü İran torpaqlarına dikmişdi. Belə ki, Pyotra mənsub edilən vəsiyyətnamədə deyilir: “Elə tədbirlər görmək lazımdır ki, İran ölkəsi günü-gündən yoxsullaşıb ticarəti tənəzzülə uğrasın. Ümumiyyətlə, elə etmək lazımdır ki, İran həmişə viranlığa və məhvə doğru getsin. Daha doğrusu, onu elə ölümcül vəziyyətdə saxlamaq gərəkdir ki, Rusiya dövləti istədiyi bir vaxt, kiçik bir təzyiqlə onu asanlıqla aradan qaldıra bilsin. Lakin Osmanlı dövlətinin qəti ölümündən öncə İranın bir yolluq nəfəsini almaq məsləhətə uyğun deyildir. Gürcüstan və bütün Qafqaz ərazisi İranın həssas damarı sayılır. Rusiya istilasının neştərinin ucu ona çatan kimi İranın ürəyindən zəiflik qanı fışqırmağa başlayacaq və elə gücsüz olacaq ki, heç bir təcrübəli həkim də onu sağalda bilməyəcəkdir. Bundan sonra Osmanlı dövləti noxtalanmış bir dəvə kimi Rusiya padşahlarının əlində olacaq və elə günə düşəcək ki, ancaq zəruri hallarda yük daşımalı olsun. Sonra isə buna da qadir olmayanda artıq başını bədənindən ayırma vaxtı gəlib çatacaq. Sizlər vaxtı itirmədən Gürcüstanı və bütün Qafqaz ərazilərini ələ keçirib İran padşahını öz əlaltı adamınıza çevirməlisiniz. Bütün bunlardan sonra Hindistana doğru irəliləmək lazımdır...” (Səid Nəfisi. İranın ictimai-siyasi tarixi. cild 1. səh. 266).
Beləliklə də, Böyük Pyotrun hökmranlığı dövründən başlayaraq rusların diqqəti İrana yönəlir. Böyük Pyotr İranın, xüsusilə də Qafqaz ərazisinə əl uzatmaq istəyən birinci Rusiya hökmdarı idi, çünki o, Azərbaycanı Orta Şərqin qapısı sayırdı. O, artıq yaxşı başa düşmüşdü ki, bu bölgəyə nüfuz etməyin ən uyğun yolu ermənilərlə əlbir olmaq və onlardan öz əlaltıları kimi istifadə etməkdir. Erməni tarixçisi Herand Pasdermaciyan həmin siyasət barədə yazır: “Böyük Pyotr Orta Şərq ərazilərinə daxil olmaq üçün Zaqafqaziyaya bir açar kimi baxırdı. O, habelə Osmanlı imperiyasının Xəzər dənizinə yaxınlaşmasının qarşısını almaq üçün planlar hazırlayır və belə qərara gəlmişdi ki, Gürcüstan ilə Ermənistanı öz himayəsi altına alsın. Elə həmin məqsədə görə də o, Qarabağ erməniləri ilə əlaqə yaradıb onların “Evri” adlı nümayəndəsini hüzuruna qəbul etdi. Beləliklə də, Böyük Pyotrun bu təşəbbüsü İranla birinci müharibənin başlanmasına gətirib çıxardı. Ruslar 1722-ci ildə Dərbəndə, hətta Bakıya qədər də irəlilədilər. Əslində isə Böyük Pyotrun məqsədi ermənilərin gəlib bu bölgədə məskunlaşmasından ibarət idi. Lakin onun planı baş tutmadı. Çünki o böyük imperatorun ölümündən sonra ruslar ələ keçirdikləri əraziləri boşaldıb geri çəkildilər”.
Bu təcavüzkar siyasətlər II Yekaterina kraliçəsinin səltənəti dövründə də ermənilərin yardımı ilə başqa-başqa formalarda davam edir. Pasdermaciyan bu barədə yazır: “Hətta bir dəfə II Yekaterina Rusiyanın himayəsi altında bir Ermənistan ölkəsinin yaranması üçün plan da qurub hazırlamışdı. Bu plan ciddi şəkildə Yekaterina kraliçəsi ilə onun bu işin icrası üçün nəzərdə tutduğu Patyomkin arasında müzakirə edildi və hətta qərara alınmışdı ki, planı həyata keçirdikdən sonra Patyomkinin özü həmin ölkənin hökmranı olsun. Bu iş üçün geniş hazırlıq da gördülər, lakin bildiyimiz kimi 1797-ci ildə Rusiyanın müdaxiləsi Gürcüstan sərhədlərində dayandırıldığı üçün bu planın icrası davam etdirilmədi”. (Yenə orada).
