XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 03 Noyabr 2019

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 noyabr 2019-cu il.

Published in Sərəncam

Dövlət başçısı vurğulayıb: “Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır”

Published in Digər xəbərlər

Malayziyanın Bernama milli xəbər agentliyi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Qoşulmama Hərəkatının bu günlərdə Bakıda keçirilmiş XVIII Zirvə Görüşünün əhəmiyyəti barədə məqaləsini yayıb. 

AZƏRTAC xəbər verir ki, məqalədə Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünün mühüm siyasi hadisə olduğu, həm Azərbaycan, həm də region üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. Yazıda Qoşulmama Hərəkatı haqqında ətraflı məlumat verilir, onun BMT-dən sonra dünyanın ən böyük beynəlxalq qurumu olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.

Qoşulmama Hərəkatının prinsiplərinin Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşdüyü vurğulanan məqalədə Hərəkatın dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirdiyi, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış etdiyi diqqətə çatdırılır. Azərbaycanın Hərəkata üzv olduğu ilk gündən onun suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyi bildirilir. Vurğulanır ki, qəbul olunmuş bütün sənədlərdə Hərəkat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Bildirilir ki, Qoşulmama Hərəkatı ilə əlaqədar son illər əldə edilən müsbət nəticələrin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2011-ci ildə ölkəmizin Hərəkata üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

 

 

AZƏRTAC

Published in Dünya bu gün

Ankara şəhərində fəaliyyət göstərən Heydər Əliyev Parkının ümumi ərazisi təxminən 10 000 kvadratmetrdir. Parkın ərazisi eni 19,23 metr olan giriş, meydanın cənub hissəsindəndir. Bu giriş meydanı ulu öndər Heydər Əliyevin doğum ilini simvolizə etməkdədir.

Meydanın mərkəzində quraşdırılmış su fəvvarəsi üzərində ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” məşhur kəlamı diqqəti cəlb edir.

Heykəlin qərar tutduğu meydan səkkizguşəli ulduzla ifadə olunub ki, bu da öz-özlüyündə keçmiş və gələcəyi ehtiva edir. Heykəlin ətrafında qədim Türk inanclarına görə müqəddəs hesab olunan, keçmişlə gələcək arasında əlaqə quran ulu çinar ağacları əkilib. Heydər Əliyevin doğumu və ölümü axan su ilə ifadə olunub.

Heydər Əliyev Parkının ana girişində ağ mərmər divarda Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırma sistemi tətbiq edilib. Bundan başqa, parkın ətrafında travertlər divar hörülüb və divarlarda qoyulan dəmir məhəccərlərdə Azərbaycanın milli motivləri öz əksini tapıb.

Parkın içində hər fəslə uyğun əkilən çiçəklər təsviri incəsənətimizin ən qədim qollarından olan buta simvollarının içində yerləşdirilib. Həmçinin parkda günün 24 saatı istirahət üçün gələn paytaxt sakinləri və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə kameralar quraşdırılıb. Döşənən mərmər və qranitlər Bakının park və xiyabanlarında istifadə olunan mərmər və qranitdən qətiyyən fərqlənmir. Bu da Azərbaycandan Ankaraya qonaq gələn həmvətənlərimizin, həmçinin Türkiyədə yaşayan soydaşlarımızın könlünü oxşayır. Bir sözlə, bu məkanda yaradılan belə bir ab-havada azərbaycanlılar özlərini Bakı parklarındakı kimi hiss edirlər.

2012-ci ildə əsaslı yenidənqurma işləri aparılaraq yenidən Ankara sakinləri və qonaqların ixtiyarına verilən park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr yer alıb. Bu istirahət məkanındakı şərait - idman meydançası, uşaq-əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqə uyğun istirahət etmələri üçün imkanlar yaradır.

İstər ərazi, istərsə də demoqrafik quruluş baxımından İç Anadolu bölgəsinin spesifik xüsusiyyətlərini özündə əks etdirən bir ərazi relyefində yerləşən parkımızı ziyarət edən hər kəs haqlı olaraq Ankara Heydər Əliyev Parkını “Batıkent rayonu və bütövlükdə Ankaranın ağciyəri” hesab edir. ümumilikdə, parkda əkilən ağaclar ərazinin quraq iqlimini sürətlə örtərək parkın olduğu ərazi və bütövlükdə ətraf bölgəyə fərqli bir yaşıllıq görüntüsü bəxş edir. Bu da şəhərin sakinləri və qonaqların parka gələrək təmiz hava qəbul etmələri, səhər və axşam gəzintilərində buranı seçmələrinə şərait yaradır.

