XƏBƏR LENTİ

İtaliyanın “Agenparl” Xəbər Agentliyi Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin müsahibəsini dərc edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfir M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyi, habelə gələn il İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərimizlə bağlı sualları cavablandırıb.
Bəşəriyyətin müasir tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımının baş verməsindən 25 il ötdüyünü deyən M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. “Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi. Bu faciədən sağ çıxmış azsaylı şahidlərin xatirələrini oxuduqda onların məruz qaldıqları vəhşiliklərin və işgəncələrin qarşısında söz tapmaq olmur. İkincisi ona görə ağrılıdır ki, Xocalı soyqırımı ayrılıqda baş vermiş bir hadisə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən ağrılı anıdır və bu təcavüz indiyə qədər də davam edir”, - deyə diplomat vurğulayıb.
Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, rəsmi Yerevanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmaqdan məhrum olduğunu deyən M.Əhmədzadə Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini və beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi və siyasi qiymət verilərək pislənilməli olduğunu, əks halda, cəzasız qalan cinayətlərin yeni cinayətlərə yol açacağını bildirib. Beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyi Ermənistanın Xocalı soyqırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmlidir. Bunun üçün hər şeydən öncə, Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir. Diplomat bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada 20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini bildirib.
Səfir M.Əhmədzadə ölkəmizin hərbi təcavüzün qurbanı olduğunu, beynəlxalq hüququn tam şəkildə Azərbaycanı dəstəklədiyini, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ölkəmizin mövqeyi ilə üst-üstə düşdüyünü, lakin onların heç birinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib. Ermənistan ordusunun Azərbaycanın işğal altında olan ərazilərində qalmasının münaqişənin nizamlanmasına ən böyük maneə və regionda sülhə təhdid olduğunu deyən diplomat əlavə edib: “Hazırkı status-kvo dəyişməli, Ermənistan ordusu işğal etdiyi bütün ərazilərdən çıxmalı, ölkəmin ərazi bütövlüyü bərpa olunmalı, bütün azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağdan qovulmuşlar öz evlərinə qayıtmalıdırlar. Yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa erməni və azərbaycanlı icmalarının sülh içində birgə yaşayışını təmin edəcək mümkün ən yüksək muxtariyyət statusu nəzərdən keçirilə bilər. Bu, münaqişənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə həlli yoludur”.
Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz ərazi bütövlüyünü bərpa etmək hüququna hər zaman malik olsa da, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna görə də ölkəmizin uzun illərdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiq qaldığını, lakin Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu danışıqların nəticə vermədiyini bildirən səfir deyib: “Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcək. Ermənistan anlamalıdır ki, vaxt onun xeyrinə işləmir və hər gün imkanlar itirməkdədir. Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi regionda sülhü təmin edəcək, habelə bu ölkənin qarşılaşdığı ağır iqtisadi və sosial problemlərin həllinə yardım göstərəcək”.
Azərbaycan diplomatı İtaliyanın Minsk qrupunun ilk sədri olduğunu və o vaxtlar Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması planını da təqdim etdiyini deyən səfir M.Əhmədzadə uzun illər keçsə də vəziyyətin dəyişməməsinin və Ermənistan silahlı qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qalmasının təəssüf doğurduğunu vurğulayıb. “İtaliyanın rəhbər şəxsləri dəfələrlə bəyan ediblər ki, ATƏT-in növbəti sədri kimi İtaliya münaqişənin həllinin tapılması istiqamətində öz səylərini əsirgəməyəcək. Bunları nəzərə alaraq, İtaliyanın sədrliyinin münaqişənin həllinə töhfə verəcəyini gözləyirik və münaqişənin həlli status-kvonun dəyişməsindən keçir ki, bunun üçün də ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”, - deyə diplomat əlavə edib.

AZƏRTAC

 

 

 

“Komsomolskaya pravda” qəzetində “İddia müddəti yoxdur: Xocalı faciəsinin 25 illiyi” sərlövhəli məqalə dərc edilib.   

Məqalədə deyilir: Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Tarixdə hər xalqın elə faciəsi var ki, onu unutmaq olmaz. Qətiyyən. Sadəcə ona görə ki, başqa cür ola bilməz. Gernika, Xatın, Liditse, Babiy Yar...

Azərbaycanın Xocalı şəhəri də onlarla bir sırada dayanır. Orada baş verən dramatik hadisələr Cənubi Qafqazın ən böyük dövlətinin tarixinə qanlı hərflərlə yazılıb.

Dağlıq Qarabağda münaqişə həllini tapmamış problemdir. Bu fəlakətdir ki, münaqişə uzanıb və bu gün də Qafqaz regionunun sağalmamış yarasıdır. Bu, bir vaxtlar SSRİ-nin iki qardaş respublikasını qan düşməninə çevirən fəlakətdir. Dağlıq Qarabağ münaqişəsi əsrin artıq dörddəbiri qədər uzanan danışıqlar mərhələsindədir. O, postsovet məkanında “dondurulmuş” münaqişələrdən biri kimi nəzərdən keçirilir. Lakin indiyədək iki ölkənin cəbhə xəttindəki vəziyyət qəfil püskürməyə hazır olan vulkan kraterini xatırladır.

İyirmi beş il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qonşu Ermənistan dövlətinin silahlı birləşmələri Azərbaycanın qədim Xocalı şəhərinə hücum ediblər.

Qiymət verməyəcəyik, lakin fakt faktlığında qalır: millətçilərin əlində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb. Habelə 487 nəfər şikəst edilib, 1275 dinc sakin əsir götürülüb, 155 adamın taleyi hələ də məlum deyil. Hücum nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib...

Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Onların fikrincə, beynəlxalq birlik bu faciəvi hadisəyə hüquqi qiymət verməlidir.

Məqalədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun sözləri sitat gətirilib: “Dövlətimiz millətçilər tərəfindən xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib”.

Baş konsul qeyd edib ki, 1992-ci ildə Azərbaycan rəhbərliyi hadisəyə obyektiv qiymət verilməsi, onun maksimum açıqlanması üçün heç nə etməyib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymət verilib. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

“Hər il respublikamızda və dünyanın müxtəlif ölkələrində dəhşətli faciənin ildönümü ürəkağrısı ilə qeyd edilir. Faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir”, - deyə S.Qasımov bildirib.

Məqalədə daha sonra vurğulanır ki, İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisində Holokost (yəhudilərin soyqırımı) qurbanlarına  həsr olunmuş mərasimdə çıxışı zamanı Xocalı faciəsini dünyada soyqırımlar və kütləvi qırğınlarla bir sırada qeyd edib: “Biz özümüzdən soruşmalıyıq: soyqırımlarına qarşı mübarizə üçün bugünkü assambleya kifayətdirmi? Bu mübarizə Bosniyada soyqırımının qarşısını almaq üçün kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda insanların həlak olmasının qarşısını almaq üçün effektiv oldumu?.. Biz həddən artıq çox göz yaşı axıdır, lakin az işləyirik”.

Məqalədə deyilir ki, Xocalı faciəsinin soyqırımı faktı olması bir çox ölkələrin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələr, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıblar.

AZƏRTAC

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisinin açılış mərasimi olub.

İstanbuldakı Türkiyə Onurğa İlik İfliclilər Dərnəyində keçirilən sərginin açılışında fiziki qüsurlu insanlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra soyqırımın dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Çıxışında Xocalı soyqırımının səbəb və məqsədlərindən danışan baş konsul Məsim Hacıyev erməni vandallar tərəfindən törədilən bu bəşəri cinayətin dünya ictimaiyyətinə tanıdılması üçün görülən işlərdən danışıb. Bu cinayətin soyqırımı aktı kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə tanındığını diqqətə çatdıran diplomat qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində dünyanın bir sıra ölkələri, o cümlədən ABŞ-ın bir sıra ştatları tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası sayəsində dünya ictimaiyyətinə geniş məlumatlar çatdırılır.

Digər çıxışlarda da Xocalı soyqırımının bəşər tarixinin ən amansız cinayətlərindən biri olduğu vurğulanıb.

Sərgi fevralın 20-dək davam edəcək.

AZƏRTAC

 

 

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda İƏT-in baş katibi Yusif Əl Osaymin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş vəhşilik nəticəsində həlak olanların xatirəsini ehtiramla anıb.

Bəyanatda Xocalı faciəsinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin nəticəsi olduğu bildirilir, İƏT Xarici İşlər Nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı vurğulanır.

Sonda baş katib İƏT-in Azərbaycan Respub

likasının ərazilərinin işğal altında olmasına son qoymaq və ərazi bütövlüyünü bərpa etmək istiqamətində təşəbbüslərini və səylərini tam dəstəklədiyini bir daha bəyan edir.

AZƏRTAC

 

 

 

Şənbə, 18 Fevral 2017 16:41

QARABAĞDA DAĞIDILAN MEMARLIQ İRSİMİZ

Bu gün respublikanın ictimai-siyasi həyatını, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran saysız-hesabsız məqalələr, Qarabağın qara taleyinə həsr olunmuş tarixi əsərlər nəşr olunmuşdur. Təbii ki, 200 ildən çox müddətdə Azərbaycan torpaqlarını uydurma tarixlə özününküləşdirməyə çalışırlar. Bu barədə xalqımızın, həm də dünya xalqları alimlərinin, tarixçilərinin dedikləri və yazdıqları onların dezinformasiyalarının qarşısında çox-çox azlıq təşkil edir. Buna baxmayaraq, son 20 ildə Respublika Prezidenti tərəfindən erməni yalanlarının tarixi faktlarla həm şifahi, həm də yazılı formada aşkar edilməsində böyük işlər görülmüşdür. Danılmaz faktdır ki, 1988-ci ilə qədər Azərbaycanda, xüsusən də Qarabağda ermənilərə “gözün üstə qaşın var” deyən olmamışdır. 1828-ci ildən rus havadarlarının təşəbbüsü ilə Azərbaycanın cənnət məkanına - Qarabağa köçürülən ermənilər orada sərbəst, heç bir təzyiqə məruz qalmadan yaşayıblar. Əksinə aborigen azərbaycanlıları sıxışdırıb zorla öz dədə-baba torpaqlarından çıxarmağa çalışıblar. 