Lakin bütün bunlara baxmayaraq II Yekaterina canişinlərinin səltənəti dövründə məşhur Rusiya-İran müharibələri nəticəsində nəhayət Rusiya çarizmi özünün çoxdankı məqsədinə nail olur və ermənilərin ruslarla əməkdaşlığı sayəsində Qafqaz məntəqəsi həmişəlik İrandan ayrılıb Rusiya imperiyası ərazilərinə birləşdirilir.
Fransız tarixçisi “Jan Mari Karzo” özünün “Ermənistan 1915” adlı kitabının hər yerində ermənilərlə həmrəyliyini büruzə verməsinə baxmayaraq həmin kitabın 39-cu səhifəsində belə yazır: “İran və Türkiyə erməniləri Rusiya-İran müharibələri cərəyanında könüllü hərbi qruplar təşkil edərək Rusiyaya dəyərli xidmətlər və yardımlar göstərib, bu ölkənin müharibədən qalib qismində çıxmasını asanlaşdırdılar. Çünki onların fikrincə, bu məntəqənin müsəlman bir hökumətdən ayrılması, erməni millətinin azadlığının və tam müstəqilliyə qovuşmasının birinci addımı kimi qiymətləndirilirdi. Bu arada diqqəti çəkən önəmli bir məqam ondan ibarətdir ki, bu müqavilənin bağlanması özü-özlüyündə ermənilərin Ermənistana qayıtmasına səbəb oldu. İlk növbədə İrandan başlanan bu qayıdış tezliklə Osmanlıya da sirayət etdi və beləliklə də bu ölkədə yaşayan ermənilərin böyük bir qismini Rusiyanın erməni ocağına qaytardı”.
Səid Nəfisi də özünün “İranın ictimai-siyasi tarixi” əsərində yazır: “Müharibə başlanan kimi ermənilər rusların tərəfinə keçib onlarla əməkdaşlıq etməyə başlayırlar. Cavadxanın və Gəncə əhalisinin ruslar qarşısında müqavimət göstərdiyi bir vaxtda Gəncə qalası ermənilərin xəyanəti nəticəsində suqut edir”. (Səid Nəfisi. “İranın ictimai-siyasi tarixi”. cild 1, səh. 241).
Beləliklə də, müharibənin bütün mərhələlərində ermənilərin ruslarla əməkdaşlığı davam edir və bu əməkdaşlıq İran qüvvələrinə ağır zərbələrin endirilməsi ilə nəticələnir. Ermənilərin ruslarla İrana qarşı hərtərəfli əməkdaşlıq etməsi elə bir şəraitdə baş verirdi ki, onlar həmişə İranda digər iranlılarla yanaşı dinc şəraitdə yaşamış və həmişə hörmətlə qarşılanmışdılar. Mövcud olan çoxlu tarixi sənədlər buna sübutdur.
Rusiya-İran müharibələrinin başa çatmasından sonra ermənilər İrandan və Osmanlıdan artıq rusların əlində olan Arazın o tayına köçürülməyə başlayırlar. Ruslar əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Qafqaz məntəqəsini işğal etdikdən sonra yerli müsəlman əhaliyə etimad edə bilmədikləri üçün Qafqaz əhalisinin etnik tərkibini müsəlmanların ziyanına olaraq dəyişdirmək məqsədilə tədbirlər görürdülər. Onlar Türkmənçay müqaviləsinə bir bənd əlavə edərək müharibə dövründə çar Rusiyası qoşunları ilə hərtərəfli əməkdaşlıq etmiş ermənilərin bu torpaqlara köçürülməsinə zəmin yaratdılar. Bununla da çarizm özünün Qafqazdakı ayaq yerini möhkəmləndirməyə və Şərqə doğru köhnə siyasətini yeritdirmək üçün bu məntəqəni özünün güvən yerinə çevirməyə çalışırdı.