Ankaradakı Heydər Əliyev Parkında, eyni zamanda, təmiz hava gəzintiləri üçün nəzərdə tutulan ərazilərdən başqa, paytaxt sakinlərinin sağlam həyat tərzi keçirmələrinin təmini üçün uşaq parkları, futbol və basketbol meydançaları da inşa edilib ki, bu da gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından ideal bir məkandır.

 

Esmira YAZKAN ASLANOVA,

“Respublika” qəzetinin

Türkiyə müxbiri.

Published in Diaspora
Bazar, 03 Noyabr 2019 11:47

Azərbaycan ABŞ-a etiraz notası verib

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar Birləşmiş Ştatların ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, notada qondarma qurumun Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən “nümayəndələr”inə ABŞ tərəfindən viza verilməsinə etiraz edilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd olunub. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyi beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Səfir Ö.Litzenberqer Dağlıq Qarabağdan səfər edən şəxslərin ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Vaşinqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk qrupu prosesini dəstəklədiyini və Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

AZƏRTAC

Published in Digər xəbərlər

UNUDULMAZ RƏŞİD MAHMUDOVUN 90 İLLİK YUBİLEYİNƏ

Published in Digər xəbərlər

Ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır”.
Bu gün mübaliğəsiz demək olar ki, ölkəmizin iqtisadi imkanlarının artması qlobal layihələrin uğurlu həllinə yol açıb. Respublikamızda əldə edilmiş bütün nailiyyətlərin təməlində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə göstərdiyi xidmətlər dayanır. Bu gün isə biz bunun gözəl nəticələrini görürük. Azərbaycan artıq dünyada davamlı inkişafa nail olan dövlətdir.
Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək və ərzaq təhlükəsizliyinə nail olmaq ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli liderimiz Sovet dönəmində olduğu kimi, ikinci dəfə hakimiyyətə gəlişi zamanı da aqrar sahənin inkişafına xüsusi diqqət yetirirdi. Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar islahatların onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin kənd təsərrüfatının inkişafında həlledici rol oynayır. Respublikada aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur.
Ölkəmizdə kəndli əməyi bütün dövrlərdə şərəfli hesab edilməklə yanaşı, həm də ən yüksək diqqət və hörmətə layiq görülmüşdür. Bu gün aqrar sektor ölkənin ərzaq təminatı sahəsində çox mühüm strateji vəzifəni yerinə yetirir. Odur ki, kənd təsərrüfatı iqtisadiyyatımızın mühüm tərkib hissəsidir.
Dövlət başçısının “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirləri haqqında” 16 aprel 2014-cü il, “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli, “Kənd təsərrüfatı məhsulları islahatlarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 25 avqust 2008-ci il tarixli sərəncamları aqrar bölmənin inkişafında mühüm rol oynayır. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Ona görə də əhalinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi hər bir ölkə üçün olduqca zəruri və vacib bir məsələdir. Bu məsələyə həmişə xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyev respublikamızda əhalinin etibarlı ərzaq təminatı məsələsini daima diqqət mərkəzində saxlamış, onun ölkəmizə rəhbərliyi dövründə bu problem həmişə dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatının respublikamızın daxili imkanları hesabına ödənilməsini təmin etmək məqsədilə ulu öndərimizin göstərişi ilə respublikamızda bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Onun təşəbbüsü ilə ötən əsrin doxsanıncı illərində MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatları aparılmış, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində olduqca əhəmiyyətli addımlar atılmışdır. 2001-ci ildə məhz ümummilli liderimizin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilmiş və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində respublikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Təməli ulu öndərimiz tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həmişə uğurla davam etdirilmişdir. Respublikamızın müstəqil bir dövlət kimi davamlı və intensiv inkişafının göstəricisinin əsas amillərindən biri olan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində cənab İlham Əliyevin rəhbərliyi ilə son dərəcə mühüm işlər görülmüşdür.
Mübaliğəsiz demək olar ki, möhkəm təməl üzərində qurulmuş respublikamızın kənd təsərrüfatı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunaraq əhalinin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına ödənilməsi istiqamətində inkişaf edir. Odur ki, məhsul istehsalı ildən-ilə artır. Müəssisəmizdə də müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilərək paytaxt sakinlərinə çatdırılır. Həmçinin kənd təsərrüfatının satış yarmarkalarında mütəmadi olaraq məhsullarımızla şəhər əhalisini təmin edirik. Müəssisəmiz ailə podratı üsulu ilə kollektiv təsərrüfatdır. Burada 50-dən artıq işçi çalışır. İl ərzində 1200 ton tərəvəz məhsulları istehsal edirik. Əsasən səbzi, kök, çuğundur, badımcan və s. Müəssisəmizin 1400 hektar torpaq sahəsi vardır. Bir neçə il bundan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovaya torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət etdik. Müraciətimiz operativ olaraq həll olundu. Bu gün Bakıətrafı qəsəbələr sanki yeni inkişaf dövrünü yaşayır. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində torpaq əsl sahibinə verilib. İndi bircə qalıb onu əkib becərmək. Biz də bütün var qüvvəmizlə buna çalışırıq.
Abşeron rayonu da respublikamızın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Hazırda respublikamızın bütün bölgələrində canlanma, həyat səviyyəsinin ildən-ilə yüksəlişi müşahidə olunur. Abadlıq-quruculuq işləri gündən-günə daha geniş vüsət alır. Bütün məsələlər rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın diqqət mərkəzindədir. Əvvəlki rəhbərliyin dövründən başlayaraq bu gün rayonun elə bir guşəsi yoxdur ki, orada canlanma olmasın.
Biz ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Çünki bu siyasətə alternativ yoxdur. Bu gün tam əminliklə söyləmək mümkündür ki, müstəqil Azərbaycanı daha xoşbəxt gələcək gözləyir. Biz də müstəqil Azərbaycanımızın çiçəklənməsi, qüdrətlənməsi naminə var qüvvəmizlə çalışacağıq.