Bütün bu haqsızlıqları görən və nəzərə alan Azərbaycan Memarlar İttifaqında “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda İdarə Heyətinin plenumu olmuşdur. “Four seasons” otelinin “Şur” zalında keçirilən plenumda qonaqlar əvvəlcə Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyətini əks etdirən sərgi ilə tanış olublar. İştirakçıları salamlayan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məruzə ilə çıxış etmişdir.
Sonra plenumun mövzusu ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, “Qarabağda dağıdılan memarlıq irsimiz” mövzusunda məruzə etmişdir.
“Qarabağın işğal olunmuş ərazilərindəki tarix və memarlıq abidələrinə qarşı erməni vandalizmi” mövzusunda Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, “Gəncəsər və Xudavənd-Alban memarlığının inciləri” mövzusunda AzMİU - memarlıq konstruksiyaları və abidələri bərpası kafedrasının müdiri, Azərbaycan Memarlıq İttifaqı İdarə Heyətinin üzvü, professor əvəzi Səbinə Hacıyeva, “Mədəni irsin qorunması üzrə beynəlxalq təşkilatlar silahlı konfliktlərdə” mövzusunda Beynəlxalq Muzeylər Şurasının Gürcüstan Milli Komitəsinin nümayəndəsi Lana Karainin, “Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyası” mövzusunda AzMİU-nun memarlıq fakültəsinin dekanı, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, dosent Zahidə Məmmədovanın məruzəsi dinlənilmişdir.
Çıxışlardan sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin plenumunun qətnaməsi və plenum iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti oxunmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın məruzəsinin vacibliyini nəzərə alıb oxuculara təqdim edirik.

Kamal İBADOV,
“Respublika”.

 