Qafqazın Rusiya imperiyasına birləşdirilməsindən sonra Kreml başçıları bu bölgənin müsəlman əhalisinə etimad göstərmədiyinə görə həmişə onlara qarşı ayrı-seçkilik siyasətindən istifadə edirdilər. Məhz həmin illər ərzində də müsəlman əhalisini məcburi surətdə xristianlaşdırmaq siyasəti davam edirdi. Lakin müsəlmanlara qarşı zorakılıq siyasəti yeridildiyi bir vaxtda ermənilər artıq imperiyanın həssas və mühüm vəzifələrinə təyin edilir, baş nazir vəzifəsinə qədər də yüksələ bilirdilər. Qeyd etmək lazımdır ki, Arazın o tayında (Şimali Azərbaycanda—A.M.) yeridilən xristianlaşdırmaq siyasəti müsəlmanların məhvi və əzilməsi bahasına başa gəlirdi.
Vaxtilə Oktyabr inqilabının rəhbəri Lenin, Rusiyanı xalqların məhbəsi adlandırmış və Azərbaycan musiqisinin dahisi böyük Üzeyir Hacıbəyov da buna bənzər bir fikir söyləmişdi. Üzeyir yazır: “Rusiya məmləkətində müsavatdan əsər-əlamət yoxdur. Hamıya bir gözlə baxılmır. Birisinə hörmətlə yanaşır, başqasına isə məhəl qoymurlar. Birisi qula çevrilir, başqası da həmin qulun başının sahibi. Bu arada biz müsəlmanların durumu hamıdan artıq acınaqlıdır”.
Çarizmin səhv və ədalətsiz siyasətləri Qafqazda üsyanların baş qaldırmasına gətirib çıxarır. Bu üsyanlar müsəlmanların sıx yaşadığı bir neçə nöqtədən başlanır, lakin bunların ən önəmlisi və ən geniş yayılmışı dağıstanlı Şeyx Şamilin başçılıq etdiyi üsyan idi. Şeyx Şamil güclü çar ordusu qarşısında 26 il müqavimət göstərib onları ruhdan salmağı bacardı. Lakin 1859-cu ildə Şeyx Şamil hərəkatı ruslara məğlub olunduqdan sonra bütün Qafqazdakı digər üsyanlar da zorakılıqla yatızdırılıb bu bölgə tamamilə Rusiya imperiyasının himayəsi altına keçdi.
Lakin bütün bunlara baxmayaraq Rusiya çarizminin ayrı-seçkiliyə söykənən ədalətsiz siyasətlərinin davam etdirilməsi Azərbaycan müsəlmanlarının qəti narazılığına gətirib çıxarır. 1870-1880-ci illərdə başqa-başqa formalarda çar zülmünə qarşı silahlı mübarizələrə başlanılır. Bu üsyanlar, silahlanmış kiçik partizan qrupları tərəfindən hidayət olunurdu. Bu silahlı mübariz dəstələrinə Azərbaycan xalqı tərəfindən “Qaçaqlar” adı verilmişdi.
Qafqazdakı durum az-çox belə davam etdiyi bir vaxtda 1890-cı ildə Tiflis şəhərində üç ekstremist erməni bir araya gələrək Böyük Ermənistan xülyasının gerçəkləşdirilməsi üçün “Daşnaksütun” adlı bir partiyanın yaranmasının təməlini qoydular. Şüarları dənizdən-dənizə böyük Ermənistanın yaranmasından ibarət idi. Onların hesablamalarına görə Aralıq dənizi ilə Xəzər dənizi arasındakı bütün ərazilərdə böyük Ermənistan dövləti yaranmalıydı. Aydın məsələdir ki, belə bir xülyanı gerçəkləşdirmək üçün ilk növbədə bu geniş ərazilərdə yaşayan müsəlmanları yer üzündən silmək və onlara qarşı soyqırım cinayətini törətmək zərurəti ortaya çıxırdı.