İsa MƏRDANOV,
Maştağa Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin direktoru.

Published in İqtisadiyyat

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun məsul işçiləri ilə görüşüb.

Görüş SN yanında İctimai Şuranın üzvü, sədr müavini, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri Ziba Nəbiyevanın təşəbbüsü ilə “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” və “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində icra olunan tədbirlərin monitorinqi məqsədilə keçirilib.

Görüşdə institutun direktoru, t.ü.f.d., Dr. Zöhrə Əlimirzəyeva, Səhiyyə Nazirliyinin baş hematoloqu, t.ü.f.d., Dr. Çingiz Əsədov, institutun nəzdindəki Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva, SN yanında İctimai Şuranın üzvü, katibi, t.e.n., həkim-terapevt Taryel Eyvazov və İctimai Şuranın üzvü, “Azərbaycan Diabet Liqasının” sədri, həkim-endokrinoloq Yeganə Sultanova iştirak ediblər.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi, donor qanının transmissiv infeksiyalara yoxlanılması metodlarının təkmilləşdirilməsi, həmçinin qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi, pasiyentlərin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi, onların qan komponentlərinə olan tələbatının ödənilməsi istiqamətində görülən işlər geniş müzakirə mövzusu olub.

Müzakirədən sonra İctimai Şura üzvləri Hematologiya və Transfuziologiya İnstitutunun qanın bədxassəli xəstəliklərinin müayinə və diaqnostikası aparılan laboratoriyaları ilə tanış olublar. Qeyd olunub ki, müasir avadanlıq və reaktivlərlə təchiz olunmuş laboratoriyalarda aparılan müayinələrin köməyi ilə xromosom səviyyəsində gedən patoloji dəyişikliklər aşkarlanır və qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası müəyyən edilir. Həmçinin, onkohematoloji xəstəliklərin bir çox növlərinin müalicəsi artıq təkcə kimyaterapiya ilə deyil, elmdə yeni istiqamət olan target, yəni hədəfə molekulyar istiqamətlənmiş preparatlarla aparılır.

Hədəf terapiyası isə şiş hüceyrələrinin özündə olan konkret molekullara qarşı yönəldiyinə görə, orqanizmin sağlam hüceyrələrinə daha az təsir edir. Həmçinin bildirildi ki, Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyata alınmış pasiyentlər dövlət hesabına yüksəkkeyfiyyətli sitostatik və innovasion dərman preparatları ilə təmin edilirlər. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.