Azərbaycanın regionlarından biri olan Qarabağ çox qədim zamanlardan sivilizasiya və mədəniyyətin ocağı olmuşdur. Xocavənd rayonunun ərazisində yerləşən Azıx mağarasının qədim insanların yaşayış məskəni olması hələ milyon il bundan əvvəl Azərbaycanda bəşəriyyətin ilkin inkişaf prosesinin getdiyini sübut edir. Çoxtəbəqəli Azıx mağarasında bəşəriyyətin müxtəlif inkişaf mərhələlərinə aid 11 mədəni qat aşkar edilmişdir. Bu qədim məskənin ən dəyərli arxeoloji tapıntısı 350 min il bundan əvvəl yaşamış ibtidai insan - azıxantropun kəllə sümüyüdür. Mağarada, eləcə də insanın inşaat fəaliyyətinin daha erkən dövrünə aid olan arxaik yaşayış yerinin qalıqları tapılmışdır. Qarabağda yerləşən Tağlar, Damcılı, Zər, Şıxlar mağaraları və başqaları da daş dövrünün dərin qatlarına aid olan insan fəaliyyətinin izlərini özlərində qorumuşlar.
Eneolit dövründə Qarabağ insanların daha sıx məskunlaşdığı region idi. Arxeoloji qazıntılar nəticəsində orada çoxlu sayda qədim məskənlər aşkar edilmişdir ki, bunlardan da daha önəmlisi Qaraköpəktəpə, Xantəpə, Kültəpə, Şəhərcik və başqalarıdır. Bu məskənlərin tikinti materialı yastı, qabarıq çiy kərpic idi, yaşayış evlərinin planı dairəvi və ya oval, az hallarda isə düzbucaqlı formada olurdu.
Erkən tunc dövrünə aid Qaraköpəktəpə məskəni şaquli silindrik divarlı tikililərdən ibarət idi. Hər bir tikilinin təxminən mərkəzində ağac dirək olurdu ki, bu dirəklərə yamaclı dam örtüyü söykənirdi. Qarabağ əhalisi artıq o zamanlardan qədim yaşayış evlərində günbəzə oxşar və tir-dayaq örtük sisteminin arxaik prototiplərindən istifadə edirdi. E.ə. I minilliyin sonunda, bütün Azərbaycanda olduğu kimi, Qarabağda da qədim şərq mədəniyyəti üçün xarakterik olan arxaik memarlıq formalarından ellin mədəniyyətinin təsiri altında yeni, daha proqressiv formalara keçilir. Ağdam rayonundakı Seyidli və Göytəpə məskənləri, Şərqala məskəni (e.ə. I - e. I əsri) və başqaları antik dövrə aid edilir.
Qarabağda tikinti mədəniyyəti tarixinin Alban mərhələsi barədə həm dövrümüzə çatmış abidələr və onların qalıqları, həm də tarixi mənbələr məlumat verir.
Qafqaz Albaniyası dövləti təxminən e.ə. IV əsrdə yaranmışdır. Eramızın I əsrindən etibarən Albaniyada Ərşakilər nəsli hökmranlıq edirdi. Bu dövrdən bəhs edərkən Albaniyanın cənub sərhədinin Araz çayı boyunca olduğunu, yəni bütün Kür və Araz çaylararası ərazilərin Alban dövlətinin tərkibinə daxil olmasını həm alban, həm də erməni tarixi mənbələri sübut edir. Məhz burada Qarabağın tarixi torpaqları - Ottena, Savdey, Orxisten və qismən Araksena yerləşirdi (2, s.20).
Məlum olduğu kimi, Qafqaz Albaniyası ərazisində müxtəlif dillərdə danışan bir çox tayfalar məskunlaşmışdır. Alban dilinin yazısı mövcud idi və daha geniş yayılmışdı. Alban əlifbası bizə məlumdur. Belə ki, Mingəçevirdə aparılan qazıntılar zamanı alban yazısı fraqmentləri ilə keramika tapılmışdır. Keçən əsrin sonunda Gürcüstan Elmlər Akademiyasın ekspedisiyası Sinayda Müqəddəs Yekaterina monastırında xeyli sayda alban palimpsesti aşkar etmişdir. Təəssüf ki, alban dilində ədəbiyyat qorunub saxlanılmamışdır. Mənbələr xəbər verir ki, bütün alban ədəbiyyatı qədim zamanlardan alban kilsəsi ilə birincilik və hökmranlıq uğrunda mübarizə aparan erməni ruhaniləri tərəfindən məhv edilmişdir (4, s.97).
Əvvəlki mərhələlərdə olduğu kimi, erkən və inkişaf etmiş orta əsrlərdə də Qarabağ Azərbaycanın tərkibinə daxil idi. IV əsrdən VIII əsrə qədər o Qafqaz Albaniyasının tərkibində, sonrakı əsrlərdə Sacilər, Salarilər, Şəddadilər, Atabəylər və başqa dövlətlərin tərkibinə daxil olmuşdu (2, s.40). Qarabağ ərazisi tarixi mənbələrdə müxtəlif şəkildə adlandırılırdı - Arsak, Oxristen, Xaçın. Qafqaz Albaniyası dövləti Ərşakilər sülaləsinin, daha sonra isə Mehranilərin hökmranlıq etdiyi erkən feodal dövləti idi. IV əsrdə dövlət dini olaraq xristianlığı qəbul edən Alban hökmdarları bütün qüvvələri ilə onu möhkəmləndirirdilər. Müstəqil Alban apostol kilsəsi dövlətçiliyin qorunmasında, Fars və Bizansın assimilyasiya siyasəti mübarizədə böyük rol oynayırdı.
Alban tarixçisi Moisey Kalankatlının məlumatına görə, alban çarları dini tikintiyə xüsusi diqqət yetirirdilər. Yalnız III Vaçaqan öz ölkəsində ilin günlərinin sayı qədər kilsə tikdirmişdi. Tarixi mənbə Mehranilər sülaləsindən olan Cavanşirin də tikinti fəaliyyətini xüsusi qeyd edir. 551-ci ildə Albaniyanın paytaxtı Qəbələ şəhərindən Qarabağa, Bərdəyə köçürüldü. Bu hadisə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzinin Kür çayının sol sahilindən sağ sahilinə keçməsinə səbəb oldu.
Qarabağda və onu əhatə edən ərazilərdə ilkin orta əsrlərdə tikilmiş memarlıq abidələrinin içində üçnefli bazilikalar daha çox diqqətəlayiqdir. Onlardan biri qədimdən dini mərkəz kimi tanınan Amarasda yerləşir. Burada hələ IV əsrin 30-cu illərində alban patriarxı Qriqorisin şərəfinə ilk kilsə tikilmişdir. Üçnefli bazilika şəklində tikilən kilsə dəfələrlə dağıdılmasına və yenidən qurulmasına baxmayaraq, öz ilkin plan həllini saxlamışdır.
Laçın rayonunda Ağoğlan çayı sahilində yerləşən, dörd cüt dirəkləri və nalşəkilli tağları olan üçnefli bazilika böyük tarixi-memarlıq dəyərinə malikdir. Bu, Qafqazda geniş yayılmış bazilikaların ən qədim nümunələrindən biridir. VI əsrə aid edilən möhtəşəm abidə özünün iri monolit kütləsi ilə ətraf dağ landşaftına çox gözəl uyğunlaşır.
Xudavəng (Kəlbəcər rayonu), müqəddəs Yelisey (Ağdərə rayonu), Ürəkvəng (Tərtər rayonu) monastır komplekslərinin (vənglərin) ilk məbədləri V-VII əsrlərdə tikilmişdir. Bunlar əsasən birnefli bazilikalar və kiçik, tağbənd örtüklü məbədlər idi. Beləliklə, ilkin orta əsrlərdə Qarabağ ərazisində daha çox birnefli və üçnefli bazilikalar inşa olunurdu. Mehrənsə kəndinin ərazisində yerləşən dörd apsidalı dairəvi məbəd isə alban dini memarlığında mərkəzi günbəzli kompozisiyaların da tətbiq edildiyini göstərir.
704-cü ildə Qafqaz Albaniyası bütövlükdə xilafət ordusu tərəfindən istila edildi və ölkədə islamlaşma prosesi başladı. Ərəblər xristian dini tərəfdarlarına səbirlə yanaşırdılar, ona görə də Qafqaz Albaniyası əhalisinin bir hissəsi, xüsusilə də Qarabağın dağlıq və dağətəyi ərazilərində yaşayan alban əhalisi öz dinini saxladı. IX əsrdə ərəb xilafətinin qüdrətinin zəifləməsi yerli Alban knyazlarının güclənməsinə səbəb oldu və onlar vassal knyaz statusu alaraq öz kiçik ərazilərində hökmranlıq etmək imkanı qazandılar.
Ərəb istilası Qafqaz Albaniyasının taleyində və onun memarlığının inkişafında dönüş yaratdı. Dövlətçiliyin itirilməsi, xristian dininin rəsmi dövlət ideologiyası statusunu itirməsi, islam dininin yayılması və xristianların sayının kəskin azalması, alban əhalisinin çox hissəsinin tədricən deetnizasiyası tikinti fəaliyyəti və memarlıqda da öz əksini tapdı. Aran şəhərlərində müsəlman və xristianların sülh şəraitində, yanaşı yaşamaları barədə, demək olar ki, bütün ərəb tarixçiləri yazır. Bu dövrdə hətta çoxlu sayda daha qədim məzhəblərin qalıqlarının qorunub saxlanılması alban - Azərbaycan memarlığının özünəməxsus kompozisiya və dekor xüsusiyyətlərinin formalaşmasına səbəb oldu.
Azərbaycan ərazisində Ərəb hökmranlığı və ondan sonrakı dövrə (VIII-X əsrlər) aid az sayda memarlıq abidələri qalmışdır. Lakin ərəbdilli tarixçilər tərəfindən bizə gəlib çatmış məlumatlar o dövrün tikinti fəaliyyəti və şəhərsalması haqqında müəyyən təsəvvürlər yaradır. Feodal Şərqin başqa ölkələri kimi, Azərbaycanda da karvan yollarının üstündə yerləşən şəhərlər daha sürətlə inkişaf edirdilər. Onların içində Bərdə öz zənginliyi və gözəlliyi ilə seçilirdi. Ərəb müəllifləri, o dövrdə Qafqazın ən iri şəhəri olan Bərdənin məşhur hamam və qapalı bazarları, şəhər su kəmərləri və kəhrizləri haqqında məlumat verirlər. “Albanların tarixi” Bərdə şəhərində xristian baş kilsəsinin yanında məscidin yerləşdiyi haqqında müxtəlif mülki qurğuların - karvansaralar, hamamlar, körpülərin tikilməsi barədə məlumat verir. Təəssüf ki, Bərdənin və Qarabağın digər düzənlik şəhərlərində və kəndlərində tikilən erkən məscidlər dövrümüzə çatmamışdır. Onların siması haqqında tarixi mənbələr çox az sayda və natamam şəkildə məlumat verir.
XII-XIII əsrlərdə bütün Ön Asiyada olduğu kimi, Azərbaycanda da şəhər mədəniyyətinin çiçəklənməsi müşahidə olunur. Şərqin renessansı adını almış o dövrün memarlığı müxtəlif tipli abidələrlə dövrümüzə çatmışdır. Müdafiə qurğuları həm kiçik möhkəmləndirilmiş qalalar, həm də şəhərlərin ətrafında mürəkkəb istehkam qurğuları şəklində tikilirdi. Dini binalar - məscidlərlə yanaşı, karvan yollarından çox da uzaq olmayan, müqəddəs yerlərin yaxınlığında yerləşən xanəgah - müsəlman qonaq evləri geniş yayılmışdı. Dövlət və din xadimlərinin məzarları üzərində orta əsr memarlıq abidələrinin böyük qrupunu təşkil edən çoxsaylı türbələr tikilirdi. Bu dövrdə alban xristian mədəniyyəti də yüksələrək yeni çiçəklənmə dövrünü yaşayır və Azərbaycanın memarlıq xəzinəsinə daxil olan çoxlu sayda memarlıq abidələri yaranır.
Qarabağın alban knyazları sarayların, müdafiə və dini qurğuların tikintisi ilə yanaşı, monastırların (vənglərin) tikilməsinə çoxlu vəsait sərf edirdilər. Vənglərdə dini, ictimai və memorial funksiyalı binalar ucaldılırdı. Bu komplekslər ayrı-ayrı vilayətlərin mədəni və ictimai həyatının mərkəzi idi. Burada alimlər, tarixçilər toplanır, əlyazmalar tərcümə olunur və saxlanılır, əlamətdar hadisələr qeyd edilirdi.
Tikintisi 1216-cı ildə alban knyazı Həsən Cəlal və onun anası Hurişah tərəfindən başlanan və 1238-ci ildə başa çatdırılan Gəncəsər monastırı böyük tarixi və memarlıq əhəmiyyətinə malikdir. Monastır əsrlər boyu (1836-cı ildə alban katolikasatı ləğv olaraq Eçmiədzinə birləşdirilənə qədər) alban katolikasatının mərkəzi olmuşdur. Monastırın baş kilsəsi künclərində dörd sövməəsi olan xaçvarı-günbəzli tikilidir. Kilsənin fasadı arkatura ilə tərtib olunub, günbəzin barabanı isə xüsusilə zəngin işlənmiş, heykəltəraşlıq formaları və oyma daş naxışlar ilə əsl incəsənət əsəri idi.
Xudavəng - Azərbaycanda ən iri monastır kompleksidir. O, Kəlbəcər rayonunun Vəngli kəndində yerləşir. Monastırın adı - “Xuda” - Allah və “Vəng” sözlərindən ibarətdir. “Xudavəng” - Allahın evi mənasını daşıyır. Rəvayətə görə, monastırın yerləşdiyi yer çox qədimdən müqəddəs yer sayılıb. Kompleksin bizə gəlib çatan ən qədim qurğularından biri olan iri birnefli bazilika VI əsrdə tikilmişdir. XIII əsrdə yuxarı Xaçın alban knyazları böyük Həsən, Bəhram (Vaxtanq) və Arzu xatının vəsaiti ilə monastır yenidən qurulmuş və kompleksə yeni binalar əlavə edilmişdi. Alban monastır komplekslərinin içində ən böyük olan Xudavəngin Arzu-xatın tərəfindən tikilmiş baş kilsəsi ən məşhur alban memarlıq abidələrinin sırasına daxildir. O, formaların, nisbətlərin kamilliyi və tərtibatın klassik nəfisliyi, lakonikliyi ilə diqqəti cəlb edir. Kilsənin pritvorunda Yuxarı Xaçın knyaz nəslinin nümayəndələri və alban din xadimləri dəfn edilmişlər.
Erkən orta əsrlərdə Ners-Mihran adı ilə tanınan müqəddəs Yelisey vəngi Murovdağın qollarından birində yerləşir. Monastır haqqında — onun qədimliyi və alban kilsəsi tarixində əhəmiyyətli rolunu göstərən bir çox məlumatlar var. Moisey Kalankatlının “Albanların tarixi” əsərindəki məlumata görə, bu monastır artıq V əsrdə, çar Mömin Vaçaqanın hökmdarlığı dövründə mövcud idi və onun nəslinə məxsus olan torpaqlarda yerləşirdi. Məhz buna görə ölümündən sonra Albaniyada ilin günlərinin sayı qədər kilsə tikdirən Vaçaqan bu vəngin kiçik bir sövməəsində dəfn edilmişdir.
Xatirəvəng monastırı — Xudavəng monastırından cənub-şərqdə, Tərtər çayından 2 kilometrlik məsafədə yerləşən memarlıq kompleksidir. O, daha bir alban knyaz nəslinin məqbərəsi kimi tikilmişdir. Kompleks XIII əsrdə formalaşmışdır. O, məbəddən, zəng qülləsindən, yaşayış yerləşgələrindən, taxıl anbarından, kiçik kilsədən və hasardan ibarətdir. Bu unikal qurğunun Qafqaz xristian memarlığında analoqu yoxdur.
Kütəvəng monastırı Quruçayın yüksək sahilində yerləşmişdir. “Albanların tarixi” əsərində Kütəvəng monastırının nümayəndələrinin alban kilsəsinin başqa xadimləri ilə birlikdə Bərdə kilsə yığıncağında iştirakı bildirilir (5, s.243). Epiqrafikaya görə, monastırın baş kilsəsi 1241-48-ci illərdə daha qədim kilsənin bünövrəsi üzərində günbəzli zal şəklində tikilmişdir. Məbədə şimal tərəfdən planda düzbucaqlı apsidası olan ikinci tağbənd örtüklü kilsə birləşir.
Qarabağ ərazisində monastır komplekslərindən başqa, müasir azərbaycanlıların əcdadları olan Qafqaz albanlarına aid çoxlu sayda yarıdağılmış kilsələr və sövməələr günümüzə qədər gəlib çatmışdır. Tədqiqatlar göstərir ki, alban memarlığı şərq xristian memarlığının ümumi qanunauyğunluqları əsasında inkişaf edirdi. Bununla yanaşı, alban memarlığı və xüsusilə də Qarabağın xristian memarlığı özünəməxsus cizgilərə malik idi. Hər şeydən əvvəl bu binalara maraqlı kolorit bəxş edən inşaat materiallarının rəngarəngliyi, müxtəlif emal dərəcəsinə malik daşların və bişmiş kərpicin çoxvariantlı kombinasiyalarda istifadəsi ilə bağlıdır.
Alban memarlığı dini tikinti tematikasına görə və müəyyən memarlıq tiplərindən daha çox istifadə edilməsi ilə də fərqlənir. Alban xristian memarlığının daha bir fərqli cəhəti — xristian ikonoqrafiyası, islam dekoru və bütpərəstlik simvolikası motivlərinin bir abidənin dekorativ həllində birləşdirilməsindədir (1, s. 140). Beləliklə, Qarabağ ərazisində mövcud olan xristian dininə aid abidələr albanlar tərəfindən tikilmiş, Qafqaz Albaniyasının tarixi ilə sıx bağlı olan, memarlıq cəhətdən özünəməxsusluğu ilə fərqlənən Azərbaycanın tarixi memarlıq irsinin bir tərkib hissəsidir və erməni xalqına heç bir aidiyyəti yoxdur.