 

Azərbaycanlıların soyqırımı
Öz məqsədlərini dəhşət və qorxu hissini yaymaqla həyata keçirən və partiyanın baniləri, XIX əsrin sonlarında Osmanlı ölkəsində hədəflərinə nail ola bilmədikləri üçün, bütün qüvvələrini səfərbər edərək Qafqazda hərc-mərclik yaratmaq yolu ilə burada öz proqramlarının bir hissəsini həyata keçirməyə başladılar. Həmişə fürsət güdən daşnaklar, Rusiya-Yaponiya müharibəsinin baş verməsi, çar ordusunun yaponlara məğlub olunması və nəhayət 1905-ci il Rusiya inqilabının baş verməsi ilə bu fürsəti tapdılar. Onlar 2 fevral 1905-ci ildə Bakının Quba meydanında Ağarza adlı bir müsəlmanı öldürməklə Arazın şimalında yaşayan müsəlman azərbaycanlılara fəlakətli bir müharibəni təhmil etdilər. 1906-cı ilə qədər davam edən bu müharibə, Şimali Azərbaycanın bir çox şəhərlərində saysız-hesabsız günahsız əhalinin öldürülməsinə gətirib çıxardı.
Lakin 1918-ci il Arazın hər iki tayında yaşayan müsəlman azərbaycanlılar üçün daha dəhşətli və daha acınacaqlı bir il idi. Məhz həmin ildə Azərbaycan şəhərlərinin əksər müsəlman əhalisi qəddarcasına ermənilərin hücumuna məruz qalıb kütləvi şəkildə törədilən qırğınlar nəticəsində qətlə yetirildilər. Bu dəhşətli faciələrdə yüz minlərlə müsəlman azərbaycanlı qətlə yetirilib, bir çoxları da öz ev-eşiyindən didərgin düşdülər.
Məsələ belədi ki, Birinci Dünya Müharibəsinin üçüncü ilində (1917-də) Rusiyada baş verən bir sıra inqilabların ardınca çar hakimiyyəti devrildi. Romanovlar tiraniyasının süqutu daşnaklara, böyük Ermənistanın yaranması uğrundakı məqsədlərini həyata keçirmək üçün əlverişli fürsət yaratdı. Ermənilər 1918-ci ilin yanvar ayında bir müsəlman şəhəri olan İrəvana və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edərək buralarda yaşayan üç yüz min müsəlmanı (azərbaycanlını—A.M.) qırıb, minlərlə nəfəri də öz yurd-yuvasından didərgin salaraq bu tarixi müsəlman şəhərini bir erməni şəhərinə çevirdilər. Təcavüzkar ermənilər elə həmin ilin mart ayında Bakıda, Şamaxıda və digər Azərbaycan şəhərlərində yenidən öz cinayətlərini təkrar etdilər. Onlar, yalnız Bakıda iyirmi min əhalini qırsalar da Osmanlı ordusunun gəlməsindən sonra bu şəhərlərdə soyqırım faciəsini tamamilə həyata keçirə bilmədilər.
Arazın bu tayında (Güney Azərbaycanda - A.M.) isə bu dəhşətli faciələr başqa formada törədildi. “Çilov” adlandırılan Osmanlı asuriləri, Birinci Dünya müharibəsində Osmanlı dövlətinə qarşı savaşda Rusiya dövlətini himayə etdikləri üçün, məğlub olduqdan sonra İrana qaçıb, Qərbi Azərbaycanın şəhər və kəndlərində, o cümlədən də Urmiya və Salmasda sakin oldular. Azərbaycanın şərif və mehriban əhalisi bu çağırılmamış qonaqları mehribancasına qəbul etdi. Lakin çox keçmədən ingilislər bu asuri qaçqınlarını Qafqazdan qaçıb gəlmiş ermənilərlə (yerli erməni və asuriləri də onlara qoşaraq) birgə silahlandırıb Azərbaycanın Qərb hissəsində (Qərbi Azərbaycanda) bir xristian hökuməti yaratmaq istədi. Belə bir dövlətin yaranması da bu əyalətdə yaşayan müsəlmanların soyqırımı bahasına başa gəlməli idi. Beləliklə də erməni-asuridən ibarət silahlanmış xristian ordusu qısa zamanda Urmiya, Salmas və Köhnə şəhərdə 130 mindən artıq yerli müsəlman əhalini son dərəcə acınacaqlı və faciəvi şəkildə qırıb-tökdülər. Həmin kütləvi qırğınlar nəticəsində bu cinayətkarların iyrənc məqsədi az qala gerçəkləşəcəkdi, lakin Osmanlı ordusunun gəlməsindən sonra onların bütün çirkin və iyrənc planları puça çıxdı.