Daha sonra institutun nəzdində yerləşən Mərkəzi Qan Bankında donorlar üçün yaradılan şərait, maddi-texniki baza və donorların qeydiyyatı, müayinəsi, donorluq məlumatlarının və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılmasını təmin edən “Vahid Qan Bankı” sistemi ilə tanışlıq olub.

Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb. Cari ilin sonunda İctimai Şura tərəfindən monitorinq nəticələrinə əsasən təklif və tövsiyələr hazırlanıb Səhiyyə Nazirliyinə təqdim olunacaq.

“Respublika”.

Published in Digər xəbərlər
Bazar, 03 Noyabr 2019 11:45

Alim ömrünün parlaq səhifələri

Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ölkənin qabaqcıl təhsil müəssisələrindəndir. 1920-ci ildə təməli qoyulan qocaman elm ocağı 2020-ci ildə özünün şanlı 100 illiyini qeyd etməyə hazırlaşır.
Hazırda universitet ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə sürətli inkişaf dövrünü yaşayır. Bu günə kimi bu elm məbədi minlərlə mütəxəssisə həyat vəsiqəsi vermiş, Azərbaycanda aqrar sektorun inkişafında kadr bazası kimi, müstəsna xidmətləri ilə seçilmişdir. ADAU dedikdə göz önünə, ilk növbədə, uzun illər onun geniş və işıqlı auditoriyalarında, elmi-tədqiqat sahələrində yorulmadan çalışmış kənd təsərrüfatı üzrə mütəxəssislər, adlı-sanlı alimlər gəlir. Bu sırada Azərbaycan Dövlət Aqrar Univeristetinin Maşın Mühəndisliyi və Standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ziyad Mehralı oğlu Abbasovun xüsusi yeri var. Onun elmi və elmi-ictimai fəaliyyətini səhifələmək alimin 80 illik yubileyi günündə yerinə düşər.
Professor Ziyad Abbasov 1939-cu il oktyabrın 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. 1946-1952-ci illərdə həmin kəndin yeddillik məktəbini, 1952-56-cı illərdə Şişqaya kənd orta məktəbini bitirmişdir. 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsində oxumuş, 1958-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Univeristeti) mexanikləşdirmə fakültəsini bitirmişdir.
1963-1965-ci illərdə ordu sıralarında xidmət etmiş və 1966-cı ildə Azərbaycan Elmi -Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşməsi İnstitutunun aspiranturasında təhsil almış, 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə etmişdir.
Ziyad Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ “VNEŞTEXNİKA” Birliyinin qərarı ilə müqavilə əsasında Almaniya Demokratik Respulikasına satılmışdır. (24 mart 1976-cı il tarixli, 38-3/667 N-li məktub).
1970-1986-cı illərdə həmin institutda şöbə müdiri, 1986-1996-cı illərdə elmi işlər üzrə direktorun müavini, 1996-2003-cü illərdə isə institutun direktoru vəzifələrində işləmişdir.
1997-ci ildə rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun Sabirabad Dayaq Məntəqəsinin və Gəncə Xüsusi Konstruktor Bürosunun bazasında onun təklifi ilə “Aqromexanika Elm-İstehsalat Mərkəzi” yaradılmışdır. Müxtəlif vaxtlarda o, institutun ictimai təşkilatlarına rəhbərlik etmiş, 1990-1995-ci illərdə Gəncə şəhər sovetinə deputat seçilmişdir.
1975-1989-cu illərdə Z.Abbasovun elmi rəhbərliyi altında genişmiqyaslı kompleks elmi-tədqiqat işlərinə başlanmış, SSRİ-nin Moskva, Leninqrad, Həştərxan, Volqoqrad, Minsk, Kirovoqrad, Rostov kimi iri sənaye şəhərlərinin aparıcı elmi- tədqiqat, layihə-konstruktor müəssisələri və maşınqayırma zavodları ilə sıx elmi əlaqələr yaradılmışdır. Z.Abbasovun rəhbərliyi altında patent və ixtiralar səviyyəsində SSRİ miqyasında Azərbaycan Respublikasında orijinal, torpaqqoruyucu texnologiya və texnoloji maşınlar kompleksi yaradılmışdır. 1979-cu ildə Gəncə şəhərində təşkil edilmiş Sənaye və Kənd təsərrüfatı sərgisində ümummilli lider Heydər Əliyev yeni texnoloji maşınlar kompleksi ilə tanış olmuş və onun ittifaq miqyasına çıxarılmasını məsləhət görmüşdü. Yalnız bundan sonra yeni maşınlar SSRİ-nin 1986-1995-ci illər Perspektiv Maşınlar Sisteminə salınaraq maliyyələşdirilmiş və Azərbaycanda, Həştərxanda və Volqoqrad vilayətlərində geniş tətbiq edilməyə başlamışdır.
Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyi Heydər Əliyev dövründə Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının qərarı ilə o, 7 dəfə “Zərbəçi” döş nişanı və 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanına əsasən “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Yeni maşınlar müxtəlif vaxtlarda Moskvaya, Çexoslovakiyaya, İran İslam Respublikasına, Rumıniyaya, Vyetnama, eyni zamanda SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarına əsasən, Minsk Traktor Zavodu bir ədəd eksperimental traktor hazırlayaraq, yeni texnologiya üçün Azərbaycana göndərmişdir.
Professor Ziyad Abbasov özünün elmi məktəbini yaratmış və onun elmi rəhbərliyi altında 19 nəfər elmlər namizədi hazırlanmışdır. Həmin alimlər hazırda Amerika Birləşmiş Ştatlarında, respublikamızın müxtəlif universitetlərində, istehsalatda müvəffəqiyyətlə işləyirlər. Z.Abbasov 200-dən çox elmi əsərin, 30 patent və ixtiraların, 1 monoqrafiyanın, 3 kitabın və 2 sanballı dərsliyin müəllifidir.
Professor Ziyad Abbasovun 2017-ci ildə respublikada ilk dəfə olaraq Azərbaycan dilində yazdığı və dərc etdirdiyi “Kənd Təsərrüfatı Maşınqayırma texnologiyası” adlı dərslik kitabının 2-ci nəşri 2019-cu ildə ingilis dilində Almaniyada nəşr edilmiş və satışa çıxarılmışdır.
Müxtəlif vaxtlarda o, Türkiyə, Rusiya və Azərbaycanda keçirilən beynəlxalq simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmiş və onun əsərləri xarici dillərdə dərc edilmişdir. Yeni texnoloji maşınlar kompleksinin geniş tətbiqinə görə ona 1989-cu ildə “Azərbaycan Respublikasının Əməkdar İxtiraçısı” fəxri adı verilmişdir.
Professor Ziyad Abbasov Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru kimi 2000-2007-ci illərdə akademik Cəlal Əliyevin yüksək məhsuldar taxıl sortlarının Gəncə-Qazax bölgəsində və Borçalı mahalında geniş yayılmasında bilavasitə iştirak etmişdir.
Ziyad müəllimin bir vətənpərvər ziyalı kimi fəaliyyəti də şəhər ictimaiyyətinin daim xatirindədir. Hələ 1989-cu ilin “7 noyabr” şəhər paradında institutun direktoru vəzifəsində işlədiyi vaxt üçrəngli bayrağımızın nümayişdə qaldırılmasına nail olmuşdur. Tanınmış alim 1990-cı ilin 20 yanvar facisəsindən sonra Kommunist Partiyası sıralarından çıxmış və o dövrkü Gəncə şəhər rəhbərliyinin etirazına baxmayaraq, Gəncə şəhərində bu gün də mövcud olan “20 Yanvar Şəhidləri Bağı”nın salınmasında xüsusi xidmətlər göstərmiş, bağın və abidənin xərclərini öz üzərinə götürmüşdür.
Aqrar sahədə xidmətlərinə görə professor Ziyad Abbasova Azərbaycan Respublikası Prezidentinin 31.10.2008-ci il tarixli 20 saylı sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adı verilmişdir.
Texika elmləri doktoru, professor Ziyad Mehralı oğlu Abbasovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində uğurlar diləyirik.

Şahlar BABAYEV,
texnika üzrə elmlər doktoru, professor,
Maarif Rzayev,
ADAU-nun “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru.

Published in Digər xəbərlər

Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru “Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır. “Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir. Fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib.

Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Published in Sosial həyat
1 -dən səhifə 2