Yuxarıda qeyd olunduğu kimi, erkən İslam dövrünə aid dini memarlıq abidələri, demək olar ki, saxlanılmamışdır. Bu, bir çox səbəblərlə, o cümlədən məscidlərin hərbi müdaxilələrə və dağıntılara daha çox məruz qalan düzənlik ərazilərdə yerləşməsi, eləcə də Sovet hakimiyyətinin apardığı antiislam siyasəti və başqa amillərlə izah edilir.
Qarabağda XI-XIV əsrlərə aid İslam memorial memarlığının bir sıra nümunələri mövcuddur. Bərdədəki məqbərə Azərbaycanda olan bu tip abidələrin ən dəyərlilərindən biridir. O 1322-ci ildə Naxçıvandan olan memar Əhməd Əyyub oğlu əl Hafiz tərəfindən tikilmişdir. Bu, Naxçıvan memarlıq məktəbinə aid olan məqbərələrin ən şimalda yerləşənidir. Silindr formalı qülləvarı məqbərənin xarici səthi adi və firuzəyi rəngdə kərpiclə üzlənmişdir, onların birgə uyğunlaşması dəfələrlə təkrarlanan “Allah” sözünü yaradır. Dağılmış dam örtüyü XX əsrin ortalarında uğursuz bərpa edilmişdir.
Laçın rayonu Cicimli kəndindəki Məlik Əjdər məqbərəsi (XII-XIII əsrlər) səkkizbucaqlı məqbərələr qrupuna aiddir. Bu qrupa Babı və Əhmədalılar (Füzuli rayonu) kəndlərindəki məqbərələr, eləcə də Bakıda Şirvanşahlar Sarayı kompleksinə daxil olan Seyid Yəhya Bakuvi məqbərəsi və başqaları daxildir.
Füzuli rayonundakı Babı kəndində olan məqbərə (1272) bir zamanlar, minarəsi indiyə kimi qalan bütöv dini kompleksin tərkibinə daxil olmuşdur. Güman edilir ki, kompleksin tərkibində xatirə məscidi də olub. Məqbərənin səkkizbucaqlı kütləsi sferik günbəzlə örtülübmüş.
Ağdam rayonunun Xaçın Türbəli kəndində İlhanilər dövrünün dəyərli abidəsi olan Hacı Musa oğlu məqbərəsi yerləşir. Epiqrafikaya görə, abidə 1314-cü ildə ustad Şahbənzər tərəfindən ucaldılmışdır. Türbənin piramida formalı çadırla tamamlanan onikibucaqlı korpusu üçpilləli kürsü üzərində dayanmışdır. Məqbərənin fasadındakı zoomorf təsvirlər özünəməxsus işlənmə texnikası və koloritinə görə xüsusi maraq doğurur (9, s. 153).
XV əsrə aid daha iki qüllə tipli məqbərə Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində yerləşir. Hər iki məqbərə çadırvarı örtüklə tamamlanmış səkkizbucaqlı formaya malikdir. Qarabağın XI-XIV əsrlərə aid olan bir çox məqbərələri kimi, bu məqbərələr də daşdan tikilmişlər, tinlərinin tağvarı bəzəyi və giriş boşluğunun dekorativ haşiyəsi ilə seçilirlər.
Füzuli rayon mərkəzinin yaxınlığındakı Veysəlli kəndində XIII əsrin sonu, XIV əsrin əvvəllərinə aid olan Mir Əli məqbərəsinin mükəmməl silindrik həcmi və konik dam örtüyü təmiz yonulmuş daş plitələrlə üzlənmişdir. Cəbrayıl rayonunda tikilmə tarixi, materialı və memarlıq həlli baxımından Mir Əli məqbərəsi ilə oxşar olan daha iki silindrik məqbərə vardır.
Araz çayı üzərində Xudafərin keçidində tikilmiş körpülər orta əsrlər mühəndis tikintisinin miqyası və keyfiyyəti haqqında dolğun məlumat verirlər. Əhəng məhlulu ilə çay daşından hörülmüş on beş aşırımlı birinci körpünün konstruksiyası kərpiclə üzlənmişdir. Körpünün uzunluğu 200 metr, döşəmə yolun eni 4,5 metr, tikilmə vaxtı XII əsrə aiddir. Bu körpüdən bir qədər aralı məsafədə, çayın yuxarı hissəsində XIII əsrdə tikilmiş ikinci on bir aşırımlı körpü yerləşir. Birincidən fərqli olaraq, bu körpü təmiz yonulmuş daş plitələrlə üzlənmişdir. Bu günümüzə qədər bu körpünün yalnız üç orta aşırımı və sahil dayaqları qalmışdır. İkinci körpü birinci körpüdən qısa idi, onun uzunluğu 130 metr, döşəmə yolun eni isə 6 metrdir.
Beləliklə, Qarabağın inkişaf etmiş orta əsrlər dövrünə aid memarlığı bizim günümüzə həm xristian dini abidələri, həm də müsəlman memorial abidələr-məqbərələr və mülki memarlıq abidələri şəklində gəlib çatmışdır. Tarixi mənbələr çoxlu sayda monumental memarlığın olduğunu sübut edir. Buna baxmayaraq, zaman və çoxsaylı müharibələr abidələrin çox hissəsini, xüsusilə də düzənlik ərazilərdə yerləşənləri amansızcasına yer üzündən silmişdi. XVIII əsrin ortalarında Qarabağ xanlığının yaranması Qarabağın memarlıq tarixində yeni səhifə açmışdır.
Qarabağ xanlığı XVIII əsrin ortalarında Azərbaycan torpağında uzunmüddətli İran hökmranlığı ləğv edildikdən sonra yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının ərazisi Kür və Araz çaylarının arasındakı torpaqları tuturdu. Xanlığın Dağlıq hissəsində mənşəcə alban olan xristian feodallarının beş vassal məlikliyi mövcud idi. Pənahəli xanın ilk iqamətgahı 1748-ci ildə onun əmri ilə Kəbirli mahalında tikilmiş Bayat qalası idi. Qısa zaman içində burada xarici divarlar ucaldıldı, bazar, hamam və sənətkarlıq sıraları tikildi. 1751-ci ildə qayalar və yüksək divarlarla əhatə olunan yeni qalanın təməli qoyuldu. Yeni iqamətgah tezliklə Qarabağ xanlığının iqtisadi mərkəzinə çevrildi və Azərbaycanın çox iri ticarət və sənətkarlıq şəhərlərindən biri oldu. Qədım Şuşa şəhərinin xarabalıqları üzərində yeni Şuşa meydana gəldi.
Şuşa qalasının tikintisinə 1753-cü ildə başlanılmışdı. Orta əsrlər Şərqinin şəhərsalma ənənələrinə uyğun olaraq onun dörd darvazası var idi. Baş şimal darvazası Gəncəyə aparan yola açılırdı və Gəncə darvazası adlanırdı. Baş darvazanın yaxınlığındakı təpədə Pənahəli xanın qala-sarayı yerləşirdi. Qala divarlarının arxasında planda dördbucaqlı formada olan qüllələr ucalırdı, son zamanlara qədər onlardan yalnız ikisi - Pənahəli xan və Qara Böyük xanımın qüllələri saxlanılmışdır. Şuşanın yaşayış evləri Qarabağa xas olan xarakterik üslubda ikimərtəbəli, həyətə tərəf dərin eyvanlarla açılan kompozisiyada tikilirdi. But daşından hörgü ilə eyvanların ağac konstruksiyalarının və pəncərələrin rəngli vitraj şüşələrinin uyğunlaşması, interyerin çoxrəngli tərtibatı Şuşanın imarət-evlərinin təkrarolunmaz əlvan simasını yaradırdı. Onlardan bir çoxları - şairə Natəvanın evi, Hacı Quluların malikanəsi, Mehmandarovların, Uğurlu bəyin, Əsəd bəyin evləri, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, xanəndə Bülbülün doğulduğu və böyüdüyü evlər və başqaları Azərbaycanın ən qiymətli tarixi və memarlıq abidələridir. Hər bir məhəllənin özünün meydan şəkilli yerli mərkəzinin ətrafında dini və ictimai binalar — məscid, mədrəsə, hamam, ticarət dükanları, bulaqlar qruplaşırdı. XIX əsrdə Şuşada onlarca məscid var idi, onlardan ən əhəmiyyətlisi —İbrahim xanın qızı Gövhər ağanın vəsaiti ilə tanınmış memar Kərbəlayi Səfi xan Qarabağinin tikdirdiyi məsciddir. Məscidin XIX əsr Azərbaycan məscidlərinə xas üçnefli planı var. Gövhər ağa məscidi şəhərin baş meydanının memarlıq dominantı olaraq böyük şəhərsalma əhəmiyyətinə də malik idi. Onun yaxınlığında daha bir aşağı Gövhər ağa məscidi eyni usta tərəfindən tikilmişdir. Birinci məsciddən fərqli olaraq, burada minarələr binanın cənub fasadında ucaldılmışdır. Saatlı, Mamayı, Təzə və başqa məhəllə məscidləri də üçnefli plan həllinə malik idi. Görkəmli memar Kərbəlayi Səfi xan Qarabağinin yaradıcılığı Şuşa məscidlərinin hamısının memarlıq simasında öz izini qoymuşdur.
Şuşa Qarabağın təkcə inzibati deyil, həm də mədəni və iqtisadi mərkəzi idi. Burada Azərbaycan mədəniyyətinin bir çox görkəmli xadimləri — bəstəkarlar, xanəndələr, musiqiçilər, şairlər doğulmuş və böyümüşlər. 250 il əvvəl Pənahəli xan tərəfindən tikdirilmiş Şuşa Azərbaycanın iri tarixi, mədəni, şəhərsalma və memarlıq abidəsi olub, tarixi-memarlıq qoruğu kimi qorunub saxlanılan açıq səma altında muzey idi.
XVIII-XIX əsrlərdən Qarabağda çoxsaylı müdafiə, mülkü və dini qurğular miras qalmışdır. Bunlardan 1787-ci ildə İbrahim xan tərəfindən Qarqar çayı üzərində tikilmiş iri müdafiə qurğusu olan Əsgəran qalasıdır. O, sol sahildəki qala-saray və düzbucaqlı qalanı, sağ sahildəki müdafiə divarlarını, kiçik müdafiə qalalarını xanlığın mərkəzinə gedən yolu möhkəm bağlayan, vahid istehkam düyünündə birləşdirirdi. Əsgəran qalası - Azərbaycanın orta əsrlər müdafiə memarlığının ənənələri ilə tikilən sonuncu nümunədir. XVIII əsrin müdafiə memarlığının əhəmiyyətli abidələrindən daha biri Ağdam şəhərindən 10 kilometr məsafədə yerləşən Şahbulaq qalasıdır. Qala Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən tikilmişdir. Bir zamanlar kompleksə qala divarları ilə əhatə olunan yaşayış evləri, məscidlər və hamamlar daxil idi. Bizim dövrümüzə yalnız küncləri silindrik və ya yarımsilindrik qüllələrlə möhkəmləndirilən düzbucaqlı planlı qala gəlib çatmışdır.
İkiminarəli məscidlər ənənəsini davam etdirərək yerli Qarabağ məscidləri qrupunu yaratmış memar Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmiş Ağdamın Cümə məscidi (1868-ci il), Hacı Ələkbər məscidi (1889) XIX əsrin maraqlı abidələrindəndir. Qarabağ ərazisinin və onun tarixi memarlıq irsinin böyük hissəsi indi işğal altındadır. İşğal olunmuş torpaqlarda açıq-aşkar genişmiqyaslı mədəni terror aparılır. Müxtəlif dövrlərdə erməni mətbuat orqanlarının verdiyi məlumatlar, peyk çəkilişləri, ATƏT missiyalarının hesabatları və başqa mənbələrin məlumatları göstərir ki, bu gün bu ərazilərdə yüzlərlə tarixi abidə dağıdılmışdır.
Tarixi memarlıq qoruğu — özünəməxsus şəhərsalma strukturuna malik, müharibənin başlanğıcına qədər özünün qədim məhəllələrini və çoxsaylı tarixi-memarlıq abidələrini qoruyub saxlamış olan orta əsrlər şəhəri Şuşa yarımdağılmış vəziyyətdədir. Erməni vəhşiləri Şuşa tarixi-memarlıq qoruğunda Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, yaşayış binalarının çoxunu, qədim qəbir daşlarını dağıtmışlar. Azərbaycanın musiqi mədəniyyətinin mərkəzi olan Şuşa şəhərində XVIII-XIX əsrə aid müsəlman məscidləri, yaşayış evləri, mülki və müdafiə memarlıq abidələri dağıdılmışdır. Müharibə və işğal Qarabağda və onu əhatə edən ərazilərdə yerləşən abidələrə — çoxlu sayda məscidlərə və o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmiş abidələrə, körpülərə, hamamlara və memorial qurğulara böyük ziyan vurmuşdur. İşğal edilmiş ərazilərdə olan qədim kurqanlar dağıdılmış, tarixi mağaralar hərbi məqsədlərlə istifadə olunur. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir çox islam abidələri, məscidlər, türbələr, qədim qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Ağdam, Füzuli, Laçın rayonlarının abidələrinə də ağır ziyan dəymişdir. Onların içərisində XII-XIII əsr Məlik Əjdər, XIV əsr Mir Əli, XIV əsr Xaçin Dorbatlı, XIII əsr Şeyx Babain, XVII əsr Pənah xan və başqa məqbərələr vardır. İşğalçıların məhv etdiyi obyektlər həm də azərbaycanlılara məxsus qəbiristanlıqlardır. Dağıntıların bir qismi hərbi əməliyyatların nəticəsi, başqa böyük bir qismi isə — mədəni terrorun və işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərinin planlı şəkildə məhv edilməsinin nəticəsi idi. Düşmən zəbt etdiyi torpaqların guya tarixən ermənilərə məxsus olduğunu dünyaya göstərmək üçün orada yerləşən müsəlman abidələrini xüsusi qəddarlıqla dağıdaraq, həmin torpaqlardan azərbaycanlıların izini silmək niyyətindədir. Vaxtilə bu işlər indiki Ermənistanın da ərazisində aparılmışdır. Əgər İslam abidələrinə qarşı terror siyasəti yürüdülürsə, digər tərəfdən Azərbaycanın mədəni irsinin bir hissəsi olan Qafqaz Albaniyası xristian memarlığı abidələri zorla “erməniləşdirmə” siyasətinə məruz qalır.
Qafqaz Albaniyasının memarlıq abidələrində “təmizləmə” işləri apararaq onların alban memarlığına aid elementləri və epiqrafikası silinir və onların əvəzinə erməni yazıları əlavə olunur. Qarabağın knyazları tərəfindən inşa olunmuş həm tarixi, həm memarlıq cəhətdən alban mədəniyyətinə məxsus olan abidələrdə bərpa, əslində isə falsifikasiya işləri aparılır, onların qiymətli epiqrafikası, dekoru məhv edilir. Təəssüf ki, bu “bərpalara” xarici mütəxəssislər də cəlb edilirlər. İşğalçıların fikrincə, bu onların abidələrə qanunsuz müdaxilələrinə legitimlik verəcək.
Erməni işğalçılarının dağıdıcı fəaliyyəti bütün beynəlxalq qanunlara ziddir. Azərbaycan ərazisində tarixi-memarlıq abidələrinin dağıdılması 1954-cü ildə qəbul edilmiş “Mədəni dəyərlərin silahlı münaqişələr zamanı qorunmasına dair” Haaqa konvensiyasının, UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunmasına” dair konvensiyanın kobud şəkildə pozulmasıdır. Buna baxmayaraq, beynəlxalq təşkilatlar bu vandalizmin dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görmürlər.
İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı genişmiqyaslı erməni barbarlığı həyata keçirilir. BMT-nin Baş Assambleyası tərəfindən elan edilmiş və UNESCO-nun himayəsi ilə keçirilən mədəniyyətin inkişafının ümumdünya onilliyi (1988-1997) Azərbaycan tarixinə mədəni irsin qorunmasının onilliyi kimi deyil, ermənilərin Azərbaycan mədəniyyətinə açıq və dağıdıcı təcavüzü mərhələsi kimi daxil olmuşdur. Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması, əslində, dünya irsinə qarşı qəsd deməkdir.
Tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması yolunda böyük işlər görən, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün işğal olunmuş ərazilərdə Azərbaycanın zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməlidirlər. Müharibənin bütün nəticələrini və mədəni terroru aşkara çıxaracaq və davam edən barbarlığı durduracaq maddi mədəniyyət abidələrinin beynəlxalq monitorinqinin keçirilməsi və bu vəhşiliyə hüquqi qiymət verilməsi günün tələbidir.