 

(davamı növbəti saylarımızda)

 

fars dilindən tərcümə edəni:
Atilla Maralanlı.

Cümə axşamı, 06 İyul 2017 09:22

ADININ TALEYİNİ YAŞAYAN İNSAN

Mənim ömür yolum...

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.

TEAS-dan AZƏRTAC-a verilən məlumat görə, almaniyalı deputat Katrin Albsteiger bildirib ki, Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür.

Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Almaniya Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların qurbanı olmamalıdır.

AZƏRTAC

İyulun 4-də Füzuli rayonunda törədilmiş hadisəni eşitdim və çox kədərləndim. Həlak olan insanların ruhu qarşısında baş əyirəm, ailələrinə səbir diləyirəm. Günahsız körpənin münaqişənin qurbanı olması yolverilməzdir. Bu cür qanlı hadisələrin baş verməsinin əsas səbəbi münaqişədə status-kvonun hələ də davam etməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından təəssüfləndiyini bildirən senator qeyd edib ki, bəzən bunu dondurulmuş münaqişə adlandırırlar. Amma Füzulidə baş verən qanlı hadisə bir daha göstərdi ki, bu, heç də belə deyil.

Ümid edirik ki, ATƏT-in Minsk qrupu, xüsusilə Fransa münaqişənin sülh yolu ilə həllində qətiyyətli addımlar atacaq. Fransanın yeni prezidenti Emanuel Makrondan bu sahədə gözləntilərimiz böyükdür. Bütün dünya birliyi, o cümlədən Fransa yaxşı bilir ki, bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və qeyri-qanuni olaraq işğal altında saxlanılır. Ermənilər Dağlıq Qarabağa qanunsuz iddialar irəli sürür. Dünənki qanlı hadisə isə ümumiyyətlə, Qarabağda deyil, yaxınlıqdakı Füzuli rayonunda baş verib. Bu hadisə Ermənistanın təcavüzkar siyasətini bir daha göstərdi.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qətnamələri qəbul olunub. Bütün qətnamələr erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Ermənistan BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır.

AZƏRTAC

Azərbaycan tərəfinin, xüsusilə də Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan yenə də hərbi təcavüzlə cavab verir. Aydın görünür ki, Ermənistan tərəfinin təcavüzkar hərəkətləri mülki əhaliyə qarşı yönəlib. Cəbhə bölgəsində körpə qızın qətli bizi çox kədərləndirir.

Bu sözləri fransalı vəkil Olivye Pardo Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən AZƏRTAC-a müsahibəsində deyib.

O.Pardo bildirib ki, iyulun 4-də Alxanlıda baş verən qanlı hadisə ona Xocalı faciəsini xatırladıb. Faciədən 25 ildən artıq vaxt keçsə də, dünən baş verən hadisə göstərir ki, Ermənistan tərəfi uşaqları qətlə yetirmək ənənəsini davam etdirir. Artıq bütün dünya bu cinayətləri görməlidir.

“Mən bu hadisədən sonra Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın da münaqişənin həllində daha fəal iştirak edəcəyini gözləyirəm. Biz təcavüzkarla təcavüzə məruz qalanı aydın göstərməliyik. Qurbanların ailə üzvlərinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə O.Pardo əlavə edib. 

AZƏRTAC

Öncə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP icra katibliyinin məsləhətçisi Məcid Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək parlaq xatirəsini ehtiramla yad etdilər.

Konfrans rayon mədəniyyət mərkəzində davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və ötən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun hesabat məruzəsi dinlənildi. Bildirdi ki, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən müstəqil daxili və xarici siyasət, uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə yüksək nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunmuş, iqtisadi və sosial proqramlar, irimiqyaslı layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının  icrası, əhalinin rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı yerli icra orqanları ilə əlaqəli işləmiş və bir  sıra uğurlara nail olmuşdur.

Ucqar dağ rayonu olan Lerikdə əhalinin sosial rifah halı xeyli yaxşılaşmışdır. Rayon mərkəzində, kəndlərdə abadlıq, quruculuq işləri genişlənmişdir. Lerik şəhərinin küçə və parklarına asfalt döşənmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur.

Son illər rayonda 49 yeni məktəb binası, 4 uşaq bağçası və Heydər Əliyev Fondunun maliyyə dəstəyilə 100 yerlik uşaq bağçası tikilmiş, 6 məktəb əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 6 kənddə yeni məktəb binası tikilir. Təzə məktəblərin yeni dərs ili ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub.

Ölkə Prezidentinin əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək qayğı sayəsində rayonun 50-yə yaxın yaşayış məntəqəsi qazlaşdırılmışdır. Əvilə, Durğan və Murya kəndlərinə təbii qazın verilməsi üçün son tamamlama işləri aparılır.

Ölkə rəhbərinin rayonun yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi sərəncamlar yolların tikintisinə, əhalinin daha sıx yaşadığı ərazilərə yeni yolların çəkilməsinə zəmin yaratmışdır. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən 27 kilometrlik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilmiş,  36 kilometrlik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 18 kilometrlik hissəsi asfaltlaşdırılmışdır. Noda-Şingədulan-Xanagah yolunun tikintisinin davam etdirilməsi məqsədilə cənab Prezidentin sərəncamı ilə ayrılmış 6,6 milyon manat vəsait hesabına yolda tikinti işləri sürətlə aparılır.

Gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili istiqamətində Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən məqsədyönlü iş aparılmış, Heydər Əliyev mərkəzində silsilə tədbirlər keçirilmişdir.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin sayı 471 nəfər artaraq 3940 nəfərə, ilk təşkilatların sayı 53-dən 59-a çatmışdır.  Qadınların sayı 202 nəfər artaraq 678, gənclərin sayı isə 197 nəfər artaraq 1800 nəfər olmuşdur. Partiya üzvlərinin 45,6 faizini gənclər təşkil edir.

Konfransda YAP Lerik rayon təşkilatının təftiş komissiyasının sədri Vəligulla Alışov, qadınlar şurasının sədri Arzu Vəliməmmədova və gənclər birliyinin sədri Zamiq Əhədovun hesabatları dinlənildi.

Məruzə ətrafında Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru, respublikanın Əməkdar müəllimi Gültəkin Şıxəliyeva, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək görülmüş işləri, YAP rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Milli Məclisin deputatı İqbal Məmmədov və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Lerik rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərində YAP üzvlərinin işgüzarlığından, fəallığından danışdılar, YAP  rayon təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 25 il öncə Azərbaycan xalqının ümummilli lideri, əbədiyaşar Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol və misilsiz fəaliyyəti haqqında ətraflı danışdı. Ulu öndərin siyasi kursunun cənab Prezident tərəfindən layiqincə davam etdirildiyini, YAP Lerik rayon təşkilatının rayonun sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynadığını bildirdi.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının idarə heyətinin yeni tərkibi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndi.