Gülçöhrə MƏmmƏdova,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru,
memarlıq doktoru, professor.

 

 

 

Bütün dünyada təhsil sistemləri yeni texnologiyaların tətbiqi nəticəsində transformasiya prosesini yaşayır. Avtomatlaşdırma və robotlaşdırmanın geniş yayılması insanları həm əmtəə və xidmətlərin istehsalı prosesindən, həm də bu proseslərin idarə edilməsindən getdikcə daha çox sıxışdırıb çıxarır. Bu hal güclü sosial dəyişikliklərə gətirib çıxarır. Yaxın onillikdə texnoloji dəyişikliklər ixtisasların yarısının lazımsız olmasına gətirib çıxara və belə radikal formada bütün dünya iqtisadiyyatını dəyişə bilər. Dəyişikliklər o qədər kəskindir ki, ABŞ Əmək Departamentinin hesablamalarına görə, hazırkı məktəblilərin 65 faizi 2025-ci ildə hazırda adı məlum olmayan işlərdə çalışacaqlar. Nəticə etibarilə xətti yanaşma, yəni insanın ilk olaraq universitetdə oxuması, sonra iş axtarması və karyera qurması reallığı yeni şəraitdə mühüm dəyişikliklərə məruz qalacaq. Belə təqdirdə təhsil və biznes layihələrdə iştirakın birləşdirilməsi daha yaxşı strategiya ola bilər.