Konfransda təşkilati məsələyə baxıldı. Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev yekdilliklə YAP Lerik rayon təşkilatının sədri  seçildi.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilən yeni qəsəbəyə ilk mərhələdə 6 ailə köçürülüb.
AZƏRTAC xəbər verir ki, Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə iyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi yola salınıb.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev jurnalistlərə müsahibəsində qeyd etdi ki, Cocuq Mərcanlı hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə işğaldan azad olunmuşdu. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı.
“Bu gündən Cocuq Mərcanlıya qayıdışa start verilir. Ümumilikdə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Bildiyiniz kimi, Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılmalıdır”, - deyə Arif Fərzəliyev bildirdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlı kəndində əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.
Kiçik yaşlarında Cocuq Mərcanlıdan valideynləri ilə birlikdə məcburi köçkün düşən, bu gün isə doğma kəndə qayıdan Şahin Hüseynov sevinc hisslərini bizimlə bölüşərək dedi: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz ötən ilin aprelində torpaqlarımızın bir hissəsini düşməndən azad etdi və bizim doğma ata-baba torpaqlarımıza qayıtmaq imkanımız yarandı. Mən Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə, orada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirmək istəyirəm. Biz 1993-cü ildən Biləcəri qəsəbəsində məskunlaşmışıq. Ailəmiz 5 nəfərdir. Cocuq Mərcanlıda artıq bizim 3 otaqlı evimiz var. Kəndimizdə əkin-biçinlə, heyvandarlıqla məşğul olub, öz təsərrüfatımı yaratmaq istəyirəm. Gün o gün olsun ki, işğal altındakı digər ərazilərimiz də azad olunsun, məcburi köçkünlərin hamısı öz torpaqlarına qayıtsın”.
Yükləri maşına yığmaqda valideynlərinə kömək edən Nurlan və Hüseyn qardaşlarının sevinci də üzlərindən oxunurdu. Böyük qardaş Nurlan bildirdi ki, doğma kəndlərinə həvəslə gedir: “Bilirəm ki, kəndimizə başqa uşaqlar da köçəcək, yeni dostlarım olacaq. Onlarla birgə məktəbə gedəcəyəm, futbol oynayacağam. Böyüyəndə isə əsgər olub, torpaqlarımızı qorumaq istəyirəm”. Nurlan bəlkə də bütün məcburi köçkün uşaqların arzusunu dilə gətirdi. Onun valideynləri düşmənin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşüb, özü isə Bakıda anadan olub, indiyədək doğma kəndini görməyib.
Yük maşınının gənc sürücüsü Anar Salmanov məcburi köçkündür. O da Hüseynovlar ailəsinin sevincinə şərik çıxaraq, doğma yurdu Laçına qayıdacağı günün həsrəti ilə yaşayır: “Qarabağa qayıdışın başlanğıcı olan ilk məcburi köçkün karvanının sürücüsü olmağım bəlkə də bir təsadüfdür. Bu qayıdışda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Bu ailələrin sevinci hamımızın sevincidir. İnanıram ki, tezliklə biz də doğma Laçınımıza qayıdacağıq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış yük avtomobilləri artıq yola çıxmağa hazır idi. Hüseynovlar ailəsi qonum-qonşu ilə sağollaşdıqdan sonra avtomobillərə əyləşərək, Cocuq Mərcanlıya doğru yola çıxdılar.
Həmin gün axşam saatlarında Cocuq Mərcanlı ilk sakinlərini qoynuna aldı. Onların arasında ömrünün yarısını Cocuq Mərcanlıda, yarısını isə məcburi köçkün kimi Biləcəridə keçirən Yaqut Məmmədova da vardı. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “24 ildir doğma kənddən ayrı düşmüşük. Bu illərdə çox çətinliklər gördük. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha, bu həsrətə son qoyuldu. Kəndimin havasını udub, suyunu içdim. Bizə bu sevinci yaşatdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”.
Kəndin digər sakini Billurə Məmmədova isə ürək sözlərini belə ifadə edib: “Çox sevinirəm ki, öz doğma torpağımıza, öz evimizə qayıtmışıq. Bizim üçün gözəl şərait yaradılıb. Bundan sonra kəndimizdə yaşayacağıq. Əkib-becərəcək, toyuq-cücə, mal-qara saxlayacağıq”.
Xırdalan şəhərində köçkünlük həyatı yaşamış Abdulla Ataşov qəlbinin hər an doğma kəndi ilə döyündüyünü deyib: “Bura doğulduğum torpaqdır. Burada böyüyüb boya-başa çatmışam. Doğma yurdun həsrətini çox çəkirdim. Tez-tez bu yerlərə gəlir, kənardan kəndimizə baxırdım. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ailəmlə birlikdə doğma yurdda, öz evimizdəyəm. Həm də ona görə sevinirəm ki, övladlarım ata yurdumuzda böyüyəcək”.

 

 

AZƏRTAC

10 -dən səhifə 1261