Təhsil və əməyin birgəliyinin təmin edilməsinin uğurlu formalarından biri startap hərəkatıdır. Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrdə planlı iqtisadiyyat çərçivəsində istedadlı gənclər pioner evlərində və müəssisələrdə fəaliyyət göstərən müxtəlif dərnəklərdə texniki bacarıqlara yiyələnirdilər. Bu, onlara ilkin mərhələdə peşə seçimi etməyə kömək edirdi. Hazırda formalaşan bazar iqtisadiyyatı şəraitində universitetlər öz tələbələrinə nəinki əsas peşə üzrə bilik və bacarıqlara yiyələnməyə, həm də layihələri kommersiyalaşdırmağa kömək edə bilir. İdeya müəllifi olmasalar belə, layihə üzərində işləyərkən tələbələr bir çox faydalı biliklər qazana bilərlər. Sadəcə yaxşı mühəndis və ya texnoloq olmaq kifayət deyil. Biznes proseslərini və insanları idarə etməyi öyrənmək, maliyyə məsələlərini anlamaq da zəruridir. Bu öz biznesini təşkil etmək qabiliyyətinə malik olan və daha çox özünə güvənən bir mütəxəssis olmağa imkan verir. Belə mütəxəssislər öz innovativ layihəsi əsasında öz şirkətini - startapını qura bilir.
Bəs startap nə deməkdir?
Startap yenicə yaranmış (bəlkə də hələ hüquqi şəxsə çevrilməmiş), inkişaf mərhələsində olan və öz biznesini ya yeni innovativ ideyalar, ya da ən yeni texnologiyalar əsasında quran şirkətlərdir. Startap şirkətlərinin xarakterik xüsusiyyətləri maliyyə çatışmazlığı və bazarda zəif, demək olar ki, “partizan” mövqeyində olmalarıdır. Dünya üzrə startaplar əsasən tələbələr tərəfindən yaradıldıqları üçün onları bir çox hallarda “qaraj şirkətlər” adlandırırlar.
“Startap” termini ilk dəfə ABŞ-da 1939-cu ildə meydana gəlmişdir. Həmin dövrdə yüksək texnologiyalar sahəsi üzrə layihələrlə məşğul olan müəssisə və firmaların, demək olar ki, hamısı San-Fransisko şəhəri yaxınlığında Santa-Klare (Kaliforniya) vadisində cəmləşmişdilər. Bu zaman Stenford Universitetinin tələbələri Devid Pakkard və Uilyam Hyülett burada kiçik bir layihə hazırlayaraq onu startap adlandırdılar (start-up ingiliscədən tərcümədə başlamaq deməkdir). Bir müddət sonra bu startap Hyülett-Pakkard kimi nəhəng və uğurlu bir şirkətə çevrildi.
Startapların yaradılmasının, uğurlu inkişafının və mövcudluğunu qoruyub saxlamasının səbəblərindən biri artıq mövcud olan məhsullardan uğurlu şəkildə istifadə edən və yeni məhsulların istehsalı ilə demək olar ki, məşğul olmayan nəhəng korporasiyaların ləngliyidir. Buna görə də yeni ideyaların reallaşdırılması baxımından startaplar öz mobillikləri ilə böyük korporasiyaların rəqibinə çevrilirlər.
Yaxşı yenilikçi ideya yeni startapın yaradılması üçün əsas resurs hesab olunur. Reallığa çevrilməmiş, yalnız kağız və ya sözdə mövcud olan ideya (startap planı) çox dəyərli ola bilər. Bu ideyanın uğurlu olmasını təmin edən digər faktor isə ona tələbatın olmasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda “startap” termini daha çox İT ilə assosiasiya olunsa da, əslində bazarın istənilən sahəsinə aid ola bilər.
Tələbələrə və sahibkarlara öz ideyalarını uğurlu şəkildə hazırlamaq, istifadə etmək və satmağa kömək etmək üçün startap hərəkatının təşkili ilə bağlı universitet və biznes mühitində konsensus formalaşıb. Təcrübə göstərdi ki, gənclər üçün öz ideyaları və layihələri ilə birbaşa yüksək rəqabətli bazarlara çıxmaq çətindir. Bu zaman startapların ekosistemi yarandı. İnnovativ ekosistemlərin vəzifəsi novatorlar və ixtiraçılar üçün əlverişli mühitin yaradılmasını təmin etmək, onlara tədqiqat aparmaqda kömək etmək və hüquqi dəstək göstərməkdir. Ekosistemin təşkil edilməsi üçün universitetlər ən uğurlu məkandır. Belə ki, universitet və tələbələr bir-birini tamamlayan biznes tərəfdaşına çevrilirlər. İnnovativ ekosistem universitetlərin həm bilik, həm də startap və texnoloji prioritetlərlə təmin edən bir lider mərkəz kimi qəbul edilməsidir. Ümumilikdə ekosistem elm, istehsalat və biznes arasında olan uçurumu azaltmağa hesablanıb.
Çox mühüm bir üstün cəhət ondan ibarətdir ki, universitetlər innovativ ekosistemlərdə gələcək təhsilin mümkün “xəritəsini” görə və bunu öz təhsil proqramlarında lazımi formada əks etdirə biləcəklər. Şübhəsiz ki, bu, onların nüfuzunun və rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə imkan verəcək.
Arzu edən hər bir şəxs - məktəblilər, tələbələr, evdar xanımlar, biznesmenlər, dövlət qulluqçuları, novatorlar, mütəfəkkirlər, texnoloji startapların yaradıcıları və investorları, yaradıcı insanlar, dövlət idarəetmə sistemində çalışanlar və başqaları innovativ ekosistemlərin iştirakçısına çevrilə bilərlər.
Yuxarıda qeyd olunduğu kimi, startap hərəkatında, innovativ biznesin inkişaf etdirilməsində ali məktəblərin, xüsusilə texniki profilli universitetlərin rolunun böyük olması ilə bağlı ciddi gözləntilər var.
Azərbaycanın təhsil, sənaye və iqtisadiyyatına hər zaman töhfələrini vermiş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ölkəmizdə sənayeləşmə və dəyişikliklər dövründə də mühüm rol oynamışdır.
Ali məktəbimizin tarixi Bakıda neft və sənaye bumunun baş verdiyi 19-cu əsrin sonlarına gedib çıxır. Əsası 1888-ci ildə Şəhər Peşə Məktəbi kimi qoyulmuş təhsil ocağının dövrün tələblərinə uyğun olaraq zaman-zaman həm adında, həm də prioritetlərində dəyişikliklər edilmişdir.
1930-cu illərin sənayeləşmə prosesi zamanı Azərbaycan Neft İnstitutu miqyasına və əhəmiyyətinə görə SSRİ-nin aparıcı təhsil ocaqlarından birinə çevrilmişdi. Məhz bu ali məktəbin alimlərinin və məzunlarının gərgin əməyi nəticəsində ölkəmiz İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfələr vermiş, müharibədən sonrakı dövrdə bütün Sovetlər Birliyində yeni neft və qaz yataqlarının kəşf olunmasında əsas rol oynamışlar.
1970-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda apardığı sənayeləşmə prosesində yenə də artıq Neft-Kimya İnstitutu adlanan ali məktəbimiz öz kadrları, təhsil və elmə verdiyi müvafiq töhfələrlə yaxından iştirak etmişdir.
ADNSU Azərbaycanda sənayenin yaradılması, elmi, texniki və idarəetmə elitasının formalaşmasında çox aktiv şəkildə iştirak etmişdir. Buna görə də, şübhəsiz ki, ADNSU Azərbaycanda üçüncü sənaye inqilabında da aktiv şəkildə iştirak edəcək.
Təcrübəni tam şəkildə təkrar etmək qeyri-mümkündür. Belə ki, sənayeləşmə texnoloji inkişafın başqa bir səviyyəsində baş verəcək. Bununla belə, aydındır ki, gənclərin mühəndis ixtisaslarına marağının artması qaçılmazdır (ixtisaslar üzrə ADNSU statistikasına baxın). Bunu dinamikadan görmək olar (ölkə üzrə ümumi statistikaya baxın).
Odur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də yeni dövrün yaranan çağırışlarına hazır olmalı, ölkənin prioritetlərinin müəyyənləşdirilməsində yaxından iştirak etməlidir.
Yeni dövrün kontekstində təhsilli və mobil işçi qüvvəsinə tələbat artacaq. Əmək bazarı yalnız yerli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə universitetlər arasında rəqabəti kəskinləşdirəcək. Tələbələr və sahibkarlar üçün vaxtında əlverişli təhsil və innovativ mühit yarada bilən universitetlər elm və istehsalat arasında əlaqəni möhkəmləndirə və özlərinə daha çox abituriyent cəlb edə biləcəklər. Yeri gəlmişkən, tikinti, aqrar və digər sahələrdə nanotexnologiyaların potensialı aşkar edilə və gələcəkdə çoxlu sayda Azərbaycan startap layihələrinin yaranmasına səbəb ola bilər. Azərbaycan Milli Elmlər Akademiyasının, böyük elmi potensiallı universitetlərin və institutların əməkdaşlığı sayəsində bu, reallaşdırıla bilər. Startap layihələri vasitəsilə innovativ ekosistemlərdə alimlərimizin hazırladıqları layihələrin kommersiya baxımından cəlbedici məhsula çevrilməsini əhəmiyyətli dərəcədə sürətləndirmək olar.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də yuxarıda sadalanan faktorları nəzərə alaraq, tələbə və müəllim-professor heyətinin təşəbbüslərinə dəstək vermək məqsədilə Startap və İnnovasiya Mərkəzinin əsasını qoymuş, bu mərkəzdə informasiya texnologiyaları, cihazqayırma və digər sahələrdə innovativ ideyaların reallaşdırılması üçün startap ofisi, laboratoriya və emalatxananı startapçıların ixtiyarına vermişdir. Bundan əlavə, ADNSU rəhbərliyi layihələrin reallaşdırılması, prototiplərin hazırlanması üçün daxili və xarici resurslar hesabına sərmayələrin cəlb olunması, layihələrin təbliği və təşviqi işlərinin, marketinq strategiyasının, reklam, anons və təbliğat tədbirlərinin, layihələrlə bağlı nümunələrin və ya hazır məhsulların yerli və xarici sərgilərdə, konfranslarda, görüşlərdə tanıdılmasının, hüquqi işlərinin həyata keçirilməsinə qədər bir çox məsələlərdə öz dəstəyini göstərir. Bundan əlavə, universitet startap layihələrinin tələbələrin diplom işi kimi həyata keçirilməsinə şərait yaradır.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı təhsil naziri Mikayıl Cabbarov qeyd etmişdir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan startap məktəbinin artıq ilk buraxılışı olub. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək olmaqdır. Startap məktəblərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda “iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq” psixologiyasını formalaşdırır”. Çox gözəl qeyd olunub!
Elə hazırda ADNSU rəhbərliyinin apardığı siyasətin əsas məqsədi cəmiyyətə yalnız diplomlu tələbələr deyil, həmçinin hazır şirkətləri təhvil verməkdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısına qoyulmuş tələblərdən biri də Elm, Təhsil və İstehsalat Mərkəzinin yaradılmasıdır. Belə bir kompleks sözügedən 3 sahəni özündə birləşdirəcək, innovativ elmi, təhsili və istehsalatı özündə birləşdirərək bütün bunların kommersiyalaşdırılmasına, ali məktəbin bu sahədən gəlir əldə etməsinə kömək edəcək. ETİ Mərkəzi texnopark kimi fəaliyyət göstərərək, alimlərimizin və tələbələrimizin elmi biliyi və ixtiraları özəl sektorun sərmayələri ilə birləşəcək. Hər bir layihə bu mərkəzin klasterlərində inkişaf etdiriləcək, alimlər və tələbələr öz əqli mülkiyyəti olan layihələrin işlənib məhsul təqdim etməsindən gəlir əldə edəcək, yüzlərlə, minlərlə digər tələbə isə bu klasterlərdə praktika keçmək və iş yeri qazanmaq şansları əldə edəcəklər.
Azərbaycan əmək bazarına dair məlumatlarda göstərilir ki, hazırda işçi qüvvəsi kənd təsərrüfatı, ticarət və digər sahələrdə cəmləşib. Bu o deməkdir ki, işləyən əhalinin 51,5 faizi Azərbaycanın ÜDM-nin yalnız 17,2 faizini təmin edən sahələrdə çalışır. Hasilat sənayesində, əsasən neft-qaz səhasində işləyən əhalinin 0,9 faizi isə ÜDM-in 30,8 faizini təmin edir. Aqrar sahənin texnoloji inkişafı böyük miqdarda işçi qüvvəsinin işdən azad edilməsini qaçılmaz edəcək. Bu işçi qüvvəsinin məşğulluğunu yalnız xidmət və sənaye sahəsində təmin etmək mümkündür.
Azərbaycanın təhsil sistemi əvvəlki sənaye inqilabı (20-ci əsrin ikinci yarısı) zamanı formalaşmış mühəndis-texnoloji ixtisaslı universitetləri saxlamağa nail olub. İndi bizim universitetlər həm özləri yeni reallığa uyğunlaşmalı, həm də öz tələbələrinə bu işdə kömək etməlidirlər. Bu reallığın mahiyyəti iqtisadiyyatın xammal üzərində inkişafı modelindən imtina etmək və diversifikasiya edilmiş, sənaye və ixrac yönümlü modeli formalaşdırmaqdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman məhz bu baxımdan başa düşülməlidir. Bu amillər hansı nəticələrə gətirib çıxaracaq?
Azərbaycan universitetləri sürətlə dəyişən dünyada öz yerlərinin axtarışındadırlar. Aydın şəkildə görünür ki, təhsil sahəsinə dair innovativ təkliflərin əksəriyyəti bir qayda olaraq “bu günün problemlərini” həll etməyə meyil edirlər. Bununla belə, hesab edirik ki, həll yolunu başqa bir paradiqmada axtarmaq lazımdır. Bunun üçün hər bir universitet gələcəyə dair öz xəritəsini formalaşdırmalıdır. Bu gələcəyin mərkəzində bizim məzunlarımız olmalıdır. Bu məzunların həyatda qazandıqları uğurlar seçilmiş təhsil strategiyasının ən yaxşı göstəricisidir.

Mustafa BABANLI,
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru, professor.

Fərhad ƏMİRBƏYOV,
Azərbaycan Respublikası
təhsil nazirinin müşaviri.

 

 

 

Fevralın 17-də Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olub.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir.
“Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”, - deyə B.Muradova vurğulayıb.
Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir. Mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkişafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb. Demokratik ənənələrin yaranmasında, qurulmasında mətbuat özünəməxsus rol oynayıb.
B.Muradova qeyd edib ki, Milli Məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edirlər. Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var.
“Dövlətimizin yaranması, təşəkkül tapması, müstəqilliyini elan etməsi, onu itirməsi, yenidən bərpa etməsi, üzləşdiyimiz digər başqa çətinliklər, müharibələr, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və onun həyatımızın üzərinə qoyduğu izlər həm bu məsələnin işıqlandırılması mənasında, həm də ümumi inkişafımıza törədilən maneələr baxımından mətbuatın işində öz əksini tapıb. Parlamentin işinin işıqlandırılmasında və parlament-media münasibətlərinin formalaşmasında bu illər ərzində müxtəlif hadisələrlə üzləşmişik, şərəfli bir yol keçmişik. Bir əsas məqamı xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan mətbuatında özünü göstərən bir sıra zərərli meyillər aradan qaldırılır. Demək olar ki, son vaxtlar inkarçılıq və özünütəcrid meyilləri arxa planda qalıb”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək bildirib ki, bu gün Azərbaycanda vətənpərvər media formalaşıb. Məhz belə bir vətənpərvər medianın formalaşması nəticəsində mətbuat Azərbaycanın ümummilli problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında vahid mövqedən çıxış edir və bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında bütün imkanlarından istifadə edir.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan mediası ilə parlament arasında çox gözəl əməkdaşlıq mövcuddur. Ancaq buna baxmayaraq bəzi hallarda bir sıra media qurumlarında parlamentin fəaliyyəti düzgün işıqlandırılmır və qərəzliliyə yol verilir. Kimsə tənqidin əleyhinə deyil, ancaq qərəz olmamalıdır. Sağlam tənqid, əksinə, parlamentin daha effektli fəaliyyətinə yardım edir. Odur ki, media-parlament fəaliyyətinin cəmiyyətə çatdırılmasında qərəzlilik yox, obyektiv yanaşma olmalıdır. Yalnız birgə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində qarşımızda duran məqsədlərə və hədəflərə nail ola bilərik.
Mətbuat Şurasının sədri vurğulayıb ki, bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını deyən Ə.Amaşov qeyd edib ki, burada əsas məqsəd Milli Məclisin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır.
Sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük dividend gətirə bilər. Parlamentdə media nümayəndələri ilə görüşün keçirilməsinin əhəmiyyətini vurğulayan baş redaktor bildirib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulmasının və inkişafının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ona görə də mətbuat Ulu Öndəri özünün dostu sayıb. Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərlərini, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirir.
Elektron medianın maliyyələşməsi ilə bağlı KİV rəhbərlərinin suallarını cavablandıran Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli qeyd edib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur. Ötən il və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb, lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrılıb. Amma elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, media-parlament münasibətləri bu gün sağlam şəkildə davam edir. Vurğulayıb ki, Milli Məclis ən demokratik təsisatlardan biridir. Zaman-zaman burada Azərbaycanla bağlı ən ciddi qərarların qəbul olunması kimi proseslər həyata keçirilib. İnternet-media haqqında danışan U.Mirzəyev, həmçinin bu sahəyə diqqətin ayrılmasının vacibliyini də qeyd edib.
Azərbaycanda hər zaman media ilə parlament münasibətlərinin çox böyük önəm daşıdığını bildirən “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Quliyeva qeyd edib ki, ölkəmizdə “Kütləvi informasiya vasitələri” haqqında Qanun mövcuddur. Bu sənəd kifayət qədər də yaxşı hazırlanmış bir qanundur. “Dünya internet informasiya məkanı cərəyan etməkdədir. Buna görə də biz yeni medianın çağırışlarına mütləq cavab verməliyik”, - deyə A.Quliyeva vurğulayıb.
Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu deyən “Trend” İnformasiya Agentliyi baş direktorunun müavini Arzu Nağıyev diqqətə çatdırıb ki, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər də öz əksini tapa bilər.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev çıxışında bildirib ki, cəmiyyətin həyatında kütləvi informasiya vasitələri çox böyük rol oynayır. Almaniyada, Fransada parlament jurnalistləri çox böyük nüfuza malik olan şəxslərdir, onların sözlərinə siyasətçilər də çox böyük hörmətlə yanaşırlar. Həmin jurnalistlər parlamentlə 5 il, 10 il, 15 il işləyən, qanunları çox vaxt hüquqşünaslardan yaxşı bilən şəxslərdir. Azərbaycan parlamentində isə jurnalistlər dəyişir. Gərək həmin jurnalistlər daxili qaydaları bilsinlər, qanunları, daxili nizamnaməni oxuyub öyrənsinlər.
Səfa Mirzəyev deyib ki, Milli Məclisin fəaliyyəti ilə bağlı məlumatlar qurumun saytında yerləşdirilir. Ona görə də, kütləvi informasiya vasitələrindən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşsinlər. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi aparatı media ilə dostluq etmək niyyətindədir.
Görüşdə qəzetlərin, informasiya agentliklərinin və portallarının rəhbərləri parlament-media münasibətlərindən danışaraq müəyyən təkliflər irəli sürüblər. Onları maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC

 

 

 

Şənbə, 18 Fevral 2017 16:39

DÜNYA BU GÜN

ƏRDOĞAN SURIYA ƏMƏLIYYATININ ƏSAS HƏDƏFLƏRINI AÇIQLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada müxalif Azad Suriya Ordusunun iştirakı ilə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının əsas hədəflərini açıqlayıb. “APA”nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi prosesi başa çatır.
Türkiyə prezidenti növbəti hədəfin PKK terror təşkilatının Suriya qanadı PYD və YPG-nin nəzarət etdiyi Münbic rayonu və İŞİD-in Suriyada əsas mərkəzi sayılan Rəqqa şəhəri olduğunu qeyd edib. “Əsas hədəf 4-5 min kvadrat kilometrlik sahədə terrorçulardan təmizlənmiş bölgə yaratmaqdır. Məqsəd Suriyadan köçün qarşısını almaq, həm də Türkiyədəki düşərgələrdəki suriyalı qaçqınları öz torpaqlarına qaytarmaqdır. Bizim həmin bölgədə suriyalı qaçqınlar üçün yeni şəhərlər qurmaq niyyətimiz var. Türkiyə olaraq biz orada hər cür infrastruktur qurulması işlərində iştirak edə bilərik. Beləliklə, heç kim başqa ölkə ərazisində çadırda və yaxud evdə yaşamaq məcburiyyətində olmayacaq. İkinci mərhələdə həmin bölgənin uçuş üçün qadağan edilmiş zona elan edilməsi əsas məqsədimizdir. Bu məsələni artıq ABŞ və Rusiya ilə də müzakirə etməyə başlamışıq. Həmin bölgəyə müxalif Azad Suriya Ordusu nəzarət edəcək. Bölgədə suriyalıların kiçik ordusunun olması lazımdır ki, orada yaşayanlar özlərini tam təhlükəsiz hiss etsinlər. Biz təlimlər keçməklə Azad Suriya Ordusuna dəstəyimizi davam etdirəcəyik”, - deyə Türkiyə prezidenti bəyan edib.
Rəcəb Tayyib Ərdoğan ötən gün baş nazirin müavini Numan Kurtulmuşun Əl-Babın alınmasından sonra “Fərat qalxanı” əməliyyatının başa çatacağı barədə söylədiklərini də təkzib edib. O deyib: “İŞİD-in əsas mərkəzi Əl-Bab deyil, Rəqqadır. Digər tərəfdən, terror təşkilatı PYD və YPG-nin də həmin bölgələrdən çıxarılması vacibdir. “Fərat qalxanı” əməliyyatı son məqsədə çatana qədər davam edəcək. Bizim niyyətimiz bölgə terrorçulardan təmizləndikdən sonra ordumuzun orada qalması deyil. Ancaq bu məsələyə də həmin günün şərtlərinə uyğun olaraq baxılacaq”.

 

İSRAILDƏN AZAN SƏSI ILƏ BAĞLI QADAĞA
İsrail parlamentinin qanunvericilik komissiyası azanın səsgücləndirici ilə oxunmasının qadağan olunmasına dair qanun layihəsini qəbul edib. “APA”nın məlumatına görə, layihəyə əsasən gecə saat 23:00-dan səhər saat 07:00-dək azanın meqafon və ya mikrofonla oxunması qadağan edilir.
Xəbər verilir ki, qanuna əməl etməyən məscidlər haqqında 1200 dollara qədər cərimələrin tətbiq olunması nəzərdə tutulur.
Bununla yanaşı, Fələstinin “HƏMAS” təşkilatının sözçüsü Hazım Qasım yazılı açıqlamasında yeni qanunun İsrailin fələstinlilərə qarşı irqçi siyasətinin sübutu olduğunu bildirib.
Bununla yanaşı, sözügedən qanun layihəsinin İsrail parlamentində üç iclasda müzakirə olunaraq təsdiqlənməsi gözlənilir. Fələstinlilərin və İslam dünyasının narazılığına səbəb olan layihə bundan əvvəl bir neçə dəfə gündəmə gəlsə də, parlamentin təsdiqinə göndərilməmişdi.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu da “azan uca səslə oxunaraq insanları narahat edir” iddiası ilə ortaya çıxarılan qanun layihəsini dəstəklədiyini bildirmişdi.

 

MEKSIKALILAR D.TRAMPIN QƏRARINA QARŞI ETIRAZ EDIRLƏR
Meksikanın paytaxtında ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən nümayişdə 20 min insan iştirak edib. Meksikalılar xüsusilə onun Meksika rəhbərliyini sərhəddə divar tikintisinə məcburetmə planına etiraz ediblər. Bu barədə “BBC” agentliyi xəbər verib.
Məlumata görə, buna bənzər aksiyalar ölkənin digər iki şəhərində də keçirilib. Nümayişçilərin əksəriyyəti ağ paltar geyinərək əllərində milli bayraq və ABŞ prezidentinə qarşı şüarlar olan plakatlar tutublar.
Şüarlardan birində belə yazılıb: “Tramp, Meksikanı birləşdirdiyinə görə sağ ol!”.
Etiraz edənləri bir neçə Meksika universiteti, biznes-assosiasiyaları və ictimai təşkilatlar da dəstəkləyiblər. Aksiya təşkilatçıları bu nümayişlə, hər şeydən əvvəl, ABŞ-da yaşayan və sərt miqrasiya qanunlarına uyğun olaraq deportasiya təhlükəsi altında olan meksikalı həmvətənlərlə həmrəy olduqlarını göstərmək istədiklərini bildiriblər.
Bununla yanaşı, nümayişlərdə ölkə prezidenti Enrike Penya Nyetonun ünvanına da sərt fikirlər səslənib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsi barədə sərəncam imzalayıb. Bununla o, bütün Cənubi Amerikadan qeyri-qanuni mühacirlərin və narkotik kartellərinin ABŞ-a daxil olmasının qarşısını almaq niyyətindədir.
Eyni zamanda, xəbər verilir ki, ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kelli Meksika ilə sərhəddə divarın iki il ərzində tikiləcəyini və tikintinin yaxın aylarda başlanacağını bəyan edib.

 

DONALD TRAMP KRIMIN ILHAQINA GÖRƏ BARAK OBAMANI QINAYIB
ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
“Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”, - deyə ABŞ prezidenti qeyd edib.
Donald Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair “The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb. “Rusiya ilə bu cür əlaqələr qeyri-mümkündür. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”, - deyə Donald Tramp əlvə evib.
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan şübhələndiyini gizlətməyib. O deyib: “İnformasiyalar qanunsuz olaraq kəşfiyyat tərəfindən “The New York Times” və “The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”.
Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir neçə gün öncə prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.

 

FES RƏHBƏRI: UÇOT DƏRƏCƏLƏRI ARTIRILMALIDIR
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellen hesab edir ki, dolların uçot dərəcəsinin artırılması məsələsini ləngitmək sadəlövhlük olardı. “APA”nın məlumatına görə, çərşənbə axşamı ABŞ Konqresindəki çıxışında o, qurumun növbəti iclaslarından birində uçot dərəcəsinin artırıla biləcəyini istisna etməyib.
Bununla yanaşı, Canet Yellen ABŞ-ın yeni administrasiyasının iqtisadi siyasəti ətrafında qeyri-müəyyən vəziyyətin mövcudluğunu da qeyd edib. Onun fikrincə, indiki vəziyyətdə rəhbərlik etdiyi qurumun gündəmdən kənarda qalması və uçot dərəcəsinin artırılmasını ləngitməsi kəskin iqtisadi geriliyin yaranması ilə nəticələnəcək.
Canet Yellen FES-in ötən ilin dekabrında elan etdiyi planlara müvafiq olaraq ABŞ iqtisadiyyatının uçot dərəcələrinin artırılmasına rəvac verib-verməyəcəyi ilə bağlı mövqeyini dəqiqləşdirmədiyini bildirib və cari il ərzində ilk dəfə uçot dərəcəsinin mart, yaxud iyul aylarındakı iclaslar zamanı artırılacağı ehtimalına da aydınlıq gətirməyib.
Bu, C.Yellenin respublikaçıların Konqresin hər iki palatası, habelə Ağ Evdə üstünlük qazanmasından sonra ilk çıxışı olub. Həmçinin sözügedən çıxış qurumun rəhbərinin yeni administrasiyanın ABŞ iqtisadiyyatının hansı məcrada inkişaf edəcəyi ilə bağlı FES-də qeyri-müəyyənliyin mövcud olduğunu da ortaya qoyub.
İlk növbədə C.Yellen hesab edir ki, fiksal və iqtisadi siyasətin digər istiqamətlərindəki dəyişikliklər iqtisadi sferadakı proqnozlara təsirsiz ötüşməyəcək. Çünki hər şeydən əvvəl ABŞ-ın siyasətində hansı dəyişikliklərin olacağı, habelə bu dəyişikliklərin iqtisadiyyata necə təsir göstərəcəyi naməlum olaraq qalır.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp maliyyə sahəsindəki qanuni məhdudiyyətlərin qismən aradan qaldıracağını bəyan edib. Lakin bu sahədə mümkün dəyişikliklərin detalları açıqlanmayıb. Eyni zamanda vergilərin azaldılma həcmi məlum olmasa da, infrastruktura vergi tətbiqinin inflyasiyanı daha da sürətləndirəcəyi ehtimal olunur.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı.

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirdi, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı ABŞ-ın Baş Qərargahlar rəisinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirildi. 

 

 

AZƏRTAC

9 -dən səhifə 1116